Anarla Rasim Qaracanın maşın davası - İNANILMAZ

Anarla Rasim Qaracanın maşın davası - <span style="color:red;">İNANILMAZ
13 iyun 2017
# 13:09

Kulis.az “Yazarlar “Maşın şou”da” məzhəkəsini təqdim edir.

“Maşın” şou gedir. İştirakçılar tanınmış yazıçı və şairlərimizdir.

Aparıcı kim olsa yaxşıdır? Bizim toppuş, Murad Dadaşovdan da toppuş Cəlil Cavanşir.

Maşından əllərini çəkməyən yazarlarımız qəzəblə bir-birilərinə baxırlar...

Bu maşın kimə qismət olacaq? Kim bilir? Ancaq kamera onların danışığını çəkməkdədir. Yoxsa bu yazının müəllifinin maşında-filan gözü yoxdur.

Aqşin Yenisey düşüncəli halda:

- Gəlin mərcə girək, kim şeir yaza bilməsə əlini maşından çəksin.

Əsəd Cahangir:

- Mən mahnı yazmışam, oxuyum? “Maşın nananay...”

Şəhriyar Del Gerani:

- Sən mahnının linkini göndər qol qaldırıb oynayaq.

Əsəd Cahangir:

- Əzizim, bu sənin üçün “Ləzginka” deyil.

Azad Qaradərəli:

- Mən bu dəqiqə hekayə yazaram. Bu dəqiqə... Siz də yazın, “Yazı”da çap edərəm. Uduzanları da çap edərəm. Hətta əsasən uduzanları çap edərəm. Udanları onsuz da “Azərbaycan”, “Ulduz” çap edəcək.

Şəhriyar Del Gerani:

- Mən uddum, udmadım çap problemim yoxdur. Facebookdakı layklarım “Udluz”un tirajından çoxdur.

Azad Qaradərəli:

- Mənə layk gəlmir. Yəqin burda da səs verən olmayacaq. Əlimin duzu yoxdur. Bilirəm. Amma Anara inad dirəşmişəm. Təki qanı qaralsın, şəkəri qalxsın. Əlini maşından çəksin.

Anar müəllim diksinir:

- Kim idi adımı çəkən? Nə deyirdi? Elə bil qurultay sözünü eşitdim?

Qəşəm Nəcəfzadə:

- Fikir verməyin Anar müəllim. Min beş yüz nəfər imzalı təklif vermişik “Elmlər Akademiya”sına, qurultay sözünü leksikonumuzdan çıxaracaqlar. Burda da hamımız əllərimizi sizin xeyrinizə maşından geri çəkəcəyik.

Anar müəllim:

- Qəti elə şey eləməyin (Qəlyanının tüstülü ucuyla Seymur Baycanı və Rasim Qaracanı göstərir). Görmürsən ətraf düşmənlə doludur. Bəs Rəşad Məcid hanı? Təqaüd verdiyimiz gənclər gözə dəymir.

Əsəd Cahangir:

- Rəşad müəllimi dəvət etdik, dedi, mənə maşın-zad lazım deyil. Varımdır.

Anar müəllim:

- Guya mənim yoxdur? Bura ona görə gəlmişəm ki, maşını AYO-çular almasın. Lap Dayandur alsın, amma AYO-çular almasın.

Murad Köhnəqala:

- Rasim, maşından əlini çək, sən ona layiq deyilsən!

Şəhriyar del Gerani:

- Şeir də yaza bilmirsən!

Rasim Qaraca

- İkilikdə “ustad” deyirsən...

Murad Köhnəqala:

- Sənnən məzələnib də...

Kəramət Böyükçöl:

- Rasim, sənin tərəfinə keçmək sərf eləmir e... AYO dağılıb. Perspektiv yox. Heyf deyil Anar. Təqaüd var, vəzifə var.

Anar müəllim:

- Bəli. Görürəm, Qəşəmin oğlu artıq düzəlib.

Murad Köhnəqala:

- Mən başa salmışam, Anar müəllim.

Anar müəllim:

- Şübhəsiz, sizin sayənizdə maşın mənim olacaq.

Murad Köhnəqala:

- Bəlkə, beş yerə bölək: Kəramət, mən, Şəhriyar, Aqşin, bir də siz.

Aqşin Yenisey:

- Məni çıx! (əlini yelləyir)

Anar müəllim:

- Xahiş edirəm, mənim adımı birinci çəkin!

Murad Köhnəqala:

- Baş üstə!

Seymur Baycan söhbətə qarışır:

- A kişi, siz nə danışırsınız? Vicdanınız olsun. Oğul ona deyərəm, bax bu banan qabığını (əlində tutduğu banan qabığını göstərir) Anar müəllimin ayağının altına atsın...

Aqşin Yenisey:

- Niyə?

Seymur Baycan:

- Sürüşüb yıxılsın, əli maşından üzülsün.

Rasim Qaraca:

- Dostlar, maşını yaşlılara vermək olmaz. Xüsusilə də Anar müəllim. Əgər maşını Anar müəllimə güzəştə getsəniz, ömür boyu piyada qalacaqsınız. Sizi həmişə toza verib yanınızdan keçəcək.

Aqşin Yenisey:

- Anar müəllim maşın minsə də, minməsə də həmin Anardır. Heç nə dəyişməyəcək. Elə sizin də maşın minib-minməməyinizin heç nəyə dəxli yoxdur. Bütün variantlarda qadın kişiyə ziyandır.

Seymur Baycan:

- Nədir?

Aqşin Yenisey:

- Ziyan!

Seymur Baycan şaqqanaq çəkir:

- Sən allah qoy oturmuşuq! Bu nə deməkdir axı? Qadın kişiyə ziyandır. Yox bir...

Anar müəllim:

- Uşaqlar, kim mənim xeyrimə oyundan çıxsa maşını satıb pulunu onlara verəcəm.

Qəşəm Nəcəfzadə, Əsəd Cahgangir əllərini maşına çırparaq “Urra!” deyə qışqırırlar.

Aqşin Yenisey:

- Bir dayça pulu da mənə verərsiniz?

Şəhriyar del Gerani:

- Mənə qonaqlıq bəsdi!

Seymur Baycan:

- Sizin əlinizdən heç yerdə durmaq olmur! (əlini çəkib gedir)

Aqşin Yenisey:

- Anar müəllim, gərək şouya Dayanduru göndərərdiniz. Yaxşı dayanardı...

Anar müəllim:

- Əşşi, deyirlər tanınmış sima olmalıdır. Dayandurun adına baxmayın. Dayanıb durmağa duxu çatmır. Ona öz aramızda “Stoypastoy” deyirik. Yenə Rəşad ola. Hanı Rəşad? Rəşaaaad! (Boş əlini ağzının yanına qoyub çağırır)

Rasim Qaraca:

- Əgər maşından əlinizi mənim xeyrimə çəksəniz maşın yenə sizin olacaq. Üstəlik “Alatoran” nəşrlərində kitabınız çıxacaq.

Murad Köhnəqala:

- Sən yönlü adam olsaydın, dostluğumuzu davam eləyərdim. Uşaqlar, aldanmayın buna!

Anar gülümsünür:

- Əhsən!

Kəramət Böyükçöl:

- Ata, əlini çək maşından, get, otur evində, nəvələrinlə oyna. Sənin hərəkətlərindən utanıram vallah. Almadığın mükafat qalmayıb. Qoy bu maşın da mənim olsun.

Anar müəllim:

- Qəşəm, sənin bu avara oğlun bura da gəlib çıxdı? Özü də görürsən, düşmən dəyirmanına su tökür.

Qəşəm Nəcəfzadə:

- Ondan ötrü sizdən dönə-dönə üzr istəyirəm, Anar müəllim. Məni boğaza yığıb! Bir də onun əvəzinə roman yazmayacam.

Anar müəllim:

- Qəşəm, sən yazan olsan öz əvəzinə yazarsan. Mənə nömrə gəlmə. Biz 60-cılar hər şeyi bilirik. Amma sədaqətini alqışlayıram. Sənin rəhbəri müdafiə əzmlin qürurvericidir!

Qəşəm Nəcəfzadə:

- Kəramət, rədd ol get burdan. Məni kişinin yanında biabır eləmə!

Kəramət əlini maşından çəkib ağlaya-ağlaya gedir, arada Murad Köhnəqalaya tərəf baxıb deyir:

- Murad mən səni çox istəyirəm!

Murad Köhnəqala ona öpüş göndərəndə karıxır, əli maşından üzülür. Amma özünü sındırmır:

- Özüm qəsdən elədim!

Aqşin Yenisey:

- Əslində, istedadlı adam əlini maşından çəkməlidir. Mən bayaqdan çəkmişəm. Sadəcə sizinlə mırtlaşıram.

Anar müəllim:

- Mənim xeyrimə maşından əl götürəni “Ulduz”a baş redaktor gətirəcəm.

Qəşəm Nəcəfzadə:

- Bəs Qulu?

Anar müəllim:

- Qulu muğam ifaçılığına keçir. Deyir, yazıda pul yoxdu.

Qəşəm iki əlini də yuxarı qaldırır:

- Elədirsə, mən sizin xeyrinizə oyundan çıxdım!

Əsəd Cahangir əllərini lap yuxarı qaldırır:

- Mən sizdən əvvəl qaldırmışdım!

Şəhriyar del Gerani:

- Mən Anar müəllimi dəstəkləyirəm. Rasimdən olsa, qoymaz burda siqaret çəkək. Hələ arağı demirəm. Ancaq maşından da imtina etmək istəmirəm. Səsə qoyaq. Kimə çox layk gəlsə, maşın onun olsun.

Anar müəllim:

- Xeyir, ya “525-ci qəzet”də, ya da “Ədəbiyyat qəzeti”ndə sorğu keçirək.

Rasim Qaraca:

- Deməzsən ki, aldatdım!

Şəhriyar del Gerani:

- Rasim, sən hələ burdasan?

Rasim Qaraca:

- Şəhriyar, sən get darıxmağının dalınca, böyük söhbətlərə qarışma!

Anar müəllim:

- Şəhriyar, səsini mənə ver, sənə Rəsul Rza mükafatı verəcəm.

Şəhryar del Gerani:

- Anar müəllim, Rasimi tənqid eləməyimə baxmayın, sizə də inanmıram.

Bu məqamda aparıcı Cəlil Cavanşir müdaxilə edib səslərin sayını açıqlamaq istəyir.

Rasim Qaraca:

- Mən şouya etiraz əlaməti olaraq maşından imtina edirəm.

Və səhnədən gedir. Şəhriyar del Gerani onun arxasınca:

- Belə hallarda camaat gedib araq içir, bu gedib beş çaynik çay içəcək... Özü də ponçiklərlə...

Anar müəllim nəsə demək istəyəndə ayağı sürüşür və yıxılır.

Aparıcı Cəlil Cavanşir onun ayağının altındakı banan qabığını havaya qaldırıb təəccüblə kameraya baxır.

Şəhriyar del Gerani “Ura! Mən qalib gəldim!” – deyib yumruğunu göyə qaldırır.

Bu vaxt Azad Qaradərəli maşının arxasından başını qaldırır:

- Yox bir! Yorulub oturmuşam, amma hələ əlim maşının üstündədir. Budur bax – deyir və əlini bilmədən maşından çəkir.

Şəhriyar del Gerani bu dəfə daha ucadan “Ura!” deyib göyə atılanda Cəlil Cavanşirin mikrofondan səsi guruldayır:

- Şəhriyar, nəzərə al ki, sən əllərini Azad müəllimdən əvvəl maşından çəkmişdin... Necə deyirlər burda: Maşın əldən getdi!

Son

# 1421 dəfə oxunub

Oxşar xəbərlər

Axundov onu sui-qəsddən xilas etmişdi... – Həsən bəy Zərdabinin həyatından qeyri-adi faktlar

Axundov onu sui-qəsddən xilas etmişdi... – Həsən bəy Zərdabinin həyatından qeyri-adi faktlar

14:30 28 noyabr 2024
Dərdlərini özü ilə aparan azərbaycanlı aktrisa

Dərdlərini özü ilə aparan azərbaycanlı aktrisa

14:00 28 noyabr 2024
Elçinin yeni çoxcildliyinin II və III cildləri çapdan çıxıb

Elçinin yeni çoxcildliyinin II və III cildləri çapdan çıxıb

13:13 28 noyabr 2024
İki nağaraçı üz-üzə - 55 min manatlıq təzminat

İki nağaraçı üz-üzə - 55 min manatlıq təzminat

13:06 28 noyabr 2024
Can verən həmkarının başı üstündə oxuyan Xalq artisti - Stalin onun haqqında nə demişdi?

Can verən həmkarının başı üstündə oxuyan Xalq artisti - Stalin onun haqqında nə demişdi?

12:00 28 noyabr 2024
Azərbaycanlı reper həbs olundu

Azərbaycanlı reper həbs olundu

11:00 28 noyabr 2024
# # #