Elşad Miridən Qüdslə bağlı şok iddia: “Peyğəmbərin adından...”

<b>Elşad Miridən Qüdslə bağlı şok iddia: <span style="color:red;">“Peyğəmbərin adından...” </b>
13 dekabr 2017
# 16:19

İlahiyyatçı Elşad Miri Qüds barədə suallarımızı cavablandırıb. Kulis.az cavabları təqdim edir.

- Qüdsün adı Quranda və peyğəmbərin hədislərində keçirmi?

- Qüds adı nə Quranda keçir, nə də ilk dövr mənbələrində. Çünki Peyğəmbərin yaşadığı dövrdə həmin yerin adı Qüds deyil, İliya idi.

- Məhəmməd peyğəmbərin merac zamanı Qüdsə getməsi və orda peyğəmbərlərə namaz qıldırması fikri nə qədər doğrudur?

- Quranda Məhəmməd peyğəmbərin Meraca getməsi ilə bağlı bircə dənə də olsa ayə yoxdur. Müsəlmanlar İsra ilə Meracı qarışdırırlar. Çünki “İsra” surəsinin 93-cü ayəsində inkarçıların peyğəmbərə belə dediyini bildirirlər: "Göyə qalxmayınca biz sənə inanmayacağıq". Əgər peyğəmbər iddia edildiyi kimi Meraca, yəni göyə gedib-gəlsəydi, deyərdi ki, bəs gedib-gəlmişəm...

Bundan başqa, müsəlmanların Qurandan sonra ən səhih olaraq qəbul etdikləri (mənimsə bu yanaşmanı doğru qəbul etmədiyim) Buxari peyğəmbərin Meraca Məkkədən çıxdığını, Muslim isə Qüdsdən getdiyini iddia edir. Biz hansına inanaq? Bu və digər faktlara əsaslanaraq qəti olaraq deyirəm ki, Merac hadisəsi olmayıb.

- Qüds müsəlmanlar üçün niyə müqəddəsdir?

- Müsəlmanlar peyğəmbərlə birlikdə 3 ilə yaxın həmin bölgəyə üzlərini tutub namaz qıldıqlarına, ibadət etdiklərinə görə Qüdsü dəyərli hesab edir. Başqa səbəbləri də, Meracı həmin yerlə əlaqələndirmələri, “İsra” surəsinin 1-ci ayəsindəki Məscidul-Əqsa deyilən məscidin bugünkü Qüdsdə olan məscid olduğunu iddia etmələri, guya peyğəmbərin digər bütün peyğəmbərlərə orada namaz qıldırması kimi məsələlərdir. Halbuki bu gün də orada Məscidul-Əqsa adlı məscid yoxdur. Özüm bu il orda olmuşam. Orda iki məscid var. Birinin adı Qubbətus-Saxra, digəri isə Məscidul-Qiblədir. Bunlar da peyğəmbərin sağlığında olmayan məscidlərdir.

- Qüdsün ilk qiblə olması doğrudurmu və nə zamandan bu qərar ləğv edilib?

- Müsəlmanların ilk qibləsi Kəbədir. Təəssüflər olsun ki, bu gün Qüdsü ilk qiblə kimi təqdim edirlər. “Bəqərə” surəsinin 143-cü ayəsində: "Əvvəl üz tutduğun qibləni ancaq ona görə təyin etdik ki", - deyilir. Deməli, Qüdsdən əvvəl müsəlmanların üz tutduqları qiblə Kəbə olub. “Ali-İmran” surəsinin 96, “Həcc” surəsinin 26-cı ayələrindən də bu aydın olur.

- Qüdsün müsəlmanlar üçün Məkkə və Mədinədən sonra üçüncü müqəddəs şəhər olması fikrinin dini əsası varmı?

- Bu fikir çox sonralar ortaya çıxıb. Peyğəmbərin vaxtında bir daha qeyd edirəm ki, orada hansısa məscid olmayıb. Məscidul-Əqsa kimi bilinən Qubbətus-Saxra məscidinin tikintisi Əməvi xəlifəsi Abdulməlik bin Mərvan (685 - 705) tərəfindən başladılıb, oğlu I Vəlid (705 - 715) dövründə yekunlaşıb. Bunun da səbəbi var idi. Çünki həmin dövrdə I Xəlifə Əbubəkrin nəvəsi Abdullah bin Zubeyrin özünü Məkkədə xəlifə təyin etməsindən sonra Qubbətus-Saxra adlı məscid inşa edilir, sonra peyğəmbərin adından sizin qeyd etdiyiniz 3-cü məscid hədisi uydurulur və insanlar Kəbəyə deyil, Qubbətus-Saxranı ziyarət etməyə yönləndirilir...

- Məhəmməd peyğəmbərdən öncə gələn bütün peyğəmbərlərin Qüdslə əlaqəsi var. Müsəlmanların digər peyğəmbərlərə ehtiramını nəzərə alsaq bu fakt Qüdsü müqəddəs hesab etməyə bəs edirmi?

- Bu iddia tamamilə doğru qəbul edə bilmərik. Çünki bizə məlum olanlardan çox məlum olmayan peyğəmbərlər var. Məlum olan peyğəmbərlərin həmin bölgə ilə əlaqələndirilməsi həmin ərazinin bəşərin ilk məskən saldığı məkanlardan biri olması ilə əlaqəlidir.

Həmin yer müsəlmanlar üçün olduğu qədər xristianlar üçün də dəyərlidir və önəmlidir.

Yəhudilər üçün önəmi Süleyman məbədinin orada olmasıdır. Halbuki yəhudilər Süleymanı peyğəmbər yox, sadəcə kral olaraq qəbul edirlər.

Dünya Sionist təşkilatının mərkəzi də Qüdsdədir.

Xristianlar üçün Tanrının seçdiyi şəhərdir. Xristianlıq tarixinin başladığı yerdir. İsa peyğəmbərin qanının axdığı şəhərdir. Onlar üçün tarixin başladığı və bitəcəyi şəhərdir. Onlar həmin şəhərə Hacı olmaq üçün gəlirlər. Xristianların müqəddəs adlandırdıqları Müqəddəs Qəbir kilsəsi, İsa peyğəmbərin əl izi və sair kimi dəyərləri var.

- Belə çıxır Qüds müsəlmanlardan çox xristianların və yəhudilərin şəhəridir?

- Bu gün Qüdsdə məhəllələrdən biri erməni məhəlləsi, biri yəhudi, biri ərəb, digəri də yunan məhəlləsidir. Həmin şəhər hər 3 dinin nümayəndələri tərəfindən idarə olunmalıdır.

- Deməli Qüds müsəlmanlar üçün müqəddəs deyil.

- Orada yaşayan yerli insanların müsəlman olmalarını nəzərə almaq lazımdır... Ümumiyyətlə müqəddəs olan, yəni Quddus ancaq Allahdır.

# 1475 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #