“Çuşka” – İlqar Kamilin hekayəsi

“Çuşka” – İlqar Kamilin hekayəsi
24 fevral 2017
# 16:19

Kulis.az İlqar Kamilin “Çuşka” hekayəsini təqdim edir.

Pencəyini tələm-tələsik stulun başına keçirib həmişəki yerinə otururmuş kimi məğrur-məğrur əyləşdi:

- Xanım, sizi bir dəqiqə olar?

- Bu dəqiqə! – künc masada əyləşmiş bir topa kişi müştərilərin sifarişini dinləyən ofisiant qız ona tərəf qanrılıb dilucu cavab verdi.

- Yoo, tələsməyin, - Elçin nəzakətsizlik etdiyini düşünüb utandı – şəhadət barmaqlarını diliylə isladıb qaşlarını sığalladı.

Kefi yaman kök idi, bu gün yeni başladığı işdə (tərəvəz anbarında kartof kisələyirdi) ilk zəhmət haqqını almışdı, elə işdən çıxar-çıxmaz da üz qoymuşdu kafeyə. Masaya sığmırdı, bayaqdan neçə dəfə pencəyini gah geyinmiş, gah da yenidən çıxarıb stulunun başına keçirmişdi. Axı kafedə oturmaq onun aləmində əsl müstəqillik, kişilik rəmzi idi, bəs necə? Əgər özü öz puluyla kafeyə gəlib istədiyini sifariş edir, üstəlik, çox sevdiyi bir jest ki var, onu da həyata keçirə bilirsə, demək ki, əməlli-başlı kişidir.

Elçin bu jestin xəyalını çox qurmuşdu; kafeyə ailəlikcə gəldikləri günlərdə altdan-altdan atasına göz qoyduqca köksü qabarar, nə vaxtsa özünün də eynilə atası kimi davranacağını təsəvvür edərək xoşbəxt olardı. Budur, nəhayət, xəyallarının bir addımlığında, alandan bəri bəlkə on dəfə saydığı maaşını da cibinə dürtərək qarşısına çıxan ilk kafeyə soxulmuşdu. Bircə Allah saxlamış ofisiant qız da gəlib çıxsaydı, istədiyi sifarişi verər, hələ düşündükcə onu həyəcanlandıran jestini də həyata keçirərdi.

5 dəqiqə keçdi, onun səbri daralmağa başlamışdı: ilahi, bəs bu qız harda qaldı?

Kafe hər tinbaşı rast gəlinən ucuz kafelərdən idi, masanın üstündə rusların “matryoşka”sını xatırladan istiotla duzqabıdan başqa heç nə yox idi, heç Allahın menyusu da gözə dəymirdi. Elçin başa düşdü ki, qız ona yaxınlaşan kimi menyu gətirdi-gətirmədi, stuluna yayxanıb, eynilə atası kimi: “xanım qız, yeməyə nəyin var?” - deməlidir. Dedi də. Qız yenə bayaqkı saymazyana ədası ilə yeməkləri sadalamağa başladı:

- Piti, kabab, kotlet, dolma…

- Elə isə… - Elçin qızın sözünü yarımçıq qoyub dilini sürüdü, - bir piti, zəhmət olmasa, – elə bil, geciksə, piti qurtaracaqdı.

- Başqa? – qız soruşdu. Elçinsə düşündü ki, birdən piti fikirləşdiyindən çox baha olar, axı necə olsa, kafeyə ilk dəfə gəlir. Tez-tələsik dilləndi:

- Çox üzr istəyirəm, piti neçəyə düşür?

- Nəə? – qız əvvəl sualı anlamadı, sonra: – hə, - dedi, - 5 manata.

Elçin dərhal əlini pul olan cibinə saldı, eyni zamanda, kasıblara xas “kalkulyator” beyni ilə hesabladı ki, əgər pitiyə 5 manat versə, sonrakı məsələlər üçün pulu yetməyəcək, nəsə bir az daha ucuz, məsələn, 3-4 manatlıq bir şey sifariş verməlidir.

- Bəs kabab, xanım, - utana-utana soruşdu, - kabab neçəyədi?
Ofisiant qız sifətini turşudub kobud ahənglə:

- 3 Manat 50 qəpik! – dedi.

“Kak raz!” – Elçin ürəyində düşündü:

- Onda, zəhmət olmasa, bir şiş kabab!

Xanım artıq əsəbi səslə:

- Bir qərar ver, bəy! – dedi.

- Yoo, arxayın olun, xanım, - Elçin qızın sərtliyini vecinə almamağa çalışdı, hətta onun “bəy” xitabından xoşhallanıb qımışdı da, - bu, son qərarımdı.

