Dünyada ən çox müzakirə edilən Azərbaycan alimləri - SİYAHI

Dünyada ən çox müzakirə edilən Azərbaycan alimləri - <span style="color:red;">SİYAHI
16 mart 2018
# 21:00

Kulis.az AzEDU.az saytına istinadən xaricdə elmə töhfə verən Azərbaycan alimlərin siyahısını təqdim edir.

Məsud Əfəndiyev

- 1970-ci ildə Zaqatala şəhərindəki Şıxəli Qurbanov adına məktəbi qızıl medalla bitirərək Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olub. İki il orada oxuduqdan sonra, təhsilini M.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib. Aspirantura, doktorantura pilləsinə qalxaraq, uğurla namizədlik, sonra isə doktorluq dissertasiyalarını müdafiə edib. Artıq 20 ildən çoxdur ki, Almaniyada yaşayan alim, ölkənin müxtəlif universitetlərində, o cümlədən Münhen, Ştutqart, Berlin universitetlərində dərs deyib. Hazırda H.Helmholts adına Münhen Elmi-Tədqiqat Mərkəzində “Dinamik sistemlər” şöbəsinin müdiridir. Həmyerlimiz 2005-ci ildə Yaponiyanın nüfuzlu “Japan Society for the Promotion of Scionce – JSPS” təşkilatının mükafatına layiq görülüb. M.Əfəndiyev postsovet məkanında dünyanın altı aparıcı elmi jurnalının redaksiya heyətinin üzvü olan yeganə riyaziyyatçı alimdir. Dünya elmində ən yüksək təltiflərdən (“kiçik Nobel mükafatı”) sayılan, Almaniya hökumətinin təsis etdiyi “Aleksander fon Humboldt” mükafatının ilk azərbaycanlı laureatı kimi tarixə düşüb.

Rafiq Əliyev

- Hazırda Azərbaycan elm xadimləri içərisində dünyada ən tanınan alimlərdən biridir. Onun ali riyaziyyat, süni intellekt, kibernetika, sinergetika elmləri sahəsində apardığı fundamental araşdırmalar modern dünya təfəkkürünün formalaşmasında əsaslı rol oynayıb. Onun dünya çaplı kəşflərindən bir qisminin adını çəkirik: AL11, AL12 və AL13 qeyri-səlis məntiqlərinin yaradılması; Qeyri-səlis modellərin adekvatlıq şərtlərinin formalaşdırılması; Qeyri-səlis intellektual robotların nəzəriyyəsi və qurulma prinsiplərinin işlənməsi; ESPLAN da daxil olmaqla qeyri-səlis ekspert sistemlərin işlənməsi. Alimin son iki nəzəriyyəsi - Ümumiləşdirilmiş qərarqəbuletmə və Dayanıqlıq nəzəriyyələri dünya alimlərinin ən çox müraciət etdiyi elmi ideyalardır.

Qərib Mürşüdov

- bioinformatika sahəsində tanınmış mütəxəssis, Böyük Britaniya Birləşmiş Krallığı Kembric Universitetinə dəvət olunmuş ilk azərbaycanlı alim. Professor Qərib Mürşüdovun "Makromolekulyar rentgen kristalloqrafiyası və zülal verilənlər bankı: etibarlı informasiyanın toplanması və istifadəsi" bioinformatika üzrə ən çox istinad olunan vəsaitlərdəndir. Alim bu kitabı ilə bioinformatikanı modern biologiya elminin zirvəsi olduğunu Avropaya sübut edə bilib. Googlescore axtarış portalında əsərlərinə ən çox müraciət edilən azərbaycanlı alimdir.

Novruz Allahverdiyev - hazırda Türkiyənin ən çox tələbəsi olan (71000) Səlcuq Universitetində çalışır. Nəhəng Universitetin “bilgisayar başqanı“ adlandırılan professor haqqında Kembric Universitetinin təsis etdiyi “Min böyük intellektual” ensiklopediyasında böyük məqalə yazılıb. Həmin ensiklopeduyaya adı daxil edilən yeganə alimimizdir.

Bəxtiyar Siracov

- Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin kompüter təminatı şöbəsinin müdiridir. 1992-ci ildən Avstriyada yaşayır. 2005-ci ildə Nobel sülh mükafatı uğurlu işlərinə və dünyada sülhün təminatına görə Siracovun çalışdığı Agentliyə verilir. Mükafatın təqdim olunduğu komandada əsas fiqurlardan biri də Azərbaycan alimi olur. Beləliklə, Bəxtiyar Siracov qrup halında da olsa, bu mükafata layiq görülən ilk və hələlik yeganə azərbaycanlı kimi tarixə düşür.

Vərqa Kələntərov - fizika-riyaziyyat elmləri doktoru, professordur. Yuxarıdakı həmkarlarından həm də vətəndə çalışdığı üçün fərqlənir. Türkiyənin Koç Universitetində matematik uzmanı kimi tanınan Kələntərov vətəndə Elmlər Akademiyasının Mexanika-Riyaziyyat İnstitutunda da fəaliyyətinə xitam verməyib.

Elman Həsənoğlu -1971-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini “Lenin təqaüdü” ilə bitirib. Ondan cəmi bir il sonra elmlər namizədi elmi dərəcəsini alıb. Sonradan Ukraynanın Xarkov Universitetində çalışan E.Həsənoğlu fizika-riyaziyyat və radiofizika üzrə sanbalı mütəxəssis kimi tanınır. 1991-ci ildə elə bu universitetdə doktorluq dərəcəsini qazanır. Hazırda qardaş ölkənin İşıq Universitetində fənn-ədəbiyyat fakültəsində matematik bölüm başqanı vəzifəsində çalışır.

Pərviz Əmiraslanov

- texnika elmləri doktoru, Volkswagen Avtomobil şirkətinin “Elmi-Tədqiqat və Texniki İnkişaf” idarəsində elmi şöbənin rəhbəri, Almaniya Mühəndislər Birliyinin həqiqi üzvü, 80-ə yaxın elmi məqalənin, 5 patentin və 2 kitabın müəllifidir. Tovuzun Sarıtala kəndində anadan olan alim Braunşvayq Texniki Universitetində Honorar olaraq tələbə və aspirantlar üçün mühazirələr verən, elmi seminarlar və kolloqiumlar təşkil edir.

Kamran Mahmudov

- Azərbaycanın ən gənc elmlər doktorlarından olan alim hazırda elmi fəaliyyətini Portuqaliyada davam etdirir. Mahmudov Kamran Talıb oğlu 01.01.1980-ci ildə Tovuz rayonunun Nəmxoş kəndində ziyalı ailəsində anadan olub. Bakı Dövlət Universitetinin Kimya fakültəsinin 2001-ci ildə bakalavr, 2003-cü ildə isə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. Ali məktəb tələbələri arasında keçirilən Respublika Olimpiadasında 1998-ci ildə 3-cü, 1999 və 2000-ci ildə 2-ci və 2001-ci ildə 1-ci yerin qalibi olub. 2003-cü ildə BDU-nun Analitik kimya ixtisası üzrə aspiranturasının əyani şöbəsinə qəbul olub. 2006-cı ildə “Diketonların aztörəmələrinin mis(II) ilə əmələ gətirdiyi komplekslərin tədqiqi və analitik tətbiqi” mövzusunda namizədlik dissertasiya işini müdafiə edərək fəlsəfə doktoru alimlik dərəcəsi alıb. 32 yaşında isə elmlər doktoru adına sahiblənib.

Həmdulla Mehrabov

- fizika sahəsində Yaponiyaya uzunmüddətli ezam olunan ilk və tək azərbaycanlı alimdir. Bu səfər çox uğurlu keçmiş, o, buradakı Tokio, Osaka, Kioto, Naqoya, Çukubo, Xirosima, Nara və digər şəhər universitetlərində və elmi-tədqiqat mərkəzlərində elmi araşdırmalar aparmağa nail olub. Bundan başqa, alim-master və doktor tələbələri üçün yüksək səviyyədə dərslər apararaq yaponiyalı həmkarlarının dərin hörmətini qazanıb. 1952-ci ildə Borçalı mahalında anadan olan professor hazırda fizika sahəsində dünyanın tanınan alimlərindən biri sayılır. 200-dən çox orijinal elmi məqalənin müəllifi olan alim öz fəaliyyəti sahəsində əldə etdiyi böyük nailiyyətlərə görə gizli səsvermə yolu ilə 2000-ci ildə dünya müsəlmanlarının akademiyası sayılan, İslam Dünyası Bilimler Akademiyasına həqiqi üzv seçilib;

Rəfail Əlizadə - 1956-cı ildə Cəbrayıl rayonunda anadan olub. 1978-ci ildə Moskva Dövlət Universitetinin Riyaziyyat və mexanika fakültəsini bitirdikdən sonra 1986-cı ilədək universitetdə elmi araçdırmaçı kimi çalışıb. 1990-cı ildən Bakı Dövlət Universitetində çalışıb, bu ali təhsil ocağının professoru olub. 1994-cü ildən Türkiyəyə gedərək İzmir Dokuz Eylül Universitetinin riyaziyyat bölümünün, 2001-ci ildən İzmir Texnologiya İnstitutunun eyni adlı bölümündə professor kimi çalışıb.

Elmin Nuri

# 3049 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
İlon Mask tarixə düşdü

İlon Mask tarixə düşdü

12:00 12 dekabr 2024
#
#
# # #