Kulis.az sənətşünas Həqiqət Həmzəyevanın “Yaradıcılıq – ürək ehtiyacıdır və yalnız axtarışlara bağlıdır”. Bədurə Əfqanlı – 110” yazısını təqdim edir.
İncəsənətdə Bədurə Əfqanlının adı ilklərdən yadda qalıb. İlk qadın teatr rəssamı və ilk professional rəssam təhsili alan qadınlardan biri olan Bədurə xanım Məlikağa qızı Əfqanlının 25 oktyabr 1912-ci ildə Bakıda anadan olmuşdur. Balaca Bədurə uşaqlıqda hər yay ailəsi ilə birgə Növxanıdakı bağ evlərinə köçürdülər. İncəsənətə maraq da məhz Novxanıda baş qaldırdı. Səhərdən evdən çıxan Bədurə hava qaralanadək vaxtını dənizkənarında keçirirdi. Bütün bu vaxt ərzində o təbiəti seyr edir, dənizin ləpələrini, günəşin batmağını, hətta fırtınalı havanı diqqətlə müşahidə edirdi. Bakıya evə döndükdən sonra bütün təəsüratlarını kağız üzərində təsvir edirdi. Məktəbdəki rəsm müəllimi ona bu işi davam etməyi məsləhət görmüşdü.
Ən əsası Novxanıda gördüyü dini xarakterli şəbihlərdən olan Kərbəla müsibəti balaca Bədurənin yaddaşında dərin iz buraxmışdı. Böyük həvəslə növbəti küçə tamaşalarını gözləyirdi. Tamaşa başladıqda isə kiçik bacısı Firəngiz ilə ilk cərgələrdə dayanıb maraqla izləyirdi. Evə qayıtdıqdan sonra teatrda işləyən böyük bacısı Səyyarədən paltar və qrimı gizlicə götürərək özü tamaşa qoyurdu. Bu işlərdə ona bacısı Firəngiz və rəfiqəsi hamımızın gözəl tanıdığı Azərbaycanın ilk balerinası Qəmər Almaszadə yaxından kömək edirdi. Düzdür, sonralar Səyyarə şəxsi əşyalarının yerində olmadığını öyrəndikdə bu onlara “baha” başa gəlirdi.
İlk təhsilini pedaqoji sahə üzrə bitirsə də, Bədurə xanım sonralar müəllim kimi işləyərək yenidən Rəssamlıq məktəbinə imtahan verir. İmtahana hazırlıqsız gedən gənc xanım ilk cəhddən qrafika şöbəsinin 1-ci kursuna daxil olur. Əsasən təbiəti təsvir edən Bədurənin əsərlərini təhlil edənlər onun peyzajçı olacağını deyirdilər. Lakin Bədurə xanım burda da qisməti ilə barışmır. Son kurslarda oxuyan zaman Sankt-Peterburq şəhərinə gəzməyə yollanan gənc rəssam ordakı tanınmış teatr, muzey və mədəniyyət ocaqlarını gəzib gördükdən sonra Bakıya geri dönür və ixtisasını dəyişməyə qərar verir. Sonuncu kursda oxuduğuna baxmayaraq o, ixtisasını dəyişərək teatr təmayüllü rəngkarlıq şöbəsinə yerdəyişmə edir. Diplom işini Şekspirin “Otello” faciəsini seçir və uğurla müdafiə edir.
Bədurə Əfqanlı həyat yoldaşı Rza Əfqanlı ilə birlikdə Aşqabada işləmək üçün dəvət alır. 1934-1935-ci illərdə Aşqabad Dövlət Azərbaycan Musiqili Dram Teatrında işləyən Bədurə xanım burada Üzeyir bəy Hacıbəylinin "Leyli və Məcnun”, Zülfüqar bəy Hacıbəylinin "Aşıq Qərib” operalarına, Hüseyn Cavidin "Şeyx Sənan”, Cəfər Cabbarlının "Sevil” və "1905-ci ildə” tamaşalarına bədii tərtibat verdi.
1940-1960-cı illərdə Akademik Milli Dram Teatrında quruluşçu rəssam kimi çalışdı. İlk işi 1940-cı ildə rəssam Əsgər Abbasovla N.Vəzirovun "Müsibəti-Fəxrəddin” tamaşasına verdikləri tərtibat oldu. Bundan sonra S.S.Axundovun "Eşq və intiqam”, U.Şekspirin "Otello”, Ə.Haqverdiyevin "Dağılan tifaq, "Köhnə dudman”, B.Lavrenyovun "Amerikanın səsi”, C.Cabbarlının "Od gəlini”, N.Hikmətin "Türkiyədə” və s. tamaşalarının tərtibatçı-rəssamı kimi tanındı.
Azərbaycan Dövlət Rus Dram Teatrının bir sıra tamaşaları, həmçinin opera, rəqs ansamblı və bədii özfəaliyyət kollektivləri üçün geyim eskizləri çəkən Bədurə Əfqanlı habelə C.Cabbarlının "Aydın”, "Solğun çiçəklər”, M.Təhmasibin "Bahar”, "Aslan yatağı”, M.İbrahimovun "Məhəbbət”, Z.Xəlilin "Qatır Məmməd”, S.Vurğunun "İnsan”, İ.Əfəndiyevin "İşıqlı yollar”, "Bahar suları”... kimi sevilən və uzun illər səhnədən düşməyən tamaşalarında da sənətinin vurğunu olduğunu nümayiş etdirdi.
Bədurə Əfqanlı 1960-cı ildən “Azərbaycanfilm” kinostudiyasında geyim üzrə rəssam kimi işləyib. Burada o, “Koroğlu”, “Leyli və Məcnun”, “Dəli Kür”, “Böyük dayaq”, “Dədə Qorqud”, “O qızı tapın”, “Qatır Məmməd” kimi ekran əsərlərinə geyim eskizləri çəkib.
Həsən Məmmədovun “Böyük dayaq” filminin sınaq çəkilişlərindən sonra Qaraş roluna təsdiqlənməsi məhz Bədurə xanımın sayəsində olmuşdur. O, “Qaraş rolunu Həsən daha yaxşı oynayır, cavan oğlandı və rola tam uyğun gəlir” – demişdi. O zamanlar Həsən Məmmədov hələ tələbə idi və həmin dövr üçün tələbənin baş rolda çəkilməsi bir sensasiya doğurmuşdu.
Ümumiyyətlə, Bədurə xanım hər zaman cavan rəssamlar, sənətkarlar üçün öyüd-nəsihət verər, bir məktəb olardı. Onun zəngin yaradıcılığından dövrümüzdə də qaynaqlanırlar.
Bədurə Əfqanlının yaradıcılığında həmçinin qastrollarla çıxış edəcək ansambllar və ifaçılar üçün hazırladığı geyim eskizləri də xüsusi yer tuturdu. Onun eskizləri ilə tikilən geyimləri geyinən ifaçılar bütün dünyanı gəzərdilər. Dünya şöhrətli Rəşid Behbudov rəhbərliyini etdiyi Mahnı Teatrının kollektivi üçün geyimləri məhz Bədurə xanımın geyimləri əsasında hazırlatdırırdı. Çünki həmin kollektiv həm də milli rəqs və geyimlərimizi başqa ölkələrdə nümayiş etdirirdilər.
Bədurə Əfqanlının əsərləri Azərbaycan Dövlət Teatr Muzeyi və A.A.Baxruşin adına Rusiya Mərkəzi Teatr Muzeyində (Moskva) saxlanılır.
Rəssamlıq sənətində qazandığı nailiyyətlər üçün 1949-cu ildə Bədurə Əfqanlıya əməkdar incəsənət xadimi və 1974-cü ildə xalq rəssamı fəxri adları verilib, “Şərəf nişanı” ordeni ilə təltif edilib.
2002-ci ildə Azərbaycan hökumətinin qərarı ilə Bədurə Əfqanlı II Fəxri Xiyabanda həyat yoldaşı Rza Əfqanlı ilə yanaşı dəfn olunmuşdur.
Rəssam xanım ömrünün sonunadək işlədi, lakin arzularına sonadək çatmadı. Qızı Xalidə xanım müsahibələrinin birində demişdir ki, Qarabağ bölgəsinin geyimlərinə həsr etdiyi 50 eskizi tamamlamış olsa da, maddi imkansızlıqdan çapını edə bilməmişdir. O, ümid edirdi ki, bu əsərlər gələcəkdə onu xatırlamağa kömək edəcəkdir.
P.S. Nəzərə alsaq ki, son dövrlər Azərbaycan üçün Qarabağ mövzusu ayrı aktual olub. Hazırda Qarabağın hərtərəfli dirçəlməsində Bədurə xanımın Qarabağ geyimləri eskizlərinin çapı düşünürəm ki, lap yerinə düşərdi. Müəllif olaraq əminəm ki, səlahiyyətli və imkanlı şəxslər Xalq rəssamımız Bədurə Əfqanlının arzusunu yerdə qoymaz və yaxın gələcəkdə onun Qarabağ geyimlərinə həsr etdiyi geyim eskizləri işıq üzü görər.