Kulis.az Mehdi Dostəlizadənin "Naftalin qoxusu" adlı yazısını təqdim edir.
Qanunları bir peşəkar kimi öyrənin ki, onları bir sənətkar kimi dağıda biləsiniz.
(Pablo Pikasso)
Film haqqında heç bir fikir bildirməyəcəm. Bu barədə yetərincə yazıldı, tənqidlər, təriflər oldu. Film haqqında heç bir fikir bildirməməyimin səbəbi, filmin, ümumiyyətlə, hansısa tənqidə və ya tərifə açıq olmamasıdır. Belə məzmunsuz şeylərin kütləsi olmur ki, hələ bir üzərinə nəsə də danışasan. Bir müddət əvvəl meyxananı, daha doğrusu “meyxana”nı tənqid etmişdim, deməli meyxanada hansısa kütlə, məzmun görmüşdüm. (Diqqət: Meyxananı. “Şir həmməşə şirdi”ni yox). İnsan sevdiyi şeyi düzəlməsi naminə tənqid edir. Meyxana vasitəsilə nələrin edilə biləcəyini başqa yazıda danışarıq.
Dünən Əlixan Rəcəbovun Hacı Şahinlə şəkli qabağıma çıxdı. Üstündə də yazılmışdı ki, “...dindar qardaş və bacılarımızın heysiyyətinə toxunmuşuqsa, bundan təəssüf hissi keçirdiyimizi bildirir və bizi üzrlü hesab etmələrini xahiş edirik!...”
Hacı Şahinlə görüşübmüşlər və Hacı Şahin əsrimizin Mirzə Cəlillərinə öz iradlarını bildiribmiş. Əvvəla, guya bu junior Mirzə Cəlillər xalqımızı xurafatdan xilas etmək niyyətində olublar. Özlərini bütün batil inancların qarşısında sipər edib cəmiyyəti böyük bir uçurumun astanasından geri qaytarmağa çalışıblar. Amma o qədər Bizon içiblər ki, xalqı qaytarmaq əvəzinə qlükozanın dozasını aşıb qurtumladıqları energetik içkiləri qaytarıblar. Hacı Şahinlə olan söhbətlərinə gəldikdə isə, dialoqları təxminən belə olub:
- Hacı, başına dönüm, biz nəyi səhv etmişik axı, camaata xurafatı göstərirdik də.
- Ey Allahın müxlis bəndələri, siz o kəsləri məsxərəyə qoymusunuz ki!
- Kimləri?
- O kəsləri də!
- Mərhumları?
- Hə, mərhum blət.
- Hacı, yeri gəlmişkən, siz deyəsən maşınqayırmanı oxumusunuz, Prius məsləhətlidir yoxsa Cruze?
Belə-belə söhbətlərin ardınca şəkil çəkdirib özlərini ilahi bir zəmanətə alıblar. Əsasən, qəbahəti böyük olan adamlar tez-bazar namaz qılmağa başlayırlar. Həbsxanada olmuş adamlar bunu yaxşı bilərlər. Məhəllələrdə də “qrex“i az qala üzünə vurulacaq günah sahibləri namaz qılmağı öyrənir, möminlik libası geyinirlər. Yəqin Ata Abdullayev də indi içəridə möhkəm namazqılanlardan olub.
Bizim cəmiyyət olaraq problemimiz qanunun aliliyindən başqa hər şeyi ali tutmağımızdır. Bu ölkənin qanunu, konstitusiyası bu ölkə üçün hər şeydən üstündür, vəssəlam!
Əgər bir rejissor çəkdiyi filmə görə üzr istəyirsə, xalqın sənət anlayışı, başqalarının özünü ifadə etməsinə münasibəti ayaqlar altındadır.
Bundan əlavə, bu ölkədə rejissor, yazıçı, şair hələ də "Kəmalüddövlə məktubları", "Ölülər", "Danabaş kəndinin əhvalatları", "Harda müsəlman görürəm qorxuram" və s. ritorikasından çıxa bilmirsə, tragediyamızı sözlə ifadə etmək mümkün deyil.