Kulis.az “Mirzə Cəlil polemikası”na qoşulan Mehman Qaraxanoğlunun “Mirzə Cəlil kimlərə “danabaş” deyirdi?!” yazısını təqdim edir.
Hələ də Mirzə Cəlilin öz canından, ailəsindən, balalarından artıq sevdiyi doğmaca xalqını guya aşağılaması barədə əcaib fikirlər dolaşır. Bəs əsl həqiqət harada “gizlənib?”
Mirzə Cəlildə söz alleqoriya halından (“Çay dəstgahı”) – “deformasiyaya uğramış” və ya şiddətli realizm halına (“Danabaş kəndinin əhvalatları”) keçir. Yüksək temperaturda metal öz şəklini necə dəyişirsə, Mirzə Cəlil realizmi də gerçəkliyə şiddətli münasibətdən öz ilkin şəklini o cür dəyişir, deformasiyaya uğrayırdı. Hətta məkan adları da. Bu əlamətlərə görə onu məşhur ispan rəssamı Pablo Pikasso (1881-1971) ilə (bizdə Cavad Mircavadovala) müqayisə edə bilərik. Bir sıra cərəyanların, başlıcası, kubizmin banisi sayılan dahi Pikassonun hər bir əsəri son dərəcə realistik idi. Amma heç bir obraz həyatda olduğu kimi deyildi. Sərt realizm bu rəsmlərə hakim kəsilmişdi. Məşhur “Gernika” rəsmini xatırlayaq. Sakit, dinc Gernika şəhərinin faşistlər tərəfindən bombalanmasını təsvir edən rəsmdə deformasiyaya uğramış obrazlar xaotik hərəkətdə verilir. Bu, müharibə modeli idi. Bəs niyə zaman baxımından çox da bir-birindən aralı olmayan Pablo Pikasso realizmi ilə Mirzə Cəlil realizmi arasında keçilməz sədlər çəkirik?! Bu, hələ azmış kimi ona “satirik-tənqidi” yarlığını da yapışdırır və bununla da Mirzə Cəlil realizmini realistik və əsrarəngiz dünya incəsənəti kontekstindən ayırır, hüdudlarını imkanımız çatıncaya qədər daraldırıq...
Özümüz özümüzə “primitiv” bir sual verək: “Danabaş kəndinin əhvalatları”nda kimlər tənqid olunur? “Kərbəla ziyarətini qəsd edən” Məhəmmədhəsən əmi? – yox, iki kəllə qəndi rüşvət kimi qəbul edib ədalət divanını “yerlə-yeksan” edən qazı? – yox, Əvvəl: “Xudayar bəy, peyğəmbər haqqı məndə yoxdu. Olseydi hansı qurumsaq müzayiqə edərdi”, - deyib borc verməkdən imtina edən, sonra cəmi yeddi manat müqabilində eşşəyi “zaloq” götürən Kərbəlayi Cəfər əmi? – yox, “Hara qoyuram eşşəyimi getsin? Vallah, qoymayacağam: u.......u......u....” Eşşəyin quyruğundan tutub şivən qoparan Məhəmmədhəsən əminin oğlu Əhməd? – yox, ərinin ölümündən sonra on yeddi yaşlı oğlu Vəliqulunu, yeddi yaşlı Fizzə və dörd yaşlı Zibanı öz qanadı altına alıb Xudayar bəyin elçisinə: “ – Xudayar bəy anqırsın tayını tapsın; Zeynəb onun tayı deyil, onu qapısında heç nökər də saxlamaz” deyib, ərinə sədaqətini - zeynəbliyini ləyaqətlə qoruyan və bunun ucbatından başı bəlalar çəkən Zeynəb? – yox, Xudayar bəyin qızına aşiq olub anasının üzünə ağ olan və hətta anasına əl qaldıran gözü kor Vəliqulu? – yox, “Xudayar bəy Zeynəbi alandan sonra Zeynəb olacaq xanım, Şərəf olacaq ona qarabaş”- deyib ölümdən betər hallar yaşayan Şərəf? – yox, “A kişi, bu səfik oğlu səfik haradan şeytan kimi çıxıb gəlib eşşəyi apardı, bizi mərəkəyə saldı?!” – deyib əri Məhəmmədhəsən əmini məzəmmət edən İzzət? – yenə yox! Bəs kimlər?!
