Məhəmməd peyğəmbərin məzarını ziyarətə gedəndə məni qorxudan taliban naziri - Məkkədən reportaj - VIII HİSSƏ

Məhəmməd peyğəmbərin məzarını ziyarətə gedəndə məni qorxudan taliban naziri - Məkkədən reportaj - VIII HİSSƏ
10 sentyabr 2024
# 09:00

Kulis.az Mirmehdi Ağaoğlunun Həcc ziyarətindən reportajının sonuncu - VIII hissəsini təqdim edir.

Əvvəli burada

Etiraf etmək gərəkdirsə, etiraf edim. Mədinəyə həm də babalarımdan, əmilərimdən, atamdan, əmi uşaqlarımdan cəddimizə salam aparmaq məqsədilə gedirdim. Bunun üçün səfərqabağı babalarımın, vəfat etmiş əmilərimin məzarlarını da ziyarət etmişdim. Yolda zarafatla Məmmədağaya deyirəm: “Baxın ha, gedib sizdən cəddimə şikayət edəcəm, deyəcəm, əhli-beytinə yaxşı baxmadılar, baba”.

Bunlar, əlbəttə, içində həqiqət payı olsa da uzaq yolumuzu yaxın eləmək üçün söylənilən zarafatlardır.

Amma gəlin sizə ciddi söhbət danışım. Zarafat bir yana, Mədinəyə bizi aparan avtobusda məndən arxada kim otursa, yaxşıdır? Əfqanıstanın, daha doğrusu, Taliban rejiminin ədliyyə naziri, onun yanında oturan da vəzifədə ədliyyə nazirinə tay yüksək rütbəli bir məmur. Bunu mən yolboyu oturacağımın söykənəcəyini bir neçə dəfə geri açdığımda həmən adam işarə ilə söykənəcəyi qaldırmağımı rica edəndən sonra gəzişmək adı ilə arxa sıralarda əyləşmiş yoldaşlarımın yanına gəldikdə Mahmud adlı əfqandan öyrənirəm.

Mahmud vətənini çoxdan tərk edənlərdəndir. Hazırda Türkiyədə yaşayır, həmkarımdır. Arxamda oturanların Taliban məmurları olduqlarını da Mahmud söyləyir. Yaxşı ki, bu tündməcaz adamlarla söykənəcək açmaq üstündə çəpləşməmişik: “Partladıb edərdilər”, - Məmmədağa zarafata salır. Tərslikdən bu dəfə hoteldə Məmmədağa ilə Əflatun müəllim əfqanlarla eyni otağa düşürlər. Yaxşı ki, hotel rəhbərliyinə dil-ağız edib yoldaşlarımızın yerini Nərimanla mənim qaldığım geniş nömrəyə dəyişə bilirik.

Səhər tezdən Məkkədən çıxan avtobusumuz Mədinəyə axşamüstü çatır. Dünəndən canıma çökən yorğunluq ötüb keçdiyimiz mənzərələrə dərindən nəzər yetirməyə macal verməyib deyə mürgülü gözlərlə yalnız səhralıq və boz dağları görmüşəm. Günorta namazını qılmaq üçün avtobusumuz bir məntəqədə dayanır. Siqaret çəkənlər dərhal qaçıb kölgələnəcək axtarırlar, günün altında dayanmaq mümkün deyil. Tək biz yox, başqa yolçular da burada dayanır. Yaxınlıqdakı çardağın altında alverçilər hər cür xırda-xuruş satırlar. Görünür, bu məntəqə də Səudiyyənin Kürdəmiridir, uzaq yol avtobusları ləngiyib fasilə verirlər.

Namazdan sonra sərin avtobuslarımıza doluşub Mədinəyə üz tuturuq.

Mədinə - Peyğəmbərə qucaq açanacan Yəsrib, qucaq açandan sonra Mədinətül-Münəvvərə, yəni nurlanmış şəhər adlanan munis.

Mədinə - Allahın sonuncu elçisinin pak qəbrini öz bağrında qoruyan mühafiz.

Mədinə - Həzrəti Həsənlə Həzrəti Hüseynin dünyaya göz açdıqları beşik.

