Aşuranı ləğv etmək haqqında... - Mirmehdi Ağaoğlu yazır

Aşuranı ləğv etmək haqqında... - Mirmehdi Ağaoğlu yazır
14 sentyabr 2020
# 12:31

Kənardan necə görünürəm, bilmirəm, ancaq bəri başdan deyim ki, dindar deyiləm. Özümə dindar deyib, dindarların adına xələl gətirmək istəmərəm. Azı ona görə ki, elementar dini ayinləri belə yerinə yetirmirəm. Ağlım kəsəndən özümü dünyəvi insan bilmişəm, düzdür dinlə bağlı bir qərəzim-filan da yoxdur, indiki yaşımda din mənə daha çox mistik-mifik-ədəbi anlamda maraqlıdır.

Heç məscidə də axırıncı dəfə nə vaxt getdiyim dəqiq yadıma gəlmir. Yəni gərək yada salım, görüm, nə vaxt, niyə getmişəm, öz təşəbbüsüm, yoxsa kiminsə təklifi ilə olub?

Bəli, dinə qarşı (xüsusən, mənsub olduğum İslam dininə) çox loyalam, adət-ənənələrini anlayır, çox vaxt yerinə yetirməsəm belə hörmətlə qarşılayıram.

Aşura, Məhərrəmlik mərasimi də mənim üçün əsas dini mərasimlərdəndir. Mən uşaq olanda kəndimizdə məscid yox idi, daha doğrusu kəndimizin məscidini sovetin ilk vaxtlarında deyəsən əvvəl anbar, sonra məktəb, ya da əvvəl məktəb, sonra anbar eləmişdilər, axır mən anadan olanda artıq o tikilinin yerində xarabalıq qalmışdı, açıq yara kimi uçuq divarların ağzından qırmızı-qırmızı kərpiclər boylanırdı. Babam dindar idi, özünə yurd salanda niyyət edibmiş ki, evi sağ-salamat tikib qurtarsın, nə qədər sağdır, hər il ocağımızda Məhərrəmliyi qeyd edər. Dediyi kimi də olub, ev hazır olandan sonra hər il bizdə Məhərrəmlik qeyd edilib. Bu olub, hardasa, ötən əsrin 60-cı illərində.

Məhərrəmlik vaxtı düz qırx gün (bəlkə də daha çox) bizim ev adamla dolub-daşardı. Evin böyük zalı ortadan palaz-kilimlə yarıya bölünər, yerə xalı-xalçalar döşənər, bir hissəsində kişilər oturub mərsiyə, növhə söyləyər, o biri hissəsində qadınlar ağı deyib ağlayardı, uşaqlar da gah böyükləri yamsılayar, gah da ora-bura qaçardılar. Sonra da evin dalında iri teştlərdə, qazanlarda bişirilən küftə-bozbaşlar, plovlar süfrəyə daşınar – ehsan verilərdi. Bu hal eyni qayda ilə bəlkə otuz il bizim evimizdə davam elədi. Bütün proses sanki nəhəng bir şirkətin təcrübəli meneceri tərəfindən idarə olunurdu; hər şey elə nizamla gedir, hər kəs elə dəqiq çalışırdı ki, heç atom saatları o cür işləməz: Mərasimin özünün mərsiyədeyənləri, sinəvuranları, çay gətirənləri, yemək paylayanları, aşpazları, qabyuyanları vardı. Hər kəs öz işini gözəl bilir və öz bacarığı ilə ehsanda iştirak edirdi. Heç kəs də bu işinə görə bircə qəpik olsun xeyir güdmürdü.

Sovetlərin qılıncının qəbzəsinin də kəsdiyi zamanda Azərbaycanın balaca bir kəndində Məhərrəmlik mərasiminin qabağını almaq mümkün olmamışdı, insanlar dini inanclarını yerinə yetirməkdəydilər. Bu mərasim düz müstəqillik illərinə qədər davam elədi, sonra kənddə köhnə məscidin yerində təzəsi tikildi, Məhərrəmlik məsciddə keçirilməyə başladı. Beləliklə bizim ev, bizim nəsil də öz mənəvi missiyasını tamamlamış sayıldı.

Bakıya köçəndən sonra atamla dəfələrlə Aşura mərasimlərində iştirak etmişəm.

Hər il Aşura qabağı belə müzakirə gedərdi ki, həmin gün dərs var, yoxsa yox? Nə məsələ idisə, həmin gün qeyri-iş günü sayılmasa da, məktəbə az şagird gəlirdi. Müəllimlər də sevincək olub, sinifdə qalan iki cüt, bir tək şagirdi evə göndərirdilər. Biz yaxşı oxuyan sinif yoldaşlarımızla qoşalaşıb “qətl sınmamış” özümüzü Sabunçu məscidinə çatdırardıq. Gəlib görərdik qəsəbənin nə qədər avara, oxumayan uşağı varsa məscidin həyətində dövrələnib sinə vurur, şərbət paylayır. Elə bil həmin dalaşqan, avara uşaqlar deyildilər. Bizə təəccüblü gələrdi. Qola bağlanan qara niyyət parçaları üstündə də az qalsın dava düşərdi, hətta bir dəfə qara parça çatmadı, sonra kimsə əlində bir kom parça məscidin ortasında göründü, camaat uşaq-böyük demədən onun üstünə hücum çəkdi, bir qoca qadın dalı üstə yıxıldı, ayıb olmasın, hər şeyi çöldə qaldı, heç yaxınlaşıb qaldıran da olmadı (Seymur Baycan demiş, bu barədə “Görüş” romanımda ətraflı yazmışam).

Belə şeylər istər-istəməz məndə neqativ təəssürat yaradırdı. Sonralar oxuduğum kitablar, cavanlıq maksimalizmi və sair təsirlər məni dindən xeyli uzaqlaşdırdı.

Bir dəfə də, hardasa yeddi-səkkiz il qabaq Aşura mərasimindən, daha doğrusu, Aşura axşamı barədə Nardarandan reportaj hazırlamağa getmişdim. Orda gördüyüm mənzərə məni heyrətləndirmişdi. Səsgücləndiricilərdən çıxan (əlbəttə ki, ürək dağlayan, kədərli) mərsiyələri, insanların qara geyimlərini nəzərə almasan deməzdin ki, burada matəm qeyd olunur, ətrafda elə mehriban ab-hava, xoş münasibət vardı ki, sanardın festivaldasan.

Ondan sonra Aşura mərasimində iştirak etməyim yadıma gəlmir, etmişəmsə də, vaxtını, yerini dəqiq xatırlamıram. Bu təfərrüatı da ona görə yazıram ki, məni qatı dindar kimi tanıyanlar o cür olmadığımı bilsinlər.

Kərbəla hadisəsi, anlamı, mənəvi dəyəri haqqında da dəfələrlə yazdığım üçün indi o məsələlərə toxunmaq istəmirəm. Tam səmimi deyirəm, məqsədim Kərbəla hadisəsinin əhəmiyyətini kimlərəsə göstərmək, onu təbliğ etmək deyil. Kim o hadisəyə ehtiram göstərir, göstərsin, göstərməyənin də seçimini anlayışla qarşılayıram. Onsuz Kərbəla hadisəsinin qiyməti, ali dəyəri Həzrəti Hüseynin şəhadəti istər müsəlman, istərsə də qeyri-müsəlman, istər şiə, istərsə də qeyri-şiə alimlər tərəfindən yetəri qədər qiymətləndirilib, onun obyektivliyi tarixçilər tərəfindən kifayət qədər araşdırılıb. Üstündən neçə əsr keçəndən sonra kiminsə o hadisələri qəbul edib-etməməyi Kərbəlanın əhəmiyyətindən nə bir zərrə azaldar, nə də artırar.

Məhərrəmlik, lap konkret desək Aşura mərasimi əsrlər boyu qeyd edilib, insanlar sonuncu peyğəmbərin qəddarlıqla öldürülən nəvəsinə (və ailəsinə) hər il yas saxlayıblar. İstəsək də, istəməsək də bu mərasimi qeyd etmək bizim coğrafiyanın, bizim ölkənin də payına düşüb. Ola bilsin kimsə bunu böyük fəzilət bilsin, başqa biri isə qətiyyən qəbul etməsin. Lakin daha neyləmək olar, olan olub, keçən keçib.

Əlbəttə bəzən bu mərasimlərdə ifrata varılır (Yalnız İslamdamı var bu ifrat, əlbəttə yox. Filippində İsanın çarmıxa çəkilməsini hər il qeyd edən xristianlar var ki, könüllü surətdə çarmıxa çəkilirlər, əlləri ayaqları taxtaya mıxlanır. Axtarsan başqa dinlərdə də belə nümunələr çox taparsan), mərasimin mənəvi-batini tərəfləri unudularaq zahiri–teatral tərəfləri ön plana çəkilir. Lakin zahirə, teatrallığa meyl təkcə bu mərasimlə bağlı deyil, insan həyatın istənilən sahələrində, adətən zahiri olana, üzdə olana can atır. Yəni burda günahkar Məhərrəmlik mərasimi deyil.

Üstəlik, bu ayin təkcə Azərbaycanda keçirilmir, hər il Pakistanda, İranda, Türkiyədə, Livanda, Yəməndə, Torontoda, Nyu-Yorkda, Moskvada, Londonda qeyd olunur. Aşura mərasiminin keçirildiyi yerləri saymaqla bitməz. Ciblərində son model Ayfon gəzdirən, İngiltərənin ən ciddi şirkətlərində çalışan yekə-yekə adamlar hər il London küçələrində yürüş edib qar, yağış, çovğun demədən “Ya Hüseyn” qışqırırlar. İngilislər də buna fərqli mədəniyyət təzahürü kimi tolerant yanaşırlar.

Bizdə isə bəzən irəli gedib belə sual verənlər olur: Biz niyə ərəbin qəhrəmanına yas saxlamalıyıq? İndi nə edək? İslam ərəbdən gəlib deyə qəbul etməyək? Eyni məntiqlə gərək hindlinin buddizmindən də, brahmanizmindən də, çinlinin konfutsiçiliyindən də, yunanın, yaxud italyanın xristianlığından da, yəhudinin musəviliyindən də uzaq duraq, bizim olmadığına görə qəbul etməyək. Olsa-olsa zərdüştlüyə iddia edə bilərik, ona da bizdən qabaq farslar sahib çıxıblar. Bu məntiqlə gərək heç bir din yayılmasın, heç bir ideologiya başqa millətlər, xalqlar tərəfindən mənimsənilməsin.

Yetmiş illik Sovet dövlətində yaşayıb insanları zorla əqidələrindən döndərməyin, dini ayinlərindən uzaq tutmağın mümkünsüzlüyünü gördük. Türkiyə modeli də yaxşı nümunə oldu: insanları məcburi modernləşdirdikdə ilk fürsətdəcə gərilmiş rezin kimi əvvəlki vəziyyətlərinə qayıtmaq istəyəcəklər. İran modeli də gözümüzün önündədir: zorla dini ayinləri təlqin edəndə, üzdə ibadət, daldada öz bildiklərini edəcəklər.

XX əsr bəşəriyyətə xeyli təcrübə qazandırdı. Bu əsrdə nələr görmədik! Üstəlik yeni əsrin ilk iyirmi ilini geridə qoymaq üzrəyik. XXI əsrdə insanların dini dünyagörüşünə, adət-ənənələrinə XIX əsrin tənqidi düşüncəsi ilə yanaşmaq səmərəsizdir. Heç bir vasitə, zor, güc, insanların qəlbindəki din sevdasını çıxaran deyil. Nə də düşünüldüyü kimi din daha insanların inkişafında böyük mane yaradan deyil: Dindar olub da uğur qazanmaq mümkündür. Çandrasekhara Venkata Raman kimi brahmanizmə sitayiş edib də fizika üzrə Nobel almaq olar, yeddinci əsr ərəb dini qaydaları ilə yaşayıb da bu qaydaları smart telefonlar, “Twitter” kimi ən yeni texnoloji vasitələrlə yaymaq da mümkündür.

Bəşəriyyətin XX əsrdə keçdiyi təcrübə göstərdi ki, dünya heç də bizim düşündüyümüz kimi ağ-qara, müsbət-mənfi deyil, rəngarəngdir, çoxqütblüdür, qeyri-səlisdir. Lütfi Zadənin sözləri ilə desək, dünyanı əvvəlki dövrlərdəki kimi səlis məntiqlə dərk etmək artıq çətindir, hər kəsin öz həqiqəti var, hər kəs öz həqiqətində haqlı ola bilər. Biz yalnız başqasının həqiqətinə hörmət göstərməklə sülh və əmin-amanlıq içində yaşa bilərik.

Doğrusu, mən bilmirəm insanların qəlbindən din sevgisini necə çıxarmaq olar. Əlbəttə bizdən əvvəlki qövmlərin təcrübələri göstərdi ki, bu zorən mümkün deyil. Üstəlik, insanların qəlbindən din sevgisini, inanc anlayışını çıxarmaq nə dərəcədə doğrudur? Lazımdırmı? Məncə yox. Zənnimcə, belə bir şey nə vaxtsa mümkün olacaqsa belə, yalnız elmin geniş yayılması nəticəsində, təbii şəkildə gerçəkləşəcək.

Buna görə də bu qədər yaşantıdan, təcrübədən, başımıza gələnlərdən sonra XXI əsrin ziyalısının dinlə savaşmaq kimi dərdi olmamalıdır. Daha dövran həmən dövran, ziyalı da Don Kixot deyil.

# 3618 dəfə oxunub

Müəllifin son yazıları

# # #