Varisin yeni romanı təqdim olunacaq - ROMANDAN PARÇA

Varisin yeni romanı təqdim olunacaq - ROMANDAN PARÇA
3 iyun 2016
# 12:29

Varisin “Üçbucaq” adlı son kitabı təqdimat olunacaq. Kulis.azın məlumatına görə tədbir iyunun 4-ü, saat 14:00-də “Park Bulvar”da baş tutacaq.

“Üçbucaq” Varisin Azərbaycanda nəşr olunmuş sayca 10-cu romanıdır.

“Üçbucaq” yarımçıqlıqlar barədə bir romandır. Get-gedə havası, suyu, çörəyi, yuxusu, düşüncəsi yarımçıqlaşdıqca qəhrəmanların xarakteri, mənəviyyatı, insanlığı da bu basqını hiss etməkdədir. Onlar üçün bütöv ola bilməmək faciəsini özləri ilə daşımaq çox ağrılı və ağırdır.

Romanda Şuşanın işğalı, əzəli və əbədi sevgi də var.

Roman “Qanun” nəşriyyatında nəşr olunmuşdur.

Romandan bir parçanı təqdim edirik:

10-cu!

Dəyirmi rəqəm deyilən bir anlayış var da, hər halda. Bu, mənim azərbaycanlı oxucularıma təqdim etdiyim 10-cu romanımdır. 9-cudan 2 ilə yaxın bir müddətlik məsafəylə ayrılan, gözləyənlərin gözlərini əməlli-başlı yolda qoyan bu 10-cunu daha çox yollarda yazası oldum: qatar və təyyarələrdə, avtobus və taksilərdə, otel və motel otaqlarında, vağzal və kafelərdə...

Əslində, arayıb məni taparaq qeyri-adi həyatının bütün gizlinlərini açıb ortaya qoymaqla qələmimi işə salmağa vadar edən Ü. adlı gənc də, dünya sirləri, möcüzələri barədə bildiklərini məmnuniyyətlə bölüşən əcnəbi alimlər, yazarlar, bələdçilər də, göz yaşları içində öz xatirələrini dilləndirən ağsaqqal və ağbirçək şuşalı yurdsuzlar da mənimlə birlikdə bu kitabın müəllifləridir.

Görəsən, kədərin gözəli və sevincin eybəcəri də olurmu?

Mən yarımçıqlıqlar barədə yazmışam. Bütöv ola bilməmək faciəsini özü ilə daşımaq çox ağrılıdır, ağırdır. Əfsus ki, bizlər bütövlükdə, toplum halında bu faciəni daşıyanlardan, zaman-zaman onun içində əriyənlərdənik.

Diqqət edirsinizmi, get-gedə havamız, suyumuz-çörəyimiz, yuxumuz, düşüncəmiz yarımçıqlaşdıqca xarakterimiz, mənəviyyatımız, insanlığımız da bu basqını hiss etməkdədir.

Ayrı-ayrılıqda, fərd kimi bütövləşməyək ki, bəlkə qoyulmuş amansız nöqtələri haçansa birlikdə vergülə çevirə bilək?

Bir gün nəyə inandım? İnandım ki, gözlərimizin çərçivəsi bizim daha çox şeyləri görməkdən imtinamızdır, sadəcə!

Bizdən kənarlaşan, bizdən ayrılan, itirdiyimiz, silkələyib tökdüyümüz, başqalarına ünvanladığımız nə varsa, heç biri heçliyə uğraşmır, hamısı hesaba alınır, dənlənir, bir yerə yığılır. Və zamanı gələndə bir boğçada özümüzə qaytarılır. Bu boğça əksərən yırtıq-yamaqlı, nimdaş, istisna hallarda təptəzə ipəkdən, qumaşdan olur.

Qaytarılacaq şeylərin ipək boğçada gəlməsini istəyiriksə, çəkisindən asılı olmayaraq hər düşüncəmizin, sürətindən asılı olmayaraq hər hərəkətimizin gözəl, mükəmməl olmasına çalışmalı deyilikmi?

Və bir də...

Mən həm də əzəli və əbədi sevgi barədə yazmışam. Ruhu cisimdən çəkib qopararaq hüdudsuzluğa aparan, cismi də cızdağı çıxa-çıxa yandırıb kül edən bir sevgi barədə.

Bu romanı yazdığım dönəmdə son olaraq Fransa poeziyasında olumun alt və üst qatlarıyla ölümü çarpışdıran dadaizmin və sürrealizmin görkəmli nümayəndələri Lui Araqonla Pol Elüarı mütaliə etmişdim. Epiqrafı onlardan gətirməyim heç də əsassız olmadı.

Xüsusən, Lui Araqonun sözləri məni möhkəmcə tutmuşdu...

Salam, qüssə! Sən tavanın xətlərinə

cızılıbsan, sevdiyim gözlərə yazılıbsan.

Pol Elüar

Ört qapıları! Ölmək sevməkdən daha rahatdır.

Lui Araqon

1.

Hər şeyi mənə çox sadə şəkildə anlatmağa çalışırdı. Öncə bir dairə çəkdi. İçinə iki nöqtə həkk etdi. Dedi, kişi və qadın münasibətinin mövcudluğu sanki qapalı məkana sığınır. Baxın, iki yarımçevrəyə qapanan iki nəfərlik münasibət çox rahat münasibətdir. Bir üstəgəl bir. Dairə tam olaraq onların ixtiyarındadır. Hərəkət məhdudiyyəti, çıxılmazlıqlar qeyri-mümkündür. Münasibəti quracaq tərəflərin cəmi iki olması, təbii ki, seçim çətinliyi də törətmir. Tərəddüdlər mümkünsüz olduğundan manevr imkanları da tam lüzumsuzdur. Amma bəzən bu münasibət öz bəsitliyindən çıxır, daha mürəkkəb həll formasına keçir. Məsələn, dördbucaqlıya qapanan dördlüyün münasibəti şəklində. Burada artıq iki cüt var. İki üstəgəl iki.

Çəkdiyi dördbucaqlının hər bucağına bir nöqtə qoyub çarpaz xətlər çəkməyə başladı. Dedi, bu şəraitdə seçim imkanların yaranır, amma fərq etməz, ya vertikal, ya horizontal, ya da çarpaz istiqamətdə – hansındasa dayanan iki əks cinsin nümayəndəsindən biri mütləq sənindir. Vəziyyət çətin də olsa, hər halda çıxılmaz deyil.

Sonra da bir üçbucaq çəkdi:

- Amma üçbucaqla bağlı isə vəziyyət çox qəlizdir. Burada tərəflərin say hesabında paritet yoxdur. İki üstəgəl bir.

Üçbucağın bucaqlarını nöqtələyə-nöqtələyə dedi ki, tərəflərin hansının cüt, hansının tək olmasından, cüt və təklərin harada yerləşmələrindən asılı olmayaraq cüt tərəfdən biri mütləq şəkildə oyundan kənarlaşmalıdır...

* * *

Mənə elə gəlir ki, qaydalar onları pozanları daha çox sevir. İstənilən yolundansapma, çərçivədənçıxma cürəti alqışalayiqdir. Amma qaydapozma qıfılına düşən açarlar da hər qayda pozmağa cəhd edən kəslərdə olmur, bu, dəqiqdir. Şuşadan qaçqın düşüb Bakıya gələndə məni – səkkiz yaşlı uşağı ən çox təəccübləndirən tramvaylar olmuşdu. Qəribə bir dəmir cingiltisi qopararaq dəmir təkərləriylə polad relslərdə qığılcım yarada-yarada irəliləyən qırmızı qutulara, nədənsə, dərhal yazığım gəlmişdi. Azadlığı məhdudlaşdırılaraq hərəkəti yalnız relslər üzərində mümkün olan bu nəqliyyat vasitəsinin istədiyi səmtə gedə bilən avtobuslara necə qibtə etməsini duymuşdum.

Və «28 May» metro stansiyası tərəfdə, AZİ-nin ikinci korpusunun qarşısı ilə irəliləyən tramvayın sürətlə döngəyə girib relslərdən çıxaraq aşmasını görüncə hədsiz məyusluq keçirmişdim. Başa düşmüşdüm ki, tramvayın azad olmaqçün relsdən kənarlaşmaq istəyi eynən balığın azad olmaqçün sudan çıxmaq istəyinə bənzəyirmiş, sən demə. Azadlığa çıxmaq – məhv olmaq deməkmiş hər ikisi üçün.

Mənə dairədən, dördbucaqlıdan, uçbucaqdan danışan həmin oğlan relslər olmayan qonşu küçəyə can atan tramvayı xatırladır, haradasa.

İnsan oturduğu budağı yalnız bir halda kəsə bilər: qanadları çıxdıqda. Hərdən mənə əminlik gəlir ki, dünya mişar səsinə və yonqar tozuna bürünüb. Hamı qulaqları bata-bata, gözləri tozlana-tozlana kəsməkdədir. Budaqlar şaqqıltıyla yerə gəlir, əli mişarlılar da çığırtı qopara-qopara başıaşağı yuvarlanırlar...

İnsan talelərinə diqqət yönəltmək, bu mənim hobbimdir, əslində, çox maraqlı məşğuliyyətdir. Nə olsun, hamısı doğulmaqla başlayıb ölməklə bitir? Bir qisminin inilti-sızıltısı, ərşə yüksələn ah-naləsi, honkürtüsü, digərlərinin şaqraq gülüşləri, qəhqəhəsi, sevinc və bəxtəvərçilik nidaları... Hamısı bir-birinə qarışır. Yüksələn xətlərin enən xətlərə istehzası, möhkəm dayananların büdrəyənlərə rişxəndi şəraitində hamıda yüksəlmək, möhkəmlənmək istəyinin bərqərar olması şəksizdir. Gör-götür dünyasında sənə görk ola biləcək hər bir taleni öyrənmək, necə olmaq və necə olmamaq nümunələri ilə baş-başa qalmağın faydasını mənimsəmək məgər pisdir?

Biri var özün səhv edib sonradan onu düzəltmək əziyyətinə qatlaşasan. Biri də var başqasının səhvlərinə diqqət yetirib bunları təkrarlamamaq rahatçılığına riayət eləyəsən.

Təbiətən ekspansiv deyiləm, amma hissləri açıq-aydın üzdə olanlar mənimçün həmişə maraq kəsb edib.

Yaşayanlarla yaşamağı imitiyasiya edənlər arasındakı fərqi duya bildiyimə də tam əminliyim var.

* * *

Bu gün görüşməliyik həndəsi fiqurların müəllifiylə. On gün öncə vədələşmişik ki, iyunun 15-i saat 1-də görüş yerimiz olan bu çayxanada görüşək. Şüşə divarların önündəki masanın arxasında əyləşib qarşımdakı kəklikotulu çaydan qurtumlaya-qurtumlaya gözümü küçəyə zilləmişəm. Gəlib-gedənlərə tamaşa etməkdəyəm.

Bir dəstə yeniyetmə oğlan keçir. Bir-biriylə əl-qol zarafatları edə-edə, gülüşə-gülüşə. Əsasına dirənə-dirənə yaşlı bir kişi keçir. Sifətinin qırışları o qədər dərindir ki, çapıq izlərini xatırladır. Üç-dörd yaşlı uşaqla incə, gözəl bir xanım keçir. Günəş çətirinin altında xeyli məmnun görünən anasının əlini buraxıb uşaq dayanır, üzünü şüşəyə söykəyib baxışlarını gözümə tuş edir. Totuş, çox şirin uşaqdır. Mənə dilini çıxarır. Onun bu hərəkətindən eynim açılır, dodaqlarım qaçır.

Saat 12-yə 20 dəqiqə işləyib. Anarla görüşümüz bir saat qırx dəqiqədən sonra baş tutasıdır. Evdə qərarlaşa bilmədiyimçün, üstəlik də yaxşı bir çay içmək həvəsiylə bir qədər tez gəlmişəm. (Evdə çay dəmləyib içməkdən acığım gəlir. Xüsusən dəm çaynikini köhnə çaydan təmizləmək proseduru mənimçün dözülməzdir).

Yan masanın arxasında olduqca kobud sifəti olan kişi əyləşib. Biz-biz duran çatma qaşları, sallaq, ətli dodaqları və biz tərəflərin populyar bənzətməsi ilə desək, küftə burnu ilə diqqət çəkir.

Kimə oxşayır o?

Bu qeyri-adiliyi nədən mənə bunca tanış gəlir?

Çox qayğılıdır. Əlindəki «qozqıran» telefonuyla dəqiqəbaşı ya kiməsə zəng vurur, ya kimdənsə zəng qəbul edir. «Əlo» sözünü çox ucadan deməklə nitqə başlayıb, ardınca az qala pıçıltıya keçir...

Ay Allah, axı kiməsə lap çox bənzədirəm onu...

Kimə axı?

Bəlkə bayaq evdən çıxan kimi elə blokdaca çənəsinin altına düşdüyüm Daşqın dayıya? Çatma qaşlar, ətli dodaqlar eynəndir. Amma yox, Daşqın dayının burnu bununkunun heç yarısı da ola bilməz...

Bəzən xatirələr səni kölgə kimi izləyir, hara gedirsənsə ardınca gəlir. Bu, realdakı sənin tükəndiyinin, yalnız xatirələrdə yaşadığının təzahürüdür. Demək, sən get-gedə xatirələşirsən.

Özlüyümdə Anarı xatirə-adam adlandırıram. Onunla məhz burada – «Xalqlar dostluğu» metrosunun yaxınlığındakı bu çayxanada tanış olmuşuq. Siqaret tüstüsü, domino şappıltısı və beyinə təsir edən dırdırı ilə adiləşən bu, evimə yaxın çayxananın həm də qeyri-adiliyi vardır: burada taxta arakəsməli ayrıca kabinələrin mövcudluğu qız-gəlinlərin, ailələrin də təşrif buyurmasını mümkün edir. Üstəlik, burada spesifik çay dəmləmələri içmək olur: yaşıl Çin çayı, qırmızı Afrika çayı, qara Seylon çayı, yerli Lənkəran çayı, nanəli-kəklikotulu çay, mixəkli, darçınlı çay...

Çayı istədiyin mürəbbəylə içə bilərsən. Populyar gilas, böyürtkən, moruq, zoğal mürəbbələrindən tutmuş zövqə uyğun balqabaq, qarpız, qoz mürəbbələrinə qədər.

Şəxsən mənimçünsə bu çayxananın özəlliyi keçmiş xatirələrimi dilləndirən göy buta naxışlı nəlbəkiləri və qızılı xətli armudu stəkanlarıdır.

İndi hər şey dəyişilib, o cümlədən, nəlbəkilər, armudu stəkanlar da ölçü cəhətdən xeyli böyüyüblər. Amma buranın stəkan-nəlbəkiləri lap o dövrkü, əski ölçülərindədir.

Bura tez-tez baş çəkirəm. Xarici səfərlər ərəfəsində və səfərlərdən dərhal sonra isə gəlişlərim lap intensivləşir.

Bir küncdə əyləşib divardakı böyük ekranlı televizora tamaşa edə-edə bəzən ətrafdakıların varlığını belə unudaraq, bəzən isə hər kəsə diqqət yetirərək çayımı içirəm. Özü də hər gəlişimdə bir fərqli menyu seçirəm: gecə kondisionerin altında yatıb bir balaca soyuqladığım üçün bu dəfə kəklikotulu çayla böyürtkən mürəbbəsi seçmişəm. Hədsiz yorğunluq duyanda yaşıl çay və sitrus mürəbbəsi... Əzginlik, süstlük hiss edəndə qırmızı çay və qoz mürəbbəsi...

Bir dəfə necə oldusa bir səs diqqətimi çəkdi. Çaypaylayanı ucadan səsləyən, çayı gecikdirdiyinə görə ona artıq-əskik sözlər deyən gur səsli oğlana nəzər yetirdim. Masasındakı iki mobil telefon, iki qutu siqaret, bir əlindəki iri «Mələk» tatuirovkası, hər iki biləyindəki bilərziklər, sarışınlığı, uzunsov simasının əsla bizimkilərə bənzəməməsi məndə bayaqkı nalayiq hərəkətindən sonra ona qarşı yaranmaq istəyən antipatiyanı geri itələmiş oldu. O, mənə olduqca maraqlı göründü...

