“Baş” romanı ərəb dilində təqdim olundu

“Baş” romanı ərəb dilində təqdim olundu
1 iyun 2018
# 17:56

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Xalq Yazıçısı Elçinin ərəb dilində nəşr edilən “Baş” romanının təqdimatı olub.

Kulis.azın Azərtaca istinadən verdiyi xəbərə görə əvvəlcə qonaqlar ədibin kitablarının yer aldığı sərgi ilə tanış olublar.

Respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin, Milli Məclisin deputatlarının, diplomatik korpusun nümayəndələrinin qatıldıqları tədbirdə Elçinin həyat və yaradıcılığına həsr olunan videoçarx nümayiş etdirilib.

Milli Kitabxananın direktoru Kərim Tahirov Elçinin ədəbi və dramaturji yaradıcılığı haqqında məlumat verib. O deyib ki, Elçinin əsərlərinin hər biri ədəbi mühitdə hadisə kimi qarşılanıb.

Mədəniyyət naziri Əbülfəs Qarayev görkəmli yazıçının zəngin yaradıcılığından danışıb. Bu günədək Elçin haqqında bir çox sanballı kitabların nəşr olunduğunu deyən nazir bildirib ki, yazıçının yaradıcılığı hər zaman diqqət mərkəzində olub. Elçinin kitablarının hər zaman oxucunun stolüstü kitabı olduğuna diqqət çəkən nazir Xalq Yazıçısını böyük alim, tənqidçi və görkəmli ədəbiyyatşünas kimi xarakterizə edib: “Elçinin fəaliyyəti həm də böyük alim, tənqidçi, ədəbiyyatşünas kimi genişdir. Onun əsərləri özünün ikinci-üçüncü həyatını yaşayır, təkrar nəşr olunur, teatrlarda səhnəyə qoyulur. Elçin müəllim, sözün əsl mənasında, böyük azərbaycanlıdır. Onun yaradıcılığında tariximiz, milli köklərimiz hər zaman geniş yer tutub. O, daim axtarışdadır, bir-birindən maraqlı əsərlərlə oxucularını sevindirir. Mənə nəsib olub ki, Elçin müəllimin ilk əsərlərinin oxucusu olmuşam. Bu gün təqdimatına toplaşdığımız “Baş” romanı da yazıçının digər əsərləri kimi şedevrdir, tarixi əhəmiyyətli bir əsərdir. Mən böyük yazıçımıza bundan sonrakı yaradıcılıq axtarışlarında uğurlar arzulayıram”.

Dövlət tərəfindən hər zaman Elçinin yaradıcılığına verilən dəyərdən danışan nazir bir neçə gün öncə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə onun “Şöhrət” ordeni ilə təltif edildiyini xatırladıb. O, ordeni Xalq Yazıçısına təqdim edib.

Xalq Yazıçısı Elçin deyib: “Həyatının böyük bir hissəsini sovet dövründə yaşamış bir insan kimi deyə bilərəm ki, bu orden və bundan öncəki ordenlər mənim üçün adi mükafatlar deyil. Ədəbiyyatın inkişafı ilə bağlı “İstiqlal”, mədəniyyətin inkişafı ilə bağlı “Şöhrət” ordeni almışam, indi də ədəbiyyatşünaslığın və tənqidin inkişafı ilə bağlı “Şöhrət” ordeni aldım. Bu ordenlər mənim üçün ona görə adi ordenlər deyil ki, bunlar müasir müstəqil Azərbaycanın ordenləridir. Bu ordenlərlə qürur duyuram. Fürsətdən istifadə edib bir daha Prezident İlham Əliyevə göstərdiyi diqqətə görə minnətdarlığımı bildirirəm”.

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov Elçinin “Baş” romanının ərəb dilində çap olunmasını ədəbi hadisə kimi dəyərləndirib. O, yazıçının çoxjanrlı yaradıcılığından danışıb, onu milli ədəbiyyatımızın təəssübkeşi adlandırıb. Akademik söyləyib ki, “Baş” tarixi mövzudadır və müəllifin tarixi hadisələrə nə dərəcədə riayət edib-etməməsindən asılı olmayaraq, bu əsər tarixi romandır. Əsər oxucunu XIX əsrin əvvəllərinə aparır. Bakıda və Qarabağda cərəyan edən, Sankt-Peterburqda, İranda baş vermiş hadisələr romanda bəhs olunan dövrün sosial-siyasi mənzərəsini yaradır. Bədii sözün gücündən ustalıqla istifadə olunan romanda müəyyən tarixi dövrdə və coğrafi məkanda baş vermiş hadisələr həm də yazıçı təxəyyülünün məhsulu kimi göstərilib.

Vurğulanıb ki, “Baş” romanının müəllifi əsərdə özünün hansı xalqa və ədəbiyyata mənsubluğunu dərindən nümayiş etdirib. Azərbaycan xanlıqlarının idarə olunması, əhalinin yaşayışı və üzləşdiyi çətinliklər, eləcə də XVIII əsrin sonu - XIX əsrin əvvəllərində Azərbaycan mədəni-məişət həyatı zəngin bədii koloritlə, obrazların dili ilə oxucuya çatdırılır, bəhs olunan dövrün bədii-etnoqrafik mənzərəsi böyük ustalıqla canlandırılır. Belə bir əsərin ərsəyə gəlməsi üçün yazıçıya təşəkkür edən N.Cəfərov ona yeni yaradıcılıq axtarışlarında müvəffəqiyyətlər arzulayıb.

Misir Ərəb Respublikasının ölkəmizdəki səfiri Adel İbrahim Ahmed İbrahim çıxış edərək romanın məziyyətlərindən danışıb. Səfir ölkəsində nəşr edilən “Baş” romanının misirli oxucular arasında geniş şəkildə mütaliə edildiyini söyləyib: “Əsərdə mövcud gerçəkliyin milli mənəviyyat baxımından araşdırılması, milli koloritin üstün istiqamət kimi götürülməsi onu deməyə əsas verir ki, “Baş” romanı həm də azərbaycançılıq ideologiyasına xidmət edən dəyərli yaradıcılıq nümunəsidir. Belə bir əsəri ərsəyə gətirən yazıçıya yalnız təşəkkür düşür”. Səfir Adel İbrahim Ahmed İbrahim Misirin Ali Təhsil Nazirliyinin ordenini Elçinə təqdim edib.

Elçinin zəngin yaradıcılıq irsindən söz açan ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib ki, Elçinin romanları və ümumiyyətlə, yaradıcılığı müasir dünya ədəbiyyatında özünəməxsus yeri olan parlaq sənət nümunələrindəndir. Vurğulanıb ki, ədəbi gəncliyin mənəvi-tərbiyəvi həyatında Elçinin yaradıcılığı böyük əhəmiyyət kəsb edir.

Çıxışlarda qeyd edilib ki, çağdaş milli nəsrimizin və dramaturgiyamızın istedadlı nümayəndəsi, görkəmli ictimai xadim, Xalq Yazıçısı Elçinin bədii əsərləri təkcə Azərbaycanda deyil, həm də dünya ölkələrində sevilə-sevilə oxunur, əldən-ələ gəzərək neçə-neçə oxucu nəsli arasında mənəvi körpü yaradır. Altmışıncı illərin əvvəllərində ədəbiyyata gələn istedadlı qələm sahibi elə ilk hekayələrindən fərdi üslubu, özünəməxsus yazı manerası, həyat hadisələrinə orijinal baxışı ilə diqqəti cəlb edib.

Tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını ifadə edən Xalq Yazıçısı Elçin romanın nəşrində böyük əməyi olan Misirin ölkəmizdəki səfirliyinə təşəkkürünü bildirib.

# 986 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
# # #