Nəsimi Nəbizadəni kim erməni əsiri kimi işlətdi? – YENİ LAYİHƏ

Nəsimi Nəbizadəni kim erməni əsiri kimi işlətdi? – <span style="color:red;">YENİ LAYİHƏ
11 sentyabr 2017
# 09:00

Kulis.az maraqlı adamların başına gələn əhvalatlardan bəhs edən “Maraqlı adamlar” adlı yeni layihəyə start verir. İlk qəhrəmanımız tanınmış teleaparıcı Nəsimi Nəbizadədir.

Ucqar bir kənd evində dincələn Nəsimi Nəbizadə hər səhər çəpərin ayağındakı yapon əzgilindən dərib yeyib-içmək süfrəsinə gətirirmiş. Bir gün qonşu qadın ev yiyəsinə şikayət edir:

- Qonağınıza deyin, ərimin “zakuska”larına dəyməsin!

***

Gənc jurnalistlərdən biri AzTV-nin “Xəbərlər” proqramından tanıdığı, sonra yaxından dostlaşdığı Nəsimi Nəbizadəni yanındakılara göstərib deyir:

- Mən bu “Əmi”nin yalanları ilə böyümüşəm!

***

Nəsimi Nəbizadə Gəncədə qatardan düşür. Hava çox istiymiş. Bir yoldaşla özünü verir pivəxanaya. Sevməsə də bərk isti olduğundan pivədən imtina eləmir. Tez başına çəkir, dadı xoşuna gəlir, gözü ilə ofisianta işarə verir ki, birini də gətir. İkinci bakalı da boşaldıb masaya qoyandan sonra soruşur:

- Pivə neçəyədi sizdə?

- 70 qəpik.

Nəsimi ağzının köpüyünü silir:

- Gəncə doğrudan da “İmamsöyün şəhəri”dir!

***

1990-cı illərin sonları... Nəsimi Nəbizadə canlı yayımda AzTV-nin xəbərlərinin axşam buraxılışında efirdədir... 28 May - Respublika günü ilə bağlı dünya dövlətlərinin rəhbərlərindən məktublar gəlir, diktor da bunların hamısını bir-bir oxumalı olur. Növbə Səudiyyə Ərəbistanı kralının məktubuna çatır. Baxır, uzun bir adı var. Abdullah bin Əbdüləziz əbu Yəhya əs Sabah əl Səud... Nəsimi bin, əbu, əs, əl sözlərini saxlayıb o biri adların yerinə studiyadakı cavan uşaqların adını deyir - Fərid, Elvin, Namiq və s. Buraxılışdan sonra rejissor ona xəbərdarlıq edir ki, başın ağrıyacaq bu adlara görə.

Nəsimi kefini pozmadan cavab verir:

- A kişi, heç kralın özü öz adını axıra qədər bilmir, kimdir mənim səhvimi tutan.

***

Nəsimi bir həftə işə getmir. İşə çıxan gün foyedə AzTV-nin ovaxtkı sədri Nizami Xudiyev diktorla rastlaşır və soruşur:

- Bala, işə niyə gəlmirdin?

Həmin vaxta qədər Nəsimi işə gəlməyəndə hər dəfə bir yerinin ağrıdığını bəhanə edirmiş. Bu dəfə də eyni bəhanəni gətirmək istəyir, ancaq baxır ki, ağrıyan əzaların hamısını deyib qurtarıb. Özünü itirmir:

- Nizami müəllim, dilim ağrıyırdı!

Görüntünün olası içeriği: 1 kişi, içecek ve iç mekan

***

Nəsimi Masazır gölünün sahilində atası ilə şərik duz sexi açır. Atası deyir, televiziyadan balca bir çəkiliş qrupu gətir, reklamımız getsin. Nəsimi çəkilişi təşkil edir. Material efir üçün hazırlananda soruşurlar:

- Nəsimi, atan danışanda aşağıdan adını, soyadını yazacağıq, vəzifəsini nə yazaq?

Nəsimi fikirləşdmədən cavab verir:

- Duznesmen!

***

Nəsiminin evdə ağ pişik kuklasından kassası, bir də canlı ağ pişiyi var. Bir gün axşamdan möhkəm vuran diktor səhər “paxmel”ə pul axtarır. Ciblər boşdur! Əlini kassaya atır, onu havaya qaldırıb silkələyir:

- Burda qəpik-quruş olmalıydı axı...

Və “kassa” necə qışqırarsa, Nəsimi onu hövlnak yerə atıb kənara sıçrayır.

***

Nəsimi saçının yanlarını vurub yeni imicə keçən Kəramət Böyükçölü görəndə soruşur:

- Başının yarısı hanı, ə?!

***

Bekar vaxtlarında üzü-başı tüklü Nəsimi Saraydan 1 manatlıq taksiylə şəhərə gəlirmiş. Yolda sürücüylə söhbətləşir. Sürücü onu tanımır. Birdən arxada oturan yaşlı kişi deyir:

- Nəsimi müəllim, efirdə niyə görünmürsüz?

Nəsimi çevrilib baxır ki, kişi kordur, onu səsindən tanıyıb.

***

Başqa bir taksi qiymətdə güzəştə getmək istəməyəndə Nəsimi özünü təqdim etməli olur. Sürücü onun üz-gözünə, səliqəsiz əyin-başına baxıb, efirdəki adam olduğuna inanmır. Nəsimi başlayır məlum səsinin ən qaytaqlı yeri ilə xəbərlər oxumağa. Sürücü üzr istəyir və onları istədikləri qiymətə aparmağa razılaşır.

***

Nəsimi Nəbizadə gecə vaxtı Saray taksiləri olan yerdə dayanıb, siqaret çəkirmiş. Bu vaxt güclə addım atan bir sərxoş ona yaxınlaşır. Nəsə demək istəyir, ancaq dili dönmür. Əlindəki siqareti göstərib yandırmaq istədiyini bildirir. Nəsimi siqaretini ona tərəf tutsa da sərxoş közü nişan alıb öz siqaretini yandıra bilmir. Əlini atıb Nəsiminin siqaretini alır, özü yandırmağa cəhd edir. Ancaq yenə alınmır. Sərxoş çıxış yolunu axır ki, tapır: öz siqaretini qulağına keçirib Nəsiminin siqaretini çəkə-çəkə uzaqlaşır.

***

Bir gün Nəsimi Nəbizadə Aqşin Yeniseylə metroda gedirlər. Qarşıda bir gözəl xanım onları bütün yol boyu süzür. Qatar “Nərimanov”da dayananda Nəsimiylə Aqşinin düşmək istədiyini görən qadın onların qarşısını kəsir:

- İkinizi də tanıyıram! Biriniz Nəsimisiz, o biriniz Nəbizadə!

***

Nəsimi Nəbizadənin Türkiyədə təhsil aldığı vaxtlar bir yerli tələbə gələcək jurnalisti sualları ilə daim yorur. Sualların əsas mahiyyəti isə "Sizdə filan şey var?"dan ibarətdir. Nəsimi bir gün dözmür, deyir, bizdə, evdə təbii qaz gəlir. 600 illik dövlətçilik tarixiniz var, hələ də evdə kömür yandırırsınız.

Bu sözdən xoşlanmayan türkiyəli tələbə deyir:

- Olsun, ama genel olaraq sizin bizə çatmağınıza əlli il var!

Nəsimi bu dəfə deyir:

- A kişi, nağd iki saat geridəsiz, hələ onu gəlin çatın, əlli il barədə sonra danışarıq!

***

Yay məzuniyyətini şair Muradgilə Köhnəqalagilin kəndində keçirən Nəsimi tut ağacının altındakı çarpayıda yatırmış. O, hər gün səhər Muradgildən tez qalxıb, beton səkini yuyur, həyəti sulayır, ələ-ayağa dolaşan əşyaları yığışdırırmış. Muradın yaşlı anası ondan uzaq gəzir, çəkinir. Bir müddət sonra qadın gəlib onu əlindəki çomaqla dümsükləyib oyadır, ora-bura buyurur, bir parça çörək, soyutma yumurta və alma verib gedir. Bir dəfə isə odunun ucu ilə Nəsimini oyadıb ona kəndin üstündəki dağları göstərir:

- Bax, o dağların o üzü sizinkilərdir. Murad oyanmamış, qaç get, yoxsa bir gün səni öldürəcəklər.

Bundan sonra məsələ açılır, məlum olur ki, Murad Nəsimini qoca anasına erməni əsiri kimi təqdim edibmiş. Deyibmiş, çəkinmə, qapıda işlət, bir loxma çörək, bir içim su ver, amma ehtiyatını da əldən qoyma!

# 1820 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
#
#
# # #