Əsayla “qaytarılan” borc

Əsayla “qaytarılan” borc
13 oktyabr 2017
# 14:43

Reyhan Məcidli

Sənin qırış tutmuş əllərini uşaq kimi tutub bağrıma basmaq istəyirəm. Onlar mənə necə də iri, kainat boyda görünürdü. İndi qaxaca dönmüş əllərinin cizgisini oxumaq, onları anlamaq, dərk etmək istəyirəm. Bu əllər nə çilələr çəkdi, nə ağrılar keçirdi, nələrə imza atdı?!

Nəfəs aldığın hər məkan, toxunduğun hər nöqtə, əllərin dəyən hər nə varsa - daş, divar, toz, torpaq mənim üçün müqəddəsdir, əzizdir. Onlarda sənin alnından süzülən tərin izləri qalıb.

Onlar yeddi övladının başına pərvanə kimi dolanan anaya illərdir uzatdığın mübarək əllərdir. Mənə güc, qürur verərək, məktəbə, universitetə aparan, çıraq başına dolandıran, “Müqəddəs kitab”ın altından keçirən əllər…

Onlarda mən qorxumu, həyəcanımı unutdum, yumrulanıb xoş avazınla, şirin səsinlə oxuduğun lay-layda xumar-xumar yatdım, uşaqlıq illərimi qayğısız, ərköyün keçirdim.

Uşaqkən kölgə səhnəcikləri quran, cürbəcür şəklə düşüb məni həyəcanlandıran, oynadan, yaxalayan, şıltaqlıq edəndə göyə atıb-tutan, ağladıqca gözümün yaşımı silən, saçlarımı oxşayan əllər…

Kitablarda, misralarda gizlənən, əlimdən tutub məni nəvazişlə yazdıran əllər…

Anam naxoşlayarkən sənin yapdığın çörəyin dadı damağımdadır. İri, güclü əllərin bizi yedirdər, anamın ağrılarını unutdurardı. Sonra biz süfrədən ayrılar-ayrılmaz halsız şəkildə öz gözlərinin yaşını silərdin. Sakitcə anamın başını qaldırıb balıncını düzəldər, hərarətini ölçərdin.

O əllər taxtadan gəlincik də düzəldərdi…

Onlar ağac əkdi, yer bellədi, daşı daş üstə qoyub ev tikdi. Dırnaqlar göyərdi, düşdü...

O əllər çiçəklər yığdı, mənə çələng düzəltdi. Saçlarımı hördü.

Onlar tikana düzülsə belə, ağacın ən əlçatmaz budağından ilk meyvəni mənə dərən əllərdi. Onlar şeir yazdı, rəsm çəkdi. Onlar bizlər üçün Uca Tanrıya gecə-gündüz dua etdi. Silah tutdu, düşmənə atəş açdı, bəzən kobudlaşdı, rəhmsizləşdi, qabardı.

Onlar haqsızlığa dözməyib əsəbdən gərilən, masaya zərbə vuran, heyvərələri yumağa döndərən əllərdi. Nə qədər yetim-yesirə çörək verdi. Nə bacarırdısa etdi.

Mən isə...

Mən isə…

Bu gün onlara fərəhlə bir əsa aldım. Əllər titrədi, əsdi, gah yaxınlaşdı, gah uzaqlaşdı, tərəddüd etdi. Sanki dil açıb danışmaq istədi, sonra ondan bərk-bərk yapışdı...

# 2717 dəfə oxunub

Oxşar xəbərlər

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov”  adlı elektron məlumat bazası hazırlandı

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov” adlı elektron məlumat bazası hazırlandı

18:30 12 oktyabr 2026
Fransada oğurlanmış iki əsər tapıldı

Fransada oğurlanmış iki əsər tapıldı

18:00 12 oktyabr 2026
Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

17:30 12 oktyabr 2026
Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

17:15 12 oktyabr 2026
Gül Mery:  "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

Gül Mery: "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

16:45 12 oktyabr 2026
Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

16:30 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər