Kamal Abdulla nəsrində ikiləşmə

Kamal Abdulla nəsrində ikiləşmə
12 aprel 2016
# 12:15

Kulis.Az Mehman Qaraxanoğlunun “Platon, həqiqətən, xəstədir…” məqaləsini təqdim edir.

Müəllif özünü daşlamalıdır. İkiləşmə yazıçının, şair və filosofun alın yazısıdır. Nə yazıq ki, bəzən ikiləşməni də yazara “çox görürlər” Götürək, Stefan Sveyqin “Naməlm qadının məktubu”nu. Əgər Əlahəzrət tənqid mətni ən yaxşı məhəbbət hekayəsi kimi təqdim edirsə, vay Stefan Sveyqin halına. Hekayədə binəva yazıçının qayəsi budur: Özünün necə “xəstələnib” ikiləşdiyini aləmə car çəkmək!!! Bunun üçün də o, on üç yaşında “qadınlaşan” mələkdən istifadə edir. Mələk mətnboyu yazıçının qəddarlığını poetikləşdirir. Adətən, iblis öz qurbanını özü seçir, burada isə əksinədir, qurban özü iblisin ağuşuna atılır. Lakin bu, Sveyqi xilas edə bilmir. İblisləşmədən qurtula bilmir o! Yazıçı adi insanlardan yüz qat artıq iblisdir! Bu iblisin isə rahatlıq tapdığı bir yer vardır: Fahişələrin ağuşu! “İçlərində kilsə kimi qadınlar var idi, ancaq fahişə olduqlarını unutmamağa çalışırdım” (Borxes) Hücum etməyə tələsməyin, cənablar, lütfən, “Şüəra” surəsinə bir də baxın!

Uzağa niyə gedirik, özümüzdən danışaq. Haqverdiyevin “primitiv” (Diksinməyin, o, Azərbaycan nəsrində magik realizmin (K.Abdulla deyib!), simvolizmin (Bunu Haqverdiyev özü deyir!), həm də primitivizmin (Bunu də bəndəniz deyir!) banisidir!) “Diş ağrısı” hekayəsinə baxaq. Hələ də “ağzına qoşa badam sığmayan dar ağuzlu” tənqidimizə elə gəlir ki, tacir Hacı Rüstəm guya xəsisliyi ucbatından sağlam dişlərini çıxartdırır. Heç kəs demir ki, o, tipik bir Azərbaycan Kişisidir. Ömründə fürsəti fövtə verməyən, məqsədi aydın olan, gedəcəyi mənzili doğru, dürüst hədəfləyən Hacı Rüstəm taks sındırandır. Bu yolda o, hər şeydən keçməyə hazırdır. Hətta xəzinədən gələn və hər kəs tərəfindən danışıqsız qəbul edilən vergi elanındakı qiyməti də sındırmaq istəyir. Bunu edə bilməyəndə isə içindəki hikkəni azacıq da olsa “soyutmaq” üçün oğlunu çağırıb deyir: “Ay bala, çötkəni götür, hesabla gör burada səhv yoxdur ki…”

Bu, Mental Bir Eqodur. Bu Eqonun qarşısında sağlam dişlər necə duruş gətirə bilər?! Bu Eqo daima bizimlədir! K.Abdulla mətnlərini də bu Eqo ilə təhlil edirik. Heç olmasa, mətndə “bir şey” (Gülünc xırdalıqlar!) tapmaq istəyi ilə alışıb yanırıq; təki mətnin bəşəri dəyərini “aşağı” salaq! Və qıraqdan verilən dünyəvi qiymətləndirməni görüb lap alovlanırıq, hər vəchlə bu qiymətləndirmə tasını sındırmaq istəyirik. Belə olan halda öz sağlam dişlərini verən Hacı Rüstəmlə bizim nə fərqimiz olur ki?! Əksinə, o, bizim yanımızda çox şükürlü görünür…

Budur, Haqverdiyevin dahiliyi! Bunun bəyənilən, ya da bəyənilməyən xasiyyət olduğunu deyə bilmərik. Heç yazıçı da bu haqda bir kəlmə də demir. Lakin həqiqət budur ki, Haqverdiyev, deyəsən, “xəstələnən” ikinci Haqverdiyev Hacı Rüstəmə “bəraət” qazandırır. Hekayənin sonunda qəhrəmanın vəhşi sevinci fonunda bu aydın sezilir. Həm də “sezilmir”. Çünki böyük yazıçılar necə ikiləşdiklərini məharətlə gizlədə bilirlər.

Elə K.Abdulla da “Platon, deyəsən, xəstələnib…” hekayəsində Zahid Fərzəliyə öz sevimli Müəlliminə nifrəti fonunda bu ikiləşmənin möhtəşəm dadını dadızdırır. Sevgi və Nifrət. Az qala Zahid Fərzəli qışqırmaq istəyir: Alındı! Lütfən, sorumu cavablandırın: Mənə sübut edə bilərsinizmi ki, ən azından bu nida (!) K.Abdullanın ikiləşmiş ruhundan qopmayıb? Başgicəlləndirici Məkan və Dil oyunları ilə intellektual oxucuları daima heyrətləndirən və publikadan heç bir gözləntiyə hesablanmayan K.Abdulla nəsri belə ikiləşmənin ən parlaq təzahürüdür. Əsərlərindən paralellər gətirmək fikrim yoxdur. Zira bu, ən rahat yoldu ki, hələ də gedilir… Xatırlayırsınızsa, dahi U.Eko da bu cür paralellərə qarşı çıxaraq ironik bir formada deyirdi ki, mənə 27 dollar (Niyə 30 yox?) verin, sizin üçün ağılasığmaz paralellər gətirim.

Dünya ədəbiyyatının ən unikal sənət nümunələrindən olan “Emili üçün qızılgül”ü xatırlayın! Folknerin üslubu onun İkiləşmiş qəddar yazıçı təbiətini necə də aydın göstərir! (Yeri gəlmişkən, Mahir Qarayevin tərcüməsində bu, son dərəcə əla alınıb!) Nəfəskəsən mürəkkəb cümlələrin arasıyla yazıçı əsl xəfiyyə kimi elə “sivişib keçir” ki, heç bir işarət qoymur. Bu cümlələrdə qəribə bir xof vardır. Onlar bumbuzdur. Emiliyə, onun qəsrinə bənzəyirlər. Emili özü də Təhkiyəçi ikiliyini simvollaşdırır. Folkner hətta müsahibələrində Emiliyə - Alahla Şeytanı içərisində xüsusi nəvazişlə bəsləyən bu qadına yazığı gəldiyini dəfələrlə bəyan edir. Əsl həqiqətdə isə Folknerin yazığı gəldiyi Adam elə onun özüdür…

K.Abdulla da sözügedən mətnin içərisindədir. O, bizim lap yaxınlığımızda – Borxes vurğunu Kamran Abbaslı ilə Zahid Fərzəlinin qəribə söhbətlərində, evinin hasarına dırmaşıb keçənləri (Axar çayı!) seyr edən o məsum uşağın heyrətdən böyüyən gözlərində, qəzəllərinin sonunda özünə yox, məhz o uşağa müraciət edib ikiləşən Füzulidə, Platonun “Kratil”ində, Borxesin özü haqda yazdığı “Borxes və Borxes” hekayəsində, xəstə ikən öz müəllimini yoluxmayan Zahid Fərzəlinin təəssüf və qarabasmalarında və bütün bunları süngər kimi özünə çəkən “Platon, deyəsən, xəstələnib…” cümləsindədir.

Heyrətamizdir, hə?! Heç düşünürsünüzmü ki, bütün bunları bir kiçik hekayənin (Və ya Cümlənin!!!) içərisinə xüsusi səliqə ilə necə yığmaq olar?! Bizim K.Abdulla mətnlərində təqdir etdiyimiz başlıca keyfiyyətlərdən biri də elə budur.

Orxan Pamuk söhbətlərindən birində deyir ki, mən hekayə danışmıram, hekayə qururam. Hekayə danışmaq nağılçılıqdır ki, bunun tarixi bizdə daha qədimdir. Bunu qoca nənələrimizdən tutub ayağına uzunboğaz çəkmə, əyninə qalife şalvar geyib başına qaragül dərisindən papaq qoyan, pul xətrinə min hoqqadan çıxan, sazı gah paçalarının arasına soxan, gah da başının üstünə qaldırıb yoğun peysərinin üstünə təpitmə kimi qoyan və özünü təmtəraqlı bir nitqlə Dədə Qorqudun varisi hesab edən (Belə yerdə adam kövrəlməsin, neyləsin?!) üzqaralarımız da (“Aşıq” deməyə dilimiz gəlmir!) bacarır.

Gəlin, razılaşaq ki, çoxu hekayə danışır, eşitdiyi bir əhvalatı olduğu kimi çatdırır, vəssalam. Adını da qoyur: Realizm. K.Abdulla isə hekayə qurur. O düşünmür ki, bu quruculuq işi hansısa “izm”lə adlandırılacaq. Ənənəvi, ütülü hamarlığı görməyən oxucu haqlı olaraq üz-gözünü turşutmalı olur. Çünki öyrəşmədiyi bir qida ilə üz-üzə dayanır. Dünya isə belə məhsullara öyrəşib. Məhz buna görə də K.Abdullanın şöhrət qapısı İç-dən deyil, daha çox Çöl-dən döyülür. Sizi deyə bilmərəm, amma bu, mənə toxunur. İstedadlı söz adamlarının onun haqqındakı bütün gözəl təhlillərinə rəğmən yenə düşünürəm: Niyə bizim verə bilmədiyimiz qiyməti başqası (Çöl!) verməlidir?! “Platon, deyəsən, xəstələnib…” hekayəsi də istisna deyildir.

İlk növbədə hekayənin bizə ötürdüyü mesaj budur: Nə olursunuzsa, olun, (“Bütün dünya bir fahişəxanadır, insanlar onun içində fahişələr” P.Qiyota) ancaq içinizdəki məsum Uşağı hifz edin, çünki günlərin bir günü əliniz hər kəsdən, hər şeydən üzülüb böyrünüzə düşəndə xitab edə biləcəyiniz bir səmtiniz – Qibləgahınız olacaq! (Üzü qibləyə tikilən komalarımızın da fəlsəfi anlamı, deyəsən, elə budur!) Füzuli qəzəllərinin sonunda “Ey Füzuli” deyərkən öz adını transfer etdiyi o məsum Uşağa müraciət edir. K.Abdulla adlarını çəkdiyimiz yazarlardan fərqli olaraq ikiləşmənin həm məsum, həm də qəddar tərəflərini neoklassik anlamda verir. İkiləşən adam ölümündən sonra da görünə bilər, yetər ki o, ikiləşə bilsin – Kamran Abbaslı kimi.

Bu qədim dərgahın altında heç nə təzə deyil – sözlərdən tutub cümlələrə qədər… Sadəcə, cümlələrdəki xüsusi adlar dəyişilə bilər. “Platon, deyəsən, xəstələnib…” cümləsi sözügedən hekayədə bu şəklə düşür: “”Zahid Fərzəli, deyəsən, xəstələnb…” Və ya İkinci Dünya müharibəsi zamanı amerikalı əsgərlərin azad etdiyi şəhərlərdə divarlara yazdığı və Folknerin də tez-tez təkrar etdiyi bu cümlə kimi: “Kilroy burada olub” Kimdi Kilroy?! Şərti bir ad. Amma bu cümlə ilə böyük yazar şüuraltı olaraq bütüm mövcud “izm”lərdə, rəngarəng üslubi gəlişmələrdə özünün də nə vaxtsa olduğunu və hər şeyin ona bəlli olduğunu eyhamla bəyan edir. Yenə də və ya: Saysız-hesabsız xəncər zərbələrindən (Cəmi 35!!!) dili ağzında qatlanan Y.Sezar qəfil dostu, silahdaşı Brutun da zərbə endirdiyini görüb dili açılır: “Brut, sən də…” Budur, ən amansız silahlardan da betər dəhşət saçan Cümlələr…

Ezop dilinin içərisində gizlənib (Bu dil etibarsız bir Küp-dü!) özünü qorxmaz, cəsarətli, igid göstərən yazıçılarımıza həqiqətənmi elə gəlmirmi ki, onların ucuz şöhrəti bu küp sınıncaya qədərdir! Gözünüz aydın, Küp sınıb! Andersenin o çılpaq kralı kimi üslubları lütlənmiş yazıçıların məzlum halına baxın! Hərçənd ki, zamanın bütöv bir kəsimini zorla dartıb (Həşəmətli tənqidçilərin köməyi ilə!) üstündə özünü günə verən 60-cıları rəqəmlə deyil, öz adları ilə qəbul etmək istəyirəm. Onların qurduğu “tələ”yə digər “cı”ların (Tutaq ki, 80-cıların) düşməsini qorxunc aldanış hesab edirəm. Çünki onların uşaqcasına təmiz niyyətli çabaları əvvəlki “cı”lara dolayısı ilə bəraət qazandırmış olur. Bəlli tərifi olmayan absurd zamandan “kəsib” öz adına çıxmaq nə qədər gülüncdür!

K.Abdulla üçün zaman yoxdur, (Bu da “cı”ların arxasınca düşənlərə ilginc bir mesajdır!) Dil vardır. Bir anlıq düşünün: Bir “ır” şəkilçisi ilə keçmiş zamanı indikiyə çevirə biliriksə, hansı zamandan söhbət gedə bilər?! Niyə aldanmış olduğumuzu boynumuza almırıq? Biz qrammatik səhvlərimizi deyil, səhvlərimizin qrammatikasını açıb göstərməliyik. Elə bu qrammatika da Dillə kodlaşıb. K.Abdulla ədəbiyyatımızda ilk dəfə olaraq dillə tabulaşan səhvlərimizin kodlarını sındırır və əlimizə elə bir sehrli açar verir ki, onunla dünyəvi təfəkkürün ən gizli qatlarına enmək olur. O qatda isə bizi dünya nəhəngləri - daha çox Borxes və Eko qarşılayır…

Hekayədə və ümumən, K.Abdulla yaradıcılığında “zaman” məfhumu ritmik xətlə deyil, aritmik formada özünü göstərir. Belə aritmiya simptomları personajların ümumi halında da görünür. Böyük Semiotik sanki özünün zaman kəsimlərini yaradır və onları müxtəlif cür adlandırır. Hekayədəki zaman sıralanmasına (Əsl həqiqətdə sıralanmamasına!) diqqət edin: Sokrat və Platon (Onların zamanı!), Zahid Fərzəli və Kamran Abbaslı (Onların zamanı!), Füzulu və təzkirəçi Səmhari (Onların zamanı!), nəhayət, söz, cümlə, bütövlükdə Dil (Və onun zamanı!) Və burada əlaqələndirici missiyanı, təbii ki, Dil oynayır…

Şeirdən hekayəyə uçan Folkner bir amansız təcrübə əldə etdi: Şeirdə olduğu kimi hekayədə də bircə dənə olsun artıq söz işlətməmək! “Artıq söz” ifadəsinin radifikasiyaya ehtiyacı vardır. Söz heç bir zaman artıq ola bilməz! Artıq olan Təhkiyəçinin mətndə düzgün mövqe sərgiləyə bilməməsidir. Bunu oyunçuların futbol meydançasında (Mətndə!) tutduqları yerlə müqayisə etmək olar. İyirmi iki nəfərin içərisində doğru-dürüst mövqe tutmayan oyunçu özü-özünü artığa çevirir. Həqiqət budur ki, söz yalnız mətndə (Kontekstdə!) artıq görünə bilər. Ayrılıqda isə o, Allahın Yer-dəki bir nişanəsidir – o “artıq” Oyunçu kimi…

“Platon, deyəsən, xəstələnib…”də mətni (Oyunu!) idarə edən Təhkiyəçi Dillə çox səliqəli (Xaotik, fəqət səliqəli!) rəftar edir, sözün mətndəki halal haqqını elə mətndəcə qaytarır…

Maraqlıdır ki, ənənəvi süjet xətti yazıçının nəsrində “sınır” Və o xəttin sınmış qırıntılarını bir yerə cəm eləyib nəsə hasilə gətirmək, restavrasiya etmək zülmə çevrilir. Xətt qrafikanın dilidir. Həm də rəssamın emossiyasını ifadə edir. Bəs nəsrdə?! Zənnimizcə, nəsrdə də belədir! K.Abdullanın süjet quruculuğu hər dəfə yenilənir. Sözügedən hekayədə də bu cürdür.

Bütövlükdə K.Abdulla nəsri təkrarsızlığına görə “Bir çayda iki dəfə çimmək olmaz” fikrinin təsdiqi olsa da, həm də İki-ləşməsinin qəddar simvolikasına çevrilir: “Həm olar, həm də olmaz!”

Xoşbəxt o yazıçıdır ki, (Olsun filosof!) Söz şəklində doğulub Cümlə şəklində qayıdır. Hekayəni oxuyub qurtardıqdan sonra adamı qəribə bir melanxoliya bürüyür. Və istər-istəməz Cümlədəki “Platon”un yerinə öz adını yazmaq istəyirsən…

# 1648 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #