Rejissorluğumun qabağını ancaq ölümlə ala bilərlər-Vahid Mustafayev

Rejissorluğumun qabağını ancaq ölümlə ala bilərlər-Vahid Mustafayev
27 yanvar 2015
# 17:00

Kulis.Az ANS Şirkətlər Qrupunun prezidenti, kinorejissor Vahid Mustafayevin APA-ya müsahibəsini təqdim edir.


- Vahid müəllim, 2015-ci ildə ANS televiziyasında hansı dəyişiklik və yeniliklər gözlənilir?

- Ümumiyyətlə, televiziya mövsümü hər il sentyabr ayından başlayır. Keçən mövsümdən, 2014-cü ilin sentyabrından xəbərlər xidmətinə daha çox diqqət ayırmağa başlamışıq. Hazırda bizdə xəbərlər xidməti inkişafdadır. Bu, ANS-in yoludur. Çünki hamı bizdən xəbər gözləyir. Xəbər proqramlarının, xəbər proqramlarının yayımının da vaxtı artıb. Bu gün, yəni yanvar ayı üçün ANS-in yayımında xəbər proqramları ümumilikdə 52 faiz təşkil edir. May ayına qədər bu rəqəm 60 faiz təşkil edəcək.

- Hazırda Azərbaycan tamaşaçısı yerli telekanalları kəskin tənqid edir. Bu tənqidə rəvac verən ilkin səbəb kimi isə, telekanalların ucuz, bayağı şouya meyllənməsi göstərilir. Tənqidlər sizin telekanaldan da yan keçmir. Bu tənqidlərə münasibətiniz necədir?

- Napoleon Bonapartdan Vaterloo döyüşündən əvvəl soruşublar ki, qələbə çalmaq üçün vacib amillər nədir? Napoleon da üç amilin vacib olduğunu bildirib: Pul, pul və yenə də pul. Azərbaycan teleməkanında ən böyük problem puldur. Bu gün təəssüf hissi ilə bildirirəm ki, Gürcüstanda reklam qiymətləri Azərbaycanın reklam bazarından daha yüksəkdir. Amma daha çox o təəssüf doğurur ki, Ermənistanda da reklam qiymətləri Azərbaycanın reklam qiymətlərindən yuxarıdır. Baxmayaraq ki, bizim bugünkü iqtisadi imkanlarımız onlardan qat-qat üstündür. Media sahəsi tədris və maliyyə nöqteyi-nəzərdən özünün ağır günlərini yaşayır. Sözsüz ki, bu gün Azərbaycan tamaşaçısı demokratik bir ölkədə yaşadığından Türkiyə, Rusiya, Amerika, İngiltərə, Almaniya və digər ölkələrin telekanallarına baxa bilir və aradakı fərqi görür. Bu fərq nədən ibarətdir? Bu fərq ondan ibarətdir ki, bizdə reklamın bir saniyəsinin qiyməti məsələn, orta hesabla 10-15 manatdırsa, Rusiyada reklamın bir saniyəsinin qiyməti bizim pulla 45 min manatdır. Amma istifadə etdiyimiz avadanlıqlar eynidir. Yaxşı, belə olan təqdirdə, Azərbaycan telekanalları öz məhsullarını həmin səviyyədə, rəngarəng, keyfiyyətli və yüksək peşəkarlıqla necə təqdim edə bilsinlər? Bu işin maliyyə tərəfi. Keçək tədris məsələsinə. Bütün bu illər boyu bizim operator məktəbimiz olmayıb, indi də yoxdur. Rejissor məktəbimiz olmayıb, indi də yoxdur. Səs operatoru məktəbi yoxdur, olmayıb, heç indi də yoxdur. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin televiziya rejissorluğu üzrə təhsil alan əlaçı tələbələri işə dəvət etdik. Onlardan rəhbərləri olduqları tanınmış rejissorun çəkdiyi filmlərin adını soruşanda susub üzümüzə baxdılar. Dedilər ki, o, heç dərsə gəlməyib. Bunların hamısı böyük problemlərdir. Biz bu problemlərin qarşısını almaq, həm də özümüzə kadr hazırlamaq üçün yeddi il bundan qabaq ANS Media Akademiyasını yaratdıq. Altı ay ərzində jurnalist kadrları hazırlayırıq və onları işlə təmin edirik. Ancaq pulumuz bizə lazımi avadanlıq, təchizat, studiyalar yaratmağa imkan vermir ki, Azərbaycan tamaşaçıları üçün gözəl verilişlər hazırlayaq. Digər tərəfdən, aparıcılar üçün aktyor sənəti, nitq mədəniyyəti, davranış qaydalarını tədris edəcək bir təhsil ocağı da tapa bilmirik. Biz cənab prezident İlham Əliyevin dəstəyi ilə Azərbaycan Media Akademiyasını yaratmağa hazırlaşırıq. Bu il akademiyanın binasını inşa etməyə hazırlaşırıq, gələn ildən isə peşəkar kadrların hazırlığına başlayacağıq. Azərbaycan Media Akademiyasında Almaniya, ABŞ, Rusiya, İran və Türkiyədən olan professorlar dərs deyəcəklər. Burda həmçinin, operatorlar, səs rejissorları, montajçılar da hazırlanacaq.


- ANS-in Media Akademiyasının məzunu olub sizin televiziyada çalışan jurnalistlərin səviyyəsindən necə, razısınızmı?

- Bu gün bizim bütün mövcud ehtiyacımızı onlar ödəyir. Təsəvvür edin, vaxtında o akademiyanı yaratmasaydıq, indi kiminlə işləyəcəkdik? Bizim akademiyanı bitirənlər istehsalata tam hazırlıqlı gəlirlər. Onlar kamera işini də, işıq və səs işini də, kompyuter və suflyor proqramlarını da bilirlər. Biz onları öz vəsaitimiz hesabına öyrədirik. Amma buna baxmayaraq onları məcburi qaydada burda saxlamırıq. Tək ANS-də yox, bütün yerli telekanallarda bizim tələbələrimiz çalışır. İrandan, Rusiyadan, ABŞ-dan, İngiltərədən müəllimlər gətiririk. Tələbələrə özümüz də dərs keçirik. Bu 7 il ərzində 250-300 nəfərə yaxın məzun hazırlamışıq. Biz onları qaynar nöqtələrdə görürük. ABŞ və Türkiyədəki müxbirlərimiz bizim kursları bitirib.

- Belə bir fikir demişdiniz ki, cəmiyyəti televiziya qanunları ilə dəyişdirmək olmaz. Yenə də bu fikrinizin üzərində qalırsınız?

- Sovet vaxtından belə bir fikir formalaşıb ki, televiziya təbliğat vasitəsidir. Biz indi demokratik ölkədə yaşayırıq. Buna imkan verməməliyik ki, televiziya təbliğat aləti olsun. Biz istəsək də, istəməsək də cəmiyyətimizdə artıq formalaşmış mentalitet var. Və bunu ancaq televiziya formalaşdırmır. Cəmiyyətdəki vəziyyəti, abı-havanı insanlar görürlər və götürürlər. Televiziya isə sadəcə olaraq, bir növ cəmiyyətin aynasıdır. Məşhur bir ifadəni dəyişsək, hər bir tamaşaçı öz televiziyasına və yaxud da əksinə, hər bir televiziya öz tamaşaçısına layiqdir.

- Ötən il martın 14-də Milli Televiziya və Radio Şurasında ANS-də yayımlanan “Adam içində” verilişində milli-mənəvi dəyərlərə zidd, əxlaq normalarına uyğun olmayan mövzuların müzakirəyə çıxarılması, bununla bağlı süjetlərin yayımlanması müzakirə edilib və buna görə xəbərdarlıq elan edilib. Sizi süni reytinq qazanmaq cəhdində ittiham edirlər...

- Bu deyilən və qəbul edilən qərarların heç biri ilə razılaşmıram. Hansısa qanun varsa, onun açılışı olmalıdır. Bizdə milli-mənəvi dəyərlərin açılışı harada yazılıb? Nədir milli-mənəvi dəyərlər? Mən hansı sənədi oxuyub başa düşməliyəm ki, məhz milli-mənəvi dəyər nədir? İndi o şurada oturan 10 adam fikirləşir ki, milli-mənəvi dəyər budur və buna görə kimisə də cərimələyirlər. Allah onların canını sağ eləsin. Başqa bir qrup adam milli-mənəvi dəyərləri başqa cür, digər bir qrup tamam başqa cür qəbul edir. Bilirsiniz, bu bir az çətin məsələdir. Bunun üçün gərək “Milli-mənəvi dəyərlər nədir?” adlı ensiklopedik məlumat hazırlasınlar ki, bu da heç cür mümkün deyil. Palitra çox rəngarəngdir. Milli-mənəvi dəyərlər deyib bizi cərimə edirlər və biz də onları işgüzar nüfuzumuza xələl gətirdikləri üçün məhkəməyə verib uduruq. Yeri gəlmişkən, məhkəmə o xəbərdarlığı ləğv edib.


- Sizin təbirinizcə desək, informasiya müharibəsinin iştirakçısı olan ANS hazırkı durumda əvvəlki çevikliyini qoruyub saxlamağı bacara bilib?

- Əlbəttə... Kasıblığımıza baxmayaraq, Türkiyədə, İranda, ABŞ-da, Rusiyada, Gürcüstanda, ölkənin bütün regionlarında, Qarabağ bölgəsində müxbir məntəqələrimiz var. Lakin bu gün Qarabağda döyüşlər əvvəlki qaydada getmir. Genişmiqyaslı hərbi əməliyyatlar aparılmır. Sadəcə olaraq, bu və ya digər postda atışmalar olur ki, biz də çalışırıq ki, bunu birinci verək.


- “Qanlı yanvar” filminiz ictimaiyyətə təqdim olundu. Filmlə bağlı ilkin təəssüratınız necədir?

- Filmin ssenarisini mən yazmışam, özüm çəkmişəm, montaj etmişəm, çoxlu iş görmüşəm. Bu mənim üçün bir az fərqli bir şeydir. Tamaşaçı üçünsə tamam fərqli bir əsərdir. Burda əsas məqsədim gələcək nəsillərə, həm də bugünkü nəslə mesaj verməkdir ki, millətin baş verənlərdən xəbəri olsun. Bu filmi izləyən gənclər bilməlidirlər ki, bu gün onların yaşadıqları gözəl ölkə bizə nəyin bahasına başa gəlib. Bütün bunların hamısı elə-belə olmayıb. “Qanlı yanvar” filmində gözümün qabağında baş vermiş hadisələri çəkmişəm.

- Bir çox kino tənqidçiləri çəkdiyiniz seriallarda, filmlərdə sizi psevdopatriotizmdə ittiham edirlər...

- Vətənpərvərlik elə bir məfhumdur ki, o ya var, ya da yoxdur. Onun psevdosu olmur. Bəli, mən vətənpərvərəm. Fəxr edirəm ki, vətənpərvərəm. Mən öz filmlərimdə tanıdığım vətənpərvərləri göstərirəm. Əkrəm Əylisli də əsər yaradıb. Çox maraqlıdır, görəsən ona nə deyirlər? Mən həqiqətən başa düşmürəm ki, psevdopatriotizm nədir? Adam vətənini sevməlidir. Bundan sonra mənim yaradıcılığım belə olacaq. Məni ancaq öldürmək olar, başqa cür qabağımı ala bilməzlər (gülür).



- Filmdə türkiyəli aktrisa Nəbahət Çehrəyə rol ayırmağınız birmənalı qarşılanmayıb. Nəbahət Çehrəni filmə çəkməyi diqqət toplamaq üçün atılmış addım hesab etmək olar?

- Heç bir rejissor çəkilişə başlayanda öz filminin son nəticəsini bilmir. Ona görə də, belə ciddi məsələlərdə heç vaxt reklam hesablanmır. Biz bu filmə haradasa 700 min manat - 1 milyon manat həcmində pul xərcləmişik. Təxminən “Xoca”ya da o qədər pul xərcləmişdik. Yəni, biz xərclədiyimiz pulun yüzdə on faizini çıxartmırıq. Belə olan təqdirdə, biz öz məhsulumuzu necə reklama hesablaya bilərik? Sadəcə olaraq, Nəbahət Çehrə çox güclü aktrisadır və ana rolu üçün bir rejissor kimi onu seçdim. “Möhtəşəm Yüz il” serialında oynadığı ana rolu mənim çox xoşuma gəldi. Bizim də filmdə çox gözəl oynayıb. Demirəm ki, Azərbaycanda elə bir aktrisa yoxdur ki, onu oynaya bilsin. Bəlkə də var. Amma o aktrisanı mən tanımıram. Bu filmdə mən həm də özüm üçün bir çox sualların cavabını tapdım. Müstəqilliyin qiyməti nədir? Müstəqillik üçün nə qədər qan tökmək olar? İkinci, bir ana iki oğul böyüdür. Necə olur ki, bir oğul bir, o biri oğul başqa düşərgənin tərəfindədir?!. Və belə olan anda ananın, onun oğullarının məsuliyyəti nədir? Üçüncü, savaşan hər iki tərəfin özünün həqiqəti var. Filmdə hər iki tərəfin həqiqətləri göstərilir. Və sonuncu sual, bu artıq bəşəri sualdır. Silah olan yerdə hansı ədalətdən danışmaq olar? Bu suallara cavab tapmağa çalışmışam, tapmışam və göstərmişəm. Biz 25 ildir qurbanlara baş əyirik, amma bilmirik ki, şəhidlər kimdir, kim vuruşub, kim neçə adam öldürüb. Biz indi bunları göstəririk, insanlar çaşıb qalır. Bu film dövlət büdcəsindən bir qəpik də götürməyib, heç kimə bir pisliyi yoxdur. Əgər 5 nəfər yeniyetmə bu filmə baxıb vətənpərvər ruhda böyüyəcəksə, bunun nəyi pisdi ki?!

# 2398 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
# # #