Səmaya toxunmaq istəyənlərə - İlqar Kamilin yeni kitabı haqda

Səmaya toxunmaq istəyənlərə - <span style="color:red;">İlqar Kamilin yeni kitabı haqda
16 yanvar 2018
# 11:15

Sevda Məmmədova

Getdikcə rəngsizləşən dünya insanların duyğularına da silgi çəkir. Daha əvvəlki kimi sevinmək də, üzülmək də olmur, təəccüblənmək də. Bu təəccüblənmək həsrətini titrək barmaqlarının arasında buğlanan çaydan qurtumlayıb qüssə ilə: "o vaxtkı dadı qalmayıb heç nəyin” – deyən nənənin dodaqlarından qopan gileydən, qənşərində oturmuş qarıya baxmadan damağındakı siqareti yarımçıq söndürərək bu gileyi təsdiqləyən qocanın tüstüdən acışan gözlərinin küncündəki qırışlardan oxuyursan və sən də bu həsrəti yaxşı tanıdığını hiss edirsən. Əvvəllər beyninə dolub səhərəcən gözlərini qırpmağa qoymayan mətnlər öz sehrini itirib, oxuduğun hər yeni, Allah tərəfi, gözəl də yazılmış əsərdə köhnə damaq dadını tapmayanda o həsrət sənin də gözlərini acışdırır. Böyük ustalıqla yazılmış kitablar oxunduğu an nəhəng bir dalğa kimi üzünə çırpılıb nəfəsini kəssə də, özündən sonra sahildə qalan çör-çöp və boşluq, bədbinlik duyğusu olur. Belə bir vaxtda ağ fonda qara hərflərdən ibarət dünyada bir zərrə yanıb-sönür. Yaxınlaşıb o zərrəni ehtiyatla ovcuna alırsan, işığını daha aydın hiss etmək üçün sakit, qaranlıq bir bucaq tapırsan və ovcunu açıb oxuyursan. Oxuduqca gözlərindən düz ürəyinə düşdüyünü, batdığını hiss edirsən, amma bu zərrə üşütmür Qar kraliçanın nağılındakı kimi, isidir.

İlqar Kamilin oxucuları nə demək istədiyimi hiss edərlər. Onun yazılarını, şeirlərini oxuduqca dünyanın niyə belə rəngsizləşdiyini, çatışmayan kimyanın nə olduğunu anlayırsan - RUH. Hələ bu virtual aləmdə rast gələndə necə qəribsədiyimizi hiss edənə qədər bu şəffaf ruh içimizə axıb bizi də duruldur, saflaşdırır. Biganə olduğumuz həyatı, insanları, Tanrını bizə sevdirir, doğmalaşdırır, mehribanlaşdırır.

Bax, sevgilim,

“Məni çağır!”,

“Məni sev!”,

“Mənə gəl!” –

deyə səslənir Tanrı

bütün səmavi kitablarında:

Görünən odur ki,

Yaradan da məmnun deyil təkliyindən;

içində 7 milyarda yaxın körpəsi

dünyanı beşik kimi yellədir sevə-sevə,

gülə-gülə,

bilə-bilə ki,

bəziləri böyüyüb üzünə ağ olacaqlar,

uzaq olacaqlar...

Bu uzaqlıq, soyuqluq, ruhsuzluq yazıların da qanına hopub mürəkkəbinin qaynağını unutmuş usta qələmlərdən. İlk böyük yazar – Tanrının özüdür. Ədəbiyyat sadəcə peşə, istedad, üslub və texnika deyil, ilahi irsdir həm də, ruhdur. Bu ilahi missiyanı itirməmiş yazar da mətninə şəkil verib ona öz ruhundan üfləyir və həmin o ağ fondakı qara işarələr ehmalca canlanır, işıldamağa, isitməyə başlayır. Günlərinə İlqar Kamilin belə işıqlı, canlı yazıları ilə başlayan oxucular müjdəni duymamış olmazlar – “Tanrı tənhalığı”ndan sonra yeni möhtəşəm roman gəlir: “Yerlə göy arasında”.

Əsərin süjeti sadədir, təxminən, “Leyli və Məcnun” qədər. Yeknəsək həyatından darıxan Günəş bir sabah Bakının mürgü döyən kəndlərindən birinə göz vurur və hekayə başlayır. Oxuduqca özümüzü, cəmiyyətimizi bir də kənardan seyr edirik, coğrafiya olaraq qovuşmayan iki “dənizin” – Şərq və Qərbin sərhədində qərar tutmağımızın əsərlərini görürük. Fərqli düşünən beyinlərin çiyin-çiyinə, hətta iç-içə yaşama zərurətindən, mental təfəkkürdən doğan acı reallıqlar təsirli bir dillə təsvir edilib. Qədim folklordakı kimi “uçmağa, haqq qapısını açmağa” qanadlanan Leylanı addımbaaddım izləyən süjet son ana qədər oxucunu intizarda saxlamağı bacarır – gözünü açandan yerin cazibə qüvvəsinə təslim olmuş cisimlə özünü tanıyandan göylərə millənmək istəyən üsyankar, azadlıq təşnəsi ruhun çəkişməsi nə ilə bitəcək? İstənilən birinin qələbəsi ilə insanın cismən, ya mənən məhv olacağı bu dilemmanı müəllif ustalıqla həll edib. Bəlkə də, dupduru səmanın qocaman yerə gücü yetməyəcək, zərif ruh zəif cismə acıyıb onu tərk etməyəcək, şahə qalxmış dalğalar sahillə vuruşub-vuruşub, yenə sakitləşib qoca dənizin qoynuna qayıdacaq, amma hər halda, bütün bu yaşananlar, əl-əlbət, təsirsiz ötüşməyəcək; tam boğulduğu an fərqli dünyadan həyatına açılmış bir nəfəslikdən ciyərlərinə çəkdiyi bu hava Leylanın qanı ilə dolaşıb ruhunu da, cismini də dəyişəcək; sonralar – yaşadıqlarının əslində yuxumu, gerçəkmi olduğunu xatırlamaqda çətinlik çəkəcəyi həmin o sonralar Leyla da “Titanik”in Rozası kimi nəvələrinə gözəl qızı məşum divin əsarətindən azad etmiş qonşu oğlanın nağılını danışacaq və bu nağıl – aləmlərə üsyan edə bilməyən bir şərqli qadının yaşadığı dünyaya kiçik bir intiqamı olacaq...

Əsərdən sitat gətirməyəcəyəm, buyurub özünüz oxuyarsınız, amma müəllifin özünəməxsus səmimi, maraqlı təhkiyəsi ilə son illərin bir çox maraqlı və populyar nəşrlərinin müəllifi olan “Qədim qala” nəşriyyatının nəfis tərtibatının birləşdiyi bu kitabla ilk baxışdan dostlaşacağınıza, birlikdə xoş, həyəcanlı saatlar yaşayacağınıza əminəm; hələ bir də orijinal poetik ifadələrin, sözlərin cizdiyi naxışların “zərgərisinizsə”, mütaliədən mütləq böyük zövq alacaqsınız. Və ən əsası, nə dili, nə ağzı olmayıb hey adamla danışan bu nəsnədəki içdənliyə, sevgiyə, aldığı işığı səxavətlə bəxş edən fədakar ruha həqiqətən TƏƏCCÜBLƏNƏCƏKSİNİZ.

# 1209 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
# # #