Zaurun maskası, Günayın təkəbbürü və ATV-nin stili

Zaurun maskası, Günayın təkəbbürü və ATV-nin stili
26 yanvar 2016
# 12:02

Belə bir verilişin mövcud olduğunu lap yaxında bildim. Sosial şəbəkələrdə haqqında tənqidi qeydlərlə rastlaşanda.

Söhbət ATV kanalında yayımlanan “Bu stil mənim” verilişindən gedir.

Proqramı tam izləməyə səbrim və səviyyəm imkan verməsə də, bəzi hissələrinə iradəmi zorlayaraq baxdım.

Ümumiyyətlə, bu, veriliş yox, karikaturadır. Hətta onu bizim televiziyamızın ümumi durumunu xarakterizə edən karikatura kimi qiymətləndirmək olar. Əzim Əzimzadə dirilib gəlsə, “Charlie Hebdo”ya sifariş verilsə, onlar belə telekarikaturanı bizim TV işçilərinin özlərindən daha istedadla hazırlaya bilməzlər.

Gözümə dərhal dəyən jüri üzvü Zaur Baxşəliyev oldu. Zaur çox universal adamdır. Əvvəllər müğənnilərin evlərinə gedib onların qarderoblarında, yataq otaqlarında qurdalanırdı, əlindən gələni edirdi ki, nəsə intim bir şey tapıb tamaşaçıya nümayiş etdirsin. Sonra evlilik verilişində ciddi görkəmlə ailə məsələləri üzrə ekspert-aparıcı oldu. Daha sonra sosial verilişdə lap ciddi görkəmə bürünüb yenə ekspert-aparıcılıq elədi. İndi də bir tərz verilişində ömrünü modaya həsr eləmiş mütəxəssis kimi danışır. İşdir şayət sabah məsələn, elmi verilişdə aparıcılıq eləsə, özünü Nobel almış alim kimi aparacaq.

Zaurun hər verilişə uyğun olaraq bir növ öz sosial maskasını dəyişməsini Karl Yunqun nəzəriyyəsi ilə izah etmək olar. Yunqa görə fərd ictimai həyatın tələblərinə, normalarına uyğun davranaraq maskalanır, süni şəkildə öz “mən”ini formalaşdırır, yəni sosial maska “taxır”. Və onun gerçək “mən”i başqadır. Amma bu qədər sosial maska altında Zaurun gerçək “mən”inin qalmasına artıq şübhə edirəm. Əgər olubsa da illər ərzində o, itirilib.

Yarışmaçılara modadan dərs verən, necə geyinib-keçinməyi öyrədən Zauru Türkiyənin TV8-də yayımlanan “İşte benim stilim” proqramında jüri olmuş, modelyer Nur Yerlitaşın qarşısına çıxarsan, onun geyimində min səhv tutar.

Kefinə düşəndə gah azərbaycanca, gah türkcə, gah rus aksenti ilə danışan model Günay Musayevanın bütün görkəmindən təkəbbür yağır, o, çox güman ki, özünü dünya moda sənətinin mərkəzi fiqurlarından biri kimi hiss edir. Hətta mənə elə gəldi ki, fransız modelyeri, çox hallarda yüksək modanın simasını müəyyənləşdirən Jan Pol Qotyenin muzası, modeli Rossi de Palma yox, o, olub.

Ümumiyyətlə Türkiyədə incəsənət sahəsində çalışanlardan aktrisa Nəsrin Cavadzadə bəlkə də yeganə azərbaycanlıdır ki, normal imici var, qalmaqallarla gündəmdə deyil, ciddi filmlərdə çəkilir, verilişlərdə təmkinli, ölçülü-biçilidir, bayağı deyil.

G.Musayevanın adını “Google”da axtarışda versəniz moda sənətindən çox hansısa məişət, xırda şeylərlə gündəmə gəldiyini görərsiz.

Jüridə modaya aid olan yeganə adam, mədəniyyəti ilə seçilən, rusdilli olmasına rəğmən azərbaycanca ordakılardan daha yaxşı danışan modelyer Fəxriyyə Xələfovadır.

Proqramda biabırçı olan digər məqam yarışan qızların adi polemika mədəniyyəti bir kənara, Azərbaycan dilində bərbad danışması, onun intonasiyasını, ahəngini pozması, bir fikri belə doğru-düzgün ifadə edə bilməmələridir. Yadıma gəlmir ki, Azərbaycan dilini kimsə bu qədər gözdən salıb təhqir eləsin.

Cəmiyyətdə polemika mədəniyyətinin yoxluğunun günahkarlarından biri də potensialını bu səviyyədə “şou” hazırlamağa sərf edən, normal polemik veriliş eləməyən telekanallardır.

Bir neçə gündür müzakirəyə çevrilən verilişdə model Günay nə deyib, o qızı niyə ağladıb, baş verənlər quramadırmı, ya qurama deyil, bunlar məni zərrə qədər də maraqlandırmır.

Bu veriliş-məzhəkəyə ürəkbulanması keçirə-keçirə baxanda onu düşündüm ki, moda sənayesi inkişaf eləməyən, dünya moda sənətindən qopuq yaşayan, əhalinin yarıdan çoxu qara rəngə üstünlük verən, monoton geyinən, moda sahəsində doğru –dürüst mütəxəssisləri olmayan bizlərin bu veriliş haramıza yaraşır, yaxud bu qədər problemin içində hansı tələbatdan doğub?

# 3895 dəfə oxunub

Oxşar xəbərlər

Kino sənayesində dövlət sifarişi sistemi təkmilləşdiriləcək

Kino sənayesində dövlət sifarişi sistemi təkmilləşdiriləcək

18:25 14 yanvar 2026
Azərbaycan dilindən BMT-nin əsas dillərinə və türk dillərinə tərcümə lüğətləri hazırlanacaq

Azərbaycan dilindən BMT-nin əsas dillərinə və türk dillərinə tərcümə lüğətləri hazırlanacaq

18:20 14 yanvar 2026
Azərbaycan ədəbiyyatının xarici dillərə tərcüməsi ilə bağlı layihə təsis ediləcək

Azərbaycan ədəbiyyatının xarici dillərə tərcüməsi ilə bağlı layihə təsis ediləcək

18:05 14 yanvar 2026
Milli kino fondunun arxivi rəqəmsallaşdırılacaq

Milli kino fondunun arxivi rəqəmsallaşdırılacaq

17:50 14 yanvar 2026
"Avatar"ın ulduzu ən çox gəlir gətirən aktrisa  oldu

"Avatar"ın ulduzu ən çox gəlir gətirən aktrisa oldu

17:30 14 yanvar 2026
“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası təsdiq edildi

“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası təsdiq edildi

17:10 14 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər