Rəsulzadənin çimərlik fotosu – Vahid Qazi yazır…

Rəsulzadənin çimərlik fotosu – <span style="color:red;">Vahid Qazi yazır…
10 noyabr 2017
# 21:00

Söz vaxtına çəkər, 2013-cü ilin bir soyuq noyabr axşamıydı. Praqa hotellərinin birində otağıma çəkilib televizorda baxmağa veriliş gəzirdim. Pultla kanalları çevirir, dünyanın neçə dilində yayımlanan TV-ləri bir-bir ötürürdüm.

Erməni kanalına rastlayanda əl saxladım. Ermənicə bir şey anlamasam da görüntülərdən, tez-tez qulağım çalan tanış sözlərdən başa düşdüm ki, bu, Kaliforniyadan yayımlanan erməni televiziyasıdı – Qarabağa yardım telemarafonu keçirir.

Dünyanın dörd bir yanından ekranda nümayiş olunan hesaba pul köçürən ermənilərin adı, yolladıqları pulun miqdarı titrlərdə dəvə karvanı kimi aramla gedirdi. Aparıcıların hay-küylü səsi fonunda Qarabağdan göstərilən süjetlər məndə ətürpədən qəribə duyğular yaradırdı.

Gohar Antonyan – 10 dollar, Arakel Aydınian – 200 dollar, Clar Shirvanian – 50 dollar.

Neçə yüz kanal içində baxmağa bundan maraqlı veriliş tapmadım!

***

Dilqəm Əhmədin “Mühacirlərin dönüşü” kitabının sorağını çoxdan almışdım. Saytlarda, sosial şəbəkələrdə tez-tez haqqında xoş rəylər oxuyurdum. Dilqəm bəyin cümhuriyyətimizi qurmuş insanların xarici ölkələrdə şəxsi arxivlərdə qalan sənədlərini topladığını bilirdim. Müxtəlif adamların arxivindən tariximizin bir parçası olan məktub, foto, açıqca, cürbəcür sənədləri pulla aldığını, bunun üçün hətta bankdan kredit götürdüyünü də eşitmişdim. Bu işin gənc bir tələbə üçün nə qədər ağır olduğunu başa düşürdüm.

Onunla yazışmalarda öyrəndim ki, kitabın II cildini nəşrə hazırlayır. Bəzi arxiv sənədlərinin yerini eləyib, almaq istəiyr.

“6 məqalə yazılıb. 28 Maya qədər – cümhuriyyətin 100 illiyinədək II cildi hazır edəcəyik. Satan adamdan demək olar ki, hər şeyi almışıq. Amma yenə də tapıb çıxarır. Ən son 1000 dollarlıq bir şeylər qalıb. Rəsulzadənin bir məktubu, bir ədəd də arxası imzalı çimərlik fotosudur. Miryaqub Mirmehdiyevin Rəsulzadəyə göndərdiyi imzalı fotosu, Gəncədə hərbçilərin şəklidir. Aralarında Xudadat bəy də var. Başqa bir neçə məktub, foto olmalıdır. Devalvasiyadan qabaq çox gözə görünmürdü. İnsanlarda pul da var idi. Nəşrlə bağlı problem olmurdu. “Teas” öz hesabına çap edir. Mənə də kitab və qonorar verir. Bizdəki şərtləri bilirsiniz”.

Bu yazışmalardan sonra Stokholmda yaşayan vətənpərvər dostlardan biriylə məsləhətləşib xüsusi bank hesabı açdım. Feysbukda qrup yaradıb “İsveçdə yaşayan azərbaycanlıların nəzərinə!” adlı müraciət paylaşdım. Müraciətdə bunları yazdım:

“İstiqlalımızın 100-cü ili ərəfəsində araşdırmaçı Dilqəm Əhmədin ”Mühacirlərin dönüşü” kitabının II cildinin nəşrinə yardım kampaniyası keçirilir. Yığılan vəsait xarici ölkələrdəki şəxsi arxiv materiallarının alınması və cildin nəşri üçün müəllifə veriləcək. 28 May 2018-ci il yubiley törənlərinin birində kitabın təqdimatı planlaşdırılır.

Vətənsevər soydaşlarımızı bunun üçün ayrıca açılmış bank hesabına 100-500 İsveç kronu köçürməyə dəvət edirik. İsveçdə yaşayan başqa soydaşlarımızı qrupa əlavə edə bilərsiniz.

Şərqdə ilk respublika qurmuş ata-babalarımızın mühacirət həyatını bilmək istəyirik. Tariximizə biganə deyilik!”

Bu yay uzunu fikir-xəyalım Qurucu Ataların – Cümhuriyyətimizi qurmuş insanların yanında olub, elə bilirəm, onların şərəfli, eyni zamanda məşəqqətli həyat yoluna film kimi baxmışam. Məni bu ovqata kökləyən ard-arda oxuduğum Cəmil Həsənlinin “Али Мардан-бек Топчибашев: жизнь за идею”, Arif Əliyevin “Yalama” kitablarından sonra Dilqəm Əhmədin “Mühacirlərin dönüşü” oldu.

Dilqəm bəylə yazışdığımız anlarda elə bilirdim ki, Məmməd Əmin Rəsulzadənin on illər boyu kiminsə evində qalan rəngi saralmış məktublarını oxuyur, şəkillərinə baxıram. Ağlımdan onları qoruyub saxlamış adamlara sayğımı bildirmək, eyni zamanda o məktub-fotoları alıb “gün işığına” çıxarmağa can atan Dilqəm bəyə yardım etmək keçirdi.

Arxiv sənədlərinə, köhnə şəkillərə, məktublara həssasam. Ağdam işğal olunanda ilk olaraq evimizin arxiv sənədləri olan balaca qara çamadanı çıxarmışdım. Sonrakı illərdə neçə evdən-evə köçəndə də birinci o balaca çamadanı daşımışam. İçində Ağdamdakı evimizin yüzillik “domovoy kniqa”sından tutmuş nənəmin kəbin kağızı, babamgilin Tiflis şəkilləri, atamgilin toy dəvətnaməsi, anamın cehiz gətirdiyi əşyaların siyahısınacan vardı.

Dilqəm bəyin sadaladığı o əşyalar da eləcə doğma gəldi mənə. Ona görə də elliklə topalaşıb bir iş görə bilərikmi deyə təcrübə etməyə qərar verdim. Dediyim müraciəti yazıb qrupda yaydım. Feysbuk qrupumuzun 75 nəfər üzvü oldu. Orada göstərilir ki, müraciəti 51 nəfər görüb.

Rəsmi İsveç statistikasına görə bu Skandinaviya ölkəsində 3 mindən çox azərbaycanlı yaşayır. Bilmirəm, müraciətimiz hər bir adama yetişsəydi neçə nəfər Cümhuriyyətin 100 yaşına həsr olunacaq kitaba pul ayırardı?!

Bu yazıda camaatımızı qınamaq deyil qəsdim. Ona qalsa, ən çox qınanası adam mən olmalıyam. “Bir kampaniyanı da düz əməlli təşkil edə bilmədin”, desəniz, razılaşıb susaram.

Bircə onu deyərəm ki, müraciəti oxumuş adamlara təzədən zəng edib, yazıb yada salmaq – “üz qaşımaq” bacara bilmədiyim işdi.

Görüb, oxuyub, məsləhət bilsə, qoşular deyə fikirləşdim. Odur ki, ikincə dəfə müraciət etmədim. Bəlkə də şəxsən zəng etsəm, xəbər yollasam onlarla adam həvəslə bu işə qoşulardı. Onda bu, mənim xahişimlə olacaqdı. Mənsə xahiş etmək yox, sadəcə məlumat vermək istəyirdim.

Bəlkə kimin üçünsə Rəsulzadənin, başqa cümhuriyyət qurucularının təzə tapılmış fotoları, məktubları olan bir kitabın nəşrinə vəsait toplanışı maraqsız, mənasız işdi. Amma əminəm ki, ən mənalı, ən vacib hesab etdiyimiz bir işin dalınca da elliklə gedən deyilik. Bu, pul-paraya bağlı deyil, fərdi adımıza (şöhrətimizə) imkanımızdan da artıq pul verərik, di gəl, kampaniyada iştiraka həvəssizik. Adımızın “…və başqaları”ının kölgəsində qalmasını istəmirik, bəlkə ona görə. Bilmirəm!

Zərdabinın azərbaycanlı balalara məktəb açmaq üçün Şuşaya getməsini – yaylağa çıxmış bəylərə ağız açmasını, əli ətəyindən uzun geri qayıtmasını, Abbas Səhhətin Sabirin “Hophopnamə”si üçün necə para toplamasını, bir erməni qadının xərcin əsas hissəsini ödəməsini diqqətli oxucular bilir. Bilməyən də özü tapıb oxuyar, uzatmıram.

…Dilqəm bəyin sadaladıqları arasında diqqətimi ən çox çəkən Rəsulzadənin çimərlik fotosu idi. Araşdırmaçı-kolleksioner dostumuz belə yazır mənə:

“Satan adam Rəsulzadənin çimərlik fotosunu 300 dollara deyir. Fotonu özüm görmüşəm, 10 x 15 ölçüdə balaca fotodu, arxasında imzası da var. Şəkil solğundu. Rəsulzadə şortdadır, sahildə dayanıb, üst geyimi yoxdur, sudan təzə çıxıb deyə saçları islaqdır”.

Müraciəti yaydığım ay yarım ərzində hesaba 1500 İsveç kronu toplandı. Cəmi 5 adam pul köçürmüşdü. Bank faizindən sonra Dilqəm bəyə 1350 kron, yəni 160 dollar göndərildi.

Kitabın nəşri, arxiv sənədlərinin alınması bir yana, bu pul Rəsulzadənin mənə görə ən məhrəm şəklini almağa yetmədi.

Dediyim odu ki, millət, xalq, dövlət adına könüllü, öztəşəbbüs iş görmək vərdişimiz, ənənəmiz yoxdu. Hər yerdə olduğu kimi bunda da fərdiyik, birgə işimiz alınmır.

“Tək əldən səs çıxmaz” doğrudanmı bizim atalar sözümüzdü?

***

Pult əlimdən düşəndə yuxudan ayıldım. Televizorda ermənilərin telemarafonu davam edirdi. Gözüm yığılan pula sataşdı – 3 milyonu keçmişdi.

Yastığı başımın altına çəkib təzədən yuxuya getdim.

9 noyabr, Bayraq günü

# 1927 dəfə oxunub

Oxşar xəbərlər

Dərdlərini özü ilə aparan azərbaycanlı aktrisa

Dərdlərini özü ilə aparan azərbaycanlı aktrisa

18:39 28 noyabr 2024
Xalq artisti kommunal borclara görə məhkəməyə verildi

Xalq artisti kommunal borclara görə məhkəməyə verildi

18:06 28 noyabr 2024
Axundov onu sui-qəsddən xilas etmişdi... – Həsən bəy Zərdabinin həyatından qeyri-adi faktlar

Axundov onu sui-qəsddən xilas etmişdi... – Həsən bəy Zərdabinin həyatından qeyri-adi faktlar

17:42 28 noyabr 2024
"Gənclərin roman müsabiqəsi - 2"nin qısa siyahısı açıqlandı

"Gənclərin roman müsabiqəsi - 2"nin qısa siyahısı açıqlandı

17:39 28 noyabr 2024
“Uzaq sahillərdə” bədii filmi Sloveniyada nümayiş edildi

“Uzaq sahillərdə” bədii filmi Sloveniyada nümayiş edildi

16:54 28 noyabr 2024
Ağadadaş Ağayev özünü təqsirli bilmədi - Məhkəmə

Ağadadaş Ağayev özünü təqsirli bilmədi - Məhkəmə

15:45 28 noyabr 2024
# # #