Xalqın yarıçılpaq, ətli-qanlı arzusu

Xalqın yarıçılpaq, ətli-qanlı arzusu
8 avqust 2024
# 15:00

Kulis.az Eminqueyin "Minanı partlatdılar" adlı yeni yazısını təqdim edir.

“Minalar gec-tez ya partlayır, ya da partladılır. Partlayan minalar insandan, partladılan minalar torpaqdan alınan qisasdır”.

Təqribən, on iki il əqdəm, dünyanın hələ də nə istədiyini bilmədiyi çağda sehirli güzgüdə arıq, çəlimsiz, bapbalaca bir qızcığaz, deyərdin, torpağın altından mina kimi peyda oldu. Hamı lal-sükut, tərpənməz dayanmışdı.

Nə istədiyini dəqiq bilən bu qızcığaz istədiklərini bəzək-düzəksiz birbaşa xalqın üzünə deyirdi:

“Hər şey gözəl olacaq,
Xalq varlanacaq,
İstədiyi olacaq,
Hər şey yaxşı olacaq,
Güllər açacaq,
Millət xoşbəxt olacaq”.

Qızcığaz məhz gələcəyi optimist təsvir edən bu sözlərdən sonra kameranı özünə çevirib xalqın düz gözünün içinə şah-mərdanə baxırdı... sanki səhvən minaya ayaq basmış xalqın istədiyi şeyləri dilə gətirməklə onlara əzab verirdi və özü də həzz alırdı.

Əlbəttə, bu istəklərin içində, sözsüz, onun öz arzuları da yox deyildi.

Canı hicr ilə yanan, vəsli-rüxi yar istəyən, dərdməndi-firqət olan, dərmanı-didar istəyən bu qızcığaz Füzulidən qopub gəlsə də, canında Füzuli qəmi yox, Nəsimi üsyanı var idi. O bilirdi ki, şərbəti ağuludur fani cahanın, amma nuşidar ummaq lazımdır.

Sonrakı bir müddət debüt etdiyi ANS-in, Mustafayev imzasının yan-yörəsində hərləndi; Mustafayev öz kino, serial dünyasına ilmə vura-vura naxışlarının arasına bu qızcığazı da qatmışdı. O, incəsənət aləmində yavaş-yavaş irəliləyirdi.

Gün o gün oldu ki ANS cümlələrimizin keçmiş zamanına çevrildi, bu qızcığaz isə bir müddət görünmədi.

Bilmirəm, bəlkə də, mən görməmişəm.

Zaman ötdü, mənim gördüyün arıq, çəlimsiz, üsyankar, yenilikçi bu qız qəfil qarşımda ətli-qanlı, nazlı-duzlu, bütün üsyanları yatırılmış halda peyda oldu.

Duruxdum, bu qız... zinhar! o qız ola bilməz! Nə qız odur, nə də oxuduğu mahnılar...

Deyirdim, o, nə tövr fərqli başlamışdısa, o tövr də davam edəcək. Tükəzban olmayacaq, Minadır, Mina kimi də qalacaq.

Onun tazə gülüstanını görəndə başa düşdüm ki, dilədiklərindən çox, dilə gətirmədiyi şəxsi istəkləri reallaşıb....

Valideynlərdə dözüm, anlayış istəyirdi, dostyanalıq, daha çox səbr istəyirdi, boşanmaların yox olmasını, firavanlıq istəyirdi, olmadı. Boşanmalar günü-gündən artdı, zirvəsinə çatdı, ailə institutları uçurumun kənarındadır... Üstəlik, deyəsən, Mina xanım özü də boşanıb...

Adamların daha türmələrə düşməməsini istəyirdi, oğruların olmamasını istəyirdi, iqtidarla müxalifətin döyüşü dayandırmasını istəyirdi, siyasət uğrunda simalarını itirməməklərini istəyirdi, olmadı. İndiki cəmiyyət əvvəlkindən daha kriminal, daha simasızdır.

İstəyirdi ki, dövran dönsün, qılınc olsun, qalxan olsun, köhnə kişilər çoxalsın, mərdlik, namus, qeyrət olsun. İstəyirdi ki, rəfiqəsində insaf olsun, ar-abır olsun, ən azı, rəfiqəsi qıza oxşar kişi olsun, olmadı. Daha doğrsusu, oldu, amma kişi kimi qadın yox, qadın kimi kişi oldu onun rəfiqəsi. Tiktokda canlı açdı, söyüldü, baxıldı, qazandı.

Amma...

Qarabağın bizim olmasını istəyirdi, oldu, Bakıdan Xankəndiyə qatar istəyirdi, qatar olmasa da, artıq o yol açıqdır, Xankəndiyə gedə bilirik. İstəyirdi ki, Şuşada möhtəşəm konsert olsun, ifaçılar arasında Polad olsun, Zeynəb olsun, oldu.

İstəyirdi ki, Zəngəzurdan Naxçıvana yolu olsun, blokadada yaşayanlar bu bəladan azad olsun. Bu da olmağın astanasındadır. Bircə “Avroviziya”nın Şərurda, Sədərəkdə olması hələ ki real görünmür.

Və...

Mina...

...cana oldu, yedinka maşına sahib oldu, ulduz oldu, zvezda oldu, Pop Star oldu, paparazzi kameralarına tuş gəldi, göydəndüşmə oldu, hər tərəfə şəkilləri vuruldu, özü də, açıq-saçıq... sponsoru oldu... onun xərclərini ödəyən, arvadından bezmiş, qoca axmaq oldu, yoxsa olmadı bilmirəm, amma oldu. Qızcığaz kimi qala bilmədi.

Axı mən sezmişdim ki, bu qızcığazın cana olmaq istəyi, sponsor arayışı, paparazzi kameralarına tuş gəlmək arzusu istehzalıdır?! Bu istəkləri olan bir adam üçün daha rahat yollar da var idi axı?!

O, indiki Minanı 12 il əvvəl yaratsaydı, işi rast gələcəkdi, avand olacaqdı. Nə dəyişdi bu qızcığazı? Niyə uduzdu üsyan etdiyi təfəkkür sahiblərinə? Doğrudan, hamımız əvvəl-axır uduzmağa məhkumuq? