Yenə ölüm gizlənir aldığımız nəfəsdə...

Yenə ölüm gizlənir aldığımız nəfəsdə...
8 sentyabr 2014
# 11:24

Yenə ölüm gizlənir aldığımız nəfəsdə...

Kulis.az şair Mətləb Ağanın yeni şeirini təqdim edir.

Təzə xəbər - filan yox;

avqust bitdi...yay çıxır...

yenə həmindi yer - göy;

günəş batır, ay çıxır...

...vaxtımızı öldürür

yenə cansız saatlar...

eynidi - dəyişməyib,

familiyalar, adlar...

...yenə on altı edir

dördü vuranda dördə...

eyni sözlər düzəlir

köhnə şəkilçilərdən...

...qumlu sahildən yenə

külək hər şeyi silir...

yenə torpağa yazır

yağışlar nəyi bilir...

...diksinir otağımız

hər səhər eyni səsdən...

yenə ölüm gizlənir

aldığımız nəfəsdə...

...sonra ya zəng vurarsan,

ya qapını döyərsən:

“mən də dəyişməmişəm,

sən də busan” deyərsən...

# 1515 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #