Poeziyamızın anası, bacısı... – Elza Seyidcahanın kitab təqdimatından REPORTAJ

<b><span style="color:red;">Poeziyamızın anası, bacısı...  – Elza Seyidcahanın kitab təqdimatından <span style="color:red;">REPORTAJ </b>
5 mart 2018
# 11:45

Ayxan Ayvaz

- Rəşad müəllim, Elzanı Yazıçılar Birliyinə üzv eləyəcəksiniz?

- Əlbəttə.

- Zəmanəti siz yazarsız yəqin.

- Ola bilər. Mirmehdi Ağaoğlu ilə bir yerdə üzv eləyəcəyik. Əl-ələ tutub Yazıçılar Birliyinə gələrlər.

Gülüşmə.

Yer: Muzey mərkəzi.

Hadisə: Elza Seyidcahanın kitab təqdimatı.

Söhbət: Rəşad Məcid və mən.

Dinləyən: Mirmehdi Ağaoğlu.

Tədbir hələ başlamayıb. Fürsətdən istifadə edib qonaqları təqdim edək: Elgiz, Əsəd Cahangir, Narıngül, Fərqanə, Mirmehdi, Rəşad Məcid, mən və başqaları.

Elza xanım arada bir görünüb qeybə çəkilir. Qara libas geyinib. Gözlərinin həndəvərini sanki hisə batıb çıxıb. Bizi görəndə gülümsəyir. Qəfil mikrofon və kamera peyda olur: “Elza xanım, axşamınız xeyir. Siz bu kitabı...”

Kameranın işığı Elza xanımın qara boyaya həbs olunmuş gözlərini vahiməli göstərir.

Səhnədə çalğıçılar var. İntellektual çalğıçılar. Onların ayaqlarının altında güllər düzülüb. Sıra-sıra...

Elza xanımın şeirləri kimi dağınıq, qeyri-adi bir tədbir olacağı daha ilk başdan bəlliydi.

Qabaq sırada elə hey gülümsəyən Elgizin sağ tərəfində zəhmli baxışları ilə ətrafı süzən general oturmuşdu.

Arxa sırada da ədəbiyyatçı dostlarımız.

Yanımda oturmuş xanımın əlində kağızlar var.

- Yəqin ssenari çox böyükdür. Elza xanımın bitib-tükənməyən ideyaları var axı. – Rəşad Məcidin arxadan səsi gəlir.

Eynəkli xanım arxaya çönmür, eləcə gülümsünür.

- Çox güman, tamaşa hazırlayıb Elza xanım. – Mənim duzsuz zarafatım. Təbii ki, gülən olmur. Aclıq yumor hissimi didib-dağıdıb. Bayaqdan gözüm qapının ağzında qurulmuş furşetə sataşıb. Elza xanımın “Mən dəlinin rəssamı” adlı şeiri əks olunmuş yekə bir tort da tədbirin sonunda kəsilməyini gözləyir.

Hə, axırı öyrəndiniz kitabın adını da. İgidin adını eşit, üzünü görmə. Qiyməti 20 manat idi. Düzdü, Elza xanım bizə “qurbandı” dedi, amma kitabın niyə bu qədər baha olması diqqətimi çəkdi. Əlimə alıb baxanda məlum oldu ki, bu kitabdan daha çox alboma bənzəyir. Hər şeirin yanında rəsm əsəri vardı. Şeirlər iri, əyri-üyrü şriftlərlə yazılmışdı...

Milli Məclisdəki tribuna yol tapıb bura gəlmişdi deyəsən.

Moderator bayaq yanımda oturmuş eynəkli xanımmış. Özünü mənə təqdim edəndə çox ciddiləşdi: Səadət Təhmirazqızı, Əməkdar incəsənət xadimi, musiqişünas... Titulları, vəzifələri bitib-tükənmirdi. Mən xanım televizoru söndürdüm: bayıra çıxdım.

Gələndə gördüm balaca boyuyla tribunadakı mikrofona AzTV səsi ilə Elza xanımdan danışır. Televizorun səsinə xod verib Elgiz bəyin yanında oturdum. Elgizin üzü hələ də gülürdü. Necə qoyub getmişdimsə, elə də qalmışdı. Elə bil gülümsəyən heykələ dönmüşdü. Əlləri də qoynunda...

- 50-ci illər səsidir... – Rəşad Məcid dedi. Gözümün qabağında qutunun arxasında danışan Səadət xanım vardı.

Öz-özümə düşündüm ki, bəlkə də bu Elza xanımın bir “pryomudur”. Orijinallıq xatirinə retronu da tədbirin içinə qatıb. Səadət xanım danışırdı, Elza xanım isə orda-burda gəzişirdi. Toyda bəyi tək-tənha qoyub gedən gəlinə oxşayırdı.

Səhnədə pənbə geyimli qadın peyda oldu. Hind qızlarına oxşayırdı. Diqqətlə baxanda gördüm ki, bu Elza xanıma çox oxşayır. Sən demə, bacısıymış. Bakı haqqında mahnı oxumağa başladı. Sözlərini heç birimiz tuta bilmirdik. Arxada Əsəd Cahangir tərcümə edirdi: “Könlümü oxşadın, Bakı...” Amma səsi... Səsi gur-gur guruldayırdı. Hətta Elza xanım inciməsə, deyəcəm ki, ondan da yaxşı oxuyurdu. Adını da deyim, keçək növbəti abzasa: Rasimə Seyidcahan.

Sonra çıxışçılar tribunada söz dedilər. Məsələn, bayaq acıqlı-acıqlı oturmuş hərbçi sən demə, hərbi orkestrin baş direktoru imiş. Mən əsgərliyimi xatırlayıb əllərimi yanıma sıxdım. Silahlı qüvvələrin 100 illiyinə böyük bir hərbi parad keçiriləcəkmiş. Hörmətli orkestrin baş direktorunun Elza xanımdan xahişi: “O gün haqda bir marş deməzdim, nəsə bir şeir yazsın”. Elza xanım razılaşdı. Düşündüm ki, görəsən Elza xanım o gündən nə şeir quraşdıracaq?

Növbəti çıxışçını belə təqdim etdilər: əməkdar məşqçi Vahid müəllim. Elza xanıma uşaqlıqdan bildiklərini öyrədibmiş. Dedi, qardaş oğlu da tədbirə gələcəkdi, Moskvadan qatara mindi, amma gəlib çıxa bilmədi. Gülümsəyən heykəl Elgizin qırışığı açıldı, cizgi film qəhrəmanları kimi əlini-əlinə vurdu: “Gəlib çata bilməyib e...”

Yəqin o da mənim ki, ac idi və qarnında orkestr qurulmuşdu. O tərəfdə zəhmli görünüşünə təbəssüm qonduran orkestr dirijoru məni bağışlasın.

Əməkdar məşqçi dedi ki, Elza təzə-təzə şeir yazanda onu çox adam məzəmmət elədi, zarafatla qarşıladı: “Mən isə dedim ki, bildiyin yolla get. Sən uğur qazanacaqsan”.

Elza xanım qəfil ruh kimi onun böyründə peyda oldu. Salon qaranlıqlaşıbmış və Elza xanım da gəzişirmiş. İşıqlar yerinə qayıdanda qara libaslı Elza xanım ortaya çıxıb.

Nəhayət, gözlənilən an gəldi. Əsəd Cahangir çıxış üçün tribunaya üz tutdu. Biz gurultulu alqışlarla onu müşayiət elədik.

- Bizdə belə bir xasiyyət var. Tənqidçidir, mahnı bəstələyir. Deyirlər ki, sən kimsən, gərək bu sənətin bilicilərindən bir məsləhət alasan, sonra mahnı bəstələyəsən. Elza xanıma da irad tuturlar ki, niyə poeziyaya getdin, şeir yazdın. Nə olar ki? Mütləq hamı bir işlə məşğul olmalıdır? Özünü sınaya bilməz? Mən hesab edirəm ki, Elza xanım da poeziya ilə məşğul olması çox gözəl hadisədir. Onun şeirləri orijinaldır, yenidir. Elza xanımın yenilikləri çoxlarını şoka salır. Əşyalara konsert verməyi, qəzet parçalarından don geyinməyi, zooparkda konsert keçirməsi və s. Düzdü, eksperiment həmişə tutmur, amma yenilik o eksperimentlərin üzərində yaranır. Mən bilirəm, kimlərsə Elzanın adından şeir paylaşıb onu yanlış təqdim etmək istəyir. Bu mənə Ömər Xəyyamın hadisəsini yada salır. O vaxtları Ömər Xəyyamın adından şairlər şeirlərini çap edirdilər. Ona görə ki, təzyiqlərə tuş gəlməsinlər. Bu mənada orijinal görünmək üçün Elza kimi yazanlar var. Və onu Elzanın şeiri kimi təqdim edirlər. Bu da yaxşıdır. Bu o deməkdir ki, Elza bir çığır açıb.

Tədbirdən sonra Əsəd Cahangirin yarızarafat mənə dediyi: “...Amma bunlar üçün gərək bir az istedad olsun”.

Əsəd Cahangir tədbirdə iştirak edən Fərqanə Mehdiyevanı “poeziyamızın anası”, Narıngülü isə “bacısı” elan elədi və onların fikir bildirməsini istədi.

Poeziyamızın anası və bacısı qoşalaşıb tribunaya çıxdılar. Şeirdə ilk addımlarını atan Elza Seyidcahana uğurlu yol arzuladılar, yanaq-yanağa öpüşdülər.

Elza Seyidcahanın piano ilə döyüşü oldu sonra. Həyəcanla, böyük şövqlə pianonun dillərinə toxunurdu. Kənardan baxanda elə bilirdin ki, Elza piano ilə döyüşə girib. Musiqi bizi çuşa gətirmişdi. Elza xanımın əlləri qılınc kimi dəyirdi pianonun dillərinə. Orijinal, qeyri-adi bir ifa hamını heyrətə gətirmişdi.

Və bu da son. Elzanın qalib ədasıyla ayağa durması və hamının onu alqışlaması.

Ardınca böyük tortun kəsilməsi.

Elza xanımın şeirinin bir sözü də mənə qismət oldu: “dəli”. Çayla ötürdüm mədəyə. İçimdəki orkestrə son verdim.

Camaat şəkil çəkdirirdi. Elza mənim qıraqda durduğumu görüb səsləndi: “Ayxan bura gəl”.

Və məni sinəsinə sıxıb qolunu boynuma dolamaq istədi. Əli ağzımın aşağısına düşdü. O şəkilin yayılmamağı üçün çox yalvardım Allaha. Elza xanımın iri şeir kitabına əl basıb dua etdim.

# 2467 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
# # #