Saday Budaqlı: “O qadın mənə hekayə yazdırdı” - SÖHBƏT

Saday Budaqlı: “O qadın mənə hekayə yazdırdı” - SÖHBƏT
1 noyabr 2017
# 21:00

Kulis.az yazıçı Saday Budaqlı ilə müsahibəni təqdim edir.

- Saday müəllim, görüşümüz qarlı günə təsadüf elədi. Görüşəndə də dediniz, bu qar sizə moskvalı günləri xatırlatdı. Elə o günlərdən başlayaq. Neçənci illərdə Qorkidə oxudunuz?

- 1979-84-cü illərdə oxudum. O vaxtı mən Politexnikdə axşam şöbəsində təhsil alırdım, gündüz işləyirdim. Arada da yazı-pozu edirdim. Bir gün yazılarımı Elçinə verdim. Elə bir an gəlir ki, fikirləşirsən yazım-yazmayım. Onda yazılarımı verdim Elçinə, o da dedi, yazmaq lazımdır.

- Neçə yaşınız var idi onda?

- Hardasa 22-23 yaşım vardı.

- Necə oldu Elçinlə əlaqə yaratdınız?

- Elçin onda Yazıçılar İttifaqının katibi idi. Yazıları verirdim, o da fikrini deyirdi. Hər dəfə başqa yazı aparırdım. 78-ci ildə məni gənclərin Şüvəlanda toplantısına dəvət elədi, daha sonra da dedi, sənə oxumaq lazımdır. Mənim Maksim Qorki adına Ədəbiyyat İnstitutunda oxumağım Elçinin sayəsində olub. Beş il ömrümüzün ən gözəl günlərini yaşadıq (gülür). Təbii ki, ora getmək mənim yaradıcılığıma böyük təsir göstərdi. Həm ordakı mühazirələr, həm də mühit təsir edirdi.

- Əsl ədəbi mühit var idi...

- Elədi. Vur-tut 200-220 adam oxuyurdu. Xaricdən gələnlər də olurdu.

- İlk dəfə nə zaman çap olundunuz?

- 1978-ci ildə ilk hekayəm “Ulduz” jurnalında çap olundu. Ondan sonra bir-iki il çap olunmadım. O vaxt vur-tut iki ədəbi jurnal var idi. Çap olunmaq bir az çətin idi.

- Hansı hekayə idi?

- “İşıq zolağı”. Onu sonra kitablara salmadım.

- Niyə? Bəyənmədiniz?

- Bəlkə də. Neçə vaxtdır qayıdıb onu oxumuram. Yəqin bir az da avtobioqrafikdir, ona görə. Mənim bir neçə avtobioqrafik hekayəm var, onları kitablara salmamışam.

- Niyə?

- Qorxmuşam, kimlərsə inciyər.

- İlk kitabınız da Moskvada çıxıb.

- Mən 82-ci ildə “Drujba narodov”, “Naş sovremennik” jurnallarında, “Nedelya” qəzetində çap olunurdum. 1984-cü ildə isə “Vıiqrış” adlı ilk kitabım “Molodaya Qvardiya” nəşriyyatında çıxdı. Bir il sonra Bakıda “Döngə” çap olundu. 87-ci ildə “Çat” və 1990-cı ildə Moskvada “Sovetskiy pisatel” nəşriyyatında “Zemlya” kitabım çıxdı. O illərdə də ara qarışıb məzhəb itmişdi, heç nəzərə çarpmadı. Müharibə, ölkədə vəziyyət gərgin idi, ədəbiyyat onda Allah bilir, neçənci plana keçmişdi. Çoxunun o kitabımdan heç xəbəri olmadı.

- Və ondan sonra?

- Ondan sonra da uzun bir fasilə... Bir də “Yolüstü söhbət”. Dedim gedhagetdə bir yolüstü söhbət edim (gülür).

- Allah eləməsin. Ötən il 60 illiyiniz münasibəti ilə çıxdı o kitab...

- Elədi. Afaq xanım sağ olsun, məndən olsaydı hələ də kitab yox idi.

- Niyə bu qədər laqeydsiniz?

- Olur belə şeylər. Adam həvəsdən düşür.

- Niyə?

- Biz bir az pis vaxta düşdük. Müharibə, itirilən torpaqlar. Hər şey bir az mənasızlaşdı. Bəzən hər şey gözündən düşür, hətta yazın da.

- Ədəbiyyat da tənəzzül yaşayırdı o vaxt...

- O vaxt heç “Azərbaycan”, “Ulduz” jurnalları da düz-əməlli çıxmırdı. Yəni ədəbiyyat heç kəsin yadına düşmürdü.

- Amma 2000-ci illərdə ədəbiyyatda canlanma yarananda da kitab çap etdirmədiniz.

- Düzdür. Hardasa beş-altı ildir ədəbiyyatda canlanma yaranıb. Kitab çap etdirməyin maddi tərəfləri də var.

- Yazmağına yazırsınız...

- İndi daha çox tərcümələrlə məşğulam. Hal-hazırda, yazmıram. Yarımçıq yazılarım çoxdur. Yazmaq üçün gərək adamın daxilində rahatlıq ola.

- Kitab çıxarmamaq anlaşılandır, obyektiv səbəbləri var. Amma mətbuatda da yeni hekayələriniz çıxmır.

- Çap olunmaq üçün yazmaq lazımdır. Ədəbiyyat yarımçıqlığı sevmir, gərək özünü ona bütövlükdə verəsən. İndi evdə danışırlar ki, filan vaxtı filan şeylər olmuşdu, nə bilim nələr olmuşdu. Yadıma sala bilmirəm, çünki o qədər öz dünyamda olmuşam ki, fikir verməmişəm. Yazdığımla yaşayırdım. Gərək yazan adam gündəlik lazımsız qayğılarla yüklənməyə.

- O vaxt bu qayğılar yox idi? Deyirsiniz həm politexnikdə oxuyurdum, həm işləyirdim, həm də yazırdım.

- O vaxt tək canım idi. Yazmaq üçün işə ikinci növbə gedirdim. Arada hətta ərizə yazıb institutdan çıxdım. Fikirləşirdim ki, oturub yazım. Təsəvvür elə, gecə on birdə işdən gəlib səhər altıya kimi yazı yazırdım. Sonra günortayacan yatıb, qalxıb işə gedirdim. İndi fikirləşirəm ki, o yazdıqlarımdan ortada heç nə yoxdur. Ancaq gündəlik yazmaq sözü hiss eləmək vərdişi yaradır. Əsas sözü hiss eləməkdir.

- Bu bacarıq fitrətən olmur?

- Adamın qabında nəsə olmalıdır. Ancaq nəsr poeziya deyil. Təbii, poeziyaya da zəhmət lazımdır, bununla belə bir də görürsən 13-15 yaşlı uşaq şeir yazır. Artur Rembo nə yazıb, 18-19 yaşında yazıb və dünya ədəbiyyatında qalıb. Ancaq o yaşda ortaya sanballı bir əsər qoyan yazıçı yoxdur. Şairlik Allah vergisidir, nəsrdə bu vergi az da olsa olar. Nəsrdə gərək dünyagörüşün ola, nələrdənsə keçmiş olasan, sonra da zəhmət vacibdir.

- Saday müəllim tənqidə münasibətiniz necədir?

- Belə də... Yazsalar da sağ olsunlar, yazmasalar da. Tənqidçi gərək sən demədiklərini, alt qatı yaza. Kimsə haqqımda tənqidi məqalə yazanda zəng edib təşəkkür etmirdim. Fikirləşirdim ki, mənim işim hekayə yazmaqdı, onun da işi tənqid yazmaq. O qədər zəng eləmədim ki, axırda məndən yazmadılar (gülür).

- Görünür, yazdıqlarınıza arxayın idiniz.

- Belə çıxır.

- Və bu inersiya, məhsuldarlıq sonradan gəlmədi.

- Qarışıq bir dövrə düşdük. Moskvadan Bakıya gələndən sonra da rayona getməli idim. Mən evin balacasıyam, ata-ananın yanında qalan lazım idi. 1989-cu ildə rayona getdim. Rayonda da Yazıçılar İttifaqının Qazax filialı açıldı. Daha doğrusu filialı mən Anar müəllimin köməyi ilə açdırdım ki, özüm də gedim ora. Filial açılmaq üçün ən azı üç üzv lazım idi, onları tapıb ittifaqa üzv etdik, filial açıldı, mən də getdim rayona. Bir müddət qaldım rayonda, atam rəhmətə gedəndən sonra da qayıtdım Bakıya. Bu müddətdə ədəbi mühitdən uzaqlaşmışdım. Bunların da təsiri oldu.

- Bəlkə, kiminləsə umu-küsü olmuşdu.

- Yox, qətiyyən. Mənim həmişə qabağıma yaxşı adamlar çıxıb.

- Cəmi bir romanınız var?

- “Zədə” adlı bir romanım var, biri də yarımçıqdır. Hərdən mənə elə gəlir, bir ay oturub işləsəm o romanı qurtararam, üstəlik o biri yarımçıq yazılarımı da.

- Sizin oxuduğunuz Qorki İnstitutunda Platonov süpürgəçi işləyib. Yəni, deməyim odur ki, dünyada məhrumiyyətlərlə yaşayan yazıçılar çox idi, bununla belə yazıblar. Müəyyən bir yaşa gələndən sonra bəhanələr keçərli olmur, əsər tələb olunur.

- Mən heç vaxt problemlərdən şikayət etməmişəm. Bilirsən, hər yazıçının öz yaradıcılıq tərzi var. Dostoyevski iki daşın arasında yazırdı. Yazmaq üçün mən gərək tamamilə asudə olub, fikrimi ancaq yazıda cəmləyim. Açığı, mən bir az da tənbələm. Yazmaq üçün gərək öz dünyama qapılam, heç nə, heç kim fikrimi yayındırmaya, “əl-ayağa” dolaşmaya. Yazıya intim məsələ kimi baxıram.

- Özünüz üçün o mühiti yarada bilmədiniz.

- Bəli. Bu o demək deyil ki, pis yaşadım. Sadəcə, yazmağım üçün lazım olan mühiti qurammadım.

- Yarımçıq əsərlərinizi növbəti kitab kimi düşünürsünüz?

- Mənim kitablarda çıxmamış yazılarım çoxdur. Heç bu kitaba da salmadıq.

- Növbəti kitab nə zaman olacaq?

- Bu barədə hələ fikirləşmirəm. Sağlıq olsun.

- Bayaq dediniz ki, zavodda işləmisiniz. Sizin qəhrəmanların bəziləri də zavodda işləyir, yataqxanada qalır...

- Əlbəttə, mənim bəzi hekayələrimdə həyatımdan izlər var. Elə “Pul günü” hekayəsini deyə bilərəm. Mən, əksinə, çalışmışam ki, qəhrəmanlarıma ad qoymayım, bu mümkün olmayanda ad qoymuşam. Çünki istəyirəm oxuyan orda özünü görsün. Yazı ağrıdan, keçirdiyin hansısa bir hissdən yaranır. Yaddaşda ilişib qalır, səni incidir, sonra yazıb ondan xilas olursan. Misal üçün, “Sulu qar” hekayəm adi bir duyğudan yarandı. Mağazada yağışın kəsməyini gözləyirdim, bir qadın içəri girdi, çətirini çırpıb ətrafına baxdı. O an yadımdan çıxmırdı. Və sonra “Sulu qar”ı yazdım. Özü də hekayə o qadınla başlayır, sonra başqa yerə gedib çıxır. Yəni qadına heç bir dəxli yoxdur. Mən yazanda ilk cümləni artıq bilirəm, bir də son cümləni, qalanı yazı prosesində yaranır. Beynimdə yazılar var, hamısının ilk cümləsi hazırdır, arxası yoxdur hələ (gülür).

- Sizin yaradıcılığınızı modernist ədəbiyyat hesab etmək olarmı?

- Bunu tənqidçilər, ədəbiyyatşünaslar bilər. Mən yazanda belə şeyləri düşünmürəm.

- Bir dəfəyə yazırsınız?

- “Şübhə”ni birdəfəyə yazmışam. Mən çətin yazıram. Söz sözü çəkir. Xoşum gəlməyən cümlənin sonrasını yaza bilmərəm. Deyəsən Heminquey deyir ki, əsəri elə yerdə saxla ki, səhər yazmağa davam edəndə hansı cümlədən başlayacağını biləsən. O cümlə səni çəkib aparmalıdır. Yazıçı var ki, birnəfəsə yazır, sonra atır sandığa, üstündən bir müddət keçəndən sonra təzədən qayıdır. Rəhmətlik Rafiq Tağı elə idi.

- Dost idiniz...

- Onunla Moskvada tanış olmuşdum. Bizi Elçin tanış etmişdi. Mən oxuyanda o, həkim işləyirdi. Çox təmiz adam idi. Hay-küylü məqalələrinin Rafiqin dünyasına heç bir dəxli yox idi. Daha dəqiq desək, yazdığı o məqalələrdəki kimi düşünmürdü. Yazıb öz şübhələrindən, tərəddüdlərindən qurtulurdu. Yazıçı öz təmizliyini qorumalıdır. Ürəyin güzgüsü yavaş-yavaş tutuldusa, gördüklərin də bir o qədər az olacaq. Rafiq o təmizliyinə görə başqalarının görmədiklərini görə bilirdi. O, Moskvada olanda gedib saatlarla dururdu növbədə, camaata baxırdı, onları müşahidə edirdi.

- Siz müşahidə aparmamısınız?

- Yox, mən içimdə müşahidə aparıram (gülür). Mənə hisslərin dinamikası həmişə maraqlı olub. Ona görə Marsel Prustu sevirəm. Bir nöqtədə durub eşələnmək, hissdən hiss çıxarmaq xoşuma gəlir.

- “Master və Marqarita”nı tərcümə etdiniz...

- O vaxt yazmayanda sözdən ayrı düşməmək üçün tərcümə ilə məşğul olmaq qərarına gəldim. Gördüm “Master və Marqarita” tərcümə olunmayıb, buna görə onu seçdim. O tərcüməyə yenə qayıtmaq, lazım olsa, təzədən əl gəzdirmək, həm də şərhləri ilə çap etdirmək istəyirəm. Bulqakov özü çox əziyyət çəkib, amma onun yaradıcılığına üz tutanlar ondan xeyir görüb. Xeyir görənlərdən biri də mənəm. Burda nəsə bir mistika var.

- Başqa kimləri tərcümə etmək istəyərdiniz?

- Elə əsərlər çoxdur. Henrix Böllün “Kişisiz ev”, Marsel Prustun “İtirilmiş zamanın axtarışında” romanlarını dilimizdə görmək istəyərdim.

- Ədəbi prosesi izləyirsiniz?

- Sən deyən qədər izləmirəm.

- Ümumi proses qane edir?

- Canlanma var. Uşaqlar, maşallah olsun, dalbadal romanlar yazırlar. Ancaq dilə münasibət könülaçan deyil. Ədəbiyyat söz sənətidir. Başdan üç-dörd cümlə oxuyuram, məni çəkdi-çəkdi, çəkmədi oxumuram.

- Yazanda içinizdə daxili senzor olur?

- Yazıçı öz yazısında səmimi olmasa ondan heç nə çıxmaz. Mən içimi açıb tökməyim ki, sabah haqqımda nəsə deyərlər, belə olmaz. İnsanın ürəyindən hər şey keçir, hər əclaflıqdan tutmuş yaxşılığa qədər. İnsanın böyüklüyü odur ki, o boyda əclaflığın içində yaxşı olmağı bacarıb.

2016

# 3322 dəfə oxunub

Müəllifin son yazıları

# # #