Məşədi İbada mikrofon verən Sərvər – ƏLİFBA BAYRAMINDAN REPORTAJ

Məşədi İbada mikrofon verən Sərvər – <span style="color:red;">ƏLİFBA BAYRAMINDAN REPORTAJ
8 iyun 2017
# 17:05

Biri var idi, biri yox idi. Bu dünyada bir lisey var idi - Slavyan Universitetinin nəzdində. O liseyin 1 v sinfi var idi, o sinfin Gülnar adında müəlliməsi, müəllimənin də bir-birindən yaraşıqlı, bir-birindən ağıllı şagirdləri var idi.

Onlar düz bir il səhər tezdən durub yuxulu-yuxulu dərsə getdilər, günorta yorğun-yorğun dərsdən qayıtdılar, rəqəmləri tanıdılar, hərflərlə dost-oldular, şeir əzbərlədilər, nağıl öyrəndilər...oxudular, oxudular birinci sinfi bitirdilər. Bu gün isə müəllimlərini də, valideynlərini də, dostlarını da akt zalına toplayıb hesabat verirlər onlara. Görək bu bir ildə onlar nə öyrənə bildilər.

Bu gün burda birincilər şeir deyəcəklər, mahnı oxuyacaqlar, tamaşa göstərəcəklər, rəqs edəcəklər.

Tədbir saat onda başlamalıdı. On birə az qalıb. Hələ gözləyirik. Arabir səhnədə tək-tük adamlar peyda olur, kimsə tavandan sallanan şarları düzəldir, kimsə səhnəyə qaçıb hansısa dekorasiyanı qaydaya salır, sonra gəldiyi kimi də qəfil yox olur. Bir az keçmiş yenə səhnədə kimsə görünüb diqqətlə zala baxır, sonra təzədən yox olur. Deyəsən zalın dolub-dolmadığını yoxlayır, ondan sonra da tədbirin başlayıb-başlamaması barədə qərar verəcək. Təşkilatçı valideynlərdən bəziləri arabir qapıda görünürlər, kimisə çağırırlar, kiməsə nəsə verirlər, kiməsə nəsə deyirlər, buna cavab olaraq içəridən də kimsə çölə qaçır, kimsə təzədən içəri qayıdır, elə bil zalda ora-bura ulduz axır.

Bu dəfə qapıda bir valideyn görünür, üzünü zaldakılara tutub deyir: “Bax, uşaqlar səhnəyə çıxanda hamınız bir nəfər kimi əl çalın, uşaqlar həvəslənsinlər.” Deyəsən valideyni eşidən olmur, ya da səhnənin arxasındakılar valideynlərin buna əməl edəcəyinə çox da inanmırlar. Ona görə də bir qədər sonra başqa bir valideyn səhnəyə çıxıb eyni sözləri təkrar edir. Elə bil bu dəfə tapşırıq zaldakılara əsər edir.

Yalnız bundan sonra səhnədə canlanma yaranır və...

Və budur, göyərçin balası kimi cubbulu uşaqlar ağlı-mavili geyimlərində səhnədə görünürlər. Zaldakılar o dəqiqə bayaqkı tapşırığa bir nəfər kimi əməl edir, alqışlar səslənir, canlanma yaranır, kimsə yanındakına öz uşağını göstərir, kimsə də səhnəyə əl sallayır.

Uşaqların da bir gözləri zaldadır, valideynlərini axtarır, bir gözləri də səhnənin arxasında dayanmış müəllimələrində, onun işarəsini gözləyirlər. Lazımı işarə gəlir və şagirdlər himn oxuyurlar, sağ əlləri də ürəklərinin üstündə. Bu ürəklər sabah bu vətən üçün çox döyünəcəklər. Vətən sabah bu cuppulu ürəklərin sahiblərinə əmanət olacaq. Onlarla birlikdə zaldakılar da ayaq üstə dayanıblar. Əvvəl kimsə oturduğu yerdən qalxmaq istəmir, kimsə ləng tərpənir, kimsə dinc dayanmır, amma görəndəki balacalar səhnədə necə ciddi görkəm alıblar, valideynlər də özlərinə çəki-düzən verirlər və sağ əllər istər-istəməz sinələrə qalxır.

Hamı bir nəfər kimi himn oxuyur. Bu vaxt kiminsə səsi arabir gah xoru qabaqlayır, gah da geri qalır. Amma bu heç kəsi narahat etmir, səs gələn tərəfə baxanlar qeyri-ixtiyari gülümsəyirlər. Balaca qızcığazdır, hamını, özünü belə unudub uca səslə himni oxuyur.

