“Adam necə ağ yalan danışarmış” – Qalmaqal

“Adam necə ağ yalan danışarmış” – Qalmaqal
13 may 2019
# 10:43

Kulis.az “Bir daha “Yazı” haqda” müraciəti təqdim edir.

“Yazı” jurnalını təsis elədik, ilk saylarını buraxdıq, sonra getməyi qərara aldıq. “Yazı”ya gəlməyimiz ədəbiyyat adınaydı, getməyimiz isə ədəbiyyata dəxli olmayan səbəblərlə bağlıydı. Amma açıb-ağartmağa ehtiyac duymadıq.

Olmadı. Keçmiş dostumuz Azad Qaradərəli kometa kimi arxasınca quyruqlu yalanlar buraxmağa başladı, bəzi həmkarlarımız da bunu həqiqət kimi qəbul elədilər.

Rəhmətlik Mövlud Mövlud 1937-az saytında getməyimizi belə əsaslandırmışdı. “Yazı” yeni çıxmağa başlayanda onun başına yığışan yazıçıların çoxu jurnalın müstəqil mövqeyindən qorxub, ordan uzaqlaşdılar”. Samirə Əşrəfin yazdığına görə isə (yeri gəlmişkən, onun hekayəsini jurnala Aslan təqdim eləmişdi), guya biz ordan yazılarımızı çap elətdirmək üçün qırğın-qiyamətə çıxdığımıza, amma buna nail ola bilmədiyimizə görə getmişik.

Təbii, havadan yazmırdılar. Mötəbər və möhtərəm informasiya mərkəzi Azad idi. “Yazı” siyasi deyil, sırf ədəbi jurnaldı. Onun nə müstəqil mövqeyi vardı ki, biz ordan qorxub uzaqlaşaydıq? Hələ əməlli-başlı tanınmayan, ilk addımlarını atan, kimsəyə qonorar verməyən jurnalda yazılarını çap elətdirmək üçün kim qırğın-qiyamətə çıxar? Axı bizə yazı verən də yox idi. Məcbur qalıb öz çap olunmuş yazılarımızı verirdik. “Yazı” çapdan çıxmamışdan bir az əvvəl Aslanın da, Eyvazın da “Azərbaycan” jurnalında romanı getmişdi. “Yazı”da çap olunmaq üçün niyə dava salmalıydıq?

Ağ yalana cavab vermək lazımdı. Aslan da, Eyvaz da cavab verdi. Hər şeyin keçmişdə qaldığını düşündük. Amma belə deyilmiş. Azadın bu yaxınlarda çapdan çıxan “Renessans həsrəti” kitabındakı “Kulis.az” saytına verdiyi müsahibəsindən “Biz Rafiq Tağı ilə yaxın olmuşuq, bu “Yazı”nı da onunla birlikdə təsis eləmişik” sözlərini oxuyanda təəccübləndik. Adam necə ağ yalan danışarmış! Ən əsası da niyə danışarmış?

Azadla bizi Əlabbas tanış eləyib. Ondan sonra Rəhim Əliyevin bağında belə bir ədəbi jurnal buraxmağı müzakirə etdik, qərara gəldik. Növbəti görüşümüzdə rəhmətlik Rafiq Tağını da özümüzlə Rəhim müəllimin bağına apardıq. Orda məlum oldu ki, R. Tağı ilə Azadın arası özünün yazdığı kimi heç də “yaxın” deyilmiş. Bu onların son illər ərzində ilk görüşləriymiş. (Səbəbi ilə işimiz yox, açmırıq). Amma adam deyir “yaxın idik və jurnalı birlikdə təsis elədik”. Münasibətiniz yox idisə, az qala sizi biz barışdırdıqsa, nə cür yaxın idiniz və nə cür jurnal təsis edirdiniz?

Sonra yazır: “Aslan Quliyev, Eyvaz Zeynalov, daha sonra isə gənclər gəldi”. Yuxarıda qeyd elədiyimiz kimi bu müzakirələrə ən sonda qatılan Azad, daha sonra da Rafiq Tağı olub. Ən sonda özü gəlir, amma hər şeyi öz adına çıxır. Orda olanlardan və jurnalı təsis eləyənlərdən bircə Rafiq Tağı aramızda yoxdur. Qalanları sağdılar. Azaddan başqa biri bunu təsdiq eləyərmi?

Elə həmən gün bağda jurnalın maliyyəsini, həcmini, adını, ildə neçə dəfə çıxacağını razılaşdırdıq və texniki məsələləri həllini Azadla Eyvaza tapşırdıq. Beləcə, jurnalı çap eləməyə başladıq.

Öz pulumuzla çıxarırdıq. Yazıları Eyvaz, Azad və Aslan oxuyurdu. Rafiq Tağı yalnız Eyvazın birinci sayda gedəcək romanını oxuya bilmişdi. Sonra onu öldürdülər və Rafiqin jurnaldakı fəaliyyəti də bununla sona çatdı. İlk nömrədə başsağlığı da vermişdik.

Yenə deyirik, ədəbi camiədə üzdə olanlar, oxunanlar, imzası oxuculara tanış olanlar bizə yazı vermirdilər. Gələn yazıların da bir qismi bərbad olurdu. Amma nə qədər qəribə olsa da, Azad məhz bərbad yazıların çapına üstünlük verirdi.

Ən çox mübahisə doğuran onun hər nömrədə “baş redaktordan” adıyla verdiyi bəsit, səriştəsiz cızma-qaralarıydı. Jurnalın çapını razılaşdıranda, ümumiyyətlə, “baş redaktor” söhbəti olmamışdı. Yaradıcı qrupun üzvləri, - yalnız və yalnız Rəhim Əliyev, Azad Qaradərə, Eyvaz Zeynalov, Əlabbas, Rafiq Tağı və Aslan Quliyev, - jurnalın çapına məsul idik. Yazılar hər birimizin razılığı ilə çap olunmalı və ya olunmamalıydı. Azad şöhrət maniyasına qapıldı, “baş redaktor”luq məsələsini gülünc həddə qədər şişirtdi. Sanki söhbət adi, iki-üç müəllifin ianəsi ilə çıxan özəl jurnaldan yox, “Vaşinqton-Post”un baş redaktorundan gedirmiş.

İş beləydi, amma Azad nə desə yaxşıdır: “Ancaq mənim orda bəzi yazıları çap eləməyim bu dostlarımızı jurnaldan uzaqlaşdırdı. Məsələn, Seymur Baycanın, Rasim Qaracanın, Qan Turalının, Nərmin Kamalın yazılarını çap edirdim, deyirdilər ki, bu yazılar onsuz da hər yerdə dərc olunur, nəyə lazımdırlar?”

Ədəbi camiədə hər cür yalanlarla üzləşmişdik, ancaq beləsini nə görmüş, nə də eşitmişik. Çap edirmiş? Yuxarıda adları qeyd olunanlardan heç biri bizim jurnala yazı vermirdilərsə, kimi çap edirmiş? Yazı vermirdilərsə, biz onların çapına necə etiraz eləyə bilərdik? Seymur Baycanın da, Rasim Qaracanın da, Qan Turalının da, Nərmin Kamalın da nəşriyyatlarda, qəzet və jurnallarda, saytlarda daha yaxşı şərtlərlə çap olunmaq imkanı var idisə, nəyə görə gəlib bizim jurnalda çap növbəsi gözləməliydilər? Onların çapına etiraz eləyirdiksə, bəs kimlərin çap olunmasını istəyirdik? Onlar yazılarını bizə verirmişlər, bizim nə vaxt rəhmə gələcəyimizi, qəlbimizin yumşalacağını gözləyirmişlər? Bizim də qəlbimiz yumşalmırmış?

Hər şey bir yana, bu adamlar ədəbiyyatımızda kifayət qədər tanınırlar. Qoy biri desin ki, mən “Yazı”ya 2011-2013-cü illərdə yazı verdim, amma çapı maneələrlə üzləşdi. Bu adamın cavan dostlarla aramıza girməkdə, suyu bulandırmaqda məqsədinin nə olduğunu anlamaq çətindir.

İstəməsək də, yenə də yalanlara cavab vermək üçün vaxtımız, enerjimiz getdi. Oturub yazılarımızı yazmaq əvəzinə, belə bir yazı yazası olduğumuz üçün heyfislənirik.

Amma neyləməli? Biriləri şöhrət qazanmaq istəyər, dost qazanmaq istəyər, bunun üçün də yeganə çarəni yalan danışmaqda, belə ucuz vasitələrdə görər. Həm də bunu o adamlar eləyər ki, onlar şöhrət qazanmağı çox istəyərlər, amma bunun üçün başqa yolları olmaz.

Bəziləri deyir, boş verin, olan olub, keçən keçib. Bizsə düşünürük, atılan daşları qaytarmaq lazımdır. İndiyə kimi atılanları da, bundan sonra atılacaq olanları da.

Pis-yaxşı bir neçə il dost olduq, çörək kəsdik, get-gəlimiz oldu. Amma görünür, keçilməz gədikləri olan o dostluğu bir yerdə başa vurmaq bizə nəsib deyilmiş. Əvvəl Rafiq Tağını, sonra “Yazı”ni itirdik. Rəhim Əliyevlə aramıza sərinlik çökdü. İndi də Azad radarlardan itməkdədir. Nə acılar ki, belə yerdə olub-keçənlərin əlimizdə olan qara qutusu da kara gəlmir.

Aslan Quliyev, Eyvaz Zeynalov, Əlabbas

# 2826 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti:  "İnsan mənəvi, əxlaqi dünyasını sənətə qurban verə bilməz"

Xalq artisti: "İnsan mənəvi, əxlaqi dünyasını sənətə qurban verə bilməz"

10:21 12 dekabr 2024
"Təcili yardım"ın aktyoru vəfat etdi

"Təcili yardım"ın aktyoru vəfat etdi

09:50 12 dekabr 2024
"Bahar"ın aktrisası yeni serialda

"Bahar"ın aktrisası yeni serialda

09:36 12 dekabr 2024
Məşhur aktyorun nəvəsi:  "Hara getsə də, xalq düşməninin oğlu sayılırdı" - Müsahibə

Məşhur aktyorun nəvəsi: "Hara getsə də, xalq düşməninin oğlu sayılırdı" - Müsahibə

09:00 12 dekabr 2024
İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
#
#
# # #