Onlar Vətəni satanlardır!

Mina Rəşid, şair, nasir

Mina Rəşid, şair, nasir

6 aprel 2022
# 10:20

Baxırsan, İlahi, dəhşətə gəlirsən. İnsan deyilən niyə bu qədər özünü alçaldır? Həm də, bu qədər könüllü şəkildə... Axı onu kim məcbur edir belə yalan danışmağa, ədalətsiz olmağa. Həqiqətin önündə dili varkən susmağa, gözü varkən yummağa, belə diriykən gömülməyə kim onu məcbur edir ki... Kimdən dərs alıb bu adam, evdə uşaqlıqdan kimləri yamsılayıb böyüdükcə, məktəbə gedincə nələri yaddaşına həkk eləyib... Sadə adamların haqqına təcavüz etməklə, özündən böyüklərə baş əyməklə, yalanlarla, saxtalıqla nə qazanıb, görəsən? O evlər, maşınlar, bağlar, geyimlər qazancdırmı? İlahi, min dəfə alçalmaqla əldə etdikləri ilə necə rahat olur, necə adam içinə çıxır, necə deyib-gülür, şəkil çəkdirir, özünü göstərir bu adam???

İçimizdəki bu çoxlu sayda ədalətsiz adamlar kənardakı düşməndən daha təhlükəlidir, məncə. Kənardan düşmən güllə atır, bunlar isə elə dizimizin dibində Vətəni, torpağı satar. Bir şəhid övladına – “Bura sosial yardım şöbəsi deyil!” söyləyən adamlar üçün dəyərlər olmur. Onlar min bir dona girib ayağımızın altını qazır, haqqımıza sahib olurlar. Bu cür ictimai birliklər, təşkilatlar da var. Onlar üçün ancaq bir məqsəd var – ciblərini doldurmaq. Onlar Vətən, bayraq, Şəhid deyəndə, adamın başından tüstü qalxır...

Düşünürəm, ədalətsiz adamlardan bir topa zibil xeyirlidir. Çünki o zibil emal olunur və insanlara fayda verir...

Sonda müqəddəs Qurani Kərimin nazil olduğu bu mübarək ayda bir həqiqəti də xatırlatmaq istəyirəm. Uca Allahın 99 gözəl adlarından biri də Ədalətdir. (Əl-Ədl). Gəlin ədalətsizliyə qarşı birgə olaq. Onda biz bir millət olaraq da çox güclü olarıq...

# 2814 dəfə oxunub

Müəllifin son yazıları

# # #