Keşişin sözüylə ən gözəl əsərini yandırdı - ARAŞDIRMA

Keşişin sözüylə ən gözəl əsərini yandırdı - ARAŞDIRMA
9 mart 2013
# 08:15

Mətanət VAHİD

Dahilərin həyatı və ölümü ilə bağlı faktlar uzun illər keçdikdən sonra belə, insanlar üçün böyük maraq kəsb edir. Onlar yaşadıqları zaman göz önündə olduqları, diqqət cəlb etdikləri kimi, ömür yolunu başa vurduqdan sonra da barələrində söz-söhbət gəzir, həyatları ilə bağlı gizli, sirli məqamlar araşdırılır, bəzən isə sadəcə olaraq uydurulur.

Vəfatından 160 ildən artıq vaxt keçməsinə baxmayaraq, diqqətləri özünə cəlb edən dahilərdən biri də Nikolay Vasilyeviç Qoqoldur. O, bəşəriyyətə onlarla dəyərli sənət əsəri bəxş etmiş sənətkar olaraq, dünya ədəbiyyat tarixində özünə əbədi yer qazanmışdır. Qeyd edək ki, rus ədəbiyyatı tarixində onun qədər sirli ikinci bir fiqur tapmaq çətin məsələdir.

N.V.Qoqolun şəxsiyyəti ilə bağlı müxtəlif söz-söhbətlər gəzmiş, hələ sağlığında bəziləri onun “ağıldankəm” olduğunu iddia etmişlər. Onu gah monax, gah təlxək, gah da mistik hesab edirdilər. Bu da təsadüfi deyildi, çünki onun yaradıcılığında gözəlliklə çirkinlik, fantastika ilə gerçəklik, komizmlə tragizm həddindən artıq çulğalaşmışdı. Maraqlıdır ki, sonradan əsərlərində təsvir etdiyi mistika, çin olan yuxular, müxtəlif sirli hadisələr hələ uşaqlıqdan Nikolayın diqqətini cəlb edirdi.

Onun ölümdən sonrakı həyatla bağlı elə şiddətli qorxuları vardı ki, bu hissi əsərlərdə sözə çevirərək özündən dəf etməyə çalışırdı. 24 yaşı olanda o bir dəfə anasına məktubda yazmışdı ki, xatırlayırsınızsa, uşaq ikən mən sizdən qiyamət günü haqqında soruşdum və siz də bu barədə o qədər ətraflı, detallı söhbət açdınız, savab qazananları gözləyən yaxşılıqları, günahkarların düçar olacaqları əzabları elə təsvir etdiniz ki, bu hisslər mənə çox böyük təsir etdi və müəyyən qənaətlərə gəlməyimə kömək etdi.

N. V. Qoqol uşaq ikən yaşadığı çox qorxunc bir hadisəni dəhşətlə xatırlayırdı: “5 yaşım vardı. Valideynlərim evdə yox idi, mən tək idim. Hava qaralırdı. Mən divanın küncünə qısılıb hər tərəfi bürüyən səssizlik içərisində qədimi divar saatının səsini dinləyirdim. İnanırsınız, mən hələ onda düşünürdüm ki, saat kəfkirinin tıqqıltısı əbədiyyətdə yox olan zamanın səsidir. Birdən zəif pişik miyoltusu eşitdim. Mən onun yaşıl gözlərindəki işıqdan qorxdum və bu qorxunu özümdən dəf etmək üçün yerimdən atılıb onu əlimə götürərək bağa qaçdım. Pişiyi oradakı gölməçəyə atdım və çıxmaq istəyəndə əlimdəki çomaqla onu itələdim. Qorxudan titrəsəm də, məni qorxutduğu üçün pişikdən qisas aldığıma sevinirdim. Lakin o, suda tamamilə boğulandan sonra mənim pişiyə yazığım gəldi və vicdan əzabı çəkdim. Mənə elə gəldi ki, suda adam batırmışam...”

Uşaqlığından beynində qalmış bu kimi mistik hadisələr yazarın əsərlərində epizodlara çevrilirdi. Deyilənə görə, gimnaziyada təhsil alarkən Kolya çox zarafatcıl və dəcəl uşaq olmuşdur. Bununla belə, o qədər özünə qapanır, heç kimsə ilə sirlərini bölüşmürmüş ki, hətta onu V. Skottun qəhrəmanlarından birinin adı ilə Sirli Karlo çağırırmışlar.

Maraqlıdır ki, yazıçı kimi birmənalı olaraq, dahi sənətkar hesab olunan Nikolay Vasilyeviç müasirləri tərəfindən xatırlanarkən barəsində çox az müsbət fikir səsləndirən tapılırdı. Belə ki, nəinki Qoqolu sevməyənlər, hətta istedadına pərəstiş edən, özünə illərlə dost olan çağdaşları belə, onu çox vaxt qapalı, eqoist, şöhrət naminə hər şeyi qurban verən, hiyləgər, yalanlara və aldatmağa meylli adam kimi xarakterizə edirdilər.

N. V. Qoqol yazdığı əsərlərlə öz dövründə böyük şöhrət qazanmışdı. “Ölü canlar”ı bəzi tənqidçilər hələ də rus xarakterinin ən dəqiq və ətraflı təsvir olunduğu əsər hesab edirlər. Əsərin II cildi birincidən zəif ola bilməzdi; odur ki, müəllif onun üzərində illərlə çalışmışdır. Lakin Qoqol 1847-ci ildə “Dostlarla yazışmalardan seçilmiş məqamlar” adlı kitab çap etdirir. Kitab “Vəsiyyətnamə” adlı fəsillə başlayır. Bu, Nikolay Vasilyeviçin real vəsiyyətnaməsi idi və müəllif burada onu sevənlərə və dostlarına etdiyi müxtəlif vəsiyyətlərdən sonra yazırdı: “Mən yazıçıyam – yazıçının borcu yalnız ağlı və zövqü əyləndirmək deyil; o əsər ki, ruhu qidalandırmır və nəyisə öyrətmir, onu yazmağın heç bir mənası yoxdur.”

Qoqolun bu kitabı istisnasız olaraq hər kəs tərəfindən tənqid olunmağa başladı, əsəri oxuyan da, oxumayan da onun haqqında danışdı. Belinski açıq məktubunda Qoqolu “nadan”, “ağıldankəm” adlandırır, ən ağlagəlməz sözlərlə təhqir edir və “Ayağınızın altına baxın: uçurumun kənarında dayandığınızı görmürsünüzmü?” – deyə ittiham edirdi. Bütün məsələ bunda idi ki, qayda-qanuna görə, vəsiyyətnamələr insan öldükdən sonra açıqlanmalı idi, Qoqol isə öz sağlığında vəsiyyətnaməsini kitabda dərc etdirmişdi.

O, uzun müddət gözlədi, səbr etməyə çalışdı, lakin artıq cəmiyyət tərəfindən üzərinə olunan hücumlara dözməyə gücü yox idi. Deyilənə görə, dahi yazıçı könüllü şəkildə ölümə doğru getməyə başladı – özünə aclıqla əziyyət verdi. Ölümün astanasında isə hamını şoka salan daha bir addım atdı: “Ölü canlar”ın II cildini yandırdı! Bu hərəkətlər ilə böyük sənətkar onu başa düşməyən cəmiyyətə bir növ, çağırış etdi, üzərində uzun illər çalışdığı əsəri yandıraraq, onu oxumaq səadətindən oxucuları məhrum etmək istədi – bu yolla onlardan qisas aldığını düşündü. Artıq cəmiyyətdə dahi sənətkarın ağıl xəstəsi olduğuna dair heç bir şübhə yeri qalmamışdı. Onlar müəllifin ağır zəhmət hesabına başa gəlmiş əsərinin yandırılmasına başqa heç nə ilə haqq verə bilmirdilər. Nikolay Vasilyeviç Qoqol atdığı son addımlarla da haqqında hələ bundan sonra da neçə yüzillər boyunca danışılacağına, müzakirə və mübahisə obyekti olcağına zəmin yaratdı. Uzun illərdir ki, həyatdan köçməsinə baxmayaraq, dahi yazıçının “Ölü canlar” əsərini əslində hansı səbəbdən yandırması, ümumiyyətlə, onun yandırılıb-yandırılmaması məsələsinin nə dərəcədə gerçək olması, hansı səbəbdən ailə qurmaması və s. suallar hələ də insanları düşündürməkdədir.

Qeyd edək ki, Qoqol özünün ilk kitabını da yandırmaq məcburiyyətində qalmışdır. Belə ki, gimnaziyadan sonra Peterburqa qayıdan Nikolay “Rusiya üçün, ümumi mənafe üçün” böyük işlər görmək əzmində idi. İlk dəfə alman romantik məktəbinin təsiri ilə yazdığı poeması isə onun bütün ümidlərini puç etdi. Qoqol kəskin tənqidlərə məruz qalan əsərinin bütün nüsxələrini mağazalardan alıb yandırdı. Lakin müəllifi ədəbi tənqidin ona ünvanlanmış hücumlarından xilas edən bu idi ki, o, həmin poemanı V. Alov imzası ilə yazmışdı və hətta ömrünün sonuna kimi belə, bu imzanın ona məxsus olduğunu heç vaxt heç yerdə etiraf etmədi.

N. V. Qoqolun ömrü boyunca evlənməməsi də maraq doğuran məsələlərdəndir. Müasirlərinin dediklərinə görə, o, uzun müddət saray xanımı Aleksandra Osipovna Smirnova-Rosseti sevmiş və onunla uzun illər boyunca (hətta o, əri ilə Peterburqdan getdikdən sonra da) yazışmışdır. Sonralar qrafinya Anna Mixaylovna Vilyeqorskaya ilə tanış olan Qoqol onunla da sıx ünsiyyət saxlamışdır. Qrafinyaya evlilik təklifi edən yazıçı onların ailəsindən rədd cavabı almış, səbəb isə aralarındakı ictimai mövqe fərqi olmuşdur.

Əsərlərinə qarşı tənqidi münasibətə verdiyi reaksiyalardan da, evlilik təklifinə aldığı rədd cavabına münasibətindən də belə görünür ki, Nikolay Vasilyeviç tez ruh düşkünlüyünə qapılan insan olmuş, həvəsdən düşmüş və mübarizə aparmaq yolunu tutmamışdır. Məsələn, müəllifin “Müfəttiş” pyesi 1836-cı ildə səhnələşdirildi və imperator tərəfindən müsbət qarşılandı. Hətta o dərəcədə ki, imperator Qoqolun kitabının bir nüsxəsinin qarşılığında ona brilyant üzük bağışladı. Lakin bu əsər ədəbi tənqid tərəfindən çox da yaxşı qarşılanmadığından yazıçı uzunmüddətli depressiyaya düşdü və bu əhvalını dağıtmaq üçün bir müddət ölkəni tərk etmək qərarına gəldi. Elə evliliklə bağlı da Qoqol mübarizə aparmaq deyil, geri çəkilmək yolunu tutmuşdur. Belə ki, 1848-ci ildə V. A. Jukovskiyə məktubunda o yazırdı ki, özünü dünya həyatına heç nə ilə bağlamamalıdır, o cümlədən, ailə bağları ilə də.

Qeyd edək ki, N. V. Qoqolun həyatının son günləri, son addımları, ölüm faktı, qəbrinin açılması ilə bağlı məsələlər haqqında fikirlər çox haçalanır. Məsələn, əgər tədqiqatçıların bir qismi yazıçının qəsdən ac qalaraq, bu vasitə ilə intihar etdiyi fikrini irəli sürürlərsə, bir başqa qismi bunu sadəcə fiziki cəhətdən xəstə olan yazıçının zəif orqanizminin uzunmüddətli dini ritual olaraq acqalmaya verdiyi reaksiyası hesab edir.

1839-cu ildə İtaliyada səfərdə olan Qoqol orada malyariya xəstəliyinə tutulur. Möcüzə ilə ölümdən xilas olsa da, bu ağır xəstəlik onun orqanizmində ruhi və fiziki dağıntılara səbəb olur. Deyilənlərə görə, bu xəstəlik yazıçının beynini zədələyir və o, tez-tez ürəkgetmə halından əziyyət çəkir. Yazıçının ən çox əziyyət çəkdiyi isə qarabasmalar idi.

Ömrünün sonlarında hədsiz mövhumatçı olan keşiş Matvey Konstantinoviçlə sıx ünsiyyətdə olmaq, ölümdən sonrakı həyat, savab, günah, əzablarla bağlı həddindən artıq söhbətlər dinləmək xəstəlikdən zəifləmiş orqanizmə malik və uşaqlıqdan axirət xofu yaşayan Qoqola mənfi təsir göstərmişdir. Zəifliyinə baxmayaraq, o, keşişin təhriki ilə ömrünün sonuna qədər ibadət üçün ac qalmaqda davam edirdi.

Mövhumatçı keşiş yazıçını inandırmağa çalışırdı ki, onun məşğul olduğu işdə (yazıçılıq fəaliyyətində) Tanrı rizasını qazana biləcəyi heç nə yoxdur. Yazıçının elə bu əhval və səhhətin təsiri ilə də üzərində uzun illər çalışdığı “Ölü canlar” əsətinin II cildini yandırdığı deyilir. Lakin məsələ bundadır ki, bu əsərin əlyazması bir müddət sonra onun kitabları arasında tapılmışdır. Tədqiqatçılar hələ də müəyyənləşdirə bilmirlər ki, həmin gecə yazarın yandırdığı nə idi? (Ola bilər ki, əlyazma iki nüsxədə olmuşdur) Həmin gecədən sonra yazarın qorxuları daha da artmışdır.

Tafefobiyadan (diri basdırılmaq qorxusu) əziyyət çəkən Qoqolun bu barədə qorxuları o qədər güclü idi ki, yaxınlarına yalnız bədənində həyat əlamətləri tamamən yox olduqdan sonra basdırılması haqqında dönə-dönə yazılı tapşırıqlar verirdi. Hətta onun “Vəsiyyətnamə”si də belə bir cümlə ilə başlayırdı ki, ağlım və düşüncəm üstümdə olduğu halda sizə son vəsiyyətimi bildirirəm: vəsiyyət edirəm ki, bədənim çürüməyə başlamayana kimi məni dəfn etməyəsiniz. Bunu ona görə xatırladıram ki, xəstəliyim dövründə dəqiqələrcə nəbzimin vurmadığı, ürəyimin tamamilə fəaliyyətdən dayandığı vaxtlar az olmayıb.

Belə görünür ki, dahi sənətkar fiziki problemləri ilə bağlı çox dərin depressiya yaşayırmış. Həkimlər isə onun pozulmuş əsəblərini müalicə etmək əvəzinə, ağlını itirdiyini hesab edir və yanlış müalicə onun orqanizmini daha da zəiflədirdi. Yazıçının “Vəsiyyətnamə”sindəki bu cümlələr isə o dəfn olunduqdan sonra haqqında saysız-hesabsız əfsanələr dolaşmasına səbəb oldu. Qoqol 1852-ci il fevralın 21-də vəfat etdi və xristian adətincə 3 gün sonra Müqəddəs Danilov monastrının qəbiristanlığında dəfn edildi.

1931-ci ildə monastrın ərazisində yeniyetmələr üçün təcridxana tikmək qərarına gəlindiyi zaman qəbiristanlığın köçürülməsi haqqında sərəncam verildi. Başqa qəbirlərlə yanaşı, Qoqolun da qəbri buradan köçürüldü. Yazıçının qəbri açıldığı zaman guya yazarın arxası üstə deyil, bir tərəfi üstə uzanması, qəbrinin qapağının cızıqlar içərisində olması və s. kimi uydurmalar sürətlə yayılmağa başladı və sənətkarın öz vəsiyyətnaməsinin mətnindən çıxış edən insanlar onun guya diri-diri basdırılması, sonradan tabutda kliniki ölümdən ayılıb buradan çıxmağa çalışması və qorxudan ürək dayanması nəticəsində öldüyü barədə söz-söhbətlər yaydılar. Amma bu söhbətlərin heç biri faktla təsdiqlənməsə də, deyilənlərə görə, qəbir açıldığı zaman yazarın kəllə sümüyünün orada olmadığı həqiqətdir.

Qoqolun qəbri köçürülmək üçün açıldığı zaman oraya prosesi izləmək üçün bir neçə ziyalını dəvət edirlər. Orada iştirak edən Ədəbiyyat İnstitutunun professoru yazıçı V. Q. Lidin yazır ki, Qoqolun qəbrinin açılması prosesi az qala bir gün çəkdi. Belə ki, tabut adətən olduğundan daha dərində basdırılmışdı. Hava qaralanda, nəhayət, qəbir açıldı və gördük ki, tabutun içərisində Qoqolun başı yoxdur. Hətta Lidin qeyd edir ki, Qoqoldan “yadigar olaraq” onun əynindəki jiletdən bir parça kəsib götürür. Bundan da daha dəhşətlisi odur ki, həmin mərasimdə iştirak edən başqa bir yazar – Vsevolod İvanov Qoqolun bir qabırğasını, qəbristanlığın direktoru Arakçeyev isə onun ayaqqabılarını “yadigar” saxlamaq üçün götürür.

Bəs yazarın cəsədinin kəllə sümüyü hara yox olmuşdu? Bu sualla bağlı Lidin belə fikir irəli sürür: 1894-cü ildə Moskva teatr muzeyini yaradan, maddi cəhətdən böyük imkanlara sahib olan kolleksioner A. A. Baxruşin öz kolleksiyasına ən ağlasığmaz eksponatları toplayırmış. Deyilənə görə, Moskva teatr muzeyində eksponatlar içərisində kimə aid olduğu naməlum olan 3 kəllə sümüyü var – onlardan birinin teatrın aktyoru Şepkinə, digərinin Qoqola aid olduğu söylənilir (üçüncünün sahibi haqqında isə məlumat yoxdur). Lakin maraqlıdır ki, qəbir açıldıqdan və yazarın başı tapılmadıqdan sonra bununla bağlı araşdırma aparılsa da, sovet hökuməti bütün məlumatları gizli saxlamağa çalışmış və əldə olunan nəticələrlə bağlı heç bir məlumat verilməmişdir. Sonralar ictimaiyyətə ötürülən məlumatlarda isə qəbir açıldığı zaman sadəcə yazıçının başının bir tərəfə çevrildiyini, amma cəsədin bütün hissələrinin yerində olduğunu demişlər və tədqiqatçılar yazıçının cəsədinin başsız olduğu barədəki fikirləri cəfəngiyat adlandıraraq tamamilə inkar etmişlər. Hətta bəzi tədqiqatçılar qeyd edirlər ki, bu, yazıçı V. Q. Lidinin Qoqolun adından istifadə edərək şöhrət qazanmaq istəyindən irəli gələn bir addım olmuşdur.

Bununla belə, 42 yaşlı yazıçının ölüm səbəbi ilə bağlı müxtəlif versiyalar hələ də müzakirə edilməkdədir. Belə ki, tədqiqatçıların bir qismi Qoqolun keşiş Matveyin moizələrini dinləyərək ölümün qaçılmaz olduğuna inandığı üçün müalicə olunmaq istəmədiyini və olduqca az qida qəbul edərək özünün ölümünü yaxınlaşdırdığını deyərək, bir növ, bunu tədricən intihar hesab edirlər.

Bir başqaları xəstə yazıçının müalicəni düzgün istiqamətdə aparmayan həkimlər tərəfindən bilməyərəkdən tədricən dərmanlar vasitəsilə zəhərləndiyini deyirlər. Lakin həqiqət budur ki, ölüm qorxusu böyük olmasına baxmayaraq, yazıçı müalicə almaq istəmirmiş və tez-tez “Məni rahat buraxın. Mənim sonum artıq yetib”, - kimi sözlər deyirmiş. Təəssüf ki, dahi sənətkarın həyatı və ölümü ilə bağlı xeyli məqamlar hələ də sirr olaraq qalmaqdadır. Bacısı vəfat edərkən anasına ünvanladığı məktubda Qoqol belə bir fikir yazırdı: “O insan xoşbəxt olur ki, Tanrı ona hansısa dəhşətli bədbəxtlik göndərir və bu bədbəxtlik onu ayılmağa və özünə nəzər salmağa məcbur edir.”

Kim bilir, bəlkə də, payına düşmüş bədbəxtliklər onu Tanrı axtarışına sövq etmişdi və keşiş Matveyin uzun-uzadı moizələrindən sonra Nikolay Vasilyeviç bu axtarışın nəticəsini məhz bu dünyanı tərk edərək Ona qovuşmaqda görürdü...

# 3455 dəfə oxunub

Müəllifin son yazıları

# # #