“50 yaşlı kişi bakirə qız axtarır” MÜSAHİBƏ

“50 yaşlı kişi bakirə qız axtarır” <span style="color:red;">MÜSAHİBƏ
3 avqust 2015
# 11:17

Kulis Azadqadın.az saytının rəhbəri Aynur Qurbanqızı ilə müsahibəni təqdim edir.

- Azərbaycanda feminizm deyiləndə ağla ilk Aynur Qurbanqızı gəlir, amma deyirlər ki, siz feminizmi doğru anlamamısız. Sizi daha çox qadınları boşanmağa dəvət edən boşanmış qadın kimi tanıyırlar. Sizcə buna səbəb nədir?

- Buna səbəb əslində o insanların feminizmin nə olduğunu dəqiq bilməmələridir. Ola bilər ki, müxtəlif mənbələrdə feminizm müxtəlif cür təqdim olunur. Araşdırmalarıma görə, feminizm kişi düşməni yox, qadın və kişi hüquq bərabərliyini istəməkdir. Hərdən statuslarımda ailə qurmaqdan, sevib-sevilmək istəyindən yazıram, o zaman hər kəs mənə qarşı çıxır ki, bəs, feminist ərə gedər? Demək ki, onlar feministin nə olduğunu düzgün anlamayıblar. Təbii ki, feminizmin kişilərə nifrət edən qara qolu da var. Amma məni kişi düşməni kimi tanısalar da, belə deyil. Boşanmağa dəvət məsələsi də tamamilə yanlışdır. Əslində, bu qənaətə ona görə gəliblər ki, mən daim boşanmış qadınları müdafiə edirəm. Amma müdafiə başqadır, dəvət başqa... Əksinə, mən heç vaxt boşanma tərəfdarı olmamışam. Mənə müraciət edənləri bu fikirlərdən yayındırmağa çalışmışam. Çünki, bizim cəmiyyətdə boşanmış qadın bədbəxt qadındır. Sizcə, mən qadınların bədbəxt olmasını, yağışdan çıxıb yağmura düşməsini istəyərəm? Amma təbii ki, qadın özünü ayaqda saxlaya bilirsə və ailədə xoşbəxt olmaq üçün heç ümid yoxdursa, o zaman boşanmanı vacib hesab edirəm.

- Niyə boşanmış qadını bədbəxt qadın hesab edirsiniz?

- Statistikaya görə, 5 ayda 5300 boşanma qeydə alınıb. Artıq, az qala hər ailədə, yaxud nəsil-kökdə bir boşanmış qadın vardır. Amma buna baxmayaraq boşanmış qadına qarşı münasibət adiləşmir. Qızı boşanıb evinə qayıdan ana da, "mən oğluma lap sevib dərdindən ölsə də, heç vaxt boşanmış qadın almaram" deyir. Görün, nə qədər acı reallıqdır. İlk ağıllarına gələn evlilik yox, yoldan çıxardıb gününü keçirtməkdir.

Bəzən də olur ki, cütlük bir-birinə aşiq olur, amma qadın boşanmış, yaxud duldursa, bu evlilik baş tutmur. Qadın ikinci dəfə psixoloji travma alır. Ona görə də, boşanmaq istəyən qadınlara hər zaman məsləhətim bu olur ki, əgər ərinizlə münasibəti bərpa etmək üçün ümid yeri varsa, çalışın onun sevgisini qazanın, nəinki boşanıb 100 kişinin alçaq təkliflərini eşidəsiz, qonşuların arxanızca günahsız yerə edilən dedi-qodusuna əsəbiləşəsiniz. Boşanma qadını ömürlük tənhalığa düçar edir. Hər gün qadın olmağın çətinliyini yaşaya-yaşaya hiss edib daxilən əzilirsən. Hətta qadın da qadını anlamır bu durumlarda.


- Yaşadığımız ölkə rəsmən islam ölkəsi olmasa da burda əhalinin çoxu özünü müsəlman hesab edir, sizcə islam və feminizm əks tərəflərdə deyilmi?

