İngiltərədə yaşayan azərbaycanlı şair: “Gizli təşkilat yaratmışdıq” - Müsahibə

İngiltərədə yaşayan azərbaycanlı şair: “Gizli təşkilat yaratmışdıq” - Müsahibə
13 noyabr 2019
# 08:55

Kulis.az İngiltərədə yaşayan şair, tərcüməçi Rauf Qaraişıqla müsahibəni təqdim edir.

- İlk olaraq, təxəllüsünüzdən başlamaq istəyirəm. Maraqlıdır, həm qara, həm də işıq...

- Təxəllüsü götürəndə çox cavan idim. Qədimdə türklər qara sözünü böyük mənasında işlədirdilər. Sonradan fikirləşdim ki, Qarabağ sözü elə ordan gəlir. “Böyükbağ”. Sonra düşündüm, Qara dənizə niyə bütün dünya Qara dəniz deyir, əslində orda qara heç nə yoxdur. Rəng baxımından deyirəm. Məsələn, Sarı dəniz sarıya çalır, Qırmızı dəniz qırmızıya çalır, Ağ dəniz ağa çalır. İngilis dilindən Black Sea, alman dilində də Qara dəniz deyirlər. Bu o deməkdir ki, türk dilindən tərcümə ediblər. İlk adı elə türkcə olub. Dəniz bizim olub, biz də ad qoymuşuq.

İstəsən, qaranlıqda da işıq axtarmaq olar. Görmək işıqla bağlı bir şeydir. Yəni işıq olmazsa sən görməzsən. Amma insan qaranlıqda da görür.

- Yaradıcı insan işıqla daha çox bağlıdır.

- İşıq olmasa yarada bilməzsən. O işığın çoxluğu enerjinin bolluğundandır. O enerji də imana bağlı bir şeydir. Yaradana və onun yaratdıqlarına olan sevgidən irəli gəlir.

- İmanlısınız?

- Təbii. Dinlə çox məşğul olmuşam. Sovet dövründə hind fəlsəfəsinə marağım vardı.

- Buddizmə?

- Bəli. Çünki, elmlə məşğul olurdum. O da sənə təlqin edir ki, bir şey öyrənmək istəyirsənsə, kökündən başla. Din olaraq, təlim olaraq hər şeyin kökü gedib çıxır hind fəlsəfəsinə. Ateizm dövrü idi o vaxtlar. Sonra keçdim Tövrata. Daha sonra İncilə. Lap axırda Quranı oxudum. Quranı oxuyanda bildim burda hamısı var.

- Neçə dəfə oxumusunuz?

- Düz 5 dəfə oxumuşam. Qurandakı ayinləri, sözləri başqa sahələrlə əlaqələndirib başa düşməyə çalışmışam.

- Quran digər müqəddəs kitablardan nəylə fərqləndi?

- Quran ən mükəmməlidir. Namaz qılmışam. Namaza başlayanda 3 gün yemək yemədim.

- Niyə?

- Bilmirəm. Namaz qıldığım o üç gün içində ayağım yerə dəymirdi. Elə bilirdim, uçurdum. Ayaqlarımı hiss etmirdim. Küçəylə gəzəndə elə bilirdim uçuram. Bu dərəcədə. Enerjinin gücüdür bu.

- Sumqayıtda doğulmusunuz. Amma əsliniz Cəbrayıldandır. Cəbrayıl deyəndə ağlıma Vaqif Bayatlı gəlir...

- Vaqiflə tanışlığım var. Çox görüşlərimiz olub.

- Kim tanış edib sizi?

- Tərcüməçi Tehran Vəliyev.

- Tehran müəllimlə həm də qohumsunuz...

- Bəli. Atamın xalası oğludur. Mən ona o vaxt böyük qardaş kimi baxırdım. Ədəbi mühitlə məni Tehran müəllim tanış edib.

- Kimlərlə?

- Ramiz Rövşən, Vaqif Bayatlı, mərhum filosofumuz, dilçi Aydın Məmmədov, Kamil Vəli Nərimanoğlu. Tehran məni filarmoniyanın bağına aparar, orda yazıçı, şairlərlə tanış edərdi. Onda tələbə idim.

- Vaqif Bayatlı ilə dostluğunuz olub?

- Xeyr. Təkbətək görüşümüz olmayıb.

- Sumqayıt şəhərinin yaradıcılığınızda necə rolu olub? Bakı ilə fərqlənir hər halda. Bakı səs-küylü şəhərdir. Sumqayıtda sakitlik, nostalgiya var.

- Şair kimi deyə bilmərəm. Mən özümü şair saymıram.

- Amma şeirlər yazırsınız...

- Mən şair deyiləm. Şair işləmirəm. Bizim ölkədə bir nəfər şair işləyir (gülür).

- O necə olur?

- İbrahim İlyaslı şair işləyir. Biz ona Sumqayıtda elə deyirik. Dostumuzdu. Poeziya evinin direktorudur. Poeziya klubu bəlkə dünyada yeganə Sumqayıtdadır. Mən bilən, başqa heç yerdə yoxdur. İbrahim 30 ildir oranın müdiridir. Bilirsiniz, mən yüzlərlə şəhər gəzmişəm, Sumqayıt mənim üçün çox doğma şəhərdir. Ona görə yox ki, orda doğulmuşam. Ona görə ki, o şəhəri tikənlərdən biri də atam olub.

- Atanızın peşəsi nə olub?

- Atam, tikinti idarəsinin rəisi olub. O dövrdə ən tanınmış inşaatçılardan biri idi. Böyük sənaye obyektləri, kimya zavodları tikirdi. Biz atamızın üzünü görməzdik. Yuxudan durmamış atam işinin dalınca gedərdi. Biz yatandan sonra evə gələrdi. Ona görə bir az sərbəst böyümüşük. Həm də atam demokratik ruhlu adam olub.

Sumqayıtda mühit tamam başqadır. Cavan şəhərdir. Sumqayıt məndən 10 yaş böyükdür. Həmişə gələndə deyirəm, abi, mən gəldim (gülür). İnsan münasibətləri də fərqlidir burda. Heç bir şəhərlə müqayisə oluna bilməz. Sumqayıt sıfırdan qurulub. Səhra, qumluq olub. Bakı mənim üçün doğma deyil. Sumqayıtsız qalanda darıxıram.

- Rauf müəllim, həm alimsiz, həm tərcüməçi, həm də şeir yazırsız. Üstəlik, özünüzü şair hesab etmədiyinizi dediniz.

- Əgər siz mənə desəniz, şair olmaq nə deməkdir, yəni, kriteriyaları nədir, özümdə yoxlayaram, görüm, hansı mənə uyğun gəlir.

- Bir var şair doğulanlar, bir var sonradan şair olanlar, yəni şeir yazanlar. Siz hansı qrupa aidsiniz?

- Bu fikirlə razı deyiləm. Uşaq vaxtından şeir yazmağa başlamışam. Mən, mən deməkdən xoşum gəlmir. Azərbaycan publikasının mən, mən deyəndən xoşu gəlmir. Bunları yaxşı bilirəm. Amma biz ümumiyyətlə həqiqəti deməyə utanırıq. Biz çox şeydən utanırıq. Millət olaraq çox komplekslərimiz var. Bilirsiniz, necədir, qəlbinə gələni gərək bəyan edəsən. İnsanlığın borclarından biri də budur. Allah sənə yazmaq istedadı veribsə, yazmalısan. Nəyə görə, kimə görə yazmalısan, bu, beşinci məsələdir. Yaradanın sənə qoyduğu vəzifələrdən biridir. Mən də yazmışam. Özüm üçün yazmışam. Heç vaxt çap olunmağa can atmamışam.

- Niyə, müəllim?

- Çünki əlimdə işlərim vardı. Paralel olaraq elmi yazılar yazırdım, elmi ixtiralar edirdim.

- Nə kimi ixtiralarınız var?

- İxtiralarımın əksəriyyəti metallurgiya ilə bağlıdır. Tibb sahəsində də ixtiralarım var, parapsixologiya sahəsində də. Ancaq təsdiqlənməyib.

- Maraqlıdır, necə bir nəzəriyyədir? Bəlkə elmi olmadığına görə təsdiq olunmayıb?

- Xeyr, elmidir. Patent almaq uzun sürən prosesdir. Həm də çox vəsait tələb edir. Son 20 ildə parapsixologiya ilə məşğulam.

- Parapsixologiya mistika ilə bağlıdır.

- Nəyi ki, izah edə bilmirik, ona deyirik, metafizika. Nə təsdiq olunub ki? Belə, pis çıxmasın, alimlərin təsdiq etdiyi istənilən nəzəriyyəni alt-üst edərəm.

- Axı nədir bu elmi ixtiranız? Heç olmasa qısaca deyin.

- Qısaca deyim. Bizim dünya, insan, canlılar, atom quruluşu, su, hava, planetlər və ilaxır haqda təsəvvürümüz köklü surətdə səhvdir. İndiyə qədər bizə öyrədilənlər yanlışdır. O deyil yəni. Tam başqa bir şeydir.

- Və bunun alternativini siz tapmısınız...

- Xeyr. Mən heç nə tapmamışam (gülür). Sadəcə müşahidəçiyəm. Gördüyüm tam başqa bir şeydir.

- Nədi gördüyünüz?

- (Gülür) Bilirsiniz, nəyə gülürəm? Elə sirlər var, onları açmaq olmaz. Nəsiminin dərisini ona görə soydular ki, sirri faş elədi. O dövrdə açmaq olmazdı sirri.

- Siz də qorxursunuz ki, Nəsimi kimi dəriniz soyular?

- Ümumiyyətlə, heç nədən qorxan adam deyiləm. Allahdan başqa heç nədən qorxmuram. Nəsimi indi o sözü desəydi yenə soyardılar. 650 il keçsə belə.

- Kimlər?

- Dindarlar. Mən Allaham dedi Nəsimi. Yəni, Allahın bir parçası, ruhu... Sadə həqiqətlər var. Nəsimi deyir, Allah məni yaradıb, ruhundan bir zərrə üfürüb, deməli, mən onun bir parçasıyam. Deməli, mən Allaham da. Məntiq bunu deyir.

- Deməli, siz də öz həqiqətinizi deyə bilməzsiniz.

- İfadə edə bilmərəm.

- Rauf müəllim, hazırda İngiltərədə yaşayırsınız. İngilis dilini necə öyrəndiniz? Ədəbiyyatları, mədəniyyətləri ilə maraqlanırsınız?

- Müxtəlif şəhərlərdə yaşamışam. Dəniz olmayan şəhərlərdə yaşaya bilmirəm. Hazırda Sauthemptonda yaşayıram. Orda da dəniz var.

- Yəqin bu dəniz məsələsi Sumqayıtla bağlıdır.

- Əlbəttə. Uşaq vaxtlarından ingilis dilini öyrənmişəm. Tərcümələr edirdim, kitablar oxuyurdum. Çalışırdım, dili diri saxlayam. İngiltərədə yaşayandan, mühitə alışandan sonra dili daha da inkişaf etdirdim. Uşaqlarımın hər biri 8-9 dil bilir.

- Evdə ingilis dilində danışırsınız?

- Xeyr. Azərbaycan dilində danışmışıq həmişə.

- Bəs ingilis dilində şeir yazırsınız?

- Arabir yazıram. İngilis dilində şeirlərim var.

- Çap etməmisiniz?

- Yox. İşlərimə görə başım çox qarışıq oldu. Texnoloji işlərlə məşğulam. Çox vaxt aparır.

- Tərcümələrdən danışaq bir az da. İngilis dilindən öz dilimizə uyğunlaşdırdığınız hekayələr var. Azərbaycan tərcüməçilərini əksərən tənqid edirlər. Tənqidlərə münasibətiniz necədir?

- Çoxlu hekayələr tərcümə etmişəm. Mən gərək tərcümə olunan əsəri ingilis dilində oxuyam, sonra Azərbaycancasını tutuşduram. Onda biləcəm ki, necə tərcümədi. Çünki ingilislərdəki deyimlər hətta amerikalılardan da fərqlidir. Amerikalı və ingilis yazıçılarının yazdığı cümlə eyni dildədir də, ancaq siz tərcümə edirsinizsə, bilməlisiniz ki, o söz başqa cür səslənəcək. Əgər müəllif ingilisdirsə, o, başqa şey deyir orda. Baxmayaraq ki, sözlərin şəkli eynidir. Bu bir. İkincisi, bəzən yazını oxuyub qurtarmamış, başdan başlayıb cümlə-cümlə tərcümə edirlər. Onu düzgün saymıram. Sən kitabı axıra qədər oxumalı, tam mənimsəməlisən, bir az düşünməlisən...

- Bədii təfəkkürə də ehtiyac var.

- Əsəri həzm eləməlisən. Ondan sonra tərcümə etməlisən. Hekayələri bu cür tərcümə edirəm. Rus dilindən şeir tərcümə edirəm. Nə az, nə çox düz 30 ildir tərcümə edirəm. Moskvada oxuduğum vaxtlarda oxumuşdum o şeirləri.

- Hansı şair idi?

- Leonid Qubanov. Azərbaycan oxucusu üçün tanış şair deyil. Hesab edirəm ki, ilk dəfə o şairin şeirlərini Azərbaycan dilinə mən tərcümə etmişəm. Çox çətin bir dildə yazıb. Mən onun şeirlərini tərcümə edə bilmirdim. Elə sözlər var, tərcüməyə gəlmir.

- Belə bir söz var: şeir tərcüməyə gəlmir.

- Baxır tərcüməçiyə.

- İngilis dili, rus dili, alman dili... Başqa hansı dilləri bilirsiniz?

- Alman dilini bilmirəm. Bir az ispanca, bir az da farsa bilirəm.

- Hansı daha poetik dildir?

- Fars dili. Bu dilin musiqisi də başqa cürdür. Poeziyanın musiqisi desələr hansı dildədir, deyərdim, fars dilində.

- 80-ci illər ədəbi nəslindənsiniz. Bu nəsli çox vaxt itmiş nəsil hesab edirlər. O dövrdən istəyərdim bir az danışaq...

- Sumqayıtda ədəbi dərnək yaratmışdıq. Əvvəl dərnək idi, sonra cəmiyyət şəklini aldı. Komsomolun nəzdində yaratmışdıq, böyük zəhmətlər hesabına. Milli Azadlıq hərəkatındakı işlərimizi də dərnəkdə apardıq. Guya şeir deməyə toplanırdıq.

- İnqilab etmək istəyirdiniz?

- Siyasi quruluşu dəyişmək istəyirdik. İşimizi gördük, çıxdıq azadlığa. Bizim nəsil çox şey itirdi. O dövrdə böyük bizneslərim vardı. Biz gizli təşkilat yaratmışdıq. O təşkilatın hesabına Milli Azadlıq hərəkatına istənilən köməyi etdik. Ona görə bizim adımız heç yerdə yoxdur və olmayacaq yəqin.

- AYB-yə üzv idiniz?

- Yazıçılar Birliyinə bizi qəbul elədilər, təxminən 5-6 nəfər idik.

- Kimlər idi?

- İbrahim İlyaslı, Əyyub Qiyas... Səhv eləmirəmsə, 1998-ci il idi. Bizi Anar qəbul elədi. Sonra mən üzvlükdən imtina etdim.

- Niyə?

- Hüseyn Cavidlə Mikayıl Müşfiq məsələlərinə görə. Açıq şəkildə elan elədim ki, Yazıçılar İttifaqı onları repressiya etdiyinə görə, üzvlükdən imtina edirəm.

- AYB-nin indiki işlərindən, fəaliyyətindən necə razısınızmı? Anarın sədr kimi qalmağına münasibətiniz necədir?

- Yaşın rolu yoxdur. Yaş söhbəti Azərbaycanda aktualdır. İnsan 90 yaşında da yüz faiz məhsuldarlıqla işləyə bilər. Yaş məsələsi deyil. Sən nə iş görürsən məsələsidir. Nə qədər iş görürsən və insanlar nə qədər fayda görür, məsələ budur.

Bilirsiniz, ədəbiyyat sahəsində işləmirəm, ümumiyyətlə ədəbiyyatdan uzağam. Hərdən şeir yazıram, hərdən hardasa çap olunur. Mənim bu məsləyə qiymət verməyim etik cəhətdən düzgün olmazdı. Əslində, mən AYB-ni yararsız hesab edirəm. Lazımsız bir şeydir. Sovetdən qalma, köhnəlmiş bir yerdir. Ondansa ədəbi klublar yaratmaq olar. Məsələn, modernistlər, klassiklər, postmodernistlər hərəsi bir klub yarada bilər. Bu daha gözəl olar.

- Şeirlərinizdə vətən həsrəti, sentimentallıq və kədər duyulur...

- Adamı sındıran kədər deyil.

- Neçə şeir kitabınız işıq üzü görüb?

- 2015-ci ildə bir şeir kitabım çıxıb. “77” adlanır. Öz istəyimlə çap olunmadı. Övladlarım məcbur etdi. Mən də söz verdim onlara. İstəyirdim yüz şeirimi çap edim. Yığıb topladım şeirləri. İki il çəkdi onları toplamaq.

- Niyə bu qədər gec?

- Çünki, hərəsini bir kağızda yazmışdım. Onları tapmaq vaxt aldı. Cəmi 77 şeir seçə bildim. Kitab hazır idi. Getdim çayxanada adını düşünməyə. Məsuliyyətli andır. Kitaba ad seçmək asan iş deyil. Vərəqləməyə başladım şeirləri. Axırda şeirləri saydım. Gördüm, 77 şeir var. Elə adını da belə qoydum.

- Kitabın üz qabığı da təxəllüsünüzə yaxındır. Qara rəngin və işığın sintezi...

- Mən uşaq olanda bir dəfə günəş tutulması hadisəsi baş verdi. Uşaqlar dedi, ona daha gözəl baxmaq olar. Ocaq qaladılar. Balaca şüşələr yığmışdıq. Şüşələri hisə verdik. Oldu zil qara. Dedilər açıq gözlə baxsan gözün kor olar, belə baxmalısan. Hisə verilmiş şüşəylə baxdıq. Qara örtük görünürdü. Amma biz işığı gördük.

- Bu hadisə yaddaşınızda qalıb.

- Bəli. Elədir. İşığın keçmədiyi şey yoxdur. Yəni işığın, sevginin, imanın həyatda deşib keçmədiyi heç nə yoxdur.

- Esselər, hekayələr də yazırsınız...

- Çoxlu hekayələrim çap olunub.

- Bir kitablıq var?

- Var. Əyyub Qiyas deyir, hekayələri çap elə. Keçən ildən deyib. Söz vermişəm. Verdiyim sözü gərək tutam.

- Deməli, növbəti kitabınız hekayələr olacaq...

- Bilmirəm. 20 ildir hekayə yazmıram.

# 10311 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
# # #