İki ay əvvəl idi, aprel ayı, havalar hələ elə də isinməmişdi. Amma qısaqol «qavayka» köynəkdəydi. Köynəyin naxışları Afrika xalqlarının milli naxışlarını xatırladırdı. Cəmi bir neçə həftə öncə Zambiyada – kulturoloji tədbirdə iştirak edəndə bu sayaq naxışlarla çox rastlaşmış, onları öyrənmişdim. Ortada zoo və antropomorf fiqurlar, kənarda sürünən kərtənkələ obrazı, lap başda isə mifik quş motivləri...

Sifətcə də mənə kimisə xatırladırdı bu qəribə oğlan. Özü də hansısa əcnəbini. Amma məhz kimi?

Üçüncü dəfə onu görəndə beynimə yük olan bu xatırlamalardan (ümumiyyətlə, 29 illik həyatımda məndə xroniki hal alıb, nəyisə, kimisə nəyəsə, kiməsə bənzədib nəyin nə, kimin də kim olmasını sonradan saatlarca xatırlamağa çalışıram) nəhayət ki, qopa bildim. O, mənə Amerikada yaşayan təqaüdə çıxmış bir eks gəmi kapitanını xatırladırdı.

Sonralar, yaxın tanışlığımız baş tutandan sonra Xırdalan şəhərində qeydiyyatda olan təmizqanlı azərbaycanlı Anar Salmanlının hansısa bir Nyu-York amerikalısına bunca bənzərliyinə hələ bir müddət təəccüblənməkdə davam etdim. Kapitanla Nyu-Yorkda – Aşağı Manhettendə «Kənar sivilizasiyalar və mədəniyyət» mövzusundakı elmi konfrans zamanı tanış olmuşdum. İdarə etdiyi «Briqantena» gəmisiylə illər öncə Bermud üçbucağında qəzaya uğrayıb sağ qalması barədə məlumatlar bu kürən, alnı və gözlərinin altı azacıq qırışlı, siması daim bulud kimi dolu insanı mənimçün olduqca maraqlı etmişdi.

Amma məhz indi, bu gün düşünürəm ki, bəlkə də Anarla kapitanın elə də fiziki oxşarlıqları yoxdur. Onları bir-birilərinə bənzətməyimin əsl səbəbi nədirsə başqa şeydir.

Qəza öncəsi vəziyyət və qəza sonrası vəziyyət. Sanki onların biri başlanğıcdır, biri son. Və yaxud, sanki hər ikisi çoxmərtəbəli bir labirintdədirlər. Biri hələ təzə kirayinişindir, buradan gec-tez çıxacağına ümidlidir. Digəri isə, fasiləsiz dövrə vurduğunu nəhayət ki, anlayaraq sadəcə, ayaq saxlayıb...

Anarla bugünkü görüşü şərtləşdirəndə Varşavaya uçasıydım, srağagün gecə qayıtmışam, qaraciyəri xəstə olan atası üçün «Silarsil» həbləri almağımı xahiş etmişdi, tapıb almışam.

Onların da kollecdə sessiyaları başlamalıydı bu vədələrdə. Düzü, zəng vurub hal-əhval da tutmamışam. Çünki bizim münasibətlər yalnız bu çayxananın çərçivəsindədir. Burada biz yaxın dostuq. O, məni özünə böyük qardaş, yaşadığı müdhiş tale dramının yeganə xəbərdarı, ürəyini boşaltmaq və məsləhət almaq üçün yeganə yoldaş hesab etməkdə ikən fərqli dünyanın adamları olmağımız, ümumi məxrəcsizliyimiz məni nədənsə ondan bir addım kənarda saxlayıb həmişə. Restoranda yeyib-içmək, şəhər kənarına – təbiət qoynuna çıxmaq, birlikdə hovuza gedib üzmək, bilyard oynamaq kimi təkliflərini hər dəfə müxtəlif bəhanələrlə rədd etmiş, aramızdakı sərhədi qoruyub-saxlamışam.

Çayxanada üç gün dalbadal gördüm onu ilk diqqətimi cəlb edən gündən sonra. Siqareti siqaretin oduna calayıb uzun-uzadı, gözlərini qırpmadan 6 №-li kabinəyə baxırdı. Öncə elə bildim kimisə izləyir. Amma kabinəyə kim gəlirdisə gəlsin, fərq etmirdi, gözünü bir-birinə pərçim edilmiş qəhvəyi rəngli nazik taxtalardan ibarət arakəsmədən, onun üzərindəki qırmızı boyayla ağ dairəyə yazılmış 6 rəqəmindən çəkməzdi.

Tez-tez telefonlarını yoxlayırdı. Kimdənsə zəng, yaxud mesaj gözlədiyi şəksiz idi. Arada bir də əşyalarını və stəkanda buğlanan çayını qoyub hovlnak yerindən sıçrayaraq çayxanadan çıxır, az keçmiş geri qayıdırdı.

Üçüncü gün onunla tanış olmağa axır ki, cəhd etdim. Maraq məni öldürürdü, mütləq bu qeyri-adi, özündə hansısa məchulluqlar gizlədən şəxsə yaxınlaşmalı, ondan sirrini öyrənməliydim. Ertəsi gün Moskvaya uçasıydım, biletim əlimdəydi.

Çayxanaya daxil olanda Anarı həmin yerdə, həmin məchul baxışlarıyla gördüm. Yaxınlaşıb: - Bir dəqiqə sizi olar?, - söylədimsə də onu fikrindən ayıra bilmədim. Necə düşüncələrinə aludə olmuşdusa, qarşısında dayanaraq sual verib cavab gözlədiyimdən xəbərsiz idi.

Növbəti dəfə boğazımı arıtlayıb sualımı xeyli ucadan təkrarladım. Diksindi. «Hə?! Nə?! Nə olub?!» suallarını birnəfəsə, dalbadal düzdü.

Və qəribədir ki, nitqimə «Mən sizi bir amerikalı tanışıma bənzədirəm, təqaüddə olan gəmi kapitanı Conatan Devidsona» - cümləsi ilə başladım.

Bəlkə də tay-tuş olsaydıq bu sualımı «dolamaq» mənasında qavrayıb yumruqlarıyla üstümə atılardı. Amma o, qalstukumu, gözümdəki optik eynəyi görüb ciddi olduğumu qəbul elədi, di gəl, nə deyəcəyini xeyli götür-qoy etdikdən sonra yaranmış ani sükutu bəlkə də ən uğursuz cavab variantı ilə pozdu:

- Necə bəyəm?

Mən məcbur qalıb Conatan Devidson barədə, Bermud üçbucağında məhv olmaqdan zorla qurtulan «Briqantena» gəmisi barədə ona uzun-uzadı danışmalı oldum. Arada «Əyləşmək olarmı?» sualı ilə yanındakı stulu ələ keçirməyimin müqabilində o da çaypaylayana stəkan-nəlbəki gətirdib qarşısındakı çaynikdən mənə çay süzdü. Gözlərində böyük maraqdan doğan parıltı vardı. Deməzsənmiş, Bermud üçbucağı, naməlum uçan obyektlər, bu sayaq anomaliyalar barədə mövzular onunçün çox çəkiciymiş. Üstəlik də, Bermuddan keçən amerikalı gəmi kapitanına bənzərliyindən xeyli təsirlənmişdi.

Yerimi rahatlayıb süzdüyü çayı içəndən sonra adi çay və qənddən ibarət süfrəni darçınlı çayla və yeralması mürəbbəsiylə (nəsə həmin gün sinəmdə küt ağrı hiss edirdim) zənginləşdirdim.

İlk tanışlığın gözlənildiyindən də isti və səmimi olmasını birlikdə keçirdiyimiz müddətin 4 saatı adlamasını göstərən qol saatım təsdiqlədi.

Ən əsası, onun sirrinin məhz nədən ibarət olmasını dərhal öyrənə bildim. Yağışlı bir gündə bax elə bu çayxananın 6-cı kabinəsində birlikdə çay içdikləri, adını ürəyinə və sağ əlinə döydürdüyü qızı qovuşuq yolunda çox böyük maneələr ola-ola sevirdi.

Bu maneələr adi maneələr deyildi, su axınının qarşısını kəsən beton sədd həddindəydi haradasa.

Heç vaxt sevməmişəm. Mənə ögey olan hisslərlə gec-tez rastlaşacağım təqdirdə necə hərəkət edəcəyim tam müəmmadır. Ona görə də Anar ikiqat maraqlı gəlirdi mənə.

Bir də gördüm, təfərrüatıyla ilk tanışlıqlarından bu yana baş verənləri danışmağa başladı (növbəti günlərə çox az şey saxladı). İki ay öncə vəziyyəti hələ indiki qədər ümidsiz deyildi. Həvəslə, çılğınlıqla, emosiyayla danışırdı. Üzünün İfadəsi tez-tez dəyişir, yerində qurcunur, hətta bəzi gərgin məqamlarda dik atılırdı. Arabir də təkrarlayırdı: «Sən ilk adamsan ki, içimdə saxladığım bu ağırlığı səninlə bölüşürəm...»

Onun həyatı, doğrudan da, qəribəymiş. Bu həyatda hər şey vardı: enişlər, yoxuşlar... sevinc dolu anlar, sarsıntılar... ümid seli və ümidsizlik qəbristanlığı...

Bu həyatda baş rolda Nərmin adlı məsum bir qız rol almışdı. Və bu həyatda Ramin adlı bir rəqib, bəlkə də, düşmən də varıydı. Anarın həyatında indi tək bir qız – Nərmin olduğu halda Nərminin həyatında iki oğlan vardı: Anar və Ramin. Anar onu Mələk adlandırırdı, Raminsə Nina.

Anarla Raminin arasında Nərminin ürəyini fəth etmək uğrunda amansız çırpışma gedirdi. Onlar bir-birilərini fiziki cəhətdən məhv etmək dərəcəsinədək düşməniydilər.

Nərminin ürəyində də belə bir amansız çırpışma gedirdi. Anar, yoxsa Ramin...

Öncə Anar gəlmişdi, sonra Ramin gəldi. Başlayaq öncədən...

* * *

«... Ağıl, məntiq, düşüncə, iradə, əxlaq, gözəllik, qürur, şərəf, mənlik – ideal insan hisslərinin bütün çalarları. Allah ondan heç nəyi əsirgəmədi və o da öz üzərinə düşən öhdəliklərə layiqincə əməl etməkdədir. O, yaşamır, yaşamağı öyrədir.

Allah onu yaratdı ki, bir çoxlarına örnək olsun. Öz füsunkarlığı, əsrarəngizliyi ilə, ən əsası da, ağlı, kamalı ilə.

Həmişə belə qal, Nərmin.

Sən bəzən mənə yad, bəzən də doğma olursan. Amma yad olanda belə doğma olduğunu gizləyə bilmirsən. Mənim Nərminim, sən mənim qara-boz həyatımı al-əlvan rəng çalarları ilə zənginləşdirən tale rəssamımsan...».

Bu etirafı Anar Nərminlə tanış olduqdan az sonra etmişdi...

# 1149 dəfə oxunub

Oxşar xəbərlər

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
Məşhur aktyor biznes qurur

Məşhur aktyor biznes qurur

10:00 11 dekabr 2024
"Kuruluş Osman"da daha yeni aktyor

"Kuruluş Osman"da daha yeni aktyor

09:30 11 dekabr 2024
"Səni qəbul etməmişik belə edirsən, etsək, necə olacaq? - Bir ildə üç övladını itirən atanın oğlu

"Səni qəbul etməmişik belə edirsən, etsək, necə olacaq? - Bir ildə üç övladını itirən atanın oğlu

21:00 10 dekabr 2024
Bakıda Türkdilli Ölkələrin Milli Kitabxana Direktorları Konfransı Təşkilatının təsis iclası keçirildi

Bakıda Türkdilli Ölkələrin Milli Kitabxana Direktorları Konfransı Təşkilatının təsis iclası keçirildi

18:40 10 dekabr 2024
Teatr Muzeyinin 90 illiyi qeyd olundu

Teatr Muzeyinin 90 illiyi qeyd olundu

17:56 10 dekabr 2024
#
#
# # #