Bu yaxınlarda keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun adından sosial şəbəkələrdə şeir paylaşılmışdı. Z.Məmmədov isə açıqlamasında bu şeirin ona aid olmadığını açıqladı.
Kulis.az məsələnin aktuallığını nəzərə alaraq şeir yazmış ictimai-siyasi xadimlərin siyahısını və onların şeir haqda fikirlərini diqqətinizə çatdırır.
Ümid Partiyasının sədri İqbal Ağazadə:
"Ömrümdə yazmamışam. Mənim üçün şeir yazmaq böyük bir şeydir. Özümü o boyda görə bilməmişəm. Yaradıcı adam mənim üçün müqəddəsdir, bizim ola bilmədiyimiz adamdır”.
Milli Məclisinin deputatı Qənirə Paşayeva çoxdandır şeir yazır, hətta şeir kitabı da çap olunub:
"Bu ənənə mühitdən gəlir. Bizim vaxtımızda orta məktəblərdə yaxşı oxuyanları fərqləndirir, onlara iş tapşırır, birini sinif nümayəndəsi, o birini komsomol katibi təyin edirdilər. Mən heç zaman bu vəzifələri tutmamışam. Amma məktəbin divar qəzetinin baş redaktoru idim. Hətta jurnalist kimi çalışanda da o divar qəzetlərinin bəzilərini məktəbdən sökməmişdilər. Atam filoloq, əmim ədəbiyyatçı idi. Ailədə ədəbiyyat havası vardı. Ailəmiz həm də ədəbi məclislərin keçirildiyi yer idi. Ədəbiyyat və mədəniyyət sahəsinin böyük şəxsiyyətləri bizim evimizə toplaşar, bəzən sübhə qədər söhbət edər, müzakirə qurardılar. Mən belə mühitdə böyümüşəm”.
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə:
"Cavanlığımda şeir yazmışam. Sonra mənim həmin şeirimi görkəmli bir şair top atəşinə tutdu. O görkəmli şair məni tənqid etmişdi. Onda da mənim 14 yaşım var idi. Otağıma çəkilib ağladım. Atam soruşdu ki, nə olub? Dedim, şeirimə bu cür şey yazılıb. Baxdı güldü. Dedi, fəxr elə ki, sənin balaca şeirinə o boyda Xalq yazıçısı münasibət bildirib. Sonra soruşdu: "Araz, şeir yazmaya bilirsən?” Dedim ki, hə. Atam dedi, onda yazma. O zaman yazmaq lazımdır ki, onsuz yaşaya bilmirsən.
Ana Vətən Partiyasının sədri, Azərbaycan Milli Məclisinin deputatı Fəzail Ağamalı:
"Elə Azərbaycanlı tapılarmı ki, o 15 yaşdan 25 yaşa qədər olan dövrdə şeir yazmasın? Bu mənə də qismət oldu. Yadıma düşür ki, kəndimizdə bir sürücü şaxtaya düşmüşdü, əl barmaqları getmişdi. Bu məni o qədər təsirləndirmişdi ki, o haqda şeir yox, poema yazdım. Uzun bir şeir yəni. 12 dəftərli vərəqdə yazmışdım. Onda mən 8-ci sinifdə oxuyurdum. Tələbəlik illərində sevgi şeirləri, təbiət şeirləri yazmışam. Ən axırıncı şeirim Şəhriyarın "Heydər babaya salam” şeirinə nəzirə oldu. Çox yaxşı da şeir alınmışdı. Eyni stildə, eyni üslubda, ancaq öz düşüncələrimi ifadə edən şeir idi. Kəndimiz, kəndimizin adamları, dağlar, bulaqlar, çəmənliklər və s. Sonra tələbə ikən mənsur şeirlərim çap olunub. "Lenin tərbiyəsi uğrunda”, indi "Bakı Universiteti” adlanan qəzetdə mənim xeyli sayda mənsur şeirlərim çıxıb. Mən həm də bu qəzetdə ədəbi işçi kimi işləmişəm”.
Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri, Milli Azadlıq Hərəkatının fəallarından olan Nemət Pənahlı:
"Bəziləri deyirdi ki, Nemət siyasətdən ədəbiyyata keçib. Bu məni tanımayan adamların sözləridir. Əslində mən yaradıcılıqdan siyasətə gəlmişəm. Mən 5-ci, 6-cı sinifdən yaradıcılıqla məşğul olmuşam. Hesab edirdim, dünyada məndən böyük şair olmayacaq. 1978-ci ildə 8-ci sinifdə şeirlərimi yığıb "Şərur budaqları” dərnəyinə apardım. Onda da Nemət Kədərli imzasıyla şeirlər yazırdım. Dərnək rəhbəri mənə qəribə tərzdə baxırdı ki, 15 yaşlı uşaq gəlib burda şeir oxuyacaq. Mən bu şeirləri orda səsləndirəndə çox böyük rezonans yaratdı. Dərnəkdə məndən cavanı yox idi, hamısı məndən yaşca böyük adamlar idi. Şeirləri oxuyandan sonra mənə dedilər ki, sən fitri istedadsan. Ancaq bir şey də dedilər. Sovet şairi hara, kədərli hara? Mənim şeirlərimin hamısı da sovet hökumətindən giley-güzar. Dedilər, sən əgər mövqe tutmaq istəyirsənsə get partiyadan, Lenindən yaz”.
Sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn:
"Şeir yazmayan azərbaycanlı tanımıram. Həbsdə yazmışam. Həyat yoldaşım üçün yazmışam. Çap olunmaq üçün yox. Məxsusi, özəl”.
Keçmiş daxili işlər naziri İsgəndər Həmidov:
"Bir şeyi yaxşı bacarmırsansa, eləmə. Gül kimi şairlərimiz var, oxu, ləzzət al da. Əhməd Cavadın, Bəxtiyar Vahabzadənin, Səməd Vurğunun, Ramiz Rövşənin yanında sən nə yazacaqsan? Elə-belə özüm üçün cızma-qara eləmişəm”.
Politoloq Zərdüşt Əlizadə:
"Şeir heç vaxt yazmamışam. Bircə dəfə bir şeir tərcümə etmişəm. Misir şairinin bir şeirini...”
Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə:
"Şeiri gənclikdə yazmışam. Gənc vaxtı hamı şeir yazıb. Kim ki, şeir yazmayıb onun ürəyi yoxdu demək. Özüm üçün yazmışam, çap eləməmişəm”.
Ali Məhkəmənin keçmiş sədri, millət vəkili Tahir Kərimli:
"Yazmışam. O şeirlərim ki, yalnız bir adama aiddir, onu heç kəsə oxumamışam, çap da etdirməmişəm. Amma qalanlarını çap etdirmişəm.”
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev:
"Çap olunmayan şeirlərim var. Sadəcə başım siyasətə qarışıb. Gələcəkdə kitabım çıxsa, o şeirləri də orda təqdim edəcəm.”
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli:
"Şeir yazmışam. Ancaq o şeirlər mənim özüm üçündür, mətbuat üçün deyil”.
Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən biri, Müsavat Partiyasının Başqanı Arif Hacılı:
"Həbsdə yazmışam. Şeirin adı "Darıxıram” idi”.
“Tövbə” cəmiyyətinin sədri, ictimai-siyasi xadim Hacı Əbdül:
“Bəxtiyar Vahabzadənin bir şeiri vardı: Arazın o tayı vətənim, bu tayı vətənim... Onun təsirindən “Sərhəddə” adlı bir şeir yazmışdım:
Baxıram, gözlərimdən duman keçir, çən keçir,
Elə bil ki, Araz da gəlib sinəmdən keçir.”
Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov Tağı Sadiq imzası ilə şeir yazıb:
Yenə Vətən düşdü yada,
Kimə deyim dərdimi mən?
Eşitmirəm heç bir səda,
Kimə deyim dərdimi mən?
Qohum-qardaş harda qaldı?
Tale bu yerlərə saldı.
Yar başında o nə şaldı,
Kimə deyim dərdimi mən?