“Əhvalatlar”ın əvvəlində verilmiş “Bir yüngülvari müqəddimə” dahi yazıçının sənət manifestidir. Gələcək ictimai-siyasi fəaliyyətinin irəlicədən cızılmış bütün konturları, yazıçının sənət, ədəbiyyat, həyat haqqında fikirləri, “Necə yazmaq olar?” sorumunun bütün aspektlərdən cavabları burada yer alıb. Sokratdan gətirilmiş sitat-epiqraf 25 yaşlı yazıçının avtoportretinin əsas ştrixlərini əyaniləşdirir: “Qəlbimdən gələn səs mənə çox zadlar öyrədir. Haman səs pak və təmiz insafımın səsidir ki, hamıda o insaf var. Hər kəs guş-huş ilə onun buyurduğuna qulaq asıb, əmrinə əməl etsə, çox sirlərdən agah olub, çox şeylər bilər”. Gənc ədib öz yaradıcılıq konsepsiyasını ortaya qoyur: Yaradıcı şəxs yalnız qəlbindən gələn pak və təmiz səsə huşyarlıqla qulaq asıb həyatın və sənətin sirlərinə vaqif ola bilər. “Qüsurlu” müqayisələrdən qaçıb ancaq bunu deyə bilərik: Dahi Tolstoy da belə düşünürdü...
Qəzetçi Xəlil gənc yazıçının prototipidir. Bəs Lağlağı Sadıq? Bu da onun özüdür – Mirzə Cəlilin güzgüdəki əksidir. Daima güzgüdəki əksi ilə “əks” qütbdə duran yazıçı “əfkari-ümumi”də bir çaşqınlıq yarada bilmişdir. Obrazlı desək, bütün həyatını duallıqda keçirən sənətkarın mətnlərini də az qala deşifrə edib güzgü üsulu ilə oxumaq lazımdır.
Lağlağılıq və qəzetçilik! Əbədi müxalifətdə olan iki keyfiyyət! Mirzə Cəlil dahiyanə bir uzaqgörənliklə ədəbiyyatın Lağlağı Sadıqla Qəzetçi Xəlil arasında olduğunu intiutiv hiss eləyirdi. Sonralar Kamal Abdullanın irəli sürdüyü tezis də bu formula uyğundur: “Düma ilə Coys arasında”. “Bir yüngülvari müqəddimə”də oxuyuruq: “Mənim yoldaşım Sadığın adını qoyublar lağlağı. And olsun bizi yaradana, bu ləqəb o kişiyə heç yaraşmır”. Mirzə Cəlilin zahirindən – güzgüdəki əksi olan Lağlağı Sadıqdan Molla Nəsrəddinə çox qısa bir yol vardır. Siz necə düşünürsünüz, Molla Nəsrəddin adı Mirzə Cəlilə yaraşırdımı?!
Kənddə iki min eşşək ola-ola məhz Məhəmmədhəsən əminin eşşəyinin Xudayar bəy tərəfindən aparılması dəhşətdir. Bu, nəsə pis bir əlamətdən xəbər versə də, çox mükəmməl bir nəsr oyunudur. Qoy olsun! Oxucunu mətnin içərisinə salmağın başqa yolu varmı? Bu, mətnin lağlağı qatıdır. Sözügedən qatdan qəzetçi Xəlil qatına keçid baş tutur. Mətn bütövləşir.
Əsər qrotesk ruhdadır. Burada müxtəliflik və fərqliliklər - məzhəkəçiliklə faciəvilik bir araya gəlir. Bu, Mirzə Cəlil üslubunun başlıca xarakterik əlamətidir, məhz “Əhvalat”lardan digər mətnlərinə adlayıb keçir...
Qəzetçilik (Qəzetçi Xəlil) - içərisi ağrı ilə doldurulmuş ciddiyyətin və ya Mirzə Cəlilin iç dünyasının simvolik şəklidir. Öz dünyasını oduğu kimi ortaya qoymaq bütün zamanlarda qorxuludur. O da ola Mirzə Cəlil zamanında. “Mirzə Fətəlinin faciəsini tamamilə anlamaq istəyənlər ”Kimyagər” komediyasında onun Molla Nuru şairin dili ilə söylədiyi fikirlərə diqqət yetirməlidirlər: “Hər kəsin öz peşəsi onun üçün bir iksirdir”. (Əbdürrəhim bəy Haqverdiyev. “Seçilmiş əsərləri” II cild. Bakı-2005, səh: 335) Hacı Nurunun yozumunda iksirin iksir olduğunu onun təsirini qəbul edən filizlərdən bilmək olar. Yəni, zövq, kamal və mərifət lazımdır ki, yazdığım əşarın qədri bilinsin. ”Zəmani ki, mənim bəxtimdən həmşəhərlilərim də ki, sizsiniz, nə kamal var, nə ağıl var, nə beyin var”. Ağır faciədir...
Belə olan halda Mirzə Cəlil nə etməli idi? Ağrılarını “azaltmaq”, qəzəbini “soyutmaq” üçün qlava Kərbəlayı İsmayılları, Xudayarları, qazıları, qlavanın yasavulu Qasıməliləri, onların ətrafında quyruq bulayan Kərbəlayı Qafarları, Kərbəlayı Səbzəliləri “danabaş” adlandırmasın, bəs nə etsin?! Çiçəklənib yaşıllaşan (Səbzəlilər), murdar qohumluq əlaqələri ilə törəyib çoxalan bu tiplər, (Gözün aydın, o dünyada rahat uyu, binəva Şərəf! Ərin yasavulun bacısını da aldı!) çar Rusiyasının çirkin siyasətindən bir damcı da baş çıxarmayan bu sədaqətli qulbeçələr danabaş deyildilər, bəs nə idilər? Vəli xanlar, Qurbanəli bəylər, Novruzəlilər də həmin siyasətin qurbanlarıdırlar. Böyük mütəfəkkir bunları huşyarlıqla görürdü. Özünüz deyin, onun bədbəxt Zeynəblərlə, xırda, köməksiz balalarla – Fizzə, Ziba, Əhmədlə və Xudayar bəyin öz balaları ilə, Məhəmmədhəsən əminin arvadı İzzətlə, Xudayar bəyin övrəti Şərəfllə nə işi vardı? Fizzə, Əhməd, İzzət, Şərəf “bir eşşərin itməkliyi” ilə özləri də ölüb gedirlər. Zeynəb, Ziba, Vəliqulu və Məhəmmədhəsən əminin bundan sonra yaşamağının bir əhəmiyyəti varmı?!
Povest (Monumentallığına görə roman da deyə bilərik) bir matəm hekayəsidir. Müəllif, Lağlağı Sadıqla mətnin üzünə niqab çəkmişdir. Yalnız əsərin bir yerində geri çəkilib qəzetçi Xəlili önə buraxır: “O məhəllədə binəva Zeynəbin və uşaqların matəmi, bu məhəllədə yazıq Şərəfin və balalarının matəmi. Xudayar bəy üz qoydu Məhəmmədhəsən əminin eşşəyini alıb getsin şəhərə. O məhəllədə də fəqir Məhəmmədhəsən əminin və bütün külfətinin matəmi”. “Əhvalatlar” Azərbaycan xalqının matəm hekayəsidir. Realist nəsr tariximizin matəmlə başlandığını heç bir zaman unutmamalıyıq. Unudanları yeni matəmlər gözləyir...
“Danabaş kəndinin əhvalatları”nda tipik bir Şərq kəndi təsvir olunur. Amma ictimai-siyasi iyerarxiyası, epoxal masştab və problematikasına görə dünya çapında olan bir əsərdir. Povestin ədəbi koordinatları haqda düşünərkən ilk növbədə ağıla ingilis yazıçısı Corc Oruellinin “Heyvanıstan” povesti gəlir. 1943-45-ci illərdə nəşr olunan əsərin nəşrinə az sonra qadağalar qoyulur. (Əgər “Əhvalatlar”ın yazılma tarixi də Şura hökuməti dövrünə düşsəydi, onu da eyni aqibət gözləyəcəkdi) Siyasi alleqoriyanın ən mükəmməl bir nümunəsi olan əsərdə insan xarakterləri heyvanların üzərinə köçürülür. Hər bir heyvan bir siyasi liderin obrazını təcəssüm etdirir. Qəribə burasındadır ki, əsərin 2011-ci ildə Vilayət Quliyev tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş ilk nəşrinin üz qabığındakı şəkil “Molla Nəsrəddin” jurnalının otuzuncu sayından götürülmüşdür. Budaqda oturmuş bir quşun dimdiyindəki yemə onlarla quşun acgözlüklə ağzını açıb dartışmaları təsvir olunur. Qəribə təsadüfdü, hə?
Biz isə buna təsadüf kimi baxmaq istəmirik. “Heyvanıstan”da daha çox Sovet İttifaqı siyasi liderlərinin obrazları təsvir edilmişdir. Birmənalı olaraq biz də Sovetlər İttifaqının çar Rusiyasının qanuni varisi olduğunu qəbul edirik. Onda sual olunur, siyasi liderlərin toplaşdığı bir fermanı təsvir edərək Corc Oruell öz əsərinə “Heyvanıstan” adını verə bilər, amma bu işi ondan nə az, nə də çox, düz əlli il əvvəl görən Mirzə Cəlil, müstəmləkəçilik siyasəti altında ola-ola özlərini “ağa”, “başçı” “başbilən”, nə bilim “siyasi fiqur” (qazı, bəy, qlava, yasavul) statusunda görən bizimkilərə “danabaş” deyə bilməz? Axı, nə dəyişilir? Yeni əsrin əvvəlində həmin danabaşlar canlı meyidə, ölülərə (“Ölülər”) çevrilirlər. Mirzə Cəlil dahiyanə bir uzaqgörənliklə avtoritar rejimin formalaşma mexanizmini təsvir edirdi.
Dahi Mirzə Cəlil Kərbəlayi İsmayılların qlavalara, Xudayarların katdalara, Qasıməlilərin yasavullara çevrilməsinin “sadə” mexanizmni açıb qoyur ortaya. Bu, Şərqdə çox “ləyaqətli” bir prosedurdur – pulun, var-dövlətin, gücün, iqtidarın olmasa da olar. Amma bir az “diplomat” olmalısan - əgər bir gecənin içərisində katda olmaq kimi vəhşi bir arzun doğulsa, qadın faktorundan istifadə et – ən azından “ayaqlar altında olan cənnətini (torpağını!) - ananı sat! (“Siğə” müfəqqəti satış kimi bir şeydir! Qasıməli də öz bacısını Xudayara verməklə lap gül vurduğunu düşünür!) Sonralar danabaşlar (Mirzə Cəlil) yığılaraq öz fermalarını – heyvanıstanı (Corc Oruell) əmələ gətirirlər. Əsər prosesin əvvəlini, danabaşlığa – avtoritar və totalitar rejimə keçidi simvollaşdırır. Mirzə Cəlil danabaşlığı əmələ gətirən ictimai-siyasi formasiyanın mahiyyətini açır, sirrini faş edir. Ədib “gözəgörünməyən” təkləri (danabaşları), Corc Oruell isə “görünən” çoxluğu (donuzları) təsvir edir...
Mirzə Cəlilin bütün yaradıcılığı “danabaşlığ”ın mahiyyətinin açılmağına yönəlib. Geosiyasi baxımdan “danabaşlığ”ın “çiçəklənməsi” üçün ən münbit zəminin bizdə olmasını 25 yaşlı gənc yazıçı zamanında dərk etdi və bizə obrazlı mesajlar yolladı: Amanın günüdü, Xudayar “bəy”lər kimi “yüksəlmək üçün alçalmayın!” (H.Cavid), özünüzü tanıyın, yad siyasətin qurbanına çevrilməyin! Hər birinizin alnına “üç qardaş” yazılıb: Rüstəm bəy, Səməd Vahid və Mirzə Məhəmmədəli. Hərə öz gözəl Vətənini bir tərəfə çəkir. Krılovun məşhur təmsilində olduğu kimi. Amma və lakin... bütün zamanlarda Ananız Zəhra bəyimin – Azərbaycanın kitabını başınızın üstünə qaldırıb Gülbahar kimi hayqırın: “Yer, göy, aylar vә ulduzlar göylәrdә seyr edib gәzә-gәzә genә әvvәl-axır günün başına dolanırlar; çünki bunlar hamısı qәdim әzәldә gündәn qopub ayrılmış parçalardır. Mәn etiqad edirәm ki, mәnim dә balalarım dünyada hәr yanı gәzib dolansalar, genә әvvәl-axır anaları Zәhranın (әlini anasına tәrәf tutur) әtrafında gәrәk dolanalar; çünki ay vә ulduz şәmsin parçaları olan kimi, bunlar da analarının ayı vә ulduzlarıdır. Vay o kәsin halına ki, tәbiәtin hәmin qanununu pozmaq istәyә! Onun insafı vә vicdanı ona müdamül-hәyat әziyyәt edәcәk, nә qәdәr canında nәfәs var, peşiman olacaq”.
Deyəsən, peşman ola-ola gedirik...