Pərviz: “Şeirimi meyvə yeşiyində tapdım”

Pərviz: “Şeirimi meyvə yeşiyində tapdım”
3 dekabr 2012
# 11:24

Kulis.az-ın “Köhnə tüfəng” layihəsinin qonağı yazıçı-jurnalist Pərviz Cəbrayıldır.

Bu layihədə Azərbaycan jurnalistikasının təcrübəli simaları öz təcrübələri haqda danışırlar.

- Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdiyinizi bilirik. Bəs mətbuatda nə vaxtdan dərc edilmisiniz?

- Rayonumuzda (Biləsuvar. –red.) “Məhsul” adlı qəzet vardı, doqquzuncu sinifdə oxuyanda bu qəzetdə şeirim çıxmışdı. Sonra kiçik məqalələr yazdım. İlk yazımın adı “Nağı əmi”ydi. Nağı əmi bərbərdi. Balaca bir köşkü vardı. Səliqə-səhmanı, balaca həyətində saldığı yaşıllıq adama ləzzət eləyirdi. Rəhmətlik o məqaləni kəsib güzgüyə vurmuşdu, bütün müştərilərinə göstərirdi. Göstərməsə də, hamı görməyə məcbur idi. Rəhmətlik ölən gününəcən onu güzgüsündən qoparmadı. Deyirlər, qəzet tam saralıb, ancaq yenə də əl vurmur, yenə də fəxrlə hər kəsə göstərirmiş. İnsan öz gərəkliliyini hiss edəndə xoşbəxt olur. Məncə, bu gün insanımızın ən ac qaldığı məqam da budur...

Doğrusu, jurnalist olmaq fikrim yox idi. Sadəcə, yazmaq mənə ləzzət eləyirdi. O vaxt hüquqşünas olmaq istəyirdim. Sənədlərimi də universitetin hüquq fakültəsinə vermişdim, ancaq iki dörd, iki beşlə müsabiqədən keçmədim və əsgərliyə getdim. Gələndən sonra artıq hansısa instituta daxil olmağa heç marağım qalmamışdı. Dərdim-sərim ancaq yazmaq idi. Atam havalanmışdı ki, adam necə heç bir instituta girmək istəməz, “dəli əlində qalmışam”,- deyir, əsəbiləşirdi. Artıq o vaxt AzTV-də Tahir Abbaslının redaktoru olduğu 45 dəqiqəlik “Dünyamıza misra-misra baxıram” verilişində qonaq olmuşdum, kənddə belə çəkilişlər olmuşdu. Tahir bəy institut haqda nə düşündüyümü soruşub, heç nə düşünmədiyimi gördükdə, “jurnalistika”,- dedi. Onunla Zeynal Məmmədlinin yanına getdik. Görüşdük. Yəni mənim üçün fərqi yox idi: filologiya, tarix, jurnalistika... O da sənəd verməyi məsləhət gördü.

Birinci kursda oxuyanda bir yazı yazmışdım “Azadlıq üstündə qılınmış namaz”. Yazının canı Xalq Hərəkatının qələbəsinə ümid idi. Hər halda Azadlıq sözünün üstündə qəbul olunmuş namaz qəbul olar, deyə düşünürdüm. Güneydən atasını aramağa gələn bir ahıl soydaşımız avtobusda namaz qılmaq istəyirdi, məndən yerə sərmək üçün bir şey istədi, mən də “Azadlıq” qəzetini verdim. Bunu da yazıma əsas motiv olaraq əlavə eləyib yazdım və “Səs” qəzetinə apardım. Onda qəzetin baş redaktoru Eldar Baxış idi. Yazı çap olundu. Böyük mətbuatda ilk məqaləm bu yazıdı.

İlk kursdan təcrübəyə ölkənin tək televiziyası olan AzTV-yə getdim (ixtisasca telejurnalistəm), dedilər ki, birinci kursdan təcrübəyə götürmürük. Hara üz tutum bəs, düşündüm və təbii ki, “Azadlıq”ı seçdim. Ona qədər Hikmət Sabiroğlu, Rövşən Hacıyev də hər dəfə fakültəyə gələndə məni qəzetə çağırırdılar. Hə, AzTV-nin yanından “Şamil Əzizbəyov”a, qəzetin redaksiyasına piyada yollandım. Redaksiyaya girdim, gördüm ki, bir dəstə adam otaqda toplaşıb, deyib-gülür. Baş tərəfdə bir saqqallı oturmuşdu. Təəccübləndim, buna qədər başqa redaksiyalarda da olmuşdum, amma belə sərbəst atmosfer görməmişdim. Təsəvvürümdə baş redaktor dediyin Harun ər-Rəşid kimi taxtda-zadda oturmalıydı. Redaktoru soruşdum, Qəniməti, həmin o saqqallını nişan verdilər, gəlişimin məqsədini dedim, sanki elə məni gözləyirmiş zalım oğlu, dedi ki, xoş gəlibsən, yavrum, get orda uşaqlara kömək elə, nəsə abunə məsələsində dolaşıqlıq vardı. Qara bir iş... Mən də məyus şəkildə yardıma getdim, Qənimət haqda qara-qara düşündüm... birisi gün artıq ilk yazım qəzetdə çap olundu.

Jurnalistikaya təzə gələn adam başlayır öz fikirlərini yazmağa, sanki bunun çox ciddi fikirləri varmış. İndi də görürəm, təzə gələnlər köşə yazmaqdan başlamaq istəyir. Mən də Etibar Məmmədovla bağlı fikirlərimi yazmışdım. Yanılmıramsa, o vaxt AMİP-də olan hörmətli hüquqşünas Fuad Ağayev redaksiyaya gəlib şikayət elədi...

- Bəs nə vaxtdan bu qəzetdə rəsmi şəkildə işləməyə başladınız?

- Bir neçə felyetonum, reportajım çap olundu. Qənimət dedi ki, qalıb işləməlisən. Şairliyin sarsaq havası başımda idi, pula-paraya da ehtiyacım yox idi, işləmək istəmirdim. Dərdim o idi ki, təcrübə dəftərinə möhür vurulsun. Gördüm məni buraxmayacaq, fənd işlətdim, dedim ki, yorulmuşam, gedim bir ay rayonda dincəlim, sonra gəlib işləyərəm. Razılaşdıq. Fikirləşdim ki, onu bu cür aldadacağam. Amma Qəniməti aldatmaq, özünü aldatmaqdan çətindi. İki ay sonra qayıdıb təcrübə dəftərini möhür üçün masasına qoyanda, dedi, Hikmət, müqaviləni gətir. Dedi ki, sən müqaviləni imzala, mən də təcrübə dəftərinə möhür vurum, ya da sənə yaxşı yol. Çarəsiz qaldım. O gündən elə çarəsizəm. Hara hərlənsəm, fırlansam, yenə üzüm “Azadlıq”a tərəfdi. Həmin müqavilə indi də məndə qalır. O gündən bu günə “Azadlıq” evim oldu. Məni bir kərə evimdən çıxaran oldu. İndi onun izi-tozu qalmayıb o evdə...

- Müqavilə bağlayandan bir müddət sonra “Azadlıq”ın ədəbiyyat səhifəsini hazırlamağa başladınız...

- İqtisadi vəziyyət çətinləşdiyindən ədəbi nəşrlərin fəaliyyətində ciddi problemlər yaranmışdı. O dövrün əsas ədəbi nəşrləri “Yol” qəzeti və “Xəzər” jurnalı idi. Ən azı yeni nəslin biət elədiyi. Bu nəşrlər bizim ədəbi tərbiyəmizdə ciddi rol oynayıblar. Bunlar da faktiki olaraq dayanmışdı. Bir boşluq yaranmışdı. “Azadlıq” qəzetində ədəbi səhifə yaratmaq bu dövrdə ağlıma gəldi. Ancaq onu da bilirdim ki, bu, asan məsələ deyildi, çəkinmədən deyərdim, hətta inqilab idi və siyasi hadisələrin çox gərgin vaxtı, belə bir zamanda ədəbi səhifə yaratmaq təklifi müsbət qarşılanmayacaqdı. Belə də oldu. Özü də “Azadlıq” nadir hallarda şeir verirdi. Həmin şeirlərin də ədəbiyyata yox, hərəkata, siyasətə dəxli vardı. Yarım il Qənimətin başının ətini yedim ki, ədəbi səhifə hazırlayaq. Qənimət deyirdi ki, şairlərin, yazıçıların əlində girinc qalacam. Dedim ki, hamısını mənim üstümə göndərərsən. Birtəhər razılaşdıq. Şərt belə oldu ki, redaktor səhifəyə ancaq qəzetdə baxacaq. Yəni çapdan sonra.

- Deyəsən yaş senzi də vardı...

- Hə, otuz yaşa qədər. Əsasnaməyə bənzər bir şey hazırlamışdım ki, burada ancaq gənclər çap oluna bilər. Bir dəfə Qənimət məni otağına çağırdı, Əlisəmid Kürü göstərib dedi ki, tanış ol. Dedim ki, Əli bəyi tanımayan yoxdur ki... Qənimət əvvəlcədən də ona deyibmiş ki, mənlik deyil, bu işlərə Pərviz baxır. Mən də dedim ki, bəy, bizdə qayda belədi-filandı. Əlisəmid bəy “heç bir problem yoxdu” fikrini o qədər rahat, səmimi, sevgi ilə dedi ki, birtəhər oldum. Ancaq yenə də qaydanı pozmadım. Ancaq “30 yaş qaydası”nı bir-iki dəfə pozmuşam. Rafiq hekayələrini gətirmişdi, heç düşünmədim ki, yaşı çoxdu. Rafiq elə bir insan idi ki, hətta uşaqlar da onu öz yaşıdı hesab edirdi. Hətta adama elə gəlirdi ki, Rafiq yaşca səndən kiçikdi.

- Bu səhifənin Mahir Mehdiyə tapşırılmağı necə baş verdi?

- Qənimət XAP sədri olandan sonra “Azadlıq”dan istefa verdi. Partiyanın “Azad söz” adlı qəzeti vardı. Bu qəzetin baş redaktorluğuna bir neçə namizəd göstəriləndə Qənimət mənim üstümdə dayanmışdı. Etiraz etmədim. 23-24 yaşım vardı, müstəqil Azərbaycan tarixində ilk ən gənc baş redaktor oldum. “Azad söz”ün başına Zamin Hacı, Adil Mirseyid kimi yazarları yığdım. Zamin Hacının gözəl reportajları, Adil Mirseyidin son dərəcə anarxist yazıları olurdu. Adil bəy partiya qəzetində yazırdı ki, siyasətə də, siyasətçilərə də nifrət edirəm. Partiyada da bizdən çox narazılıq vardı. Çox nadir hallarda partiyanın informasiyasını verirdik. Əvvəlcədən də demişdim ki, məndən “boyevoy listok” gözləməyin. Buna görə də qəzet ədəbi cameənin baş vurduğu, hava aldığı məkana çevrildi. Qəzeti çox çətinliklə çıxarsaq da, həvəslə, entuziazmla işləyirdik. Yadıma gəlir ki, ilk nömrənin çapını sabaha qədər gözlədik və özümüz altı min tirajı iç-içə yığdıq. Səhərağzı, ilk metro qatarıyla Zaminlə bizim evə getdik. Yoldan bir quru çörək aldıq ki, yavan da olsa, yeyək. Vallah, qəribə gəlməsin, heç ilk övladıma elə sevinməmişəm. Hər birimiz həvəsdən uçurduq. Amma “Azad söz”ün ömrü uzun olmadı, yenə “Azadlıq”a qayıtdım. Sonra Zamin də gəldi. Zamin indi köşə yazır, ancaq onun son dərəcə gözəl reportajları vardı. Ümumiyyətlə, ədəbiyyat adamlarının reportajı daha rahat alınır, çünki söhbət müşahidədən, təsvirdən gedir, buna isə ədəbiyyat adamları bir köynək daha yaxındı.

- “Avrasiya” və “Millətin səsi”ndə də işləmisiniz...

- Buna qədər, Zeynal müəllimlə Rusiyadan sonra postsovet məkanının ilk TV jurnalı olan “Tv-Tel”i buraxdıq. Nə yazıq ki, maddi imkansızlıqdan o da tez dayand;. Orda redaktor idim. Sonra, yanılmıramsa, 1997-ci ildə Qənimət “Avrasiya” qəzetinin redaktoru təyin ediləndə komandasını da özü ilə apardı. Mən məsul katib oldum. “Avrasiya” vaxtilə çox tiraj toplamış, ən çox oxunan qəzet olmuş, sonradan dayandırılmış, yenidən çapına icazə veriləndə mövqeyini dəyişmişdi, ona görə də oxucu ondan küsmüşdü. Biz qəzetə can vermək üçün getdik. İndi bütün qəzetlərdə köşə yazıları gedir, amma o vaxt təkcə “Avrasiya”da gedirdi köşə. Köşə yazısı məsələsini Azərbaycana İrfan Sapmaz gətirib.

99-da Qənimət “Ekspress”ə baş redaktor getdi, yenə də komandasıyla. “Ekspress”də isə baş redaktorun müavini idim. Orda da işlər uzun sürə yürümədi. Çünki bəzi neytral qəzetlərdə olduğu kimi tənqidçilikdə bir həddə qədər getmək mümkündü. Həddi aşdığımıza görə orada qalıb işləməyimiz mümkün deyildi. Amma həm “Avrasiya”dan, həm “Ekspress”dən normal şəkildə ayrılmışıq. Dostcasına, yoldaşcasına. “Millətin səsi”ində redaktor olmağı Şahbaz Xuduoğlu mənə Bakıda dəhşətli zəlzələ olan günü təklif edib. 2000-də. Məndən soruşdu ki, neçə ay ərzində tiraj yığa bilərik? Dedim, 4 ay. Amma elə oldu ki, bir aydan sonra əl yayımı ilə məşğul olanlar bizim qəzeti əldə etmək üçün mübarizəyə girişdilər. Sonralar tirajımız o dövrdə ölkənin ən çox oxunan qəzeti olan “Yeni Müsavat”a gəlib çatdı. Və məhvimiz də onda başladı...

- Buna nəyin hesabına nail oldunuz?

- Oxucuya istədiyi hər şeyi verməyə çalışırdıq. Qəzetin içində insanın duyğuları da vardı, siyasət də, köşələr də... Şərh və analizlər də... Heç kimin tapa bilmədiyi xəbərləri verirdik. “Millətin səsi” ciddi fakta çevrilmişdi.

- Amma bu qəzetdə bəzən vulqar ifadələrə, söyüşə də rast gəlirdik...

- Mənim cavabdeh olduğum qəzetdə sərt ifadə ola bilər, ancaq söyüş yox. Bu, nə mənim, nə Şahbazın naturasına uyğun idi. Mən qəzetdən gedəndən sonra yoxlanılmamış, qeyri-ciddi yanaşılmış bir məlumat getmişdi. Qəzet də bunun güdazına getdi, Şahbaz bəy də həbs olundu.

- Məncə aldığınız ən önəmli müsahibə Elçibəylə müsahibədir. Siz necə fikirləşirsiniz?

- “Azad söz” adlı kitabda bu müsahibə-“Bir saatlıq ədalətlə qırx illik ibadət arasında”-“Onilliyin ən yaxşı müsahibəsi” kimi təqdim olunmuşdu.

Hərəkat dövründən Bəyi ruh adamı kimi sevmişdim. Bəy Kələkiyə gedəndən sonra bir gün Qənimət məni çağırdı, dedi ki, Elçibəylə müsahibəyə getmək lazımdı. Boyun qaçırdım. Qənimət təəccüblə dedi ki, sən axı Bəyi çox sevirsən, niyə getmək istəmirsən? Onu da deyim ki, o vaxt Kələkiyə getmək zülm idi. Hava soyuq, pul yox... Məsələn, qəzetin bizi Kələkiyə göndərməyə pulu yox idi. Qənimət dedi ki, sən pul qoy, gedin, sonra mən o pulu qaytararam.

- Təbii ki, qaytarmadı...

- Təbii olmasa da, qaytardı. Hə, onu deyirdim axı, Qənimət dedi ki, niyə getmək istəmirsən? Dedim, içimdə bir Elçibəy obrazı var, qorxuram, dağıla. Qənimət dedi ki, səni əmin edirəm, sən o adamı daha çox sevəcəksən. Dedim, bax ha, məsuliyyət sənin boynundadır. Elşən Şirinov, Mustafa Hacıbəyli yola düşdük. Çox çətinliklə Naxçıvana gedib çıxdıq. Bir gün mərkəzdə qaldıq. Soyuq idi, yeməyə heç nə yoxdu, kasıb bir cəbhəçinin evinə düşmüşdük. Kibrit qutusu boyda pendiri bölüşdük. Səhəri gün Kələkiyə yola düşdük. Maşının qarşısına dibçək qoymuşduq ki, guya toya gedirik. Bir həftə Kələkidə qaldıq. O zaman Əli Kərimli də orada idi. Bəylə söhbət etmək istəyəndə dedim ki, Əli bəy, istəyirəm, Bəylə təkbətək söhbət edim. Əli bəy güldü, dedi ki, Pərviz, sənə söz verirəm, sizin söhbətə müdaxilə etməyəcəyəm. Əslində bu, gənclik ərköyünlüyündən, anarxistliyindən gələn bir şey idi. Neçə vaxtdı, içimdə Elçibəyə və Heydər Əliyevə veriləsi suallar yığışmışdı. Elçibəyə bu sualları vermək imkanı yaranmışdı. Söhbətin ortasında fəlakət oldu. Diktofonun daşı öldü, dedim ki, Bəy, bir dəqiqə dayanın. Dedi ki, danışdıqlarımı təkrar danışmayacağam ha. Uşaqlar hardansa daş tapdılar. Ancaq yenə də diktofon çox keyfiyyətsiz yazmışdı. Müsahibəni çox çətinliklə, əziyyətlə çıxardım. İki səhifəlik müsahibə alındı, amma çox şeyləri çıxara bilmədim. Buna görə indi də yanıram. Müsahibədən çıxandan sonra isə cəbhəçilər məndən küsdü. Elçibəy, iqamətgah kimi Geoloji Tədqiqat Mərkəzinin binasını seçmişdi. Mən də buranı təsvir etmişdim. Cəbhəçilər də deyirdi ki, hər şeyi o qədər dəqiqliklə yazmısan ki, hökumət Bəyi asanlıqla tapa bilər. Guya mən yazanacan bilmirdilər. Bir də Bəyə bəzi suallar vermişdim, cəbhəçilər deyirdi ki, gərək o sualları verməyəydin. Çox sevdiyim bir müsahibədi o.

- Elçibəylə bağlı fikriniz dəyişdi?

- Çatan kimi Qənimət elə bunu soruşdu, dedi, Əbülfəz bəy sevgisi getdi işinə? Dedim, yox, artdı.

- Bir ara mətbuatdan tamam uzaqlaşdınız...

- Mətbuatdan uzaqlaşmağıma küskünlüyüm səbəb oldu. Sanki hər kəsdən küsmüşdüm. Sonra Rusiyaya getdim. Məcburiyyət qarşısında qalıb tərəvəz belə satdım. Əyilməkdənsə, kisədən xarab, don vurmuş, çürük kartofları ayırmağı üstün tuturam.

Yeri gəlmişkən, bir maraqlı hadisə danışım. Bir dəfə Azərbaycan meyvəsi almışdıq. Meyvəni yeşikdən boşaldanda altına döşənmiş qəzeti görəndə elə bil dünyanı verdilər mənə. Bu qəzeti görəndə sanki yüz ildir aralı düşdüyüm əzizimi gördüm. Salam Sarvanın buraxdığı “Ruh” qəzeti idi. Qəzet qırışlanmışdı, əzik-üzük olmuşdu, alma bəzi yerlərini islatmışdı. Qəzeti sobanın qabağında qurudub, sonra şax şəklə saldım və gördüm ki, burada mənim də şeirlərim var. Çox qəribə hislər keçirdim. Az qalırdım qəzeti gözümə təpəm. İzah etməyə çətinlik çəkirəm.

- Kim küsdürmüşdü sizi?

- Hamıdan küsmüşdüm. Bu, ayrı mövzudu, haçansa yazacam. İki küskünlüyüm olub. Hə, getdim rayona. Bir il sonra “Öləngi” ilə bağlı problem yarandı. Düşündüm ki, çıxıb getməyim məsləhətdi. Getdim, bir ay yatmadan gecə-gündüz satıcılıq elədiyim də oldu. Bunun mənə çox xeyri dəydi, xeyli kitab oxudum. “Yad dildə”nin müəyyən qeydlərini orada etdim. Müəyyən dövrdən sonra isə gördüm ki, yox, mən vətəndən ayrı yaşaya bilmirəm.

- Bir dəfə demişdiniz ki, reportaj yazanda qələmə alacağım nəsr mətnlərinin məşqini edirdim.

- Bunu heç bir mətbu orqana deməmişəm, yoldaşlığa demişəm. Mənə belə gəlir ki, mənim içim nəsr üçün qurulub. Reportajları yazanda da özüm üçün nəsr məşqlərini aparırdım.

- O vaxtların jurnalistikası ilə indinin jurnalistikası arasında hansı fərqlər var?

- Həmin dövrdə Azərbaycan jurnalistikası rus jurnalistikasına yaxın idi. Daha çox fikir, analiz üstündə qurulmuşdu. O dövrün jurnalistikası düşüncəyə hesablanırdı, sensasiyaya yox. Ancaq Azərbaycan mətbuatı getdikcə fikir yükündən uzaqlaşaraq sensasiya üzərində qurulan etapa keçdi. Qərb mətbuatı yoluna qədəm qoyduq. Xəbər, xəbər, xəbər...

- Çap mediasına marağın azaldığı, internet saytların önə çıxdığı vaxtda qəzetlərin gələcək taleyini necə görürsünüz?

- Ümumiyyətlə, mediaya maraq əvvəlki qədər deyil. İnsanlar ruhi və bilgilənmə ehtiyacından uzaqlaşıblar. İndi adamları daha çox maddi şeylər düşündürür. Cəmiyyətin tam laqeydləşib. İnsanlar cəmiyyətdəki aktiv iştirakdan imtina ediblər. Bu mənada hesab etmirəm ki, internet qəzetlərinə daha böyük maraq var. Qəzeti indi elə adamlar oxuyur ki, onlar bununla nəfəs alırlar. Öz nevrozlarını sublimasiya eləyirlər bir şəkildə. Başqaları isə qazanclarından qəzetə pul ayırmaq istəmirlər. Ola bilsin, gələcəkdə texnologiya o səviyyədə inkişaf etsin ki, çapa ehtiyac qalmasın. Amma mənə elə gəlir ki, çap istehsalı heç vaxt dayanmayacaq. Kağız insanın yarandığı torpaqdan, havadan, sudan, oddan yaranıb, ona görə də kağız daha rahat ünsiyyət həzzi yaradır. Elə bil, bir canlıyla kontaktdasan.

- Bəyəndiyin 5 imzanın adını çək, lütfən.

- Bəyəndiyim imzaların sayı beşdən çoxdu. Onların sayını beşə endirmək istəməzdim. Oxucuların fikrinə təsir etmək də istəmirəm.

- Hansı qəzetləri, saytları izləyirsiniz?

- Əsas informasiyanı “Azadlıq” qəzetindən alıram. Qafqazinfo, Kulis, “Azadlıq” radiosu... Adətən Facebook paylaşmalarından yola çıxıram. Çünki buna çox vaxt ayıra bilmirəm.

- Bu günlərdə bir kədərli yazı yazmışdınız, roman satmaq istədiyinizi qeyd etmişdiniz. Reaksiyalar necə oldu bu yazıya?

- Bu yazı yazılandan sonra dostlar məni xarici ölkələrə dəvət elədilər ki, gəl burda yazmaq üçün hər şərait yaradaq. Hətta Facebookda pul toplama söhbəti də oldu. Bu söhbəti eşidəndə ürəyim lap ağrıdı. Yazdım ki, mən yanlış anlaşılmışam. Məqsədim pul toplamaq deyil. Oxucudan heç vaxt pul almaram. Fikrim pul toplamaq yox, reallığı göstərmək idi. Qənimət də zarafata alğı-satqı təklifi verdi net üzərindən, bu şərtlə ki, əsər Anadolu türkcəsinə tərcümə olunsun. Ona yazdım ki, sənə bunu yox, ancaq “Yad dildə”ni sata bilərəm. Alırsansa, söhbət edək. Təbii ki, zarafat idi.

- Yeni yazdığın əsərdən - “Məryəm surəsi”ndən niyə imtina etdin?

- Yazarın özü qədər heç kim bilməz ki, yazdığı necədi. Xüsusən də pis olanda. Yazanda gərək ətrafdan təcrid olunum. Mənə ancaq çay-çörək vermək üçün yaxınlaşmaq olar. “Məryəm surəsi”nin yazılması isə elə bir ərəfəyə düşdü ki, belə bir imkan olmadı. Doğrudu, rayonda əllərindən gələni etdilər, atam yeni qaz sobası aldı otağım üçün, amma evdə problemlər vardı, yazıya rahat bağlana bilmədim. Romanı yazıb qurtarandan sonra sərf-nəzər elədim, gördüm ki, alınmayıb. Hansısa bir məqamda romandan qəlbim qırıldı və redaktəsinə həvəs qalmadı. Halbuki roman yazılanda yox, redaktə olunanda romana çevrilir. Mən isə oxuyanda gördüm ki, vermək istədiyim ideyanın bədii həllini verə bilməmişəm. Başqa bir məqam da var. Əsərdə hadisələrin bir hissəsi İsveçrədə cərəyan edirdi, baxdım gördüm ki, internetdən öyrəndiyim İsveçrə ilə kontakt canlı alınmayıb. Coğrafiya var, ruh yox. Mən o romanı sıfırdan yazacağam.

- Onun da adı “Məryəm surəsi” olacaq?

- Yox, başqa ad...

# 2868 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #