Bu günlərdə sosial şəbəkələrdə yazarlarımızın yazdığı fikirlər bir-birinin ardınca səs-küyə səbəb oldu.
Ədəbiyyatda gündəmə gələn yazarların bu qədər qınaq obyektinə çevrilməyinə necə baxırsınız? Yazarlarımız haqlıdır, yoxsa oxucularımız?
Aqşin Yenisey
Söhbət sosial şəbəkələrdəki vurçatlasından gedirsə, məncə, yazarlardan çox, oxucular gündəmə gəlmək istəyir. Sanki, oxucular arasında "kim daha istedadlı söydü" deyə bir yarış gedir cəmiyyətdə. Yəni bizim cəmiyyət də az aşın duzu deyil. Əslində, ölkədə ciddi müzakirə mühiti olsa, bu cür qarşıdrmalar daha rahat həll olunar. Mən bugünəcən qonağı olduğum hər hansı azərbaycanlının evində kitab rəfi görməmişəm, amma kimisə söymək xatirinə şablonlaşdırılmış bir şairi elə müdafiə edirlər ki, sanki, gecə-gündüz ədəbiyyat oxuyurlar. Azərbaycanda il ərizndə adambaşına neçə kitab düşür? Bunu müzakirə etsək, o söyüş söyənlərin heç birinin səsi çıxmayacaq. Və bu məsələ o qədər ucuz bir mövzudur ki, özümü əziyyətə salıb nümunə belə göstərmək istəmirəm. Kəramət Böyükçölün Xəlil Rza ilə bağlı məlum statusuna gəldikdə isə, Əlbəttə, o cür şairlərə ədəbiyyatın yox, vətənin həmişə ehtiyacı var.
Şəhriyar Del Gerani
Səd-əfsus, Kəramət ciddi ədəbiyyatla tanış deyil hələ də. Belə deyək, Kəramətin ədəbiyyatda süd dişi hələ indi-indi çıxır. Onun ağrısını çəkir. Mən arzu edərdim Kəramət və digər gənc qələm dostlarımız ədəbiyyatla məşğul olmasınlar, ədəbiyyatla yaşasınlar. Ədəbiyyatla məşğul olmaq adamları sarsaq yerlərə aparıb çıxarır. "Gəl gedək bağa, mən də-mən də. Çıxaq budağa, mən də-mən də" janrından "Bir gün bir kitab oxudum, bütün həyatım dəyişdi"-yə keçməyi diləyirəm hamısına. O ki qaldı oxucunun yazara adekvatlığına. Oxucu bütün məqamlarda şairinə, yazıçısına adekvatdır. Şəxsən mən, belə görmüşəm. Qeyri-adekvat olanlar isə, oxucu deyillər, boş qazanda danqıltı salan çömçə misali sosial şəbəkə mətbəxində vaxtöldürənlərdir. O adamlar tərcümeyi-hallarını yaza bilməyən, mal-qara hesabına kafi alan bakalavr yığınıdır. Oxucu olmaq başqa əxlaqdır. Oxucu - oxuduğu mətnlərin mətləbinə varan, o həqiqətləri həyat tərzinə çevirən adamdır. Nə çoxdur ətrafımızda "Qoca və dəniz"i oxuyub meşşanlığa davam edənlər...
Ayxan Ayvaz
Bizim cəmiyyət siz dediyiniz məsələyə adekvatdır. Həmişə ciddi yazının tərəfdarı olduğunu desə də mahiyyətcə şouya meyllidir. Mən hələ də ciddi bir yazının ölkədə gündəm olduğunu görməmişəm. Belə bir şeyin mümkün olmayacağını da dəqiq bilirəm. İstəyirsən, şedevr yaz, xeyri yoxdur. Xəbər tutan olmayacaq. Problem odur ki, bizdə həqiqi oxucu barmaqla sayılacaq qədərdir. Kitab oxucusundan söhbət gedir. Mən sosial şəbəkələrdə gecələyənləri oxucu hesab etmirəm. Bir dəfə demişdim bu haqda. Gündəm yarada bilən yazıçının həm də ortada mətni olur. Siz heç ortada mətni olmayan, amma gündəm yarada bilən yazıçı görmüsünüz? Şəxsən mən rastlaşmamışam. Bizim ölkə çox balacadı, yaza bilən nə qədər istəsən var, amma yarada bilən imzaları azdı. Məhz o imzalar sayəsində də ədəbiyyatımız yaranır. Sadəcə buna adekvat cəmiyyət yoxdur. Bəzən gündəmi də ona görə yaradırıq ki, insanlar ədəbiyyatı, özümüzü, yazarları yadlarına salsınlar. Və mən burda qəbahət heç nə görmürəm. Çünki yenə də təkrarlayıram: gündəm yarada bilənlərin hamısının ortada yaradıcılığı var. İnanmayan, gedib baxa bilər.
Emin Piri
Ədəbiyyat adamların gündəmə gəlməsi sıradan bir hadisə deyil, ədəbiyyatın, ədəbiyyat adamlarının cəmiyyətə təsir etmə gücünü göstərir. Toxunulmaz, haqqında danışılmayacaq mövzu yoxdur. Amma toxunacağın nəsnələrin də həssaslığı nəzərə almalısan. Son günlər bir neçə gəncin söyülməsi bəzi yazarları sevindirsə də yanlış sevincdi. Çünki cəmiyyətdə yazarları söymək vərdişi yaradır. Bu həm həmin yazarların səhvidi, həm də oxucuların söyüşlərinə bığarası gülən digər yazarların. İxtisasım olduğundan gündəmə gəlmək mövzularını məsləhət verə bilərəm. Amma hər həssas mövzudan gündəm qayırmaq oxucu tərəfindən düzəldilməyə çalışılır. Bu da iyrənc tamaşaya çevrilir
Aydın Xan Əbilov
Tarixən də belə olub, indinin ozündə də: Nəsiminin dərisini soyanlar oz qızlarını şahların, xanları n yatağına salmaqda qürur duyurdular, baxmayaraq ki, sız yarası qilinc yarasından çox tarixdə uzunömürlü olur... Xatırlayıram indi zindanda olan nazirlərdən biri İrəvandakı tədbirlərdən sonra restoranda keçirilən zitafətdə qol açıb rəqs edəndə cəmiyyətin pafoslu qrupları ağzına su aldı, yaxud xalq diplomatiyası çərçıvəsində ermənilərlə münasibət quranlara dinməyənlər, heç adicə JEK müdirinə söz qaytarmaya ürək etməyənlər yazıçını, şairi hansısa fikrinə görə parçalamağa hazırdılar... Problemi cəmiyyətimizin şüuru aşağı olan qeyri-sivil insanlarımızda axtarmaq lazımdır...
Ulucay Akif
Bu məni də çox narahat edən mövzulardan biridir və bu məsələdə tamamilə yazarların yanındayam. Çünki oxucular yazarların ciddi yazılarına yox, ancaq bu cür fikirlərinə reaksiya bildirirlər. Yəni, oxucular daha çox mənfi fikirlər bildirməyə canfəşanlıq edirlər. Yazıçılara oxucuların reaksiyası vacibdir deyə mənfi də olsa, reaksiya görəcək yazılar yazırlar. Oxucuların yazıçıya "Mikayıl Müşfiq, Mirzə Ələkbər Sabir də şairdir sən də!?" tipli reaksiyaları daha çox qıcıqlandırır. Soruşsan nə Müşfiqin, nə Sabirin 2-3 şeirinin adını çəkə bilməzlər, amma bu cür sözlərlə müasir yazarları aşağılamağa çalışırlar. Oxucuların yazıçılara bu cür aqressiyasını anlamıram, amma onu deyə bilərəm ki, oxucuların intellektual səviyyəsinin aşağı olması və ümumiyyətlə oxucu adlandıracağımız insanların çox az olması bu cür hallara gətirib çıxarır.
Cavid Zeynallı
Gündəmə gəlmək üçün olunan bütün cəhdlərə qeyri-ciddi yanaşıram, oxucuların reaksiyasına gülürəm. Çünki çox bekar və sadəlövhdürlər. Böyük mənada maraqlanmıram. Çünki işlərim çoxdur, məni daha çox yazı ilə bağlı planlar düşündürür./adalet.az/