Danabaşlaşmanın doğurduğu fəsadlar - Mehman Qaraxanoğlu yazır...

Danabaşlaşmanın doğurduğu fəsadlar - <span style="color:red;">Mehman Qaraxanoğlu yazır...
28 mart 2019
# 13:55

Bəri başdan deyirəm, Həmid Herisçidə elementar polemika mədəniyyətinin yoxluğuna tam əmin olmaq üçün Kulisdə təşkil olunmuş “Dəyirmi masa”ya diqqətlə baxmağınız vacibdir. Bu adam heç kəsə ağzını açmağa imkan vermir. Ağlında nə tutub odur. Ağlında tutduqları da bugünün, dünənin, srağagünün tör-töküntüləri deyil, çox uzaq keçmişin kiflənmiş zir-zibilləridir.

Üzeyir bəyi, Hüseyn Cavidi Mirzə Cəlilə qarşı qoymaqda məqsədiniz nədir, Həmid bəy? Dahilər arasında “qarşıdurma” yaratmaqlamı milli-mənəvi dəyərlərimizin keşiyində durursunuz?! Moderator Şərif bəy sizə xatırladanda ki, dahi bəstəkarımızın “O olmasın, bu olsun”u da vardır. Siz isə “icazə verin qoy danışım” – deyə “cığallıq” (ən yumşaq söz budur!) edirsiniz. Çünki şüuraltınızda sizə bəllidir ki, Üzeyir bəyin özü də “Molla Nəsrəddin” məktəbindən çıxmışdır. Buyur, özün-özünə “heyran ol”: “Ötən əsrin ilk rübündə “Leyli və Məcnun” səsləndi, milli-mənəvi dəyərlərə tam sadiqdir, orada heç bir satira yoxdur, tənqidi realizm yoxdur, nihilizm yoxdur”. Buna “yalanı qızıl sinidə” təqdim etmək deyərlər. Doğru buyurursunuz: “Üzeyir bəy milli-mənəvi dəyərlərə pəl vurmayıb”. Bəs toplum necə, bu dəyərlərin qorunub saxlanmasına, onun gələcəyə ötürülməsinə hazır idimi? Əgər belə idisə, Leyli rolunda niyə kişi oynayırdı? “Leyli və Məcnun” operasında da tənqid vardır. Obrazlı desək, “musiqili” tənqid! Azad məhəbbətə mane olan mühitin “musiqili” tənqidi! Nə əcəb “iti” baxışlarınız bunu “görməyib?”

Moderatorun ilk: “Niyə bəzi insanlarda belə bir təəssürat yaranır ki, bizim klassik qələm adamlarını, necə deyərlər, artıq klassikaya çevrilmiş qələm adamlarını - düşüncəmizdə oturuşmuş adamları müzakirə etmək, tənqid etmək olmaz? Niyə belə bir etalon, belə bir kult əmələ gəlib?” – sualına sizin cavabınız lap əndərəbadidir. Siz sualın konkret cavabından “ustalıqla” qaçırsınız. Amma bu “qaçış”ın sizə çox baha başa gəldiyinin fərqinə varmırsınız - özünüzdən asılı olmayaraq təhtəlşüurdakılarınızı ortaya qoyursunuz. Deyirsiniz:

1. Guya heç bir suala birmənalı cavab yoxdur. (Ağ yalandır!)

2. Nihilistləri tənqidi realizm pərdəsi arxasında gizlədirik. (Bu, sənin ağlına haradan gəlib?)

3. Nihilistlər müxtəlif adlarla çıxış edir (Lap Şerlok Holms kimi görünürsünüz!)

4. Guya XX əsrdə ən yayğın cərəyan nihilizm idi. (Sizin cavabınız kimi yayğın!)

5. Klassiklər nə qədər tənqidi realistdirlər, nə qədər nihilistdirlər? (“Mətləb”ə yaxınlaşırsınız)

6. Cəlil Məmmədquluzadə nihilist kimi öyrənilməyib. (Əslində, bütün bu uzun müqəddimə Mirzə Cəlili yeni iftira ilə suçlamağınıza hesablanıb: Hə, əzizi-mənlər, Mirzə Cəlil nihilistdir)

7. Azərbaycana gələn nihilizmin sifarişçiləri kimdir, pərdəarxası xarici təmayül var idimi? Həm də nihilizm bu gün Azərbaycanda çox yayılıb. (Bu informasiya sənə haradan gəlib, Həmid ağa?)

8. Azərbaycan nihilistləri mənəvi atalarını Cəlil bilirlər. (Əladır ki!)

Amma özünüzü çox da ayıq hesab eləməyin, Həmid bəy, ayıq quş dimdiyindən ilişər, necə ki, “ilişirsiniz”. Çəkiliş boyu “Cəlil” deyirsiniz, amma onun əvvəlində “Mirzə” işlətmirsiniz. Eşidin, o, əsl Mirzə idi! Azərbaycan mirzəliyinin ən aristokrat nümayəndəsi! Və sonacan Mirzə olaraq da qaldı! Təkcə əlyazmalarını yandırması faktını qəbul etməyin, yetər ki, onun Mirzəliyin Simvolu olduğuna inansan!

Hiss edirsinizmi, sizin leksikonunuzu işğal edən sözlər bunlardır: Sifarişçi, xarici təmayül, xarici kəşfiyyat orqanları, xarici mərkəzlər, təxribat və s. Sizi kim bu günə qoyub, kim sizi bu qədər qorxudub, Həmid bəy?!

Mirzə Cəlili suçlayanlar (elə siz də bunu özünəməxsus pafosla edirsiniz!) onun ermənilərlə bizimkiləri müqayisə edib guya “üstünlüyü” birincilərə verdiyini də xüsusi bir əda ilə vurğulayırlar. Guya nəsə qeyri-adi bir “kəşf”ə imza atırlar. Bir şeyi anlamaq istəyirəm: Haçandan intibah, tərəqqi, təkamül müstəvisində xalqların bir-biri ilə müqayisəsi qəbahət sayılıb? Haçandan elan olunub ki, hər cür müqayisə “qüsurlu”dur? “Qonşu qonşuya baxar, özünü “oda” yaxar” zərb-məsəli elə, beləmi yaranıb?! Mirzə Cəlilə ruhən yaxın olan fransız maarifçiləri də gələcək inkişaflarının konturlarını cızmaq üçün qədim sivilizasiyanın təməlini qoyan xalqlarla özlərini müqayisə etməkdən çəkinmirdilər. Günü bu gün də inkişafın ən yüksək həddini hədəfləyən xalqlar “qorxmadan” özlərini yaponlarla müqayisə edirlər. Günü bu gün də bizimkilər qonşu Gürcüstandakı sağlam rəqabət və tərəqqi atmosferini bəyənir və bunu nümunə göstərirlər. Doğru, dürüst, dəqiq müqayisələr həm də təkamülün ruporu rolunu oynayır. Özünü “təftiş eləyib” “kobud” müqayisələr aparmaq həm də imkan verir ki, nəyin sənə mane olduğunu, inkişafını əngəllədiyini “kor” gözlərimizlə görək. Mirzə Cəlil məhz bu yolla gedirdi.

Qoy sizin kimilər biryolluq anlasınlar: Mirzə Cəlildə heç bir zaman erməni sevgisi olmayıb, öz xalqını qonşu xalqlardan üstün görmək kimi vəhşi bir arzusu olub, ona görə də müqayisələr, paralellər aparıb. (Amma sizdə o var, hörmətli Həmid bəy! “Dəyirmi masa”ya diqqətlə baxanlar onu asanlıqla görəcəklər) Arqumentlərə diqqət edək.

Hörmətli Həmid bəy, adının qarşısında “Mirzə” sözünü işlətmədiyiniz o dahinin 25 yaşında yazdığı “Kişmiş oyunu”nu gedib bir də oxuyun. Hələ ermənilər səhnədə görünməmişdən əvvəl onların portretlərinin bəzi cizgiləri “sərgilənir”: Ermənilər öz məqsədlərinə çatmaq üçün əllərindən nə desən gələr. Onlar zəli təbiətlidirlər, yapışdılar, qoparmaq çətin olur. Vəlisoltana verdikləri bircə öküzə görə ayda üç-dörd dəfə kəndə ayaq döyən Karapetlə Sərgiz nə olursa olsun, ya öküzü, ya da öküzün pulunu almaq niyyətindədirlər. Bu fakt göstərir ki, Vəlisoltanın da onlara hörməti keçib. Ermənilər boş yerdə öz öküzünü ona verməzdilər. Amma indiki situasiyada Vəlisoltanın onlara verməyə pulu yoxdur. Digər tərəfdən, yazağzı olduğundan öküzün ona nə qədər gərəkli olduğu məlum olur. Bu acı reallıqlar isə ermənilərin başına girmir. Onlar “kor tutduğunu buraxmaz” düşüncəsi ilə hərəkət edirlər. Belə olan təqdirdə Nurəlinin qurduğu oyunun sanbalı birə-beş artır.

“Oyun” sanki erməni xislətinə xas olan üç həqiqəti onların üzünə çırpmaq üçün “təşkil olunub”; birincisi onlar yalan, doğru, hər hansı bir işdən yapışsalar, axırına çıxmamış əl çəkməzlər. İkincisi, onlara bel bağlamaq olmaz, satqındırlar. Üçüncüsü, tarixən məhz müsəlmanın sirrini faş eləmək üçün canlarından keçərlər.

“Danabaş kəndinin əhvalatları”nda Karapetlə ikinci dəfə görüşürük, amma tamam fərqli manera və ampluada. Müstəmləkəyə çevirdiyi xalqın ruhuna qlavalığı, katdalığı, saxta bəyliyi, yasavulluğu yeritməklə qul psixologiyasını və itaətkarlığı formalaşdırmaq çar Rusiyasının başlıca siyasəti idi. Xudayarın bir gecənin içərisində bəy olub katda seçilməsi təsadüfi deyildi. Buna qədər Xudayar da öz işini “möhkəm” tutmuşdu - anasını qlavaya siğə elətdirmişdi. Valideynlərinin verdiyi ad da ona yardımçı olmuşdu; Tanrı, Xuda ona “yar olmuşdu”. Bircə qalırdı öz rolunu peşəkarcasına ifa etmək. Bunu da əla bacarırdı. Çünki dekorları total bir müstəmləkəçi dövlət – Rusiya qurmuşdu. Köməkçiləri də “milli” bəylərimiz idi. Xudayar bəy çubuğunu doldurub damağına qoyan kimi həmkəndliləri "ispiçkə" çəkməyə "müntəzir" dayanırlar. Buna adətkərdə olan "bəy" dükançı Karapetdən də "ispiçkə" çəkib qovu yandırmağı tələb edir. Amma Karapetin cavabı çox sərt olur: "Sən məgər görmürsən ki, bura qəhvə dükanı deyil! İtil cəhənnəmə burdan, supa oğlu supa, itil!" "Çox təəccüb elədi Xudayar bəy erməninin bu tövr rəftarına". Amma bu, erməninin itaətsizliyinə dəlalət etmir, əksinə, erməni xislətinin situasiyaya uyğun olaraq hər cür riyakar şəklə düşməsini göstərmək üçün müəllifin əlinə düşən bir ədəbi fürsət olur. Karapet biləndə ki, qarşısındakı şəxs Danabaş kəndinin katdası Xudayar bəydir və gəlib ki, bir kəllə qənd alsın, kişi əməlli-başlı "yumşalır": "Mənim gözüm üstə. Mən demirəm ki, sən niyə məndən bir kəllə qənd almırsan..."

“Molla Nəsrəddin” jurnalının 7 iyul, 1906-cı il, 14-cü sayında Mirzə Cəlilin “Lağlağı” təxəllüsü ilə “Axund ilə keşişin vəzi” felyetonu çap olunub. Biz bunu hekayə masştabında felyeton adlandıra bilərik. Ümumiyyətlə, Mirzə Cəlilin felyetonları hekayəçilikdən gələn dəqiq detalları, sadə süjeti və heyrətamiz saf dili ilə diqqəti cəlb edir. Sözügedən felyetonda iki fərqli mənzərə ilə rastlaşırıq. Təhkiyəçi erməni keşişi ilə axund molla Qurbanqulunun öz ümmətləri qarşısında “moizə”lərini oxucuya təqdim edir. “Keşiş uca səslə kəndlilərə bu sözləri deyirdi: “Erməni millətinin dünyada üç sevgili balası vardır: vətən, millət, dil. Və nə qədər ki, biz həmin üç sevgili balaların yolunda fəda olmağa qadirik... erməni millətinin bəqasına xələl yetirə bilməyəcəklər”. İndi baxaq görək bizim Qurbanqulu nə deyir: “Əgər bir şəxs yata, yuxusunda həcəmət görə, həmin şəxs dünyada heç bir bəlaya və naxoşluğa giriftar olmayacaq”. (Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin) Felyetonlar, məqalələr, xatirələr, məktublar. Bakı – 1961, səh: 49-51). Geniş şərhə ehtiyac yoxdur. Qısaca onu deyə bilərik ki, böyük mütəfəkkir din, dil və irqindən asılı olmayaraq hər bir xalqdan mütərəqqi cəhətləri götürməyin tərəfdarı idi. Fərqi yoxdur, o xalq bədnam qonşundur, ya da səndən min kilometrlərlə uzaqda yaşayır. Əsas məsələ tərəqqi etməkdir.

Yenəmi arqument istəyirsiniz? Buyurun.

“Danabaşlaşma” bir termin olaraq ədəbi dövriyyəyə “manqurtlaşma”dan çox-çox əvvəl buraxılıb. Lakin biz onun dayanıqlılığını təmin edə bilmədik. Digər tərəfdən, totalitar rejim onun dövriyyədə qalmaması üçün açıq və gizli çabalar göstərirdi. Amma “manqurtlaşma” aşağı-yuxarı bütün instansiyalarda qəbul olundu. Çünki insan öz həmcinsi olan digər insan tərəfindən manqurtlaşdırılırdı. Bu “ritual”da avtoritarlığın fiziksəl iştirakı gözə dəymirdi. Yalnız “kadr arxasında” onun mövcudluğuna aid işarətlər vardı. Danabaşlaşmanın doğurduğu ağır fəsadları heç nə ilə müqayisə etmək olmaz. O, mövcud epoxanın öz bətnindən zühur edir. Dünyanın siyasi xəritəsinin “rəngləməsi”ndə danabaşlığın misilsiz rolu vardır. Məhz onun sayəsində xalqlar içəridən sökülür, parçalanır və təklənirdi. Azərbaycan tarixi buna acı nümunə ola bilər. Geosiyasi baxımdan son dərəcə həssas bir məkanda yerləşən Azərbaycan yalnız balanslaşdırmış siyasət aparmaqla öz varlığını qoruya bilər. Biz həm Səməd Vahid, həm Mirzə Məhəmmədəli, həm də Rüstəm bəylə eyni tonda danışmalıyıq. Tərəzinin gözü onlardan birinə tərəf çox əyilsə, digərinin xoşuna gəlməz və münasibətlər pozula bilər. Yaxın keçmişimizdə - 90-cı illərdə bunun şahidi olduq. Böyük siyasi oyunların piyadasına çevrilən bəzi danabaşlar əsassız şüarlar, ağılsız iddialar, sərsəm fikirlər ortaya atmaqla Vətənimizin varlığını təhlükə altına atdılar. Arxı hoppanmamış “hop” söyləyən həmin danabaşların yürütdükləri absurd siyasət nəticəsində torpaqlarımız əldən çıxdı. Sual edirəm: Cənablar, bəs siz Cənubi Azərbaycanla Şimali Azərbaycanı birləşdirmək, tarixi Zəngəzur torpaqlarını qaytarmaqla bağlı eyforiyaya hansı məntiqlə qapılmışdınız? Hansı xarici qüvvələr sizi dingildədirdi? “Anamın kitabı” bütün bu sorulara cavab verir.

Bu gün Vətənin gələcəyi üçün narahat olan aydınlarımız sosial şəbəkələrdə haqlı olaraq haray qoparırlar: “Bizim milli ideologiyamız varmı?” (Dostəli Abdullayev)

Var, amma “işlək” deyildir! Birmənalı olaraq Azərbaycançılıqdır! Bədii konsepsiyasını Mirzə Cəlil verdi "Anamın kitabı"nda. Böyük Heydər Əliyev də elə o təməl üzərində dayanıb (Xatırladıram: Heydər Əliyevin ən çox sevdiyi iki yazıçı olub: Mirzə Cəli və Hüseyn Cavid. Özü deyir bunu. “Niyə”sini bildinmi?) "Mən fəxr edirəm ki, azərbaycanlıyam" dedi və siyasi uzaqgörənliklə mədəsindən və burnundan uzağı görməyən "ziyalı"ların - Mirzə Məhəmmədəlilərin, Səməd Vahidlərin və Rüstəm bəylərin ortaya atdığı və Azərbaycanın büsbütün parçalanmasına hesablanan əcaib ideyaları alt-üst etdi. Bu gün həmin "üç qardaş" yenə fəallaşıb. Mirzə Cəlillərə yeni hücum dalğasının nüvəsində də bu dayanır. Heç istəməzdim, Həmid bəy, o “üç qardaş”dan biri də siz olasınız. Məhz həmin qardaşların siyasi korluğu ucbatından zoribalayanlar öz ruhlarını dirçəltdilər. Buyurun, oxuyun: “Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq”. (Zori Balayan. “Ruhumuzun dirçəlişi” kitabından.)

Bu, sözün bitdiyi yerdir, hörmətli Həmid bəy! “Kefli İsgəndərin araq iyi verən monoloqu”nun (sizin sözlərinizdir!) altından onun qanla qarışıq tüpürcəyini göz yaşı içərisində özümə yönəldirəm: “Tfu bizim üzümüzə!”

# 3499 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #