#

Xuliqan kimi rəqs edən qız uşaqlarını kim yetişdirir?

Xuliqan kimi rəqs edən qız uşaqlarını kim yetişdirir?
23 sentyabr 2024
# 15:00

Kulis.az Eminquey Akifin "Xalqın məhsulu" köşəsini təqdim edir.



Mənim üçün xalq artıq, sadəcə, statistik rəqəmlərdir. 10 milyon, başqa heçnə. “Torpaq yetişdirib”, “Xalq becərib” söhbətləri də mifdən başqa heçnə deyil. Nə torpaq yetişdirir, nə də xalq. Xalq bilirsiniz kimləri "yetişdirib"?

Cəlil Məmmədquluzadəni, Axundovu, Sabiri.

Cəlil də, Axundov da, Sabir də bu xalqın mənfi xüsusiyyətlərindən əyri-üyrülərindən, cahilliyindən yetişib. Bu xalq Şeyx Nəsrullaha inanmasaydı, Novruzəli olmasaydı, nə cəlillər yetişəcəkdi, nə axundovlar, nə də sabirlər.

Mirzə Cəlil Naxçıvanda üçsinifli məktəbdə üç il təhsil alıb. Dünyagörüşünün inkişafına burada məktəbin müdiri, maarifçi Konstantin Nikitinin, qabaqcıl görüşlərinə görə mərkəzdən uzaqlaşdırılaraq Naxçıvanda müəllimliyə göndərilmiş gürcü xalqçı-demokrat, coğrafiya müəllimi Georgi Uturqaurinin, Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini beş il əvəzinə iki ilə bitirərək doğma şəhərə təyinat almış A. O. Çernyayevskinin yetirməsi olan Əliməmməd Xəlilovun mühüm təsiri olub. Sadalanan adlardan cəmi biri azərbaycanlıdır, o da Qoridə oxuyan Çernyayevskinin yetirməsidir. Yəni, Mirzə Cəlil bu yolu keçməsəydi, orta statistik azərbaycanlı olacaqdı. Cahillik hesab etdiyi şeyləri çox normal qarşılayacaqdı.

Seyid Əzim İraqa, əvvəl Nəcəf və Bağdada, sonra isə Suriyanın Şam şəhərinə getməsəydi, İraqda oxuyarkən dünyəvi elmlərə böyük maraq göstərməsəydi, Şamaxıya qayıtdıqdan sonra 1869-cu ildə orada yeni üsul üzrə məktəb açmasaydı, (köhnə mollaxanalardan fərqli olaraq o, bu məktəbdə uşaqlara dini elmlərlə yanaşı, Azərbaycan və fars dillərini təlim edir, tarix, coğrafiya, hesab və s. fənlərdən ibtidai məlumat da verirdi), Mirzə Ələkbər Sabir olmayacaqdı. Sabir Seyid Əzim məktəbi görməsəydi, mollaxana təhsili ilə uzaqbaşı elə molla olacaqdı.

Sabirin atası onun oxumağını istəyirdi ki? Atası istəyirdi ki, o, alış-verişə maraq göstərsin, Sabir isə oxuyub-yazmağa meyilli idi. Sabirin şeir dəftərini cıran da atası olub.

Axundov Rus pedaqoq İvan Qriqoryev ilə birlikdə Azərbaycan poeziyasının ilk müntəxəbatını və Tiflis gimnaziyası üçün "Tatar-rus lüğətini" yazan Mirzə Şəfi Vazehdən dərs alıb. Şəkidəki rus məktəbində oxuyub.

Haqverdiyev Peterburqda oxuyub qayıdıb.

İndi deyəcəksiniz ki, biz Lütfizadə yetişdirmişik. Başınız haqqı! Lütfi Zadənin həyatını, necə yetişdiyini bilirsiniz? Bilmirsiniz axı!?

Lütfi Zadənin atası Rəhim kişi ticarətçi olub, anası isə yəhudi Feyqa Moiseyevna uşaq həkimi idi. Ticarətçinin günü-güzəranı çöldə keçir. Lütfi Zadəni hamı kimi anası tərbiyələndirib. Yəni, azərbaycanlı yox, yəhudi. Lütfi Zadə 10 yaşına kimi Azərbaycanda olub, ondan sonra iqtisadi vəziyyətə görə Tehrana köçüblər. Orada amerikalıların Albors missioner məktəbində təhsil almağa davam edib. İranın mollasız vaxtında. Sonrası da ki məlumdur.

1944-cü ildə Amerika həyatı başlayır. Hə, yəni, Lütfi Zadəni yəhudi anası, İran və amerikalılar yetişdirib. Lütfi Zadə heç vaxt Azərbaycanın uğuru-zadı olmayıb.

Üzeyir Hacıbəyovu xalq yetişdirib?

1899–1904-cü illərdə Qori müəllimlər seminariyasında oxumasaydı, orada skripka, violonçel və nəfəs alətlərində ifa etmək bacarıqlarına yiyələnməsəydi, Üzeyir Hacıbəyov Azərbaycan peşəkar musiqisinin banisi ola bilməyəcəkdi.

İndi məsələ təkcə sadaladığım adların harada oxuması, kimdən təhsil alması deyil, həm də onlara verilən dəstəyin haradan və kimdən olması maraqlıdır. İstər Azərbaycanda oxuyan Xudu Məmmədovun, istərsə də Ziya Bünyadovun şəxsiyyət kimi formalaşması nə xalqa, nə də torpağa bağlı şeydir. Bu, birbaşa insanların özü ilə bağlı məsələdir. Bütün bu adlar özləri özləri üçün mübarizə aparıblar. Xalqa qalsaydı…

Azərbaycan xalqı yetişdirir, bəli, yetişdirir. Ancaq dahi yetişdirmir...

Məsələn, Manaf Ağayev yetişdirir, Şəbnəm Tovuzlu yetişdirir, Üzeyir Mehdizadə yetişdirir. Bütün varını, yoxunu, kapitalını bunlara qoyur. Təhsilləri hansı səviyyədə olmasının xalq üçün o qədər də fərqi yoxdur.

Elə götürək Elza Seyidcahanı. Elza Seyidcahanın bəstəkar tərəfini xalq yetişdirməyib, amma şair tərəfini xalq yetişdirib. Amma di gəl, heç kim etiraf etməz.

Ola bilsin ki, oxucuların son məqamda klişe vətənpərvəriyi tuta, deyə ki, xalq mübarizləri, poladları yetişdirib, yenə də özlərini aldadacaqlar. Mübarizləri, poladları siz yox, tökülən qanlar yetişdirib. "Düşmənçilik" məhfumu yetişdirib, ən əsası, erməni düşmənçiliyi. Torpaq, Vətən anlayışlarını bu 30 ildən çox müddətdə doğru-düzgün təbliğ edən bir məktəb, bir müəllim tapa bilməzsiniz. Bu qəhrəmanları yetişdirən onların şəxsi vicdanlarıdır. Yüz minlərlə uşaq təhsil alır, niyə onların hamısı Mübariz, Polad ola bilmir? Demək ki, onların qəhrəman olmağı sırf şəxsi keyfiyyətləridir. Xalq uzaqbaşı əsgər yetişdirə bilər. Dünyaya gətirər, on səkkiz yaşına çatdırar, hərbi xidmətə yollayar. Vəssalam!

Xalq basməmmədi evliliklərlə beş-on yaşına çatmış övladları olan boşanmış ailələr yetişdirir, xalq oğlan kimi, narkoman kimi, xuliqan kimi rəqs edən qız uşaqları yetişdirir, xalq bir-birini bıçaqlayan məktəbli yetişdirir, xalq arvadının başını kəsən kişilər yetişdirir, xalq qaloşu pirə çevirən mollalar yetişdirir, xalq falçılar yetişdirir, ektrasenslər yetişdirir, “maşennik”lər yetişdirir. Çünki bu şeylər heç bir məktəbdə öyrədilmir, bu, xalq yaradıcılığıdır, xalqın məhsuludur.

Xalq məhz xalqın yetişdirmədiyi ziyalılardan, alimlərdən, sənətkarlardan ibarətdir. Çünki dünyadan baxanda xalq olaraq 10 milyon görünmür.

Hansısa küçədə yatan alkaşla, hansısa narkomanla, hansısa əxlaqsızla tanınmır ölkə. Ki, xalq deyəndə, bunlar da 10 milyonun içində anılır.

Bu ölkənin ziyalısı, alimi, yazıçısı, şairi xalqa təşəkkür etməməlidir ki, məni sən yetişdirmisən. Xalq bu adamlara minnətdar olmalıdır ki, çox sağ olun, bizi aydınlığa çıxarsınız.

Təşəkkür edə bilirmi?

Təşəkkürü bilmirəm, amma məni erməni çıxaracaqları məlumdur.

# 9589 dəfə oxunub

Oxşar xəbərlər

7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirildi

7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirildi

18:30 7 oktyabr 2024
 “Kamal Abdulla və postmidernizm”  monoqrafiyası çap olundu

“Kamal Abdulla və postmidernizm” monoqrafiyası çap olundu

17:44 7 oktyabr 2024
Türk Dünyası Gənc Yazarlarının I Bakı forumu keçirildi

Türk Dünyası Gənc Yazarlarının I Bakı forumu keçirildi

17:38 7 oktyabr 2024
ANAİB yaranandan sonra ölkədə kitab bazarı çökdü - Sərgimizin qüsurları

ANAİB yaranandan sonra ölkədə kitab bazarı çökdü - Sərgimizin qüsurları

16:00 7 oktyabr 2024
1,6 milyard sərvəti ilə ən zəngin qadın musiqiçi oldu

1,6 milyard sərvəti ilə ən zəngin qadın musiqiçi oldu

15:35 7 oktyabr 2024
Səlim Babullaoğlu və İlqar Fəhminin imza günü olacaq

Səlim Babullaoğlu və İlqar Fəhminin imza günü olacaq

14:32 7 oktyabr 2024
# # #