Xanəndə Aqil Məlikov: "Ehsan vermək üçün bankdan kredit götürürlər" - Müsahibə

Xanəndə Aqil Məlikov:  "Ehsan vermək üçün bankdan kredit götürürlər" - Müsahibə
27 may 2025
# 15:37

Kulis.az Əməkdar incəsənət xadimi Aqil Məlikovun APA-ya müsahibəsini təqdim edir.

Apostrofun ləğvi qəzəlin dilinə də çox təsir edir

- Hacı, necəsiniz, kefiniz necədir?

- Həmd olsun. Bu günümüzə şükür. Seyid Əzim Şirvani necə deyir? Dünənki gün də gün idi, bu gün də bir gündü/Vəli təfavütü var ərzdən səmayə qədər... Adun nədir?

- İlkin.

- Həə. Hərdən futbola baxıram, əsəbləşirəm. Şərh eləyən deyir ki, “ilk hissə”, “ikinci hissə”. Ay balam, “ikinci” varsa demək, əvvəl “birinci” də olub da.

- Hələ “ilk öncə” deyənlər də var.

- Ay sağ ol. Nə deməkdir “ilk öncə”? Ya “ilk” de, ya da “öncə” də. O vaxt deyirdilər “uzundıraz”, deyirdim “dıraz” elə “uzun” deməkdir də. Elə bil deyirsən “uzun uzun”.

- Bəs apostrofun ləğvi barədə nə deyə bilərsiniz? Apostrofun ləğvi klassik ədəbiyyatın, dilimizdəki bəzi sözlərin, eləcə də Quranın oxunmasında çətinlik yaratmır?

- Əlbəttə. “Surət”ə “sürət” deyirlər, “cürət”ə “curət” deyirlər, elə şey olar? Apostrofun ləğvi qəzəlin dilinə də çox təsir edir, onu fikirləşənlər uşaq olmayıblar ki, nəsə bilib eləmişdilər.

Hər kəs özünü Nəsimi bilir

- Siz həmişə Nəsiminin, Füzulinin, Seyid Əzimin qəzəllərini izah edirsiniz. Gənc qəzəlxanlar da var axı, nə əcəb onlardan danışmırsınız? Bəs onların qəzəlinin izaha ehtiyacı yoxdur?

- Əvvəla indi klassik qəzəlləri izah edənlər azdır, onun üçün edirəm. Biz bəyəm Nəsimini bilirik? Nəsimini bilmək mümkün deyil. Amma gərək çalışasan ki, camaata bir şey çatdırasan. İndiki zəmanə isə başqadır. Hər kəs özünü Nəsimi bilir. İndiki qəzəlyazanların şeiriyyatına heç izah lazım deyil. Qəzəl ağıllı, savadlı, dərrakəli insanların məşğuliyyətidir. Şair gərək elmli olsun.

- Xanəndələrin bəziləri qəzəlin sözlərini düzgün tələffüz edə bilmir. Xanəndəyə elm lazım deyil?

- Hə, lazımdır. Bu, əsasən zəif qavrama qabiliyyətindən irəli gəlir. Görürsən ki, xanəndədir, amma qəzəl barədə zövqü, təhsili zəifdir, məlumatı da azdır. Mən orta məktəbdə oxuyanda bizim güclü ədəbiyyat dərsliklərimiz var idi. Həmin dərsliklərin də ədəbiyyat müntəxəbatı var idi. Ədəbiyyat dərsliyində adı keçən müəllimlərin müntəxəbatda əsərləri yer alırdı. İndiki təhsil proqramında bu yoxdur. Xanəndənin gərək məsuliyyəti olsun. Üzeyir Hacıbəyov “Azərbaycan xalq musiqisinin əsasları” kitabında deyir ki, xanəndə qəzəl oxumalıdır. İndiki dövrdə qəzəl öyrənmək problemə çevrilib. Universitetdə magistratura tələbələrinə dərs deyirəm. Onların ən çətin problemi qəzəldir. Onlarda da təqsir yoxdur. Çünki orta məktəbdən hazırlıqsız gəliblər.

- Hazırda Televiziya Muğam Müsabiqəsi keçirilir, orda ifa edənlərin qəzəl bilgilərinin artırılması üçün nəsə etmək olmaz?

- İndi keçirilən muğam müsabiqələrində ancaq ifaçıların səsinə baxırlar. Deyirlər təki zəngulə vursun, əsas budur. Xanəndənin səsi var, bəsdir. Mən də dinləyiciyəm. Sənə səsi lazımdırsa, mənə sözü lazımdır, qardaş. Sözlə musiqi vəhdət təşkil edir. Rəhmətlik Əlibaba Məmmədov deyərdi ki, tar, kamança və oxuyan - bunlar sənət əsəri yaradırlar.

- Muğam ifaçısı əruzu mütləq bilməlidir?

- Bəs necə? Muğam ifaçılığında əruzla muğamın vəhdəti olmalıdır. İndi biz yaxşı səslərə çox qiymət veririk. Deyirlər ki, iş olan yerdə nöqsan olar. Məsələn, bu il konservatoriyada əruz, muğam dərsləri keçirilir. Onları çoxaltmaq lazımdır. İki semestr əruz, muğam keçməklə uşaqlara nəsə öyrətmək olmur. Əruz o qədər böyük elmdir ki, onu öyrənib qurtarmaq olmur. Ona görə də gərək bakalavr xanəndəlik dərsini almağa başlayandan qurtarana qədər, hətta magistraturanı bitirənə qədər əruz vəzni muğamla yanaşı dərs kimi mütləq keçilməlidir. Xanəndə konservatoriyada 5-10 dənə qəzəl öyrənir. Onunla iş bitmir. Xanəndə qəzəllə işləməyi bacarmalıdır. Xanəndənin stol üstü kitabı olmalıdır: Füzuli, Nizami, Seyid Əzim və sair. Hər şey zəhmətdən keçir.

Artıq orda “Kaman tək mələdim mən”i oxuya bilməzsən

- Xanəndələrə toylarda da əvvəlki kimi tələb yoxdur. Üstəlik, heç bir xanəndə toyda dəsgah oxumur.

- Gərək xanəndənin öz həvəsi olsun. Məsələn, bu gün səni toya çağırıblar. Gedib görmüsən ki, böyük bir akademikin, filoloqun oğlunun toyudur. Sən onun üçün qəzəl oxumalısan. Onu heç nə ilə təəccübləndirə bilməzsən. Artıq orda “Kaman tək mələdim mən”i oxuya bilməzsən. Sənə heç nə deməz. Deyər ki, pulunu verin, yola salın, getsin. Amma bəs özün? Gərək özün-özünə qiymət verəsən.

- Sizin vaxtınızda məclislər necə olurdu?

- Bir dəfə sinifdən çıxanda Hacıbaba Hüseynov dedi mənə bax, bir yaxşı məclis var. Getmək istəyirsən? Dedim, həri. Dedi, gəl gedək. 4-ün yarısı dərs qurtarırdı. Durduq, müəllim-tələbə söhbət edə-edə piyada getdik. O vaxt “Paluxin” idi, indi bilmirəm o küçənin adı nədir. Zərgər Fikrət var idi. Rəhmətə getmişdi. Onların ev şəraitində olan məclisi idi. Əza məclislərində 3 dənə çadırı qoyurlar bir-birinin başına, 2 min adam gəlib oturur. Heç kim də bir-birinə qulaq asmır. Nə mollaya, nə axunda, nə dərvişə, nə şairə qulaq asan yoxdur. Ləbləbi, kişmişi bir-birinin yanına düzüblər. Hamı elə bil aclıqdan çıxıb. Hanı bizim keçmiş yas məclislərinin quruluşu, əza məclislərimizin tərtibatı? Bunu sizə kim öyrətdi? Əvvəllər Quran tapşırılana qədər çay verirdilər. Çaydan əlavə də qənd olardı, vəssalam. Məsələn, ölənin dördü tam olanda gəlirdik ki, Quranı tapşırın. Molla başlayırdı Quranı tapşırmağa. Çayı da yığışdırırdılar. Şairlər deyirdi ki, çayı kəsin. Məclislərdə xəlifələr olurdu. Xəlifə qolunun üstündə ağ dəsmal içəri girirdi. Bu süfrə vaxtı olduğunun nişanı idi. Belə ədəb-ərkan var idi. Amma indi elə deyil. Hazırda ehsan vermək üçün gedib bankdan kredit götürürlər. Peyğəmbər deyirmiş ki, bir yerdə rəhmətə gedən oldu ona qonşular mütləq kömək etsin, qonşular qazanlarını götürüb ölü evinə gedirdi. Peyğəmbər buyurur ki, 5 məqam var, orda müsəlman tələsməlidir. Namazı vaxtında qılmağa tələs. Əmanəti borc almısan, vaxtında qaytarmağa tələs. Oğul övladını vaxtında evləndirməyə tələs. Qız övladını vaxtında köçürməyə tələs. Vəfat edənin dəfnində iştirak etməyə tələs. İndi açırsan internet televiziyalarını, eybəcər-eybəcər adamlar çıxıb peyğəmbəri təhqir edirlər. “Quranda o yoxdur, Quranda bu yoxdur” deyirlər. Elə deyin, “Quran özü də yoxdur” da. Sən nə var ondan danış, “yoxdur”dan niyə danışırsan? Bu bizim dinimizə, əqidəmizə hücumdur. İndi çıxıb deyirlər ki, cümə axşamlarını tərgitmək lazımdır. Ay balam, belə dərd olar?

- Sonuncu dəfə toyda nə vaxt olmusunuz?

- Mən artıq yaşlıyam. Hərdən çaşıb məni də çağırırlar (gülür). Heç istəmirəm də. Çünki yaşımız keçib. Əvvəl toylar da başqa cür olurdu.

Vallah qadın olan məclis muğamat üçün deyil

- Necə olurdu?

- Biz uşaq olanda toylara həvəslə gedirdik. Gözümüz birinci xanəndəni axtarırdı. Stol qoyub üstünə qırmızı salırdılar. Xanəndə otururdu. Onunla üzbəüz çalğıçı dəstəsi otururdu. İçkini aşkara verə bilmirdilər. Qocalar, hökmlü kişilər var idi. Açıb evdə qoyurdular. Gələnlərin arasında araq içəni tanıyırdılar. Keçirdi, vururdu, bir kasa da bozbaş yeyib gedirdi. Sonra gördülər danışan yoxdur. Arağı çıxardılar aşkara. O bizim toylarımızı tamam korladı. Bu gün qadın, kişi toyunu bir edirlər. Vallah, qadın olan məclis muğamat üçün deyil. İndi şəhər toyları başlayır 6-dan 12-yə qədər. Arada diskoteka. Nədir o diskoteka? Atan-baban diskotekada oynayıb? Deyəndə də olursan pis. Deyirlər, zəmanə dəyişib. Kim deyir onu? Zəmanə heç dəyişib eləməyib. Kim nalayiq işlərə meyillidirsə, tez ad qoyur ki, zəmanə dəyişib. Toy keçmişdə ədəb-əxlaq məktəbi olub. Biz bir millət kimi dəyərlərimizi saxlamalıyıq. Dayanmadan vaxt keçir, dünya dəyişir. Milləti, xalqı saxlayan onun milli-mənəvi dəyərləridir. Azərbaycan dünyada muğamı ilə tanınır. Amma indi toylara gedirsən, muğam yoxdur. Televiziyaların birində muğam rubrikası yoxdur. Hamısı yığışdırılıb. Bir dəyər əlimizdən gedəndə onu bərpa etməyə 100 il lazımdır. Dünyanı qələmlə fəth etmək olar. Qılıncla bugünkü günə qədər kim fəth edib? Çingiz xan, Stalin, Hitler... Makedoniyalı İsgəndər gedib Çinə qədər çıxmışdı. Nə oldu? Qılıncla fəth edə bilmədilər.

- Bəs Hacı o zaman izah edin zəhmət olmasa, milli dəyər nədir?

- Milli dəyər bizim ədəbiyyatımız, şeiriyyatımız, adət-ənənələrimizdir. Milli dəyərin bir kəlimə ilə ifadəsi yoxdur. Hamı milli dəyərin nə demək olduğunu bilir.

Meyxana toyları pis günə salıb

- Bəzilər milli dəyər deyəndə meyxana başa düşəcək, onda necə? Toyda meyxananın olmağı milli dəyərə xidmət edir?

- Meyxana toyları pis günə salıb. Toylarda meyxana keçmişdə də olub. Bunun üçün meyxanaya müəyyən bir vaxt ayırardılar, toy sahibindən icazə alıb oturardılar. Amma indi gedib oturursan toyda, meyxanaçı gəlib əvvəldən axıra qədər meyxana deyib gedir. Bu nə deməkdir? Meyxanaçılar istedadlı adamlardı. Allah o vergini onlara verib. O verginin üstünə elm, savad, dünyagörüşü əlavə etmək lazımdır. Televiziyanı açırsan meyxana, toya gedirsən meyxana... Onların arasında çox istedadlı adamlar var. Onlara deyirəm gedin şeir yazın. Əliağa Vahid də meyxana deyirdi. O, şair idi. Bir şeyin gərək faydalılıq dərəcəsini nəzərə alasan. Mənim o uşaqlara çox hörmətim var. Amma gərək sözün yerini biləsən.

- Hacı, bəs muğamda yerlibazlıq varmı? Bəziləri hətta deyirlər ki, muğam müsabiqələrində də yerlipərəstlik hiss olunur.

- Yox, muğamda elə şey yoxdur. Düzü mən muğam müsabiqəsinin içində deyiləm. İstedadlı uşaqları seçiblər. Düşünürəm ki, belə olmasında istedadın rolu var. Söhbət ondan gedir ki, biz özümüz öz işimizi dəyərdən salırıq. Məsələn, ifaçı çıxır oxuyur. Gərək dinləyici də tələbkar ola. İfaçıya muğamı gərək dinləyici oxuda. O vaxtlar bisavad kişilər Füzulini, Nəsimini əzbər bilirdilər. Onların yanında ağız açıb oxumaq hər adamın işi deyildi. İndi o yoxdur. İndi ifaçı dinləyiciyə nə verirsə, onu qəbul edir. Dinləyici savadsız olub. Baxırsan, ali savadı var, akademikdir, toyda müğənniyə deyir, bir dənə “Bakılı balasıyam”ı oxu mənim üçün. Vəssalam. Bu onun səviyyəsidir. Ya da deyir “Ata muğamatı” oxu. Atanın muğamatı var? Bu dərəcədə savadsızlaşıblar. Zövqlər adiləşib, dinləyicidə də günah var. O vaxtlar dincəliyicilər tələbkar idi. Ona görə ifaçılar da hara getdiklərini bilirdilər. İndi ifaçı haradan nə gəldi oxuyub gedir.

Füzuli türkcə divan bağlayıb. Niyə oxumursunuz?

- Tez-tez belə müqayisələr eşidirik: Köhnə xanəndə, təzə xanəndə, köhnə bakılı, təzə bakılı. Köhnə ilə təzənin əsas fərqi nədir?

- Əsas fərq elə bayaq vurğuladığımız məsələlərdir: milli dəyərlər. Bu, dünyada gedən prosesdir. Dünya dəyişir, biz də dəyişməliyik. Həzrəti Əli deyir ki, övladlarınızı zəmanəsi üçün tərbiyə edin. 50, 60, 100 il bundan əvvəl telefon, internet var idi? Yox idi. İndi insanlar Aya, ulduza gedirlər. Belə olanda da işin mahiyyəti bir az dəyişir. Zaman dəyişdikcə, dəyişikliklər əmələ gəlir. Amma müəyyən prinsiplər var ki, onları mütləq göz bəbəyi kimi qorumaq lazımdır. O bizim milli simamızı müəyyənləşdir. Biz azərbaycanlıyıq. Həmin dəyərlər bizim milli kimliyimizi müəyyənləşdirən şeylərdir. Füzulinin türkcə divanı var. Onu qoyub Füzulinin fars dilindən tərcümə olunmuş qəzəlləri oxuyurlar. Şeir tərcümədə öz dəyərinin təxminən 50 faizini itirir. Füzuli türkcə divan bağlayıb. Niyə oxumursunuz? Fikirləşirlər ki, türkcə divanı oxusam gərək sonra onu xırdalayım. Onu da bilmir, axı. Tərcümə olunmuş şeir artıq asandır. Onu xırdalamağa ehtiyac yoxdur. Sadələşdirilib, izafət tərkibləri yoxdur, çətin kəlamlar, sözlər yoxdur. Onu oxumağa nə var. Həmin divan əldən gedir. Kişi yaradıb. Türkcə divan bağlayıb. Onu da gətirib ərəb, fars divanı ilə bir səviyyəyə çatdırıb. Bunlar incə məsələlərdir. Riayət etmək lazımdır.

- Siz deyən məsələlərdə dinləyicinin də rolu böyükdür.

- Elədir, bir vaxtlar Hövsanda xanəndənin başına oyun gətirirdilər. Döyüb söymürdülər. Toyxanada birbaşa üzünə deyirdilər: “Ala, qəzəl bilmirsən, get öyrən də”. Düzdü, artıq demirlər. Elə olanda əlbəttə ki, xanəndə tələbkar olacaqdı. Dinləyicinin rolu böyükdür. Füzuli şair idi, yazmalı idi. Yazdı, qoydu, getdi. Xanəndə də qəzəli oxumalı idi. Oxudu, çıxdı getdi. Bunların hamısı dinləyici üçündür. Dinləyici isə deyir ki, mən başa düşmürəm. Başa düş də. Sənin də borcun başa düşməkdir. Deyirlər ki, sadə şey oxuyun, dinləyici başa düşsün. İndi heç Vahidi başa düşmürlər. Özü də çoxdur. Bunların sayı çoxalıb. Necə öyrədəsən? Bu işin tədrisində də müəyyən dəyişikliklər etmək lazımdır. Bu sahələrin tədris saatlarını çoxaltmaq lazımdır. Əruz, qəzəl muğamla paralel öyrənilməlidir. Qəzələ marağı artırmaq lazımdır.

Müəllif: İlkin Naib

Foto: İlkin Nəbiyev ©️ APA GROUP

# 729 dəfə oxunub

Oxşar xəbərlər

Səməd Vurğun 50 yaşında ölməyibmiş... - O, 76 yaşında Bakıya niyə qayıtmışdı?

Səməd Vurğun 50 yaşında ölməyibmiş... - O, 76 yaşında Bakıya niyə qayıtmışdı?

18:36 27 may 2025
Xalq artisti  həbs olundu

Xalq artisti həbs olundu

18:20 27 may 2025
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

17:00 27 may 2025
Meyxanaçı Kərimin son vəziyyəti: "Ancaq nəfəsi gedib-gəlir"

Meyxanaçı Kərimin son vəziyyəti: "Ancaq nəfəsi gedib-gəlir"

15:56 27 may 2025
“Nağıllar aləmi İçərişəhər”  adlı uşaq festivalı təşkil olunacaq

“Nağıllar aləmi İçərişəhər” adlı uşaq festivalı təşkil olunacaq

14:51 27 may 2025
"Seyran Səxavətə beş dəqiqə azdı, o, altı dəqiqə danışacaq!" - Reportaj

"Seyran Səxavətə beş dəqiqə azdı, o, altı dəqiqə danışacaq!" - Reportaj

14:46 27 may 2025
# # #