- Mənə elə gəlir ki, Azərbaycanda bəziləri İslam dinini özünə sərf edən formada təbliğ edir. Misal üçün, İslamda boşanmış qadınla evlənmək üstünlük sayılır. Yəni, bu mövzuda ayrı-seçkilik yoxdur. Amma cəmiyyətimizdə özünü müsəlman adlandıranlar qocası da, boşanmışı da, arvadı ölmüşü də ancaq bakirə qız axtarır evlənmək üçün. Hətta, bu yaxında qonşuluqda 50 yaşında bir kişini evləndirmək istəyirdilər, dedi ki, ancaq bakirə qız olsun. Kənddən axır ki, ona 35-40 yaşlarında heç vaxt ailə qurmamış bir qız tapıb gətirdilər. O cümlədən, bir sıra məsələlərə də yanaşma bu cürdür. İslamda 4 qadınla ailə qurmaq var. Amma bütün günü həyatda, sosial şəbəkələrdə din dərsi keçənlər, qeyri-rəsmi münasibətləri əxlaqsızlıq kimi təqdim edən qadınlar nədənsə bunun üstündən sakitcə keçirlər.... Yəni, sən əsl müsəlmansansa bütün qaydalara əməl et, yox ancaq özünə sərf edən nüanslardan bəhs edəcəksənsə, bu artıq mentalitet və insanlıqdan uzaq inkişaf etməyən beyinlərdir.

- Peyğəmbərimiz boşanmış və özündən yaşca böyük qadınla evləndiyi halda ümmətinin boşanmış qadına qərəzi nədən doğur sizcə?

- Hamı peyğəmbər ola bilməz axı... Fikrimcə, bu dini bilgilərin savadsızlığından, eqoistlikdən irəli gəlir.

- Boşanmağınıza peşmansınız?

- Qəribə də olsa, buna görə heç vaxt peşmançılıq hissi keçirtməmişəm. Düzdür, bəzən boşanmış qadın damğasının çətinliyindən bezəndə istəmişəm ki, qızımın atasına təkrar barışmağı təklif edəm. Amma özüm də bilirəm ki, bu barışıq xoşbəxtlik demək deyil. Sadəcə, iki insanın bir yerdə uşaq xatirinə yaşaması hesab olunacaq. Ona görə vaz keçmişəm. Ailədə sevgi, hörmət yoxdursa, onlar elə ayrı yaşasalar yaxşıdır.

- Belə bir deyim var: "Feminizm kocayı buluncaya dek". Ailə qursanız fəaliyyətinizə davam edəcəksiz?

- Bu fikirlə razıyam. Əslində, heç bir qadın kişidən üstün olmaq istəmir. Tək istəyi yanında kişi kimi kişi olsun. Qadına dəyər ver, hörmət et, sevgi göstər, evinin xanımı, başının tacı et, ən qatı feminist belə o kişiyə təslim olar. Kişi qadını xoşbəxt edirsə, hər günü qadın üzündə təbəssüm, sevinc yuxudan oyanırsa, bizə nə hüquq bərabərliyi lazım deyil, nə kişidən üstün olmaq. Qadın sadəcə xoşbəxt olmaq istəyir. Təəssüf ki, alçaq kişilər, mənasız milli mentalitet qadınları bu sevincdən məhrum edir, tənha, bədbəxt qadın özünü qismən xilas etmək üçün cəmiyyətə və onları bir ömür yalqız qalmağa məcbur edən, sevgidən məhrum edən kişilərə üsyan edir. Zərif çiyinlərinə ağır yük götürən qadının incə qəlbi nifrətlə dolur. İndi günahkar kimdir? Qaldı mənə verilən suala, şəxsi həyatımın işimə dəxli yoxdur. Mən xoşbəxt oldum deyə dayanmağım mənə inanan qadınlara haqsızlıq olar. Mən bütün qadınların xoşbəxt olmağını istəyirəm. Onlara azacıq mənəvi dəstək olmaq məni sevindirir. Əlimizdən çox şey gəlməsə də, heç olmasa dərdlərinə şərik olub, mənəvi yardım göstərək.