Himndən sonra uşaqlar sıra ilə şeir deyirlər. Ancaq deyəsən şeir dinləyən azdır, valideynlərin başı şəkil, video çəkməyə qarışıb, mobil telefonlar ciblərdən çıxıb tuşlanıb səhnəyə. İçi mən qarışıq, hərə çalışır daha çox öz uşağının şəklini çəksin, şeir deməyini videoya köçürsün. Guya eksklüziv kadr tuturuq, halbuki tədbiri peşəkar operator çəkir, rahat oturub tamaşadan zövq ala bilərik. Amma belə etmirik, İnstagram, Facebook bizi gözləyir, bu çəkdiklərimizi orda paylaşmalıyıq, ya yox!

Əvvəl “hərflər” səhnəyə çıxır, “A” deyir, ən vacib hərf mənəm, Ay kimi parlağam, “Ə” deyir yox, mənəm böyük, “İ” deyir bilirsiz, mən ümumiyyətlə inciyəm. “F” deyir mən fil kimi iriyəm. Bu vaxt “Ana dili” görünür və o bütün hərfləri barışdırır. Onlar təzə barışmışdılar ki, “Riyaziyyat” səhnəyə rəqəmləri dəvət edir. İndi də rəqəmlər bir-biri ilə savaşır, 9 deyir ən böyüyünüz mənəm, mən də məclisi idarə etməliyəm, 1 deyir, yox birinciyəm, böyük də mən olmalıyam, bu vaxt sıfır çıxır ortaya, üzünü 1-ə tutur, bilirsən nə var, keçərəm sağına olarsan böyük, vergülü də götürüb keçərəm soluna olarsan ən kiçik, çox da şeşələnmə. Küsdüm hamınızdan. Sıfrı oynayan balaca Ayandı, özü də sıfır kimi yumrucadı və küsüb səhnənin bir tərəfinə necə gedirsə roldan çıxır, elə bil Ayan həqiqətən hamıdan küsüb.

Hərflərlə rəqəmlərin çıxışından sonra uşaqlar vals oynayır, bir qız flaminko rəqsi edir. Sonra yenə tamaşa göstərilir. Uşaqlar “Göyçək Fatma”nı səhnələşdirirlər. Və bütün bu səhnələr, oyunlar göstərildikcə uşaqlar bunları bir gözləri pərdənin arxasında oynayırlar. Hər addımdan sonra müəllimələrindən lazımı işarəni gözləyirlər və bu hərəkət, jest özü də oyunların, tamaşaların tərkib hissəsinə çevrilir, elə bil uşaqlar Göyçək Fatmanı, Küpəgirən qarını, Prinsi, Carçını yox, elə özlərini oynayırlar. Bir də görürsən tamaşanın ortasında hansınınsa mikrofonu işləmir, o biri tez yoldaşına kömək edir və ya “O olmasın, bu olsun” səhnəciyində gəlin paltarında oturmuş “Sərvər” örtüyün altından mikrofonu “Məşədi İbad”a uzadır ki, dedikləri eşidilsin. Bu artıq “Məşədi İbad”a yeni yozumdur. Hələ ki, nə Göyçək Fatmanın, nə Məşədi İbadın mahiyyətini dərk etməyən bu şirinlər öz improvizasiyaları ilə tamaşaya tamam ayrı məna qatırlar.

Bir azdan birinciləri təbrik üçün nağıl qəhrəmanları da gəlir. Tıq-Tıq xanım, Siçan, Kökə, Turp, Div, Cırtdan... Bu dəfə Tıq-tıq xanım Siçanla savaşmır, Canavar Kökəni qarnına ötürmür, Turp babanın-nənənin gəlməsini gözləmir, özü yerdən çıxır, Div Cırtdanı yemək fikrindən vaz keçir. Hamısı da ona görə ki, birincilərin sevincli günləridir. Nağıl qəhrəmanları da uşaqlara görə özləri olmaqdan imtina ediblər.

Divi, Cırtdanı, Turpu belə görəndə adam istəyir dünyanı şər-xata meydanına çevirənlərə üzünü tutub desin: Nə ola siz də özünüzdə Tıq-tıq xanım, Turp cəsarəti tapın, bircə gün, heç olmasa bircə gün bu uşaqların, dünyanın bütün uşaqlarının xətrinə müharibədən, davadan əl çəkin. Qoy dünyamız döyüş meydanı yox, uşaqların şənlənəcəyi, oynayacağı böyük səhnə olsun. Necə demişdi şair:

Dünyayı verelim çocuklara hiç deyilse bir günlüyüne

Allı-pullu bir balon gibi verelim oynasınlar

oynasınlar türküler söyliyerek yıldızların arasında

dünyayı çocuklara verelim

kocaman bir elma gibi verelim sıcacık bir ekmek somunu gibi

hiç deyilse bir günlüyüne doysunlar

bir günlük de olsa öyrensin dünya arkadaşlığı

çocuklar dünyayı alacak elimizden

ölümsüz ağaçlar dikecekler…

# 3437 dəfə oxunub

Müəllifin son yazıları

# # #