Mədinə - İslamın pöhrələnib yayıldığı torpaq.

Mədinənin ən görməli yeri sözsüz ki, Məscidül-nəbəvi, yaxud Peyğəmbər məscididir. Ərazisi 1 milyon kvadrat metrə yaxındır. Məscidül-haramda olduğu kimi burda da inşaat işləri yekunlaşmaq bilmir, kompleks böyüdükcə böyüyür.

Məscidin ürəyi peyğəmbərin dəfn edildiyi yaşıl günbəzli türbədir. Hücrəyi-səadət də adlanan tikili əvvəllər Həzrəti Aişənin evi olub. Peyğəmbər də ömrünün son günlərini keçirdikdən sonra vəfat etdiyi bu evdə dəfn edilib. Səhabələr Əbu-Bəkrlə Ömər də burada basdırılıblar. Aişə anamız da qaldığı yerlə qəbirlərin arasına pərdə çəkdirib və evinin pəncərələrini hördürüb. Həzrəti Aişənin vəfatından sonra isə heç bir bəni-adəm o evə, yaxud peyğəmbərin türbəsinə ayaq basmayıb. Sonralar onun üstündən daha bir məqbərə inşa edilib. Hücrəyi-səadətin ətrafı isə üzəri Quran ayələri ilə işlənmiş metal qəfəslə əhatələnib. Məscidin inşasına indiyə kimi 40 milyard dollar sərf edilib, bu pulla 11 ədəd Bürc Xəlifə tikmək olar. Bunları məscidin qonşuluğunda yerləşən, Həzrəti peyğəmbərin həyatından bəhs edən muzeydə öyrənirik.

Muzey ən müasir texnologiya ilə təchiz edilib. Burada yerləşən elektron tablolarda Quranda adı keçən bütün peyğəmbərlər haqqında məlumatlar yer alır. Məlumatların hər biri alimlərin araşdırmaları əsasında tərtib olunub. Otaqlardan birindəki elektron tablolarda peyğəmbərin əşyalarının təsvirləri əks edilib. Ekrana toxunaraq təsviri müxtəlif istiqamətlərə çevirmək mümkündür.

Mədinədə olduğum müddətdə Peyğəmbərin məzarını üç dəfə ziyarət edirəm. Bunların birində məzarın lap yaxınından keçmək şansım olur, imkan tapıb qəfəsdəki iki yumru dəliyin birindən türbənin içinə baxıram. Rəngi soluxmuş yaşıl örtükdən başqa heç nə görmürəm.

Bilməyənlər üçün deyim ki, Məscidül-nəbəvi Məhəmməd peyğəmbər Mədinəyə hicrət edəndən sonra evinin yanında tikilib. Onun bütün zövcələrinin evi də məscidin yaxınında olub. İndi o tikililərin hamısı kompleksin ərazisinə daxildir. Peyğəmbərdən rəvayət olunan hədisə görə, evi ilə minbəri arasındakı yolu cənnətdən bir bağçadır, rövzəyi-mütəhharə adlanan bu yerdə namaz qılmaq cənnətdə namaz qılmağa bərabərdir. Buna görə Nəbəvi məscidini ziyarət edənlər mütləq rövzəyi-mütəhharədə namaz qılmağa can atırlar. Bunun üçün əvvəlcədən siyahı tərtib olunur. Bizə hər yerdə bələdçilik edən Məhəmməd adlı ərəb deyir ki, o, həyatı boyu cəmi bir dəfə orada namaz qıla bilib. Təəssüf ki, şəhərdə qaldığımız dörd gün ərzində bizə cənnət bağçasında namaz qılmaq nəsib olmadı.

Peyğəmbər məscidinin ən möcüzəvi tərəflərindən biri də həyətində quraşdırılmış çətir-sütunlardır. Sübh namazından sonra günəşin doğması ilə birlikdə qızarmış üfüqün fonunda çətirlər asta-asta açılır. Elə bilirsən nəhəng arxeopterikslər qanadlanırlar. Çox füsunkar mənzərədir, məscidin həyəti çiçək-çətir bağçasına dönür. Sanki əsrarəngiz dünyalardan bəhs edən “Avatar” və ya başqa bir fantastika filmindəsən.

Bu həyatda hər kəsin anasının qucağı kimi şirin, anasının qoynu kimi doğma bir sığınacağı olmalı. Dünyanın dərd-sərindən, ağrı-acısından yorulanda ora sığınmalı insan. İslam peyğəmbərinin əbədi uyuduğu məscidi bir dəfə gördünmü, içini hüdudsuz hüzur bürüyür. Başa düşürsən, bura nə qədər böyüsən də həmişə axtardığın həmən o ana qucağıdır. Dünyanın ən məhrəm yeridir. Bu ƏN DOĞMA INSANın ağuşunu, bu sıcaq məkanı, Fəxri-aləmin qəbri başında olmaq səadətini tərk edib getmək istəmirsən. Getsən də bundan sonra harda olursan, ol, çətinə düşəndə, dünyanın dərd-sərindən qurtulub hüzur tapmaq istəyəndə yaşıl günbəzli hücreyi-səadət gəlib dayanacaq gözlərinin qabağında.

Nəbəvi Məscidinin qonşuluğunda Bəqi qəbiristanlığı yerləşir. Burada peyğəmbərin körpə vaxtı vəfat etmiş oğlu, süd anası, imamlarımızdan bəziləri, o cümlədən, səhabələr dəfn ediliblər. Birinci dəfə axşam vaxtı məzarlığı ziyarətə getsək də, qapıdakı polislər bildirdilər ki, sübh namazından sonra açılacaq. Növbəti gün gündüz vaxtı ziyarətə getdiyimdə yenə bağlı olduğu bildirildi və yalnız əsr namazında açılacağı söyləndi. Əsr namazından sonra daha ləngimədim, birbaş Bəqi qəbiristanlığına üz tutdum, çünki ertəsi gün Bakıya qayıdasıydıq, əgər bu dəfə də ziyarət etməsəydim, başqa şansım qalmayacaqdı. Ora çatanda mənim kimi minlərlə ziyarətçinin qəbiristanlığa gəldiyini gördüm.

Bəqi qəbiristanlığında yüzlərlə müqəddəs zatın yatmasına baxmayaraq, bura dünyanın heç bir qəbiristanlığına oxşamır. Bəqidəki məzarların hamısı bir-birinə bənzəyən torpaq qəbirlərdir. Deyilənə görə, əvvəllər burada dəfn edilən imamların, səhabələrin, övliyaların məzarlarının üstündə məqbərələr olub, lakin ərəblər sonradan bunların hamısını ləğv ediblər. Bütün qəbirlər bir-birinə bənzəyir. Hər bir qəbirin baş tərəfinə adi daş parçası qoyulub. Yəni hansı kimindir, bilmək olmur. Üstəlik ziyarətçilərə də yalnız xüsusi xətt üzrə hərəkət etməyə icazə verilib. Marşrutdan çıxıb bir qəbirə yaxınlaşmaq, yanında ləngiyib dua oxumaq qadağandır. Yolumuzun üstündə dayanmış polislər icazə vermirlər, hətta tələsdirirlər, sanki Bəqi qəbiristanlığının ziyarət edilməyindən məmnun deyillər. Mən ilk dəfə ərəb polislərindən kobudluğu burada gördüm. Halbuki başqa yerlərdə polislər hətta onların əmrlərinə məhəl qoymayanda da xoş üz göstərir, təmkinli rəftar edirdilər, buradakı polislər kimi əsəbi deyildilər.

Bəqi qəbiristanlığında isti daha kəskindir. Görünür, zəmin torpaq olduğuna görə, hənir adamı boğur. O qədər istidir ki, çəkiliş etmək istəyəndə telefon da dözməyib sönür.

Mədinədə Uhud dağını da ziyarət edirik. Bəqiyə öz təşəbbüsümüzlə getsək də, Uhud ziyarəti səfər proqramı çərçivəsində baş tutur. Dağın yaxınlığındakı hasarlı yerdə Uhud döyüşündə şəhid edilən səhabələr basdırılsa da, yalnız Həzrəti Həmzənin məzarı bilinir, qalan yerlər düm-düz torpaqdır. Həzrəti Həmzənin qəbrinin üzərində də sinə daşı, baş daşı qoyulmayıb. Qəbirin ətrafına adicə kubik düzülüb. Bəqidən fərqli olaraq Uhudda qəbiristanlığa giriş yoxdur.

Uhud səfərindən başqa bizi Kral Fəhd adına Quran Nəşrləri Kompleksinə və İslamın ilk ibadət evi sayılan Quba məscidinə də aparırlar. Lakin burada nə ilk məscidin özünü görürük, nə də qalıqlarını, müasir memarlıq quruluşunda inşa edilmiş tikili ilə qarşılaşırıq. Deyim ki, Aişə məscidində də tarixi abidənin qalıqlarını görmədim. Deyəsən, ərəblər qəbirlərlə yanaşı tarixə də etinasız yanaşırlar.

Hə, bir də Məkkə və Mədinədə nə bir it gördüm, nə də heykəl. Ən əsas müsəlman ölkəsi kimi Səudiyyə Ərəbistanı Krallığının küçə və meydanlarında heykəl ucaldılmamasını anlamaq olar, amma küçələrində adi bir itin belə dolaşmaması diqqətimi çəkdi. Tam gəzə bilmədiyim üçün yanıla da bilərəm, lakin bir məsələni də qeyd edim ki, Məkkə və Mədinə müqəddəs şəhərlər sayıldıqlarından bu şəhərlərə heç qeyri-müslimlər də buraxılmır. Buraları lazımınca gəzə bilməməyimizin bir səbəbi həcc əməllərini yerinə yetirməyimizlə bağlı idisə, digər səbəbi isti idi. Hər iki şəhərdə gündüz hədsiz dərəcədə isti olur, küçəyə çıxıb piyada gəzmək mümkün deyil, elə bil avqust ayında günün altına manqal qoyub yanında dayanmısan, pörşələnirsən. Məkkə-Mədinə çox istənilən ağır xasiyyətli doğma insan, zəvvar isə uşaq kimidir. Sarılıb qucaqlamaq istəyirsən, deyir, uzaq dur, istidir. Bu şəhərlərə cani-könüldən vurğun olursan, sevimli peyğəmbərimizin udduğu havanı ciyərlərinə çəkdikcə şadlanırsan, di gəl, yaxın düşüb onu dərindən tədqiq eləmək, küçələrini doya-doya gəzmək, hər sirrinə bələd olmaq, bağrına basmaq da alınmır. Beləcə ortada qalmış kimi olursan. İsti adamı dörd tərəfdən qarsıyır. Yalnız axşamlar hava nisbətən sərinləyir, temperatur təxminən 30-36 dərəcəyə düşür ki, onu da dükanları dolaşmağa sərf edirik. Çünki bu şəhərlərdə alış-veriş etmək sünnət sayılır.

Məkkə, eləcə də Mədinədə tacirlər əsasən banqladeşlilər, pakistanlılar, özbəklərdir. Bizi görən kimi ilk sualları “Türk?”, yaxud “Turkiye?” olur. Azərbaycanlı olduğumuzu deyəndə, yaxud özümüzü əbəs yerə yormamaq üçün “hə” cavabı verəndə də o dəqiqə aksentlə də olsa bizim dildə danışmağa başlayırlar. Allahın bu iki müqəddəs şəhərində türk dilini bilməyən tacir tapılmaz. Özbək tacirlərlə isə səmimi ünsiyyətimiz alınır, “qardaşıq” deyirlər, bizə endirim edirlər, nəsə alanda üstündə hədiyyə də verirlər. Özbək tacirlərdən biri babalarının ötən əsrin əvvəllərində Ərəbistana gəldiklərini deyir: “Həcc ziyarətinə gəliblər, orada Sovet hökuməti qurulduğunu öyrənəndən sonra daha geri qayıtmayıblar, burada qalıblar”. Üstündən bir əsr keçsə də həmən özbəklərin törəmələri öz dillərini unutmayıblar, qoruyub saxlayıblar.

Ərəbistanda qadınların niqabla gəzməsi adi haldır. Bu şəkildə sosial həyatda da rahat iştirak edirlər. Qarşına çıxan hər on qadından doqquzu niqaba bürünüb. Qara rəngə üstünlük verirlər. Ara-sıra avtomobil sürən qadınlara da rast gəlmək mümkündür. Halbuki, Səudiyyə Ərəbistanında bir neçə il əvvələ qədər qadınların avtomobil idarə etməsi qadağan idi. Özü də bu hadisə dünya mediasında geniş əks-səda yaratmışdı. Bir də diqqətimi çəkən misvakdan istifadə oldu. Misvak ərəbcə arak adlanan ağacın budaq və köklərindən hazırlanmış diş fırçasıdır, bunu bilməyən yoxdur. Ərəblər istifadə edilməkdən bir tərəfi saçaqlanmış bu budaqları geyimlərinin döş ciblərinə qoyub göstərə-göstərə hər yerdə rahat gəzirlər. Səudiyyə Ərəbistanında ictimai yerdə diş təmizləmək qeyri-etik sayılmır, əksinə təmizkarlıq göstəricisidir. Buna görə də küçədə-bayırda ağzında misvak dolaşan adamları tez-tez görmək olar.

Nəhayət, mənim Məkkə və Mədinə şəhərlərinə iki həftəlik həcc ziyarətim yekunlaşır. İslamın bu iki müqəddəs məkanına nə vaxtsa bir də gəlib-gəlməyəcəyimi bilmirəm. Hər şeydən əvvəl həcc çətin və məşəqqətli səfərdir. Digər tərəfdən, həcc ziyarəti hər bir müsəlman üçün yalnız bir dəfə fərz sayılır. Bu səbəbdən, ömrümün geri qalan qismində bir də ayağımın müqəddəs torpaqlara dəyib-dəyməyəcəyi qaranlıqdır. Doğrusu, bu səfəri də əvvəldən planlaşdırmamışdım. Həcc ziyarəti ömür səmamda qəfil ildırım kimi çaxıb onu ikiyə böldü. Bundan sonrakı həyatıma necə təsir göstərəcək? Hələ o barədə ətraflı düşünmək macalım olmayıb. Yalnız ondan əminəm ki, təndir bənzəri bu iki şəhərdən qəlbimdə götürdüyüm çörək hərarəti heç vaxt sovrulmayacaq, ömrümün axırına kimi mənlə qalacaq və hər dəfə qəlbimi naümid soyuq küləklər bürüyəndə təzədən alovlanıb şölə saçacaq. Qoy Tanrı bu hərarəti həcc ziyarəti arzunda olan hər kəsə nəsib etsin.

P.S. Həcc ayinlərini yerinə yetirən zaman bəzən isti məni o qədər əldən salır, halsızlaşdırırdı, daha taqətim qalmırdı. Deyirdim, bir də özümə əziyyət verib/özümü riskə atıb bura gəlmərəm, bir dəfə gəldim, bəsimdir. Düşündüyümün əksinə, qayıdandan bir müddət sonra gözlənilməz halət yaşadım. Səfərin bütün ağrısı və ağırlığı canımdan çıxdımı, qəlbimi dərin həsrət bürüməyə başladı. Gözləmədiyim anda gələn bu dəli həsrət qəlbimin ən incə tellərinə riqqətlə toxunub anidən məni hər şeyə yadlaşdırır, bu dünyadan alıb aparırdı. Kəbəni ilk dəfə görməyim, təvaf etməyim, Həcərül-əsvədin bir neçə metrliyində namaz qılıb dua oxumağım, yaxud Peyğəmbərin məzarını ziyarətim birdən gözlərimin qabağında canlanırdı, darıxırdım. Özümdən asılı olmadan az qalırdı gözlərim dolsun, divanələr kimi hönkürüm. Oralar üçün darıxırdım. Elə darıxırdım, elə darıxırdım... mənə elə gəlir, insan dünyada heç kəs üçün elə darıxmır.

Bu darıxmaq həmişəlik mənimlə qalacaq!

SON

28 iyun – 28 iyul 2024, Bakı

# 2739 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #