Bu gün 2015-ci il Nobel Ədəbiyyat mükafatının sahibinin adı açıqlanıb. Kulisin məlumatına görə Nobel Ədəbiyyat Mükafatının sahibi belarus yazıçı Svetlana Aleksieviçdir.
O, Nobel mükafatına "Polifonik yaradıcılığı - zəmanəmizdə iztirab və cəsarətə abidə qoyduğu üçün" sahib olub.
Svetlana Aleksandrovna Aleksieviç 31 may 1948-ci ildə doğulub. Uzun müddət jurnalistika fəaliyyəti ilə məşğul olub. 1983-cü ildən SSRİ Yazıçılar Birliyinin üzvüdür. 2000-ci ildə Belarusda haqqında cinayət işi açıldığına görə ölkəsini tərk edib. İtaliya, Fransa və Almaniyada yaşayıb. On il sürgündə olan yazıçı 2011-ci ildə Belarusa geri qayıdıb.
Svetlana Aleksieviç “Müharibə qadın üzlü deyil”, “Sink oğlanlar”, “Ölümlə ovsunlanmışlar”, “Çernobl uşaqları”, “Sekond-hənd zamanı” və başqa əsərlərin müəllifidir.
67 yaşıl belarus yazıçı Svetlana Aleksieviç bir çox beynəlxalq mükafatın sahibidir.
2013-cü ildən adı Nobel mükafatı namizədləri arasında hallanır.
Aleksieviç bu mükafata layiq görülən 14-cü qadın yazıçıdır.
İsveç Kral Akademiyasının 1901-ci ildən təqdim etdiyi Nobel Ədəbiyyat Mükafatı keçən il fransız yazıçısı Patrik Modianoya verilib.