- Mənə elə gəlir ki, siz başqalarının fikirlərini çox ciddiyə alırsız və üzüntüləriniz də bu üzdəndi.

- Hə, elədir. Əxlaq dəyərləri mənim üçün çox önəmlidir. Son vaxtlar xüsusilə həssas olmuşam. Hərdən illər öncə yazdığım yazılara baxanda özüm də təəccüblənirəm ki, mən necə cəsarətli olmuşam, kimsənin deyə bilmədiyi problemləri açıq-aşkar yazmışam. Çünki, o zaman haqqımda deyilənlər vecimə deyildi. İçimdə həyata bir üsyan vardı. Hər şeyi yandırıb yaxacaq bir üsyan... Amma sonra dəvət aldığım bəzi verilişlərdəki reytinq xatirinə olan yalanları, oyunları gördükcə, o cümlədən müdafiə etdiyim qadınların da mənə qarşı çıxması ilə soyudum hər şeydən. Ətrafın fikirlərinə önəm vermək insanın həyatını məhv edir. Düzdür, bu hissi məndə çox deyil, sadəcə özümə qoyduğum bəzi sərhədlər var.

Amma bunun özü də mənə əzab verir. Bu günlərdə "Evdəyik" verilişində qonaq idim. Aparıcı Ulvira Qarayeva deyir ki, gərək ailə olsun? Gedin dostlarınızla gəzin, əylənin. Amma hər şey belə asan deyil. Kişi dostun varsa, qıraqdan baxıb kimlərinsə dedi-qodusu bir tərəfə, elə qarşındakı kişinin özü ən təhlükəlisidir. Yəni, hər şeyi belə düşünüb yaşamaq, yaşamaq deyil...

- Boşanmış qadın mütləq yenidən rəsmi ailə qursun? Vətəndaş nikahına münasibətiniz necədi?

- Bütün ağıllı insanlar bilir ki, xoşbəxtlik nikahla deyil. Yəni, o bir parça kağız sadəcə qadın boşananda ona hüquq çərçivəsində mal-mülk düşməsi üçündür. Sadəcə, məndə belə bir hiss var ki, əgər kişi bu qadını sevirsə niyə onunla rəsmi qaydada, el adəti ilə evlənməsin? Evlənib evinin xanımı etmirsə demək dəyər vermir. Yəni, nikah mənim üçün sadəcə dəyər ölçüsüdür. Vətəndaş nikahına pis baxmıram. Ümumiyyətlə, bir sıra boşboğazlar kimi insanları qınamaq fikrindən uzağam. Kim necə xoşbəxtdirsə, qoy elə yaşasın. Əsas insanın özünü xoşbəxt hiss etməsidir.

Təəssüf ki, ailə qurmaqdan məhrum olsa da, qeyri-rəsmi xoşbəxtliyini yaşamağa çalışan qadınları ərinin isti qoynunda yatan qadınlar az qala fahişə gözündə görür. Çünki, onlar soyuq divarlar arasında tənhalığın, bir kişinin sevgisindən, qayğısından məhrum olmağın necə hiss olduğunu bilmirlər. Qınamaq ən asanıdır... Mən özüm qəbul etməsəm də, qəbul edib bu formada özünü xoşbəxt hiss edənlərə bir az da böyük xoşbəxtlik arzu edirəm....

- Televiziya verilişlərindən niyə uzaq düşmüsüz?

- Yuxarıda qeyd etdiyim ki, televiziya verilişlərinin əksəriyyəti yalnız reytinqi düşünür, şou yaradırlar. Mən sadəcə bu şouların oyunçusu olmaq istəmədim. 5 aydan sonra ancaq bu yaxınlarda bir verilişdə qonaq olmuşam, o da mövzu çox xoşuma gəldi deyə razılaşdım. Sizə bir hadisəni danışım. Demək, bir müğənni xanım vardı. "Adam içində" verilişində prodüser oğlanın ona atdığı iftira müzakirə olunurdu. Yəni, oğlan demişdi ki, müğənninin uşağının atası mən də ola bilərəm və s. Yəni, bir qadın üçün ən ləyaqətsiz söhbətlər. Mən də az qala oğlanla müharibəyə qalxmışam ki, ayıb olsun sənə, bir qadının mənliyi ilə oynayırsan, filan... Nə isə. Dava-qırğın, veriliş bitdi. Qonaqlar və ekspertlər həyətə çıxdılar. Nə görsəm yaxşıdır! Efirdə az qala əlbəyaxa olan həmin oğlanla müğənni xanım qol-qola, sevgi-məhəbbətlə mindilər maşına və getdilər. Şoka düşdüm. Yəni, bir anlıq özümü çox alçalmış və pərt olmuş hiss etdim. Necə deyirlər, nəinki tamaşaçıların, elə mənim də hisslərimlə oynanılmış kimi oldu. Sonradan məlum oldu ki, demə, bunlar reklam xatirinə oyun qurublarmış.

- Belə ikiüzlülük edib publikaya oynayanlarla çox rastlaşmısız?

- Bəli, həmdə çox. Bir hadisə də danışım. Demək çox tanınmış bir yazıçı var, müasirlərdəndir. Facebookda milli mentalitet, adət-ənənə əleyhinə, boşanmış qadınların tərəfinə yazanlardan biridi. Bu insan ikinci dəfə ailə qurmağa hazırlaşdığı ərəfədə onunla görüşdük. Söhbət zamanı sual verdim: “Əgər bu sevdiyin və ailə qurmağa hazırlaşdığın qadın boşanmış olsa idi onunla yenə də evlənərdinmi?” Bir az düşündükdən sonra: “Sevdiyim qadın boşanmış olsaydı yəqin ki, evlənməzdim. Sən elə yazmağıma baxma e, nə olsun ki yazıram”, - deyə cavab verdi.

- Aşıq Namiqlə polemikaya başlamağınıza peşmansınız?

- Əlbəttə. Əxlaq dəyərlərinə önəm verən biri olaraq bu hadisə mənə çox pis təsir etdi. Əsas da pis olan o idi ki, bu iftiraydı. Sadəcə, elə bir iftira ki, onu sübut etmək mümkün deyildi. Mövzu ilə əlaqədar verilişlərə dəvət alanda düşündüm ki, pis heç bir iş görməmişəm, sadəcə baş verənləri danışacam, vəssalam. Amma qarşı tərəf özünü müdafiə üçün yalanlara əl atanda çıxılmaz vəziyyətə düşdüm. Bu mənim həyatımda yaşadığım ən çətin anlardan biri idi. Çünki, rayonda yaşayan valideynlərim, ailəm, qohum-qonşu var. Düzdür, məni yaxından tanıyan kimsə inanmadı, amma bütün halda həmin dövrü keçirtmək mənim üçün asan olmadı. Çoxlarının qınadığı bir məsələ də o idi ki, niyə bunu TV-yə çıxartdın. Daha izah edə bilmirsən ki, bu sənin istəyinlə deyil. Efirə çıxanda çox vaxt baş verənlərdən xəbərsiz olursan. Hətta, bir dəfə "Günaydın" verilişinə məni çağırıblar, gedib görürəm ki, onu da dəvət ediblər. Verilişə qatılmaq istəməsəm də, hərə bir tərəfdən inad edir və sən verilişdə oturmağı qəbul edirsən. Sonra isə aparıcı başlayır ki, bizi dalaşdırsın. Yəni, bu qədər iyrənc! Axı mən qadınam, ailəm var, qızım var. Veriliş reytinqli olsun deyə bizim ləyaqətimizlə oynanılması düz deyil. Ona görə də, mən efirin qalmaqal qurbanları olanlara acıyıram.

- Sizin mübarizəniz boşanmış qadının cəmiyyətdə yaxşı qəbul olunmasından ibarətdir?

- Deməzdim ki, sadəcə bu mövzuda mübarizə aparıram. Yox, sadəcə ətrafım tənha qadınlarla doludur. Onlar ağrı-acısını eşitmək, görmək məni də ağrıdır. Onların xoşbəxt olmasını istərdim. Amma bir şeyi anladım ki, kim nə deyir desin, bir insanı özündən başqa kimsə xilas edə bilməz. Xoşbəxtlik bizim düşüncələrimizdədir!

- Qadın hüquqlarıyla məşğul olan QHT-lərin işindən razısınız?

- Məncə, QHT-ləri qadınlardan çox, qrantlar maraqlandırır.

- Bir çox qadın var ki, feminist olduğunu gizlədir. Deyirlər ki, feministlərə cəmiyyətdə pis baxırlar. Bəlkə feminizmi səhv tərif edirik?

- Tamamilə razıyam. Məncə, bu haqda yuxarıda ətraflı danışdım. Mənim üçün feminizm qadının hüquqlarının sadəcə kağız üzərində qalmasına üsyandır.

Fikir verirsiniz ki, cəmiyyətimiz bütün günü namus-qeyrətdən danışır, amma atalar evini qız övladına yox, oğluna bağışlayır. Yəni, oğlanları oxudur, onlar üçün iş, ev qurmağı düşünürlər. Qızlarından isə ərə verməklə tez-tələsik qurtulmaq istəyirlər. Daha qızının sonrakı taleyi onlara maraqlı deyil. Övlad övladdır. Niyə cins ayrı-seçkiliyi qoyulur? Əgər qoyulursa, əslində bunu qız üçün etməlidirlər ki, o dedikləri namus yerində qalsın. Əxlaqsız yola düşən qadınların əksəriyyəti bunu valideyn himayəsindən məhrum olmağı ilə əlaqələndirir.

- Sizcə qanunlarımız qadınları yetərincə qoruyurmu? Qadınların hüquq müdafiəçisi olaraq hansı qanunların qəbul olunmağını istərdiz?

- Qanunlar da bəzən mental dəyərlərlə ölçülür. Qanuna görə, ailədə zorakılıq görən qadının ərini şikayət etmə hüququ var. Amma o qadın polis idarəsinə gələrsə, birinci qınaq ordan başlayacaq.

- Bir çox adamı qıcıqlandırdığınızdan xəbəriniz var yəqin ki...

- Qıcıqlanma məsələsini heç cür hələ də anlamamışam. Xüsusilə də, bəzi qadınların mənim əleyhimə yazmasını... Dünən yazmışam ki, ayrılan xanımların əzablarına dözmək olmur. Kişilər sizin göz yaşınıza layiq deyil. Layiq olsaydı sizə sahib çıxardı, ona görə də səbirli olun, unutmağa çalışın. Yəni, təsəlli olaraq bu mövzuda fikir paylaşdım.

Gələn şərhlərdə bəzi qadınlar mənə üsyan edir ki, sənin düşüncələrin səhvdir, əzab çəkən kişilər də var, bəzi qızlar ayrılmağa layiqdir-filan. Təsəvvür edin ki, qadın qadının paxıllığını çəkir, əzab çəkməyini istəyir. Belə halları görəndə vallah mat-məəttəl qalıram. Bilmirsən, özünü ətrafdakı oğlanlara göstərmək istəyirlər, yoxsa təfəkkürləri bu qədər xəstədir, anlamıram.

Təbii ki, aldadılan və əzab çəkən kişilər var da. Amma axı mənim işim qadınlarladır, ona görə onlara xitab etmişəm. Yəni, məni kim necə başa düşür daha öz problemidir. Bir de ki, Facebook statusları qısa olduğu uçun bəzən insan fikrini tam çatdıra bilmir, bu da anlaşılmazlıq yaradır

Gülnaz Məmmədli

# 2350 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
#
#
# # #