İmtahandan intihara və ya qatil valideynlər

İmtahandan intihara və ya qatil valideynlər
15 may 2018
# 11:42

Kulis.az Hədiyyə Şəfaqətin “Alsunu imtahana aparmışdım...” yazısını təqdim edir.

Evdən əl-ayağı titrəyə-titrəyə çıxmışdı. Ağlamışdı. Hirslənmişdim, amma dişimi dişimə sıxıb əlindən bərk-bərk tutmuşdum. Bu halda hər valideyn övladına necə dayaq duracaqdırsa, eynisini etmişdim. Dünyanın sonu olmadığını, ikinci şans olacağını, hər şeyin yaxşı keçəcəyini, əsas yaxşı insan olmağın önəmi barədə...

Bir az tutqun səhərdi. Məktəbin qabağı dolmuşdu. Tanış uşaqlara yaxınlaşdıq. Onlardan təkcə birinin valideyni, atası gəlmişdi və gözləyirdi...

Gözümü ətrafda gəzdirdim. Asılqan kimi arıq çiyinlər, yorğun sifətlər, əyilmiş bellər... Buraxılış vərəqini bərk-bərk tutmuş çubuq kimi barmaqlar, damarları çıxmış əsən əllər... Buraxılış kağızı sanki açardır, itirsələr bədbəxtlik baş verəcək...

Nigaran, qorxaq, ürkək baxışlar... Bir damcı qızlar, cılız oğlanlar... Elə bil daha da balacalaşmışdılar...

Köhnə, yorğun çantalar... Nimdaş geyimlər... Cırıq ayaqqabılar... Sanki hər şeyin sonudur, hər şeyin, gücün də, səbrin də, pulun da...

Analar, atalar, nənələr, babalar, əmilər, dayılar...

Kasıblıq, kasıblıq, kasıblıq... Mənzərənin ümumi adını belə qoyardım - Kasıblıq...

Bizim dəstədən qızların üçünün valideyni gəlməmişdi...

Ürək-dirək verməyə çalışıram, zarafat edirəm, arxayınlıq yaratmağa cəhd edirəm... İşə yaramır...

İçəri keçmək zamanı gəlir. Alsunu qucaqlayıb bağrıma basıram, tir-tir titrəyir... Ürəyim qısılır. Ondan ayrılıram, o üç qıza baxıram, səsləyib çağırıram, üçünü də qucaqlayıb bağrıma basıram... Titrəyirlər... Atası gələn qız atasını qucaqlayır, yarıda dayanıb bir də atasını çağırır: “Ata! Ata! Bax da mənə, ata!”... Elə bil gedər-gəlməzə yollanır, elə bil o binadan, o qapıdan üç saat sonra çıxıb bura qayıtmayacaqlar, elə bil qayıdıb burda olmayacaqlar...

İşə gəlirəm...

Gözləməyə başlayıram...

Sadəcə gözləməyə...

...İki xəbər ard-arda gəldi. Qınaqlar başladı. Valideynlər uşaqları anlamırlar, valideynlər uşaqları təhrik edirlər. Uşaqlar qorxurlar. Utanırlar.

Valideyn özündən çıxır? Çıxır, elədir. Hətta o qədər çıxır ki, bütün ədalətsizliyin, bütün haqsızlığın, bütün uğursuzluğun hirsini, qəzəbini onsuz da sarsılmış övladına qusur. Həqiqətən qusur, çünki bu iyrəncliyin başqa adı ola bilməz...

Niyə?

Niyəsini hamımız bilirik...

Ən çox bildirilən irad bundan ibarətdir - məktəbi bitirən qaçır ali məktəbə, hamı institut oxumaq istəyir, hamı diplom qazanmağa can atır... Guya qurtarıb nə edəcəklər, guya işsiz qalmayacaqlar, guya heç dəxli olmayan işlərdən yapışmayacaqlar?

Yapışacaqlar.

Amma indi problem başqadır. İmtahan verən uşaqların əksəriyyətinin yeganə bir məqsədi var - Harasa ilişmək!

“Harasa ilişmək”... Adi ifadə deyil, altında dəhşətli həqiqətlər yatır... Təki ilişsin, təki çöldə qalmasın, elə bil üzüaşağı uçuruma gedən adam əlini havada oynadıb ayağını ilişdirməyə bir çıxıntı, əl atıb yapışmağa bir ip axtarır... Yapışmaq istəyir, bilmir, o bağ onu uçurumdan çıxaracaq, ya yox... Amma hər halda dibdənsə havadan asılmağa üstünlük verir...

Niyə?

Niyəsi bizdədir, cənablar!

Biz nümunə göstəririk!

Böyüyən oğlan, qız hara baxırsa, görür ki, diplom əsas bəzək əşyasıdır. Toyumuzda oxuyub adam olan qohumumuzu qabağa çəkirik, söz veririk, yoxsa kəndçiliyini edib çörəyini çobanlıqdan çıxaran adamı? Nəslimizi-əslimizi sadalayanda kimi gözə soxuruq? Oxumuşlarımızı, yoxsa sadə fəhləlik edənimizi, daş yonanımızı, yük daşıyanımızı?

Bizim vecimizə də deyil həkim qohumumuz hansı xəstəni dəhlizdə qoyur, üzünə baxmır. Bizim eynimizə deyil vəzifəli qohumumuz kimin son qəpiyini çırpışdırır. Biz onunla fəxr edirik. Süfrəmizin yaxşısını onun qarşısında qoyuruq, məclisimizin ən yaxşı yerində onu əyləşdiririk, təkcə özünə yox, ərinə-arvadına, oğul uşağına da yaltaqlanırıq.

Övladımız bizə kənardan baxır, baxır, baxır... Ürəyinin içində bir yumruq düyünlənir övladımızın...

Allah eşqinə, çoxumuz oxumuş oğlumuza oxumuş qız, oxumuş qızımıza oxumuş oğlan axtarmırıqmı? Təhsilli ailəylə qohum olmağa can atmırıqmı? Hansımız qızımızı fəhləyə bab bilirik? Nə qədərimiz “başımı yerə soxma” deməyə bilirik?

Məktəblərimizdə ən yaxşı birinci siniflər valideynləri “yaxşı yerlərdə işləyən” uşaqların oxuduğu siniflər sayılmırmı? Ən çox həmin o “hörmətli müəlliməyə” can atmırıqmı?

Hansımız insan axtarırıq?

Diplom axtarırıq... Hər yerdə, nə olur olsun, diplom olsun. Lap iş olmasın, diplom olsun...

Ən çox rayonlardan, kəndlərdən paytaxtın ali məktəblərinə can atan gənclər qınanır. Hələ desən lağa qoyulur. Gəlin baxın, görün buralardakı sükunəti, darlığı, çıxılmazlığı... İnsanlar nicat arayırlar. Və bircə yol var.

Qədimli-yenili bir çox peşələr aradan çıxır. Şəkidəki sənətkarlarla danışmışam, çoxunun şəyirdi yoxdur. Tarixi yerlərdə satılan mur-muncuqdan tutmuş çox şey ordan-burdan gətirilir, adam qonaq yanında xəcalət çəkir. Niyə, pul da var, tələbat da. Niyə uşaqlarımız sənətə getmirlər? Sadə səbəbdən - siz onları adam yerinə qoymayacaqsınız, onların diplom deyilən seçmə nişanı yoxdur...

Dostlarımın içində heç bir təhsili olmayanları adbaad çəksəm, elə özüm utanaram. Onların etdiyini bəlkə akademiyanın bir dəstə alimi etməyib. Amma bir yerə iş üçün üz tutsalar veriləcək cavab məlumdur...

Respublikada yüzlərlə peşə təhsili verən müəssisə var. Deyəsən, tələbələri də olur. Sonra? Harda işləyəcəklər? Hansı müəssisədə, hansı fabrikdə, hansı zavodda? Yüzlərlə diplomlu, bacarıqlı, istedadlı insan adda-budda müəssisələrdə bütün iş yerlərini tutublar. Dostlarımın arasında beş dil bilən mütəxəssis var. Xarici şirkətdə fəhlə işində çalışır...

Vəziyyət çoxdan ruscadan da, fransızcadan da o üzə gedib...

O iki oğlan nə ilkdir, nə son... O valideynlər də, nə ilkdir, nə son... Sabah mən də, sən də, o biri də onların yerində ola bilər...

Bizim nümunəmiz iyrəncdir, cəmiyyət olaraq...

Uşaqlarımız üsyan edir...

Uşaqlarımız özünü ən uca yerdən buraxır üzü aşağı...

Uşaqlarımız qorxur, uşaqlarımız sarsılır, uşaqlarımız utanır, uşaqlarımız qırılır... Uşaqlarımızı heç nəyə yaramayan məktəblərdən çıxarıb kurslara yollayırıq. Əlimizdə-ovcumuzda nə varsa tökürük, geymirik, yemirik, gəzmirik, nəyimiz var satırıq. Kredit götürürük. Dərman pulumuzu hazırlığa ayırırıq, süfrəmizdə ancaq ən vacib şeyləri saxlayırıq. Soyuducumuz boş olur, ayaqqabımız su keçirir... Və uşağımız qarşısında borcumuzu ödədiyimizi deyirik. Əslindəsə, uşaqlarımızı ağır borc altında buraxırıq.

Gəlir o gün

Və biz onlardan daha çox qurtulmaq istəyirik... Çünki tükənmişik... Çünki bir də başdan başlamağa güc qalmayıb... Üstəlik sabah nə olacaq, bilinmir...

Sonra da belə olur...

...İmtahan axşamı əvvəl susduq, bir-birimizə baxdıq, sonra haray-həşir qopdu.

Kiməsə qusmalıydım, övladımın üstünə qusdum.

Dünən məlum xəbərlərdən sonra evə getdim, Alsunu bağrıma basdım, “Bağışla” dedim...

“Sağ ol” dedim...

Bacarsaydım ordakı bütün uşaqları beləcə bağrıma basıb “Bağışla” deyərdim.

Çünki hamımızın şəhərində hündürdə olan bir yer var...

# 2431 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
# # #