Peyğəmbərliyimi elan edəcəm...

Peyğəmbərliyimi elan edəcəm...
23 may 2017
# 14:08

Kulis.Az Qələndər Məmmədlinin “Yalnızlıq simfoniyası” yazısını təqdim edir.

Sizə bir az ondan danışım, tənhalıqdan. Şaquli ya da üfüqi olsun nə fərqi var ki? Dilim-dilim, min parçaya bölünsün ki, bəlkə yer üzündə çarə tapılar boşluq hissinə. Yalnızlığın əlacı nədir? Hər gün müxtəlif situasiyalarda, xoşbəxt təqlidi edib, üzündə yorğun gülüşü asmaq dərman deyil. İnsanın ruhu aşınır, yorulur. Daha bir az da davam etsə, sanki qəm yükündən dağ edəcəklər canındakı səbəbsiz ağrıları. Ağrılardan dada gəlmiş, miskin bəndələr daha dözmürlər bu qədər çirkaba...

Ruhunda inqilab edəndə, arxandan gələn sürünün bir anda yox olması ilə tək qaldığın an özün özünlə, sənə alqış tutanların hamısı evinə çəkilən o zamanda, yalnızlığın yollarında qurulmuş tələlərlə daha da düşürsən quyunun dibinə sarı. Bu elə bir quyudur ki, qara dəlikdən də betərdir və dövrün astronomiya alimlərinin çarəsizliyi də heç bir şeydir, bu qeyri-təbii, süləngi təkliyin qarşısında üzləşən naəlac kimsəsizliklə.

Quyunun dərinlərində, girdabda gəzərkən, sadəcə onun xaric tutulduğunu zənn edir insan öz meşşan dünyasından baxarkən. Səmaya baxanda, sərhədsiz olan göy üzünün baş döndürücü sonsuzluğunda işıqdan çox qaranlığa vətəndaşlıq etməyə meyl edir. Sadə, boğunuq, amma bir o qədər də yalnız olan, ulduzlardan azad göy üzü yeganə silahdaşı və halından anlayanı olur. Yalnızlığın o qədər forması var ki, mənim sözlərim, hansısa mahnının musiqisi ya da bir rəssamın fırçası təsvirdən acizdir.

Yalnızlığın ən şaquli formasını insan insandan ayrı düşəndə yaşayır. Anlaşılmağa çalışanda, içində yetişdiyin cəmiyyətin səni tanımırmış kimi, bağlayır bütün qapıları üzünə, belinə də bir daş bağlayıb, atır fikir dəryasına. Bir müddət sonra da bənzər bir müştəbehlik, riya və arsızlıqla soruşurlar:

“Necəsən?”

Bu sual... Bu sual necə ağrıdır, ilahi?! Necəsən... Nə cavab verəsən? Dərdini danışsan, kiməsə maraqlı deyil. Kefin yaxşıdırsa, daha da qəzəblənirlər. Bir yolunu axtarıb, tapıb vurmaq istəyirlər kefinin iki qaşının arasından. Sən kimsən ki, yaxşı olursan? Söz olsun deyə soruşulanda cavabını dinləmirlər belə...

Çəkilirsən öz qaranlığına, uzanırsan yatağına ki, artıq bütün bu baş döndürücü boğunuqluqdan qaçasan. Artıq getmirsən pəncərələrə, baxmırsan, gözləmirsən gələcək birini. Gəminin də gəlməyəcəyini yəqin etmisən. Səssizlikdən adamın qulağı batır. Sıxırsan yumruğunu, vuracaq yerin də yoxdur. Ağlına üşüşən fikirlər hamısı sadəcə zamanın axması üçün bir vasitə olaraq xidmət edir. Dodağını gəmirir, dişini sıxırsan ki, xatirələrinlə üzləşməyə üzün olsun. (Üz gördüm də sizdə...) Şəxsinin gözünün içinə yaxşıca baxasan. Ayna şərt deyil, qarşına özünü alıb, söhbət etmək üçün bir azca cəsarət lazımdır, o da ki, nə gəzir yalnızın yanında.

Həyatım şüşədəki gözəl şəraba bənzəyir. Uzaqdan cazibəsi çəkərkən, içində sadəcə sərxoşluq var. Kefli İsgəndəri başa düşə bilirəm, onu sərxoş edən mey deyildi, o meydən əvvəl piyan olmuşdu. Bu yeknəsəqlik və durğunluq içində, insanın gözünə hər yer boz görünür, ətrafı göy qurşağı etsəniz də.

Dünyada bütün çobanyastıqlarını bir araya gətirirsən ki, bəlkə o son yarpaqda istənilən nəticəni ala biləsən. Qəlbinin dərinliyində dərk etmənə rəğmən ki, son ləçəyin özünün ruhunda var yalnızlıq, falından “sevir” çıxsa nolacaq guya?! Zəhrimara qalsın belə azarı ki, tibbin çarəsiz qaldığı yerdə, bəlkə, bir köməyi dəyər ümidiylə fala möhtac edir insanı. Vahidin qəzəlində necəydi?

“Yaxşı möhtac elədi....” (Şşşşt!).

Yanımızda sadiq dostumuz kimi fırlanır, bizimlə birlikdə. Geyinirik jaketimizi, çəkirik adyalı üstümüzə, içimizdən gələn üşüməylə birlikdə, sığınırıq bir küncə, ya da bir mahnıya. Məsələn, Mohsen Namjoo dinləyəndə, lap betər hiss edilir təklik, fırtınalı və burulğanlı hava şəraitində, dənizin ortasında qalan qayıq kimi. Altı da deşilib, su dolur artıq içinə. Şərq elinin tənha səslərindən olduğundan, ayrı bir həsrətlə və yanğıyla oxuyur. Sonra, Mozartın yalnızlığı və işinə olan sevdasını düşünürəm. Rekvyemi yazarkən keçirdiyi ağrıları. Bunu hamının anlamasından ümidi kəsəndə, təcrübəli yalnız olur insan. Bir az vaxt keçir və bir isti gülüş çıxır qabağına günəşdən surət. Gözlərindəki boşluq yerini parıltıya buraxır. İlk adyalı qoyursan qırağa, sonra jaketi çıxarırsan. Hərəkətə gəlirsən, birdən, çıxırsan öz müasir mağarandan, elə ilk fürsətdəcə. Budur bizim simamız, əsl üzümüz. Yalnızlıq yoldaş ikən, biz satırıq onu, bir cüt gözəl gözə və bir gülüşə. Bizik bunu edən. Ən böyük xəyanəti yalnızlığımıza edirik.

Miskin tənhalıq elə hopur ki, cana... Qızılın müəyyən müddət birlikdə qaldığı mislə bir-birinə işləməsi kimi... Sevgidən, sevilməkdən cahil qalır adam bu zaman zərfində. Məsələn, bizdə qucaqlaşmağa qarşı ikrah var, fikir vermisiniz? Kiminsə kimisə qucaqlama hissi bizə yad gəlir. Müəyyən məsafədən uzadılan əl ilə verilən salamlar çıxır axırımıza. Ya da heç bir səmimiyyəti hiss etmədən, öpüşmək. Qucaqlaşmaq səmimi və aristokrat hisdir, elitadır. Biz isə bu elitadan uzaq, cahil insanlar. Axırıncı dəfə nə vaxt və kimi qucaqlamısınız?

Futbolda qolları atan hücumçuya heyran olan xalq, qapıda olan və topu tutan qapıçının riyakarlıq və mənfurluqla səhvini gözləyir. İlk səhvində, az qalır kəndiri gətirib, dar ağacını qurub edam eləsin. Sürünün bundan başqa bir funksiyası yoxdur, yoldaşlar. Sürü hər zaman alqış tutduğunu ikiüzlü bir şəkildə yox etmək ehtirası ilə alışıb yanır. Sadəcə enerjini düzgün yönləndirmək və doğru zamanı gözləmək lazımdır.

İsanın ardından gedən sürü, onu dar ağacından almağa qadir deyildimi? Bəs İsa onların satqınlığına daha çox üzülmüşdü yoxsa riyakarlığına? Bütün dinin peyğəmbərlərinin hamısı yalnız olub, yalnız qalıb, yalnızlığa tərk edilsə də, yalnızlığın niyə peyğəmbəri yoxdur? Məncə, var olan ən uzun nəfəsli dindir, dünya qurulandan, insan yaranmadan mövcud idi və insanın ruhunda da böhranlara yol açdı. Peyğəmbərliyimi elan edəcəm, az qalıb. Yorğun qəlbdən, kəsilən nəfəsdən, küncdə qısılıb qalan insanlardan ibarət olacaq müridlərim. Baxın necə ələ keçirəcəm bütün dünyanı...

Bir dirijorun səhnədəki xoşbəxtliyi, onun yalnızlıqdan qaçışının ən gözəl təcəssümüdür. Sözlər ilə deyə bilməyəcəyi duyğuları jestləri ilə başa salır insanlara. Jestlərin sözlərdən daha gözəl yanı odur ki, quyruğundan tutub başqa tərəfə çəkə bilmirsən. Hər hərəkətin ortaq dildə bir mənası var və onlar bir-birini başa düşürlər. Siz çəkilin aradan...

Qarşısında ölümün də üşüdüyü, aciz duyduğu, qarşısına keçən hər şeyi yeyən bir div. Böyüdükcə böyüyür, zinhar kiçilmir. Bir az sevinc ilə barter etmək istəsən, dünyadakı yalnızlıq təklifinin sevinc tələbi qarşısındakı qiymət intervalından iqtisadiyyat elmini dizə gətirmək olar. Sevinc tapılmır heç yerdə, tənhalığın mini bir qəpik...

Sizlər! Ey, yalnızlıq əhli, sizə səslənirəm, səhnədən! Qulaq asın, səssizlikdəki ritmə! Yalnızlıq simfoniyasının ən sükuta qərq olan notları çalınır qulaqlarınıza...

# 1367 dəfə oxunub

Oxşar xəbərlər

Axundov onu sui-qəsddən xilas etmişdi... – Həsən bəy Zərdabinin həyatından qeyri-adi faktlar

Axundov onu sui-qəsddən xilas etmişdi... – Həsən bəy Zərdabinin həyatından qeyri-adi faktlar

14:30 28 noyabr 2024
Dərdlərini özü ilə aparan azərbaycanlı aktrisa

Dərdlərini özü ilə aparan azərbaycanlı aktrisa

14:00 28 noyabr 2024
Elçinin yeni çoxcildliyinin II və III cildləri çapdan çıxıb

Elçinin yeni çoxcildliyinin II və III cildləri çapdan çıxıb

13:13 28 noyabr 2024
İki nağaraçı üz-üzə - 55 min manatlıq təzminat

İki nağaraçı üz-üzə - 55 min manatlıq təzminat

13:06 28 noyabr 2024
Can verən həmkarının başı üstündə oxuyan Xalq artisti - Stalin onun haqqında nə demişdi?

Can verən həmkarının başı üstündə oxuyan Xalq artisti - Stalin onun haqqında nə demişdi?

12:00 28 noyabr 2024
Azərbaycanlı reper həbs olundu

Azərbaycanlı reper həbs olundu

11:00 28 noyabr 2024
#
#
# # #