Prezident Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
4 avqust 2025
# 14:24

Prezident İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzalayıb.

Kulis.az APA-ya istinadən nekroloqu təqdim edir.

"Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış dramaturq, tənqidçi və ədəbiyyatşünas, ictimai-siyasi xadim, filologiya elmləri doktoru, professor Elçin İlyas oğlu Əfəndiyev 2025-ci il avqustun 3-də ömrünün 83-cü ilində vəfat etmişdir.

Elçin Əfəndiyev 1943-cü il mayın 13-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1960–1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil almış, 1965–1969-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuşdur.

Əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda elmi əməkdaş kimi başlayan Elçin Əfəndiyev 1969–1975-ci illərdə orada işləmişdir. O, 1975–1987-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin katibi, 1987–1993-cü illərdə isə Xaricdə yaşayan həmvətənlərlə Mədəni Əlaqələr Cəmiyyəti – “Vətən” Cəmiyyəti rəyasət heyətinin sədri olmuşdur. Elçin Əfəndiyev 1993–2018-ci illərdə Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsində çalışmışdır.

Müasir Azərbaycan ədəbiyyatının parlaq simalarından olan yazıçı Elçin Əfəndiyev bütün fəaliyyəti ərzində 60-cı illər nəslinin ənənələrinə sadiqlik nümayiş etdirmiş və milli bədii fikrin zənginləşməsində mühüm rol oynamışdır. O, hələ ədəbi yaradıcılığa başladığı ilk vaxtlardan mənəvi axtarışlarla dolu əsərlərinin poetik gücü ilə geniş oxucu kütləsinin dərin rəğbətini qazanmışdır. Realist psixoloji təhlilin dərinliyi və bədii-estetik ifadə vasitələrinin rəngarəngliyi ilə seçilən bu əsərlər Azərbaycan nəsrinin qiymətli nümunələridir.

Ədəbiyyatımızın yeni mərhələsinin formalaşmasının fəal iştirakçısı olan sənətkar uzaq və yaxın tarixi keçmişimizlə bağlı roman, povest, hekayə və pyeslərində xalqımızın mənəvi-əxlaqi dəyərlərinin təbliğini diqqət mərkəzində saxlamışdır. Elçinin ssenariləri əsasında çəkilən filmlər uğurlu ekran həyatı yaşayaraq Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxil olmuşdur.

Elçin Əfəndiyev tənqidçi-ədəbiyyatşünas kimi klassik irsə və müasir ədəbi prosesə dair aktual mövzularda dəyərli elmi-nəzəri yazıları, portret-oçerkləri ilə ədəbi mühitin inkişafına sanballı töhfələr vermişdir.

Yazıçının əsərləri bir çox xarici dillərə tərcümə olunmuş, müxtəlif teatr səhnələrində tamaşaya qoyularaq müəllifinə şöhrət qazandırmışdır. Onun mötəbər beynəlxalq konfranslarda çıxışları elmi və ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.

Elçin Əfəndiyev ölkəmizin ictimai-siyasi və mədəni həyatında daim yaxından iştirak etmişdir. Xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin dərinləşməsində xidmətləri onun azərbaycançılıq məfkurəsinə sədaqətinin bariz ifadəsidir. Elçin Əfəndiyev uzun illər Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində təqdirəlayiq fəaliyyət göstərmişdir.

Elçin Əfəndiyevin xidmətləri həmişə yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikasının ali dövlət mükafatları – “İstiqlal” (2003), “Şərəf” (2013), “Şöhrət” (2018) ordenləri və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” (2023) ilə təltif edilmişdir.

Görkəmli yazıçı və alim, tanınmış ictimai-siyasi xadim, səmimi və təvazökar insan Elçin İlyas oğlu Əfəndiyevin əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaqdır.

Allah rəhmət eləsin!


İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Adil Kərimli

Polad Bülbüloğlu

İsa Həbibbəyli

Anar Rzayev

Nəriman Həsənzadə

Kamal Abdullayev

Çingiz Abdullayev

Hacı İsmayılov".

# 1520 dəfə oxunub

Oxşar xəbərlər

"Qızıl Portağal"ın münsifləri bəlli oldu

"Qızıl Portağal"ın münsifləri bəlli oldu

17:00 8 oktyabr 2026
Bəstəkar Aydın Əzimovun yaradıcılığına  həsr olunan dəyirmi masa

Bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunan dəyirmi masa

16:30 8 oktyabr 2026
AYB:  "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"

AYB: "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"

15:40 8 oktyabr 2026
Bu gün Nobel mükafatına layiq görülən Enn Karson kimdir?

Bu gün Nobel mükafatına layiq görülən Enn Karson kimdir?

15:24 8 oktyabr 2026
Ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlandı

Ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlandı

15:02 8 oktyabr 2026
Dərdin hüceyrə yaddaşı və şəfalanma fəlsəfəsi – Bədənin səninlə  necə  danışır?

Dərdin hüceyrə yaddaşı və şəfalanma fəlsəfəsi – Bədənin səninlə necə danışır?

15:00 8 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər