Uşaqlar niyə oğurluq edir?

Uşaqlar niyə oğurluq edir?
18 noyabr 2015
# 14:25

Kulis psixoloq-konsultant Məsumə Şahmərdanlının “Uşaqlar və oğurluq” məqaləsini təqdim edir.

Başqasına aid olan şeyi ondan icazəsiz götürməyə oğurluq deyilir.

Valideynlərin tez-tez qarşılaşdıqları şeylərdən biri övladlarının hər hansı bir səbəbdən başqalarına aid olan şeyləri evə gətirmələridir. Bu cür hallarla qarşılaşan ata-analar tez qorxu hissi keçirir, əsəbiləşirlər. Onlar övladlarının oğru olacağından qorxurlar.

3-6 yaş arası uşaqların ona aid olmayan əşyaları və ya pulları götürməsi, onların oğru olması demək deyil. Bu yaşda başqalarının əşyasını götürmək ola bilsin ki, onlarda mülkiyyət hissi tam inkişaf etmədiyindən yaransın. Çünki onlar bu yaşda mülkiyyət məfhumunu anlamırlar. Yəni uşaq əşyaların ona, yaxud başqasına aid olduğunu ayıra bilmir. Hətta ayırsa belə “götürmək olmaz” məfhumunu başa düşmür. Belə hallarda valideyn övladını cəzalandırmağa tələsməməlidir. Əksinə, öz övladına başqalarının əşyalarının ona aid olmadığını başa salmalıdır. Ümumiyyətlə isə valideyn həmişə bu işin əsas səbəbini öyrənməli və aradan qaldırmağa çalışmalıdır.

Uşaqların bu işinə bir başqa səbəb, kimdənsə acıq çıxmaq da ola bilər. Bəlkə də uşaq yoldaşlarından biri ilə dalaşmışdır və onu incitmək məqsədiylə bunu etmişdir. Bu cür hadisə olduqda ona başa salmaq lazımdır ki, hazırda o uşaq itmiş əşyasına görə çox narahatdır və bu iş sənin də başına gəlsəydi çox narahat olardın.

Bu cür dillə uşaqla danışdıqda qarşı tərəfin hiss və duyğularını anlayacaqdır. Bundan əlavə, övladınızın şəxsiyyətini təhqir etmədən ona “oğru” damğası vurmadan götürdüyü əşyanı sahibinə qaytarmasına şərait yaradın. Hətta aralarında münasibət pozulmasın deyə qarşı tərəfə kiçik bir hədiyyə almaq da pis olmazdı.

Uşaqlar 6 yaşdan sonra malik olmaq məfhumunu anlayır, hətta başqalarına məxsus olan əşyaları götürməyin düzgün olmadığını bilirlər. Yenə də əgər altı yaşdan sonra uşağınız başqalarının əşyalarını hər hansı bir səbəblə götürürsə, onunla ciddi şəkildə danışın. Lakin hər bir halda xatırlatmaq yerinə düşərdi ki, heç vaxt əsəbi olduğunuz zaman onlarla söhbət etməyə çalışmayın. Çünki adətən, bu vəziyyətdə uşaqla danışmaq onları təhqir etməklə, yaxud “sən oğrusan”, “mənim övladım deyilsən”, “oğruların Allah gözün kor edir” kimi yanlış sözlərdən istifadə etməklə nəticələnir. Bu isə düzgün tərbiyə metodlarında qətiyyən yolverilməzdir.

Uşaqla danışın və bu işin səbəbini öyrənin. Səbəb öyrəndikdən sonra problemi aradan qaldırmağa çalışın.

Uşaqların oğurluq etməsinin səbəbləri nələr ola bilər?

1. Uşağa verilən xərcliyin kifayət qədər olmaması: Əgər səbəb məhz bu olarsa, övladınızın həqiqi ehtiyaclarını öyrənin və doğrudan da oğurluğa bunun səbəb olduğunu araşdırın. Əgər övladınız haqlıdırsa, onun həqiqi ehtiyaclarını ödəməyə çalışın. Onu möhtac böyütməyin.

2. Ata-ananın ifrat avtoritar olmasını, xəsisliyə meyl etməsini də uşaqlarda oğurluğa səbəb kimi göstərmək olar.

3. Uşağın özünü dəyərsiz hiss etməsi. Özünü dəyərsiz hiss edən uşaq da adətən oğurluğa meylli olurlar. Araşdırmalar göstərir ki, uşaqlarına lazımi qiyməti verməyən, tez-tez lüzumsuz yerə onu cəzalandıran valideynlər özləri övladlarının gələcəkdə bu işə əl atmağına səbəb olurlar.

4. Uşaqlar diqqət çəkmək üçün oğurluq edə bilərlər. Ailədə kifayət qədər qayğı görməyən, daim danlanan, təhqir olunan uşaqlarda oğurluğa meyllilik görülməkdədir. Onlar bu yolla valideynin diqqətini özlərinə çəkməyə çalışırlar. Çünki onlar oğurluq edən zaman valideyn bütün məşğuliyyətini atır və onunla maraqlanır. Bəzi vaxtlar hətta tənbehin belə uşaq üçün əhəmiyyəti olmur. Onun üçün əsas odur ki, valideynin diqqətini özünə cəlb etməyi bacarmışdır.

5. Oğurluğun bir başqa səbəbi uşaqlarda özünə inamın az olmasıdır. Çalışın ki, bu cür uşaqlarda özünə inamı gücləndirəsiniz. Ona kiçik məsuliyyətlər tapşırın və öhdəsindən gəldiyi işlərdə onu tərifləyin. İfrata varmamaq şərtilə “Sən güclüsən”, “sən bacararsan” kimi sözlərdən istifadə etməklə onlara dəstək ola bilərsiniz.

6. Valideynin özünün oğurluqda övladına nümunə olması. Çox vaxt valideyn işdən evə oğurluq mal gətirməklə, yaxud haradansa tapdığı başqasına aid olan dəyərli əşyanı ailə üzvlərinə göstərərək fəxr etməsiylə də övladına mənfi nümunə olur. Çünki, bəzən oğurluq edən uşaqdan “bu kimindir, haradan götürmüsən?” deyə soruşduqda, belə cavab verirlər: “yerdən tapmışam”, “xoşum gəldi deyə götürdüm” və sair.

7. Uşaqların oğurluq etməsinin digər səbəbi isə valideynlərdən intiqam almaq duyğusudur. Valideyni tərəfindən incidilən, ehtiyacları ödənməyən, daim ailədə dava-dalaşa şahid olan uşaqlar da bəzən onlardan intiqam almaq üçün düzgün olmayan işlərə əl atırlar.

8. Uşaqlar qısqanclıq və rəqabət səbəbilə də oğurluq edə bilər. Ailədə bacı-qardaş qısqanclığına səbəb olan hallar da uşaqlarda oğurluğa zəmin yarada bilər. Övladları ilə bu cür problemlər yaşamaq istəməyən valideynlər onlar arasında müqayisə və ədalətsizlik etməkdən çəkinməlidirlər.

Oğurluq edən uşağı lağa qoymaq, onun əməlini ifşa etmək olmaz. Çünki, onu utandırmaq o əməlin birdəfəlik tərk olunmasına səbəb ola bilməz. Həmçinin onlara fiziki təzyiq də göstərməkdən çəkinmək lazımdır. Çünki, belə uşaqlar gələn dəfə oğurluq edən zaman üstü açılmasın deyə daha diqqətli davranacaqlar.

Bu yaxınlarda bir valideyn mənə müraciət etmişdi. Deyirdi ki, övladı evdən pul və başqa əşyaları oğurlayır deyə ailə üzvlərinə onunla danışmağı qadağan etmişdir. Təəssüf ki, bəzi valideynlər çox vaxt çıxış yolunu əsəbiləşməkdə, küsməkdə, aqressiv davranışlar göstərməkdə görürlər. Lakin məsələni sevgiylə, övladınıza dəyər verməklə, ona “özününkü” və “başqasınkı” məfhumlarını başa salmaqla həll etmək məqsədə uyğundur.

# 1742 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
# # #