Kulis.az Kəramət Böyükçölün “Səs” romanı haqqında Mirmehdi Ağaoğlunun "Əhəmiyyətli SƏS" yazısını təqdim edir.
Dostum Kəramət Böyükçölün dörd il öncə iştirak elədiyi deputat seçkiləri barədə roman yazdığını eşidəndə düşündüm ki, ümumilikdə seçki prosesini əhatə edən klassik bir əsər ortaya çıxacaq. Bu barədə hələ kitab çap edilməmişdəm qabaq da özünə demişdim ki, əla bir əsər alınacağına inanıram.
Yəqin, bu xoş sözlərə və inama görədir ki, dostum Kəramət kitab çıxar-çıxmaz birini mənə hədiyyə yolladı.
Lakin “Səs” romanını oxuyanda Kəramətin mənim düşündüyüm yoldan getmədiyini, fərqli üslubdan istifadə etdiyini gördüm. Bunun üçün də hesab edirəm, romanın təhlilinə keçməmişdən qabaq son illər ədəbiyyat dünyasında trendə çevrilən avtofikşn barədə danışmaq lazım.
Avtofikşn roman janrının yeni qoludur. Bu janrda yazılan romanların baş qəhrəmanı müəllif özü olur. Bu cür bədii əsərlərdə təxəyyülə, fiksiyaya ya heç yer verilmir, ya da çox cüzi yer verilir. Avtofikşn əsərlərin ən bariz xüsusiyyətlərindən biri də müəllifin səmimiliyi, nəyisə etiraf etməsi və bir də hadisənin gerçək həyatda baş verməsidir. Görünür, artıq texnologiyanın sayəsində hər şeyə onlayn rejimdə baxa bildiyimiz dövrdə oxucular uydurma, təxəyyül məhsulu olan əsərlər istəmir, yalnız gerçəkliyinə yüz faiz əmin olduqları məmulatlar arzulayırlar.
Etiraf edək ki, qapı “qlazok”undan – deşiyindən qatilin bacısını və bacısı qızını baltalanması səhnəsinə baxan adamı hansısa qəddar səhnəli bir bədii filmlə təəccübləndirmək, hardasa, mümkünsüzdür.
Hazırda dünyada böyük maraqla oxunan Norveç yazıçısı Karl Uve Knausqorun altı cildli “Mənim mübarizəm” romanını əminliklə avtofikşn nümunəsi adlandıra bilərik.
Təbii ki, üslub formanı da doğurur. Bu baxımdan avtofikşn əsərlər də struktur baxımından ənənəvi roman qəliblərindən çıxır, daha çox memuarları, yaxud bloq yazılarını xatırladır.
“Səs” romanında da bu forma tələbi müəyyən mənada qorunur: əsər fəsillərə bölünmədən davam edir. Hardasa, şüur axınını xatırladan bu üslub oxucu üçün müəyyən çətinliklər yaradır, əsərdə bir səhnənin, fikrin bitib yenisinin başlamasını müəyyənləşdirən zaman çaşırsan. Görünür, bu xüsusiyyətinə görə, əsəri Vüqar Van nahaq yerə “Uzun Facebook statusu”, Səfər Alışarlı isə “Seçkilərdən reportaj” adlandırmamışdı. Məncə, hər iki müəllif romanın üslubu barədə fikirlərində haqlıdırlar.
Düzünə qalsa, mən bilmirəm, Kəramət avtofikşn dediyimiz üslubu özü bilərəkdən seçib, yoxsa təsadüfən belə alınıb. Açığı, bu barədə onunla danışmaq imkanım olmayıb. Lakin gəldiyim qənaət budur ki, Kəramət bu üslubu bilərəkdən seçibsə də, romanı üçün yanlış yol tutub.
Nədən ki, “Səs” romanı bol fakturaya malikdir. Azərbaycan, eləcə də dünya üçün olduqca həssas bir mövzudan bəhs edən əsərdə seçki prosesinin başlanğıcından sonuna kimi bütün aspektləri göstərilir. Elə ona görə də fikirləşirəm ki, Kəramət bütün bu prosesi əks etdirən, onun iç üzünü göstərən klassik bir roman yaza bilərdi.
Yuxarıda dediyim kimi əsərin fakturası da buna tamamilə imkan verirdi. Lakin Kəramət bu qədər gen-bol materiala tamamilə başqa müstəvidən yanaşır, onu memuar səviyyəsinə salır. Əsərin bəzi hissələrində hətta janrlararası sərhəd itir, memuar janrı ilə roman janrı arasında əlaqə pozulur. Təbii ki, bütün sərhədlərin aradan qalxdığı, janrlar kollajının dəbdə olduğu zamanda hansısa müəllifə bunu irad tutmaq düzgün sayılmaz, lakin subyektiv yanaşma kimi fikir bildirmək də qəbahət deyil.
Yuxarıda dediyim kimi, avtofikşn romanların ən vacib xüsusiyyətlərindən biri də etiraf üzərində qurulmasıdır. Etiraf dedikdə burada baş qəhrəman – müəllifin özü ilə üzləşməsi, vicdanı ilə qarşılaşması nəzərdə tutulur. Bu zaman müəllif hansısa günahını və yaxud gizli tərəfini etiraf edir.
LGBT, feminizm mövzulu əsərlərin avtofikşn kimi yazılması məhz janrın bu xüsusiyyətindən irəli gəlir. Lakin biz bayaqdan avtofikşnə aid etməyə çalışdığımız “Səs”də janrın bu tələbini görmürük. Əgər Kəramət, misal üçün, yazsaydı ki, “seçkilərdən çəkilməyimə görə mənə filan qədər verdilər, mən də götürdüm” o zaman bu etirafa görə əsər avtofikşn adlana bilərdi. Lakin “Səs” əsərində biz etiraf görmürük, əksinə qəhrəman, hətta onun atası yeri gəldi-gəlmədi günahsız, həddən artıq səmimi, sentimental təqdim edilir. Buna görə də roman yuxarıda dediyimiz kimi, avtofikşn qaydasını pozur. Axı sən nağıl qəhrəmanı yaratmırsan. Bu qədər steril obraz nəyə gərək?
Sentimentallıq təkcə müəllifin özü ilə bağlı deyil, təhkiyəsinə də nüfuz edir, buna görə də roman bir çox məqamlarda lirik fırça ilə rənglənir. Yaxşı ki, Kəramətin yumoru romanı sentimentallıq bataqlığında qəhr olmağa qoymur, uzun yumor ağacını uzadıb onu bataqlıqdan dartıb çıxarır. Halbuki müəllif həmən səhnələrdə sentimentallığa girməsə, gətirdiyi süjeti bir az da gərsə, daha mükəmməl səhnələr ortaya çıxa bilərdi.
Romanda bəzi qəhrəmanlar oxucuya normal şəkildə təqdim olunur. Məsələn, bibinin əri Xanbala, yaxud Zəfər. Bəzi obrazlar isə əsərə qəfil düşür. Məsələn, Cubbulu. Cubbulu ilk səhifədən əsərə təqdimatsız-filansız girir. Eləcə də İlham Əziz obrazı “yazıçı dostum” adı ilə təqdim olunur. Yazıçı dostun sənə niyə od qiymətinə olan kostyumları havayı verdi? Onu kostyumla nə bağlayır? Sədərək haradır, yazıçı dostun orada neyləyir? İlham Əzizi real həyatda tanımayan oxucu bu sualları verməkdə haqlıdır. Belə məqamlarda Kəramət sanki romanı onu tanıyan adam üçün yazır. Lakin bəzi personajlar da bütün cizgilərinə qədər sərrastca verilib, bəziləri qroteksləşdirilib: Cəmilə, Aşıq Mürvət, Yadigar.
Əsərin avtofikşna aid olmayan xüsusiyyətlərindən biri də Kəramətin özünü bir personaj kimi qutsallaşdırması, özünü ümumi prosesin fövqünə qaldırmasıdır. Əlbəttə, mən inanıram ki, Kəramət həmən seçkilərdə vicdanla mübarizə aparıb, ona qarşı kitabda yazılan təzyiqlərə də inanıram. Lakin hazırda mən dostum Kəramətin başına gələnlər barədə deyil, “Səs” romanının baş qəhrəmanı Kəramət Böyükçöl haqqında danışdığım üçün mənə elə gəlir ki, müəllif onu yuxarıda dediyim kimi hədsiz sentimental və sadəlövh qələmə verərək müqəddəsləşdirib, “dünya bir yana, bizim Kəramət bir yana” obrazı yaradıb.
Əlbəttə, Kəramətin qələmi ilə toxunan bədii əsər gözəlliklərdən xali deyil. Bunu danmaq olmaz. Məsələn, qəhrəmanın bibisinin əri Xanbalanın əvvəldən axıra kimi sovetlərdən qalma bir sınıq radionu düzəltməyə çalışması, onun da hər dəfə xırıldaması səs metaforasına gözəl nümunədir: həqiqətin səsi bizdə çıxmır, yalnız xırıldayır. Dəlinin əlindəki nağara metaforasında isə nağara ilə seçki qutusu eyniləşdirilir, boşluqdan çıxan nağara guppultusu seçki qutusunun səsi ilə ekvivalentləşir. Səslərini 20 manata satmış seçicilərin seçki qutuları da nağara kimi boş və quruca hay-küylü olmalıdır, burası dəqiqdir.
Elə bil əsərin ortalarına yaxın dələduz obrazların içində sıxılıb qalan qəhrəmanın acizliyi cümlələrə də hopur. Lakin sonlara doğru roman gərginləşir, birdən-birə temp yığır, dirçəlmə baş verir. Və seçki prosesindəki saxtakarlığın verdiyi dinamizm əsərin süjetini kəskinləşdirir.
“Səs” haqqında yekun qənaətim bundan ibarətdir ki, Kəramət əlindəki dəyərli materialın potensialından tam istifadə etməyib. Niyə tam istifadə etmədiyini yuxarıda izah etməyə çalışdım. Təbii ki, mən şəxsi qənaətimi bölüşdüm. Lakin ədalət naminə vacib bir məqamı da vurğulamaq lazımdır ki, “Səs” cəsarətli, eyni zamanda son illərin siyasi proseslərini az-çox əhatə edən layiqli romandır.
“Səs” dövrümüzün hazırkı siyasi-ictimai palitrasını əks etdirmək baxımından da əhəmiyyətlidir. Cəmiyyət özünü bədii əsərlərdə nə qədər çox görürsə, o qədər çox durulur, özünə qarşı münasibəti kəskinləşir, İlham Əzizdən kostyum alanda güzgünün qabağında dayanıb pencəyin çiynini, şalvarın belini, balağını düzəldən Kəramət kimi belə əsərləri oxuyanda özünə çəki-düzən verir. Mən indiki halda ayağı yerə dəyməyən, burnunun ucunu qoyub, on min kilometr aralıda baş verənlər barədə baş sındıran romanlardan çox cəmiyyətin ağrılı yerlərini təşxis edən bədii əsərlərin yazılmasının tərəfdarıyam.
Düşünürəm ki, Kəramətdən sonra bu missiyanı davam etdirənlər çox olacaq.