Yolüstü söhbət - Saltıkov-Şedrinin hekayəsi

Yolüstü söhbət - Saltıkov-Şedrinin hekayəsi
10 may 2024
# 18:00

Bu gün görkəmli rus yazıçı Mixail Saltıkov-Şedrinin anım günüdür.

Kulis.az onun "Yolüstü söhbət" hekayəsini təqdim edir.


İvan Bodrovla Fyodr Qolubkin yola çıxmışdılar. Onlar bir kənddən, qapıbir qonşu idilər, ikisi də bu il, pasxaqabağı orucluqdan sonra evlənmişdilər. Aprel ayında onlar birlikdə Moskvaya, daşyonan işləməyə getmişdilər, indi isə tikintinin yiyəsindən ot biçmək üçün evə getməyə icazə almışdılar. Dəmir yolundan qırağa çıxıb 40 kilometrə yaxın yol getməliydilər, ancaq belə bir uzun yolu lap ayaqla yeriməyə öyrəncəli olan istənilən kişi də bir gündə gedə bilməzdi.

Onlar özlərini yorub əldən salmamaq üçün yavaş yeriyirdilər. Gün çıxmamışdan yola düşmüşdülər, indi isə gün artıq günorta yerinə çatmağa az qalmışdı. 15 kilometrdən bir az çox yol gedəndən sonra yorulmuş ayaqlarına bir az dinclik verməyi düşünməyə başladılar, hava da getdikcə daha qızmar, bürkülü olmağa başlamışdı. Ancaq yan-yörəyə göz gəzdirəndə kölgəsində daldalanıb, yemək yeyib dincələ bilmək üçün ot qotmanı tapa bilmədiklərindən hələ dayanmaq istəmirdilər, kölgənəcək axtara-axtara gedir, öz aralarında qızğın danışırdılar.
– İvan, de görək evə nə aparırsan? – Fyodr soruşdu.
– Ağadan üç dənə beşlik aldım, işi qurtaranda donluğumdan çıxacaq. Bir beşliyi, sözün düzü, Moskvada ev üçün bir az ayın-oyun almağa dağıtdım getdi, iki beşliyi evə aparıram.
– Mən də elə sənin kimi. İki dənə beşliklə neynəmək olar axı?
– Hə, özün də ye, evi də dolandır, hamısı bunun içindədir, çatdır görüm necə çatdırırsan, atam da bir yandan üstümə ismarış göndərib deyir, hansısa köhnədən qalma borcumuz var, dirənib istəyirlər. Apardığımın da hamısı ona gedəcək.
– Bizim unumuz taxıl biçininə kimi çatmayacaq. Ot çalımıdır, bütün günü qol fırladırsan, yaxşı işləyə bilmək üçün gərək nəsə yeyəsən də. İşə bax a, heç nəyimiz yoxdur, nə çörəyimiz, nə duzumuz var, ancaq yenə də özümüzü adam sayırıq. Bizimkilər də belə deyirlər: daşyonansınız, Moskvada işləyirsiniz, sizin gərək əliniz pulla oynasın… Ancaq heç inanmıram, bu gedişlə payızacan evə gözədəyər bir pul gətirə bilək!
– Yer üzündə bizim bu kəndçilikdən də ağır bir yaşam yoxdur! Bundan o yanası olmur.
– Elədir!

Yolçular köks ötürüb, bir az susqunluq içində yol getdilər.
– Görəsən indi bizimkilər neyləyirlər? – yenə də Fyodr danışığa körpü saldı.
– Neyləyəcəklər! Səhər çayını içən kimi, peyin daşımaq, yer sürmək, əkin yerini dırmıqlamaq, toxum səpmək; bütün yayı torpağın başına dolanırlar, yenə də bir parça çörək yiyəsi ola bilmirlər. Son üç ildə də, ya daşqın olur, ya quraqlıq, ya da dolu düşür… Deyəsən Tanrı da bizdən üz döndərib!
– Mənim dərdim isə, ay qardaş, heç açıb deyiləsi deyil. Kəndin kovxası mənim Dunkama göz dikib; addımbaşı yolunu kəsir, ələ almaq istəyir. Elçilərindən sovqat göndərir; atamın da gözünün odunu almaq üçün, kişiyə qara yaxıb üç günlüyünə soyuq zirzəmiyə atdırıbmış.
– Ona heç kimin gücü çatmır! Yoxsa, bildir Matrenka Proxorovanın necə öldüyünü unutmusan? Onu da bu kovxa elədi… Ha dözdü, dözdü, sonra dayana bilməyib özünü asdı…
– Bizim üçün çox çətindir, ancaq arvadlar bizdən də pis gündədir. Biz heç olmasa Moskvayasa da gedə bilirik, dünyanı görürük, arvadlar haranı görür? Qalıblar evdə, dörd divarın arasında, elə bil qandallayıb salmısan qazamata. Əl-ayaqları yayın qızmarında işləməkdən quruyub ağaca dönüb; üzləri qap-qara kösövə dönüb, lap çəkmə boğazı kimi qırışıb qalıb, insana da oxşamırlar. Bu yandan da yerindən duran onların üstünə ayaq alır, döyülüb söyülürlər…
–Fedya, deyirəm, gəl bir mahnı oxuyub dərdimizi dağıdaq!

Mahnı oxumağa başladılar, ancaq bir yandan dərd, bir yandan da yorğunluq güc gəldiyindən oxuya bilmədilər, yarımçıq saxladılar.
– İvan, çoxdandır səndən soruşmaq istəyirəm, bilmirsən, o Doğruluq deyilən şey harada olur? – Fyodr soruşdu.
– Elə mən özüm də bunu adamlardan çox soruşmuşam: o Doğruluq dediyiniz şey harda olur, onu harada axtaraq? Moskvada bir gənc ağanın mənə deməsinə görə, Doğruluğu qırx arşınlıq quyunun dibində gizlədiblər.
– Elə şey olmaz! Yoxsa bizim arvadlar onu indiyə kimi sənəklə, suqarışıq dartıb quyudan çıxarmışdılar. – Fyodr sözü gülməyə saldı.
– Bilirəm, o ağa balası məni ələ salmaq üçün belə deyirdi. Onlara nə var! Onlar üçün Doğruluq olmadan yaşamaq daha yaxşıdır. Bizim isə qarnımızı yalanla o qədər doyurublar, daha ürəyimiz götürmür, qusmaq istəyirik.
– Qocaların deməyinə görə, Yeremey baba hələ keçmiş ağanın çağında Doğruluğu axtarıbmış; görürsən, Doğruluğu axtarmaq onu necə sınıq-salxaq eləyib yorğan döşəyə salıb.
– Keçmişdə Doğruluğu axtaranlar çox olubdur; yaşamaq da onda çox ağır olub, üstəlik kişilərin Doğruluq üçün ürəkləri ağrıyırmış.

Biyara işləməkdən neçələri ölüb gedibmiş. Çöldə ölüm, evdə ölüm, addımbaşı ölüm… Bayram günləri kəndli gəlirmiş kilsəyə, orada bütün divarlara Doğruluq yazılıbmış, ancaq onu divardan necə qoparıb özünlə aparasan?!
– Düz deyirsən, Doğruluğu divardan necə qoparasan? Kəndli kimdir? O, görür, ancaq gördüyündən heç nə anlamır. Biz qara camaatıq, qaragünlüyük; dua eləməyimiz də, bilirsən də necədir, köks ötürüb, ağlamsınırıq: Ulu Tanrı keç günahımdan! – qurtardı getdi. Düzgün dua eləməyi də bacarmırıq.
– Keçmişdə dünyanın dərdini çəkən kişilər olub. Yeri gələndə yığışıb Peterburqun da üstünə gediblər, oradan da lap katorqayacan…
– Kim nə deyir-desin, keçmişdə Doğruluqla bağlı durum indikindən yaxşı olub. Kişilər Yalana uyan uşaqlarının dərsini verər, Doğruya yönəldərmişlər. Bunu mənə atam danışıb: Yeremey baba çox ürəkli kişi olub, dünyanı düzəltmək üçün çalışırmış! İndi də görürsən, o boyda kişi sobanın üstündə uzanıb qalıb, ayağa da dura bilmir; ancaq deyirlər o çağlarda, Yeremey baba çox adamın ruhunu Doğruluğu tapmağa yönəldə bilibmiş! Ancaq indi ona qulaq asanmı var?
– Deyirlər, Yeremeyin sözünə qulaq asmayandan sonra yaşamaq çox yüngülləşib. İndi Doğruluq kimin nəyinə gərəkdir axı? İndi hara gedirsən, yığıncaq olsun, meyxana olsun, hər yerdə bir düşkünlük var…
– Qabaqlar mənliyimizi ağalar alçaldardılar – indi isə özümüz könüllü olaraq, bu meyxanaçıların, başqa fırıldaqçıların önündə alçalırıq. İndi bütün kəndlərə fırıldaqçılar doluşublar: xristianların mənliyini alçaldırlar, üstəlik də artıq adamları bu çal-çağır içində keçən pozğunluqlara alışdırıblar.
– Götür elə o Vasili İqnatyevi – xristian qanını içməklə gör özünə nə saray ucaldıb. Evinin damını da qırmızı kirəmitlə örtüb, neçə kilometr uzaqdan adamın gözünə girir; evinin böyründə də dükanı gecə-gündüz işləyir, elə piylənib daha əli qarnına çatmır, görürsən qarnını qaşıyanda əlini üstdən yox, böyürdən uzadıb qaşıyır.
– Hamı da qarşısında baş əyir. Kovxayla yeyib içirlər, kovxa da dövlətin vergisindən qabaq onun borclarını yığır adamlardan; polis də gələndə onun evinə düşür. Onun ət yemədiyi, araq içmədiyi günü yoxdur. Görürsən ağanın oğlu da kəndə, işlərini yoluna qoymağa gələndə, evə çatan kimi deyir: tez olun, Vasili İqnatıçı çağırın gəlsin!… “Hə, Vasili İqnatıç, necəsiniz, sağlamlığınız yerindədirmi? alveriniz necə gedir? Çağırdım, dedim bir yerdə çay içək… siz doğrudan əsil rus kəndlisisiniz! özünüzü oda-közə vurub işləyirsiniz, başqalarına da örnək olursunuz… Birdən sizə nəsə gərək olsa, mənə Peterburqa yazmağı utanmayın a”.
– Kəndçilərdən borclarını yığmaq haqqını satıb ona, qazancın da yeddidə biri İqnatıça çatır! Ağanın özü çəkilib qırağa, işləri tapşırıb ona.
– İndi də ağanın borclarını vermək çağı gələndə hamı onun ayağına yıxılır. O da kəndçilərə otunu çaldırır, taxılını biçdirir…
– Bax əsil düşüklük budur elə! Yaxşısı, sən gəl mənə Doğruluğu harada axtarmaqdan danış!
– Mən bilən o Tanrının yanında olar. Tanrı götürüb onu göyə aparıb, daha Yerə buraxmaq da istəmir.
Yolçular yenə də susdular, yenidən köks ötürdülər. Ancaq Fyodr bu dünyada Doğruluğun olmadığına heç cür inanmaq istəmirdi, yoldaşının dedikləri onun beyninə batmırdı.
– Yox, mən onu axtaracağam, – deyə o dilləndi. – Kəndə çatan kimi Yeremey babanın yanına gedəcəyəm. Ondan Doğruluğu necə axtarmağı yerli-yataqlı soruşub öyrənəcəyəm.
– Onun sənə danışdığı, necə tutuqlanıb döyülməyindən, dustaqlıqda nələr çəkdiyindən olacaq, deyirlər onu Sibirə sürgün eləmək istəyirmişlər, ağa qoymayıb, götürüb ona meşəbəyiliyi tapşırıb, ancaq, nə o meşədən qırağa çıxa bilərmiş, nə də kimsə onun yannına gedə bilərmiş, meşənin içində bir gecəqonduda yaşayırmış. Sən yaxşısı onun yanına getmə, özünü işə salarsan!
– Yox gərək gedəm. Götür elə Dunkanın başına gələni: evə çatan kimi hər şeyi açıb necə var mənə danışacaq… İndi sən demək istəyirsən, mən də bu yaramazın işdəklərinə qulaq asıb, dirək kimi durub dayanmalıyam, hə? Yox, bu işdə deyəsən kiminsə başı gedəcək. Mən o süləncək köpəyin bağırsağını ayaqlarına dolayacağam!
– Yaxşı görək bir! Doğruluqdan danışıb qurtardıq, indi də bağırsaq tökməyə başladın. Səncə bu Doğrumu olacaqdır? Bilirsənmi belə Doğruluğa görə sənin başına nə oyun açarlar?
– Nə bilirlər, qoy eləsinlər. Yoxsa demək istəyirsən, o alçağı başlı-başına buraxım nə bilir eləsin? Yeqor Petroviç buyurun: mənim Dunkam sizin qulluğunuzda həmişə hazırdır… Yox, bu işə son qoymaq gərəkdir! Mən Doğruluğu tapacağam, sonra da qoy nə olacaqsa olsun!
– İsti lap adamın beynini qaynadır! – İvan bunu deməklə sözü yan salmağa çalışdı. – Bir az qabaqda kənd var, ora çatmamış yol qırağında yolun uzunluğunu göstərən bir dirək var, necə deyirsən, burada çöldə dincələk, yoxsa özümüzü ora çatdıraq?

Ancaq Fyodr necə özündən çıxmışdısa ovunmaq bilmirdi, var səsi ilə qışqırırdı:
– Mən axtarıb tapacam o Doğruluğu, tapacam!
– Ancaq mən elə bilirəm, sən heç nə tapa bilməyəcəksən, bizim üçün heç yerdə Doğruluq yoxdur; bilirsənmi, görünür hələ vaxt yetişməyib! – İvan dedi. – Sən belə şeylərlə başını qatınca, yaxşısı budur, gələn iləcən yetəcək qədər çörəyi necə tapacağını düşünəydin.
– Hardan tapacağıq, yenə də o Vasili İqnatyevin ayağına gedəcəyik, baş endirib çörək dilənəcəyik! – Fyodr qaşqabaqla dedi.
–Elədir, çörəyi ondan borc götürəsiyik; çalınan otun da ondanbirini borc faizi yerinə ona verəsiyik! Sonra atam da qayıdıb deyəcək: sən, bu nədir arvadına paltar almısan, qarnından da kəsəməli olsa, bu ilin buğdasını almağa pul toplamalısan.
– Aclığa da, soyuğa da dözüb, elə hər il deyirik: gələn il yaxşı olacaq… hanı o yaxşılıq, niyə gəlib çıxmır? Görünür, bu Yer üzündə Doğruluq deyilən şey heç yerli-dibli yox imiş! adamlar boş yerə yanşayırlar: “Doğruluq, Doğruluq…”, hardadır o Doğruluq?!
– O günləri, Moskvada bir ruhani ilə danışıram, qayıdıb mənə deyir: “Doğruluq – bizim ürəyimizdədir; doğruluqla yaşayın, onda hamı üçün yaxşı olacaq”.
– Görünür sənin o tanış ruhaninin qarnı toxdur, ona görə də belə yekə-yekə danışır.
– Ola bilsin də, pullu adamlar ona yaxşı əl tuturlar. Baxırsan sadə bir adamdır, ancaq elə gözəl sözlər danışır, adamın ağzı açıla alır. Görünür onun günü yaxşı keçdiyindən başqalarının nələr çəkdiyi beyninə batmır.

Danışığın bu yerində onların qarşısına yarıçürümüş, üstünə yol göstəricisi yazılmış dirək çıxdı, onun üstündə yazılan bu sözləri güclə oxumaq olurdu: Moskvadan 20 kilometr, Rudak stansiyasından 3 kilometr.

Yolçular yoldan qırağa çıxıb, yaxınlıqdakı, keçən ildən qalma olduğu bilinən ot qotmanının kölgəsində oturdular.
– Görürsən də necə adamlar var, – İvan ağac lifindən toxunmuş ayaqqabılarını çıxararaq deyirdi, – bizdə inəklər evin üstünün küləşini də yeməyə başlayıblar, bunun isə hələ keçənilki otu da qurtarmayıb.

Oturub qəlyanaltı eləməyə başladılar; su qabını ortaya qoydular, çantadan çörək çıxarıb doğradılar – bu da sənə günorta yeməyi. Yeməkdən sonra qotmandan hərəyə bir qucaq ot götürdülər, altlarına sərib uzandılar.
– Sən bir bu ənginliyə bax, ay Fedya, – İvan əsnəyərək, əli ilə göz işlədikcə uzanan düzənliyi göstərdi, – ucu-bucağı yoxdur! Burada hamıya yer çatar, ancaq biz…

Tərcümə: Araz Gündüz

# 1060 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
#
#
# # #