“Gülüstan”: Ağrılar qəsəbəsi, yoxsa söz sənəti?

“Gülüstan”: Ağrılar qəsəbəsi, yoxsa söz sənəti?
17 dekabr 2015
# 13:25

Şərif Ağayar yaşadığı dövrün ağrı-acılarını içində daşıyan yazıçıdır. Onun irili-xırdalı bütün əsərlərində müharibənin dəhşətini görmüş insanların yarımçıq taleləri, qaçqınlıq məhrumiyyətləri, müasir insanımızın gördüyü çətinliklər həmişə qırmızı xətlə keçib.

Şərifin bu son romanından əvvəlki “Xanım T” kitabında cəmlənən o kiçik hekayə(t)lərin hər sətrindən əzab, kədər boylanır. Hiss edirsən ki, bunları yazan müəllif sanki bu dərdlərdən, bu ağrılardan silkinib sıyrılmaq, yaxa qurtarmaq istəyib. Şərifin hətta yumorla yazdığı əsərlərində, cümlələrində belə o kədər, o ağrı açıq-aydın sezilir. Onun yumoruna sadəcə dişini ağardıb gülmək olmur, gərək o yumorun mayasına qatılmış ağrını, iztirabı da görəsən. Yox, bunu görməyib elə belə dişlərini ağartsan çox ehtimal ürəklə bağlı problemlərin var. Dərhal həkimə gedib yoxlatdır gör o iki qulaqcıqlı, iki mədəcikli orqanın normal işləyirmi?

Misal üçün “Köçəri dayı” hekayəsinin sonundakı yumorla müəllif oxucuya son zərbəsini vurur: “Köçəri dayı, nə qədər ki, mən sağam, burdan heç bir qurumsaq Zəngilana qayıda bilməz! Ürəyini buz kimi saxla!”

Amma...

Şərif hələ iki il əvvəl mənə yeni yazdığı romanı barədə danışanda doğrusu bir az da qısqanmışdım. Mükəmməl tapıntı idi, qəsəbənin adı Gülüstün-Cənnət, qəhrəmanlar, Adəm, Həyat (Həvva), qəsəbə onu ortadan kəsən Azadlıq küçəsi ilə iki yerə bölünüb: sağ tərəf varlılar məhəlləsi, sol tərəf kasıblar məhəlləsi. Kasıblar məhəlləsi isə öz növbəsində nömrələnib. Əxlaq polisinin, “Qəsr”in olacağı bu əsərin qəsəbəsində divara şəkil asmaq yaddaşı geri qaytarmağa, keçmişə qayıtmağa cəhd sayılaraq qadağan olunacaqdı.

O danışdıqca, mən gözümün qabağında Gülüstan adlı bu qəsəbəni canlandırmağa çalışır, heyranlığımı gizlətmirdim. Mənim nəzərimdə “Gülüstan” Azərbaycan ədəbiyyatının “1984”-ü olacaqdı. Burda bir az da “Yüz ilin tənhalığı”na bənzəyiş vardı. Markesin o Nobelli əsəri bir nəslin - Buendiyaların tarixçəsi olsa da əslində Adəmlə Həvvadan (Arkadio Buendia və Ursula) bu yana insanlığın keçdiyi yoldur. “Gülüstan”ı da buna oxşar bir əsər kimi təsəvvür edirdim, Adəm və Həyat obrazları məndə bu təəssüratı yaratmışdı.

Şərif əsəri yazdıqca arada ordakı əhvalatlardan danışırdı. Hiss edirdim ki, özü də yazdığına heyran olub. Portret yaratmaqda usta olan Şərif, tutalım “Mədətin dikdiri”, “Məsmələr” əhvalatlarını elə danışırdı ki, adam az qalırdı hönkürsün və ya “Qoluyox Vəliyəddin”in əhvalatını danışanda az qalırdın gülməkdən uğunasan. Bu əhvalatlar hamısı yeni romanda yer alacaqdı və əsərin hazır olacağı həmin günü müəllif qədər mən də səbirsizliklə gözləyirdim.

Orhan Pamuk deyir ki, çox yaxşı bir roman oxumaq istəyirdim. Ona görə yazıçı oldum: “Oxumaq istədiyim romanları yazıram.” Mənim də içimdə hər zaman Azərbaycan ədəbiyyatının ən gözəl romanını oxumaq istəyi olub. Və mənə görə bu romanı yazacaq yazıçıların ilk sırasında Şərif Ağayar dayanıb. O, gözəl bir roman yazacaq və biz də Musa peyğəmbər “On əmr” yazılmış lövhələri başının üstündə tutan kimi o kitabı başımızın üstünə qaldırıb dünyaya deyəcəyik: Bax bu da sizə Azərbaycan romanı.

***

Budur artıq Şərif Ağayarın yenicə çapdan çıxmış “Gülüstan”ı əlimizdədir...

“Gülüstan” necə romandır, necə alınıb, gözləntilərimizi doğruldubmu? Nədən bəhs edir? Əsas mesajı nədir? Sosial ağırlıqlı, hətta deyərdim siyasi romandırmı, yoxsa epiqrafda da (İnsana əzab verən xatirələrdir) ipucu kimi göstəriləntək sadəcə xatirə-romandır?

Əsər Umutvar əminin portretinin onun nəvələrinin evindən asılması ilə başlayır. Əxlaq polisi isə müdaxilə edərək şəkli divardan yığışdırmaq istəyir. İlk səhifələrdəcə oxucu “1984”sayaq bir atmosferə düşür. Əcəba, bu nə mühitdir, bura haradır ki, orda divardan asılmış bir şəkil belə keçmişi xatırlamaq üçün bəs edir.

Oxuduqca aydın olur. Bəli, bura Gülüstan qəsəbəsidir. Abadxeyir dağlarından didərgin düşmüş sakinlərin aranın tozlu-tozanaqlı, şoran torpaqlarında sığındığı qəsəbədir. Dövlət tərəfindən salınmış qəsəbə Abadxeyir camaatının firavan yaşayışını təmin edəcək yerdə onların cəhənnəminə çevrilir. Əvvəla, bu qəsəbədə su yalnız varlılar məhəlləsindədir. Yoxsullar məhəlləsinin suyu ilə isə heç bağ-bağatı da sulamaq olmur, şordur. Üstəlik yoxsulların evləri dustaq hücrələri kimi nömrələnib, hər addımları əxlaq polisi tərəfindən izlənilir, icra hakimiyyətinin hamının Kral kimi tanıdığı başçısı isə insanların gözünə görünmür. Onun sözünü camaata ancaq müşavir Xudayarov çatdırır. Əslən Abadxeyirli olan Adəm də paytaxtda təhsil alıb, bir müddət Şərq bazarında satıcılıq edib, indi də qəsəbəyə tarix dərsi deməyə gəlib. Ona isə dönə-dönə tapşırıblar: keçmiş, xüsusən meydan və milli azadlıq hərəkatı barədə heç nə danışma. Bu tarix barədə yuxarıdan göstəriş gəlməyənə kimi onu tədris eləmək olmaz.

İndi isə gəlin görək şəkil asmağın böyük qəbahət olduğu qəsəbədə insanlar sanıldığı qədər unutqan olublarmı? Ümumən keçmişə qayıdış üzərində qurulmuş romanının təhkiyəsini bir kənara qoyaq, axı obrazlar da gördüyümüz kimi, heç nəyi unutmayıb? Mədətin dikdirinə yığışan Qulu kişi də, Əmrulla müəllim də, lap ağlını itirmiş Mədət kişi də keçmişi unutmayıb. Əgər Qulu kişiylə Əmrulla müəllim bir-birinin dədəsinin paxırını açmaq üçün keçmişi qurcalayırsa, Mədət kişi dağılmış yurd yerinin həsrəti ilə hər səhər tezdən dikdirə gəlib uzaqdan silueti görünən dağlara tərəfə boylanır. Deməli, müəllifin əvvəldə vermək istədiyi o unutqanlıq atmosferi əsərdə hiss olunmur. Halbuki, Oruel “1984” əsərində unutqanlıq məsələsinə dəfələrlə aksent edir. Özü də çox ustaca. “1984”-ü oxuduqca da hiss olunur ki, burda Uinston Smit ayıqdır, əksəriyyəti isə çoxdan hər şeyi unudub. Bax, romanın birinci fəslində Şərifin göstərdiyi o atmosfer əsər boyu görünmür. Əvvəla, ona görə ki, obrazlar özləri ayıqdırlar. İkincisi, qəhrəmanın tez-tez keçmişə səyahət etməsi, özü də əslində özünün bilmədiyi, Ehtiramdan, Əmrulla müəllimdən öyrəndiyi keçmişə səyahət etməsi Gülüstan əhalisinin heç nəyi unutmadığını göstərir. Deməli, artıq “şəkil əhvalatı”nın elə bir əhəmiyyəti olmur.

Oruelvari unutqanlıq yoxdursa artıq əxlaq polisinə də gərək qalmır. Çünki əsərdə gördüyümüz əxlaq polisi ilə bizim real həyatda rastlaşdığımız polislər arasında elə bir fərq yoxdur və biz əsərdəki əxlaq polisi ifadələrini polislə dəyişsək əsərə xüsusi bir təsiri olmayacaq. Eləcə də əsərin əsas qəhrəmanlarının adının Adəm və Həyat olması əsəri “Adəm və Həvva” mifi ilə bağlamır. Yenə “Yüz ilin tənhalığı”ına qayıdıram. Markesin əsərinin qəhrəmanının adı Adam və Eva olmasa da, əsərin dünyanın yaradılışı barədə olmasını açıq-aydın hiss edirik. “Gülüstan”da isə o mif adlar vasitəsilə vurğulansa da əsərin gedişatı bizə dünyanın yaradılışı mifini nədənsə xatırlatmır.

“Gülüstan” nəyi ilə güclüdür?

Maraqlı sualdır.

Elə özümüz də cavab verək.

“Gülüstan” özünün diri portretləri, mükəmməl təsvirləri, axıcı təhkiyəsi ilə gözəldir. Şərifin əsərdə yaratdığı qəhrəmanları - Umutvar əmi, Qəqqo Qurban (ölü olsalar belə o qədər təbii alınıblar ki, əsərdə diri kimi görünürlər ), Qulu kişi, Əmrulla müəllim, Qoluyox Vəliyəddin, Molla Xəyanət, tfu Dəyanət, Mədət kişi obrazları olduqca bədii, koloritli, diri obrazlardır. Bu obrazların bəziləri hətta o qədər mükəmməl yaradılıb ki, əsərdən çıxarıb ayrıca hekayə də edə bilərsən. Amma bir əmma var ki, bu obrazlar əsərin baş qəhrəmanları deyil. Məndən soruşsalar, deyərəm ki, Mədət kişi obrazı İnqilab Dadaşovdan, Ehtiramdan, Həyatdan, eləcə də əsərin baş qəhrəmanı Adəmdən yaddaqalandır. Çünki müəllif özü bilərəkdən, ya bilməyərəkdən əsərin ikinci dərəcəli obrazlarını baş qəhrəmandan daha yaddaqalan edib. Yüz il sonra da məndən Mədət kişi haqqında soruşsalar onun həyat hekayəsini xarakterik xüsusiyyətlərini (məsələn, danışanda “Jö-jö” eləməsini) unutmaram, amma Adəmlə bağlı bunları deyə bilməyəcəm. Əgər Mədət kişinin ayaq dırnağının kirliliyi də gözümün qabağındadırsa, Adəmin bircə “şey”inin böyük olması xatirimdə qalıb, başqa heç nə.

Eyni şeyi İnqilab Dadaşov haqqında da demək olar. Əsərin əsas ideoloji qəhrəmanı olan İnqilab Dadaşovun xarakterik xüsusiyyəti yoxdur. Əsərin əvvəlində, Qulunun qapısındakı çaxnaşmada o camaatdan xüsusi seçilmir. Halbuki qəsəbədə inqilabi fəaliyyəti ilə tanınan İnqilab Dadaşov kütlədən dərhal fərqlənməli idi.

Bəs o zaman müəllif niyə belə edib? Nə üçün əsərin üçüncü dərəcəli qəhrəmanları baş qəhrəmanları üstələyir, ön plana keçir. Oxucuya Qəqqo Qurbanın kimliyi lazımdırmı? Axı o, Əmrulla müəllimin babasıdır. Əmrulla müəllim isə əsərdə elə də böyük rola malik deyil. Adəmin xarakterinin açılması üçün onun babasının obrazının yaradılması qəbulolunandır, amma Qəqqo Qurban obrazı? O bizə gərəkdirmi? Bu zaman kimsə deyə bilər ki, bu obrazlar ansamblı bizə Abadxeyir camaatının keçmişini tanımaq üçün gərəkdir. Amma bu arqument kifayət etmir, çünki əsəri oxuduqca oxucu keçmişdən asılı qalır, indiki halda baş verən prosesləri izləyə bilmir, obraz bolluğu ilə yüklənir. Bunu eynilə Məsmələr əhvalatı barədə də demək olar. Böyük Məsmə ilə Kiçik Məsmənin taleyinin qarşılaşdırılması özlüyündə əladır, konflikt mənbəyidir. Amma gəlin görək əsərdə bu konflikt öz işini görürmü? Əlbəttə yox. Biz Məsmələri əsərdən asanlıqla çıxara bilərik, uzaqbaşı romanın həcmi azalar, amma ümumi ideya və məna itməz.

Şərifin əsərdə Məsmələri saxlamasının mənası bir oxucu kimi mənə aydındır. Sanki müəllif dolayı yolla demək istəyir, ey Abadxeyir camaatı, sizin illərlə törətdiyiniz şər əməllərin nəticəsidir bu qaçqınçılıq. Etdiyi günaha görə cənnətdən qovulan Adəm peyğəmbər kimi siz də bu ilan mələyən Hacı Süleyman torpaqlarında, bu susuz Gülüstan (Əslində Cəhənnəm) qəsəbəsində zülm çəkməyə məhkumsuz. Çünki əgər ilahi ədalət varsa sizi Məsmələrin ahı tutmalı idi. Necə ki, tutdu. Amma siz dəyişmədiniz. Burda da Naxal Nazim, Əmrulla müəllim timsalında şərə xidmətə amadəsiz.

Bu obrazların içində təkcə müşavir Xudayarov özü-özünü yaradır. Qalan obrazlar müəllif təhkiyəsinin məhsuludur. Biz onlar haqqında ancaq eşidirik, onların fəaliyyətini görmürük.

Kitabın ilk səhifəsində yazılıb: “Adəm Gülüstan qəsəbəsinə göndərilir. Qəsəbədə onun işğal edilmiş kəndinin sakinləri yaşayır. Lakin yeni olan təkcə qəsəbə deyil, sevgisi, dostu və hər kəs çox dəyişib. Adəm yaddaşında səyahət edə-edə bu çevrilmənin sirrini axtarır. Lakin bu axtarış onu daxili ziddiyyətlərə, burulğanlara, təlatümlərə sürükləyəcək. Və əbədi həqiqət bir daha təkrarlanacaq: Xatirələr əzab verir.” Belə çıxır ki, Adəm uzun müddətli ayrılıqdan sonra Gülüstana gəlib. Ümumiyyətlə, kənardan gələn qəhrəman üzərində qurulan əsərlər çoxdur. “Müfəttiş” əsərində Xlestakov, “Ölülər”də Şeyx Nəsrullah, “Qatarda” hekayəsindəki Dadaşov obrazları bu qəbildəndir. Amma misal gətirdiyimiz həmin əsərlərdə Xlestakov da, Şeyx Nəsrullah da, Dadaşov da gəldikləri yerdə hansısa dağıdıcı missiyanı yerinə yetirirlər, digər obrazların xarakterinin göstərilməsində açar rolunu oynayırlar. Adəm isə elə deyil. O, gəlib qaynar hadisələrin içinə düşür və burada o hadisələrin bir elementinə çevrilir, qəsəbənin həyatında da yaddaqalan bir iş görmür.

Romanda zaman məsələsi də qeyri-müəyyəndir. Fləşbəklərlə dolu olan əsərdə müəllif arabir zamanı vurğulamalı idi. Amma o bunu etmir və oxucuya müəmmalı qalır; Adəm Gülüstana yeni gəlibsə, ki, biz ilk maaşını almağından bunu başa düşürük, bəs parlament seçkilərində Ənvər Qarapapağı qəsəbədə necə görüb. Deməli, o, əvvəllər də qəsəbəyə gəlirmiş və Ehtiramla əvvəllər də qəsəbənin, onun sakinlərinin taleyi barədə söhbəti olub.

Bir daha, altını cızaraq qeyd edirəm, bu obrazlar çox böyük məharətlə yaradılıb. Nəinki obrazlar, hətta arabir süjet xəttini parçalayaraq peyda olan haşiyələr də (şagirdlərin ləqəb qoymaqları, yas yerində ağlayan qadınların analizi) çox mükəmməldir. Ləzzətlə oxuyursan. Bu oxumalar sənə həzz verir, bununla belə ümumi atmosferi dağıdır, əsərin əsas süjet xəttini, onun dinamikasını öldürür. Yazıçı öz gücünü dəqiq hesablamalıdır. Futboldan başım çıxmasa da, məncə, Messi Real-Madridə qarşı oynayanda bir cür, tutalım Neftçalanın “Pambıqçı” klubuna qarşı oynayanda başqa cür performans göstərər. O, hər iki oyuna eyni cür enerji xərcləməz. “Gülüstan”da isə müəllif öz “master”liyini son həddinəcən göstərib, əsəri gərəyindən artıq yükləyib, sanki Şərifin obrazlarına qıymağa əli gəlməyib.

Səbəb?

Səbəb sadədir. Yazının əvvəlində də qeyd etdiyim kimi, bir az həssaslığı olan oxucu Şərifin obrazlarının gəlişigözəl bir tapıntıdan deyil, ağrını çatdırmaq zərurətindən doğduğunu hiss edər. Onun əksər əsərlərinin obrazları bu ağrıdan yoğrulub. Sanki “Gülüstan”da da Şərif illərlə içində gəzdirdiyi ağrını Adəmin, Qəqqo Qurbanın, Umutvar əminin, Mədət kişinin, Məsmələrin timsalında çiynindən atmaq istəyib. Bu ağrılar nə zamansa yazıçının canından çıxmalıdır. Yoxsa bu narahatlıq onu ömrü boyu izləyəcək. Bax elə ağrıdan xilas olmaq istəyi ilə də Şərif sanki əsəri ürəkparçalayan insan faciələri ilə, sosial problemlərlə yükləyir. Elə buna görə də “Harami”də göstərdiyi nailiyyətləri (əsərin texnikası, strukturu baxımından) burada göstərməyə əli gəlmir, əsərə ağırlıq gətirdiyini bildiyi halda o hissələrə toxunmur. Onları olduğu kimi saxlayır. Müəllifin mətnə qarşı bu “ürəyiyumşaqlığı” əsərinin zərərinə olsa da çox ehtimal ki, Şərifin özünün xeyrinədir. Və əminəm ki, “Gülüstan” Şərif Ağayarın ağrılar qəbiristanlığı olacaq, biz öz sevimli yazıçımızı tezliklə yeni üfüqlərdə, yeni heyrətamiz əsərlərdə görəcəyik.

# 1401 dəfə oxunub

Müəllifin son yazıları

# # #