"Sizi Allaha şikayət edəcəm..."

"Sizi Allaha şikayət edəcəm..."
25 mart 2022
# 10:00

Kulis.az Mina Rəşidin "Sizi Allaha şikayət edəcəm..." adlı yazısını təqdim edir.

Yenə müharibə, yenə ayrılıq, yenə ölüm, yenə zülüm... 21-ci əsrdə, insan ağlının bu qədər inkişaf etdiyi, aya, ulduza uçduğu bir vaxtda ona yaraşırmı müharibə? İllərlə min bir əziyyət bahasına qurulan şəhərlər, kəndlər məhv edilir, məktəblər, bağçalar dağıdılır, şaxtada-qarda adamlar öz yurdundan didərgin salınır... Axı nə üçün, kimin üçün? Allahın yaratdığı dünyaya qonaq kimi gəldiyini unudur insan.

Çox da ki, elmi-biliyi artır, aya, ulduza uçur. Bəs nədən insanın bəsirət gözü açılmır? Çünki dünyaya gələndən kinlə bəslənir, acıqla yaşayır, dünyadan qisas almağa çalışır. Vurur, yıxır, dağıdır və xarabalıq bayquşu kimi ulamağa başlayır. İnsan başını qaldırıb bircə dəfə göyüzünə baxmır, o boyda günəşi görmür, Allahı tanımır, bəndəni saymır...

Elə öz kirli beynində dolaşır, torpaqları qamarlayır, gözü doymur ki, doymur. Allahın mülkünə sahib olmağa çalışır...

İndi Ukraynada nələr olur, nələr, zülümdən azyaşlı körpələrin iniltisi dünyanı başına götürür.

Yadıma Xocalıda hələ ana bətnində ikən vəhşiliklə qətlə yetirilən körpələr düşür... 2014-cü ildə Suriyada müharibənin qurbanı olan 3 yaşlı körpənin sözləri indi də, dünyanı silkələyir, “Sizdən Allaha şikayət edəcəm”, söyləyir...

Müharibə bir oyundu, deyirlər, ən dəhşətli, qorxulu oyundu. Evdə uşaq müharibə oyunu oynayanda da, qorxuram. Axı mənim də atam müharibənin, bu qorxulu oyunun qurbanı olub... Qonşumuz xanəndə Şahmalı Kürdoğlunun faciəsi. Bir də, anasının qucağında qəfil gözlərimlə gördüyüm qanına bələnmiş balası...

Görəsən o dəhşətli səhnəni unutmaq olarmı?

Kaş bir gün İnsan özünü dərk edə, dünyada bütün silahları məhv eləyə və bir daha yer üzündə müharibə olmaya, kaş...kaş...

Müharibə sözünü
Görüm qar, çovğun alsın.
Qar yağsın, qoy silahlar
Qarın altında qalsın...


# 3069 dəfə oxunub

Müəllifin son yazıları

# # #