Ofisiant 23-25 yaşlarında qarabuğdayı, kare saç, sir-sifəti ifrat boyalı-makiyajlı qız idi, şəhərə həm kasıblığın, həm də, adətən, kasıblıqdan qaynaqlanan erkən evliliyin əlindən guya oxumaq həvəsiylə qaçıb gəlmişdi, fəqət şəhər həyatının sərt küləyi onu boş sellofan torbası kimi küçədən-küçəyə, divardan-divara çırpa-çırpa, nəhayət, gətirib bu ucuz kafeyə çıxarmışdı. Amma Elçin bütün bunlardan xəbərsiz idi və qızın belə rəftarının səbəbini daha çox özündə axtarırdı: “Yəqin, bayaq “yoo, tələsməyin” deməməliydim, qız elə bildi ki, lox-zadam bununçün, arsız-arsız hırıladım da hələ, axx, bambılı, qız belə birini necə kişi saysın!” Lakin qəfil nə düşündüsə, qırışığı açıldı: Az qalıb, lap az, atamın o “kişilik jesti” ilə bütün daşları yerinə oturdacam, hələ desən, bu forslu xanımı da!

Artıq kafedə heç kim qalmamışdı, ofisiant qız da çöldən kafenin qapısına söykənib içəridən bayıra pis qoxu kimi çıxan hansısa ucuz mahnının yad sədaları altında siqaret çəkirdi. Sifarişin vaxtından ən azı 10 dəqiqə keçirdi, kababdansa hələ də xəbər yox idi. Elçin səbrini basa bilməyib qıza səsləndi:

- Xanım qız, harda qaldı bəs kabab?

Qız içəri soxulub onun üstünə qışqırdı:

- Ay uşaq, bir səbrin olsun da, aa, çox böyük şey zakaz eləyib!

Elçin az qala pərt olacaqdı, amma yenə atasının o məşhur jesti çatdı dadına, xatırlayıb özünü ələ aldı. “Eybi yox, - dedi ürəyində, - indi mənə uşaq de, bir azdan it kimi peşman olacaqsan!”

Ofisiant qız yellənə-yellənə, saqqız çeynəyə-çeynəyə nəhayət ki, kababı gətirib masanın üzərinə qoydu, amma bu, qoymaqdan çox tullamağa bənzəyirdi. Elçin 15-16 yaş növcavanlıq ehtirası ilə ayağa qalxıb qızın ağzının üstündən birini ilişdirmək istədi, amma yenə dözdü: bəs kişilik, bəs jest? Nə məlum, bu fürsət bir də nə vaxt əlinə düşəcək?

Başdansovdu hazırlanmışdı deyə, kababda iştahla yeyiləcək dad da yox idi, amma Elçin çox acmışdı, odur ki, iki dəqiqənin içində son xırda tikədən başqa hamısını dürmələyib içəri ötürdü. Düzü, bu son tikə məsələsinin fəlsəfəsini elə o vaxt da başa düşmürdü, amma neyləmək olar, yəqin, bu da bir növ kişilik əlaməti sayılırdı. Nəhayət o, hesabı istədi, eynilə atası kimi:

- Xanım qız, şot, zəhmət olmasa!

“Şot” deyərkən əlini havada nəsə yazırmış kimi tərpətdi də, guya belə etməsə, qız onun nə istədiyini başa düşməyəcəkdi. Boş şeydir, əsas odur ki, atası da belə edərdi. Qız hesab yazılmış dama-dama kağız parçasını gətirib masanın üstünə atdı:

- 3 manat 50 qəpik!

Kafedə Elçindən başqa heç kim yox idi, üstəlik, qız hesabı diliylə də səsləndirmişdi, amma o yenə də kağıza, atası kimi, gizlicə baxıb qımışdı. Sonra hesabı ödəyib kafedən çıxdı. Düzü, bəlkə də qızın verəcəyi reaksiyanı öyrənmək və yəqin ki, öz sərt rəftarından it kimi peşman olduğunu görmək üçün geri qayıtmaq pis olmazdı, amma axı… - xatırladı, - axı, ata belə etməzdi! Odur ki, geri qayıtmadı, beynində indi ofisiantın üzündəki bir-birinə qarışmış peşmanlıq, xəcalət və saf minnətdarlıq ifadəsini canlandırıb xumarlandı, saçlarını qarışdırdı, köksü qabarmış halda, kişiyana addımlarla kafedən uzaqlaşdı...

Ofisiant qızsa handan-hana gəlib hesab kağızının altında 3 manat 50 qəpik əvəzinə 5 manat qoyulduğunu görəndə yeni yandırdığı siqaretindən bir qullab vurub küçə qadınlarına xas bir ədayla qımışdı:

- Bu da özünü kişi sayır, çuşka!

# 1299 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
#
#
# # #