Yersiz intriqalar kraliçası: Rövşanə

Yersiz intriqalar kraliçası: Rövşanə
3 iyul 2021
# 09:00

Kulis.az tənqidçi Sevda Sultanovanın “Sarı köşə”nin əhəmiyyətsiz intriqaları” yazısını təqdim edir.

Vaqif Mustafayevin rəhbərliyi dönəmindən “Space” telekanalına o qədər çeşidli problemlər qalıb ki, kanalda köklü dəyişikliklər ancaq sentyabr-oktyabr aylarında gözlənilir.

Hər halda, ümid edirəm ki, kanalın yeni rəhbəri Müşfiq Hətəmov “Azərbaycanfilm” kinostudiyasında direktor işlədiyi vaxtlarda etdiyi səhvləri burda təkrarlamayacaq. Və “Space” heç olmasa ilk vaxtlardakı görkəminə, sanbalına qayıda biləcək.

İndilikdə isə kanalın efirində yayımlanan “Olduğu kimi” proqramı haqda bəzi qeydlərimi bölüşmək istəyirəm.

Rövşanə Ağasəfqızının aparıcılıq etdiyi “Olduğu kimi” verilişi həftənin beş günü müxtəlif adlarla təqdim olunur. Misalçün, “Xarıbülbül” 44 günlük müharibədə orudumuzun fəaliyyətini, Qarabağın tarix və mədəniyyətini, “Söz klub” əsasən cəmiyyətdə baş verən proseslərə qadınların nəzər nöqtəsini anladır.

“Sarı köşə” isə incəsənət xadimlərinin həyat və yaradıcılığı haqdadır.

İyunun ortalarında efirə getmiş “Sarı köşə”nin növbəti buraxılışı Xalq artisti Bəsti Cəfərovanın yaradıcılığı, şəxsiyyəti haqdaydı. Hər halda, aparıcı belə deyirdi.

Lakin veriliş bütünlüklə teatr intriqalarına həsr olundu. Daha doğrusu, verilişin qəhrəmanı və dostları (Mərahim Fərzəlibəyov, Sabir Məmmədov, Şəhla Əliqızı) mövzudan qaçıb, onu hər nə qədər sənət məsələlərinə yönəltməyə cəhd göstərsələr də, aparıcı buna imkan vermədi...

Rövşanə Ağasəfqızı Azərbaycan dilini yaxşı bilir, müəyyən bilik bazası, mütaliəsi var. Yəni ona heç bir halda “savadsız aparıcıdır” demək olmaz. Onda aparıcı kimi yaxşı nəsə varsa, bu, Qulu Məhərrəmli məktəbinin yetirməsi olmasının nəticəsidir.

Lakin R.Ağasəfqızı epataj üslubunu seçən aparıcılardandır, müxtəlif telekanallarda işlədiyi müddətdə qalmaqallarla gündəmə gəlib. Əlbəttə, müəyyən verilişlər var ki, onların konsepsiyasının əsasında intriqa, konflikt, müsahiblərini provokasiyaya çəkmək dayanır. Lakin bütün hallarda konfliktin, provokasiyanın əsası olmalı, yəni, onlar mühüm həqiqətləri üzə çıxarmağa xidmət etməlidir. Üstəlik, R.Ağasəfqızı efirdən özünü tərifləyirsə, özünü zövqlü, savadlı teatr tamaşaçısı adlandırırsa, məntiqlə onun bu mövzuda apardığı söhbətin plankası yüksək olmalıydı.

“Olduğu kimi” verilişinin aparıcısının problemi odur ki, o, əhəmiyyətsiz intriqalara istinad edir. Üstəlik, özü özünü təkzib eləyir. O, gah intriqalara aydınlıq gətirməyə çalışır, gah da belə deyir:

“Axı, intriqalar bizim nəyimizə lazımdır, biz bunu istəmirik, bizi sənət maraqlandırır”.

Ardınca Bəsti Cəfərovanın niyə Fuad Poladovun dəfninə getmədiyini soruşur:

“İnciklik qalmışdı?”

Halbuki, Bəsti Cəfərova verilişin əvvəlində Fuad Poladovla aralarındakı soyuqluğun səbəbini artıq aydınlaşdırmağa çalışmışdı.

Rövşanə Ağasəfqızı yenidən efirdə- Space TV-də yeni layihə

R.Ağasəfqızı ekspressiv danışıq tərziylə müsahiblərini qızışdırmağa çalışır, Bəsti Cəfərovadan onun qarşısını kəsməyə cəhd göstərən, Milli Dram Teatrında baş rolları ifa etməsinə etiraz edən adamların adını israrla açıqlamasını istəyir:

“Niyə sizi baş rollarda görmək istəmirdilər? Afəti, Fedranı sizdən başqa kim yaxşı oynaya bilərdi ki?! Bəs kimi görürdülər? Kimlər idi ayağınızın altını qazmaq istəyənlər? Əliabbas Qədirov niyə istəmədi siz tamaşa qoyasız?”

Aparıcının Bəsti Cəfərovanın müxtəlif müsahibələrindən seçdiyi çıxarışlardan da tamamilə aydın idi ki, məqsəd ancaq intriqalara fokuslanmaqdır. O, Əliabbas Qədirovla bağlı mövzudan bir şey alınmadığını görüb, Həsənağa Turabova keçir. Və aktrisanın müsahibəsindən iqtibas edir:

“Turabov ölənə qədər mənimlə danışmadı. Onun dövründə 8 tamaşa oynanıldı, birində də mən yox idim” və s.

Bəsti Cəfərova cavab olaraq, çıxışına Turabov haqda nəsə xoş bir şeylə başlamaq istəyirdi ki, (“Mənim səhnədə ilk partnyorum Turabov idi”) durum aparıcını qane eləmədi. Daha çox intriqa lazımdır və Bəsti Cəfərovanın sözünü ağzında qoyur:

“Turabovun sizi sevməməsinin səbəbi nəydi? Bəlkə gözəlliyinizə kimsə paxıllıq edib araya girirdi?”

Bəsti Cəfərova isə “Aktrisaların hamısı gözəldir, Dram Teatrında gözəl aktrisalar var” deməklə söhbətin üstündən keçir.

Yox, nəsə intriqa söhbətləri alınmır, qonaqlar tərəfindən adlar çəkilmir. Onda aparıcının yadına Amaliya Pənahova düşür. O, “Amaliya Pənahovanın kölgəsində nə qədər aktrisa söndü” fikrini təkrar-təkrar deyir və sınayıcı nəzərlərlə qonaqlarına baxır. Bəsti Cəfərova onun Amaliya Pənahovanın vaxtında aktrisaların kölgədə qalması fikri ilə razılaşmır:

“İstedad varsa kölgədə qala bilməz”.

Mərahim Fərzəlibəyov Bəsti Cəfərovanın sözünə qüvvət verir. Aparıcı heç cürə razılaşmaq istəmir:

“Olsun, siz belə düşünürsüz ki, kölgədə qalmır. Amaliya xanım olmasın, başqa aktrisalar olsun. Sizin və başqa teatrlarda elə aktrisalar baş rolları oynayıblar, əsəb keçirmisəm ki, buna necə rol veriblər. Öhdəsindən gələ bilmir”.

Mərahim Fərzəlibəyovun “Hansı istedadlı aktyor, aktrisa kölgədə qalıb? Birinin adını çəkin” sualına isə aparıcı cavab verə blmir: “Çəksəm, incəyərlər”.

R.Ağasəfqızı özünü teatr sahəsində savadlı tamaşaçı saysa da, onun bilgiləri “Bəsti xanım çox gözəl aktrisadır” təyinatından o yana getmir.

Bütün veriliş “Bəsti Cəfərovaya nə qədər paxıllıq ediblər” diskursu üzərinə qurulur, ad çəkilmədən hansısa aktyorların bostanına daş atılır. Və bu zaman R.Ağasəfqızı aparıcı kimi neytrallığını qorumur, birtərəfli mövqedən çıxış edir. Yoxsa, B.Cəfərovanın özü kimisə intriqaya təhrik etməyib?!

Verilişdə qonaq olan aktrisa Şəhla Əliqızı haqlı olaraq dedi ki, dünyanın bütün teatrlarında intriqalar var. Yeri gəlmişkən, bu haqda bədii əsərlər yazılıb, filmlər çəkilib. Somerset Moemin “Teatr” romanı da buna həsr olunub. Sözügedən mövzuda “Yeva haqqında hər şey”, “Zils-Mariya” kimi maraqlı filmlər çəkilib. Azərbaycan kinosunda teatr intriqaları ilə bağlı, elə Bəsti Cəfərovanın oynadığı, Oqtay Mirqasımovin çəkdiyi “Günyadın, mələyim” filmində də epizodlar var. İntriqa həmişə və bütün sahələrdə olub.

Əgər Bəsti Cəfərova kimi sanballı, peşəkar bir aktrisa verilişə çağırılırsa və bütün buraxılış ona həsr olunursa, o zaman səhnə fəaliyyətində baş vermiş elə konfliktli situasiya haqqında danışılmalıdır ki, bunun ümumən teatr sənətinə təsir miqyası əhəmiyyətli olsun. Misal üçün, Hüseynağa Atakişiyev Dram Teatrında işləyəndə onun teatrdan getməsi üçün otağını yandırmışdılar.

Yəni niyə Şəki Teatrında uğur qazanmış belə bir peşəkar rejissorun fəaliyyəti Dram Teatrında alınmadı? Alınsaydı, bu, teatrımızı hansı səviyyəyə gətirib çıxara bilərdi, teatr bununla nə itirdi və s.

Yoxsa, Fuad Poladov Bəsti Cəfərovaya görə “Afət” tamaşasında oynamayıbsa, burda şişirdiləcək nəsə yoxdur. Hətta bu, heç intriqa belə deyil. Sadəcə, Poladovun öz səbəbləri olub. “Afət”in rejissoru Mehriban Ələkbərzadə bir neçə il əvvəl Kulis-ə verdiyi müsahibədə məsələyə aydınlıq gətirmişdi.

Aparıcı arada “bugünkü verilişimiz Xalq artisti, professor Bəsti Cəfərovaya həsr olunub” demək əvəzinə, “intriqalara həsr olunub” desəydi “Sarı köşə”nin təyinatını daha dəqiq ifadə edərdi.

# 4784 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
#
#
# # #