Bugünkü yazarların xəyanəti - Tənqidçi yazır...

Bugünkü yazarların xəyanəti - Tənqidçi yazır...
4 aprel 2020
# 12:22

Kulis.as tənqidçi Mehman Qaraxanoğlunun “Pandemiya günlərində ədəbi sezintilər” seriyasından “ Qasım əminin yaddaşı” essesini təqdim edir.

Homerin “İliada” poemasının motivləri əsasında alman rejissoru Volfanq Petersenin çəkdiyi məşhur “Troya” (2004) filmində Axilles deyir: “Bütün öldürdüklərim məni görüb deyirlər: Səni gözləyirik, qardaş”.

Axilles, həqiqətən, böyük savaşçıdır. Onun üçün adam öldürmək su içmək kimi bir şeydir. Amma biz də Axillesdən geri qalan deyilik. Öldürdüklərimiz çoxdu, lap çoxdu... Fərq orasındadır ki, Axillesin bir zərbə ilə o dünyaya göndərdiyi adamlar üzücü gözləntilər altında da heç olmasa ona “qardaş” deyə xitab edə bilirlər, bizim öldürdüklərimiz isə bizi görüb üzlərini yana tuturlar...

***

Kimin ağlına gələrdi ki, cəmi bir-iki il bundan əvvəl istifadəyə verilən və evimizin beş addımlığından keçən böyük İpək yolu günlərin bir günü insansızlıqdan bu qədər fağır, tənha və miskin görünəcək...

Dünən öz yaşıl odasını tərk edən bir ilbizin arxasınca selikli iz buraxaraq, asfaltın ortasınacan sürünüb gəldiyinin şahidi oldum. O, bəlkə də öz uzun yolçuluğunu gecədən başlamışdı. Yenə də öz hərəkətində idi. Qarmon kimi açılıb yığılan bədəni təklik haqda öz musiqisini bəstələyirdi. Yolun ortasına düşəm əyri-üyrü xətlərsə notlar idi...

***

Tənha yolda tək-tək ötüb keçən maşınların uğultusu çox dəhşətlidir. Adamı qəribə bir vahimə basır. Əvvəllər isə başqa cür düşünürdük; guya maşınların çox olduğu yerlərdə adamın qulağı batır. Yalandı, ağ yalandı!!!

***

Troyanın gələcək şahzadəsi Hektor kiçik qardaşı Parisə deyir: “Ölümdə heç bir qəhrəmanlıq, heç bir poeziya yoxdur”. Amma Homerdən üzübəri dünya tarixinə baxdıqda, xalqların daha çox qatilləri özlərinə qəhrəman seçdiklərinin şahidi oluruq...

***

Yaddaşın hansı xətt və “format” üzrə “dialektik” inkişafını müşahidə etmək üçün sizə iki mətn təqdim edirik:

  1. “İnsanlar deyəcək: “Mən atları ram edən Hektorun dövründə yaşamışam. Mən Axillesin dövründə yaşamışam”. (“Troya” filmi)

  1. “Bax bu uşaq Qarğa Mələyin nəvəsidir, gün tutulan ili anadan olub. Bu uşaq ilan qırxan Səfdərin oğludur; çəyirtkə taxılları tərk eləyən ili doğulub. Bu uşaq pişiksatan Haşımın nəvəsidir. Novruz bayramı ilə aşura bir günə düşən ili anadan olub. Bu uşaq balıqudan Cəfərin nəvəsidir. Eşşəkçi Aslan tut ağacından uçub ölən ili anadan olub. - Qasım əmi! Sən özün hansı ildə anadan olmuşsan? - Xaşal Qurbanı sel aparan ili”. (Ə.Haqverdiyev “Mütrüb dəftəri” hekayəsi)

Biz hər iki mətni müqayisə edib, onları qeyd-şərtsiz, tarixi xronoloji ardıcıllığı nəzərə almadan sosial-genetik yaddaşın qeyri-müəyyənlikdən (1-cidən) müəyyənliyə doğru (2-ciyə) təkamülü kimi səciyyələndirə bilərik. Birinci mətn insanları bəzən “ekstaz” halına salan idbar müharibə pafosunu simvolizə edir. Bu an – bu sətirləri yazdığım zaman yaddaş o pafosla birgə tarixin ən ucqar küncünə gömülüb. Kimlərin o sözləri söylədiyini də tarix çoxdan unudub. Amma ikincidə yaddaş tarix, təbiət və kosmosun bir parçası kimi çıxış etdiyindən o, heç bir zaman öz bütövlüyünü, mükəmməlliyini və unikallığını itirməyəcək...

Başqa cür desək, dünya varoluşuna görə Hektorun və Axillesin deyil, Qasım əmilərin yaddaşına minnətdar olmalıdır.

İndi özünüz seçin; bir tərəfdə müharibələr, hektorlar, axilleslər, odisseylər, məhrumiyyət və aclıqlar, təpəgözlər, bic mikrob və viruslar doğan murdar sivilizasiyaların yaddaşı, digər tərəfədə ruh və dilində gün, uşaq, ilan qırxan, Novruz, pişiksatan, eşşəkçi, aşura, tut ağacı, balıqudan, çəyirtkə və sairələrin bərq vurduğu Qasım əmilərin yaddaşı...

***

“- Necə oldu ki, sağ qaldınız?

- Özümü sükuta alışdırdım”. (“Kəpənək” filmi)

Bugünkü yazarların çoxu sükuta alışa bilmədiklərindən məhvə məhkumdurlar. Söhbət onların mətnlərindən gedir. Hələ mürəkkəbi qurumamış və ya klaviaturada təpələrinə döydükləri hərflərin qışqırtıları qulaqlarından getməmiş, tezbazar mətnlərini kütlənin içərisinə “itələmələri” dəb halını alıb. Bu hal həm də mətnə xəyanət kimi qiymətləndirilməlidir...

Dünya şöhrətli sənətkarların öz əsərləri üzərində necə inad və səbrlə işləmələri haqqında onlarla nümunə göstərmək olar. Təkcə Tolstoyun rus ruhunun ən möhtəşəm təcəssümü hesab olunan “Hərb və sülh” romanının üzünü yeddi dəfə köçürməsi faktı, zənnimizcə, yetər...

***

Narın yağış altında “aerodorom” papağımın dimdiyindən asılmış tək damcını müşahidə edirəm. Lap kiçik hava şarına oxşayır. Nədənsə, qopub düşmür. Yox, bu, yaşamaq uğrunda mübarizə-filan deyildir. Gözə görünməyən onlarla kiçik su zərrəciklərini canına hopduran damcı büsbütün yumrulanmamış, dolmamış, necə deyərlər, öz yükünü tam tutmamış düşənə oxşamır...

Biz bu metaforu fərqli-fərqli yaşam modelləri və həyat hekayətləri üzərinə transfer edə bilərik. Ən yaxşısı budu ki, qoy bunu oxucunun özü etsin...

# 3238 dəfə oxunub

Müəllifin son yazıları

# # #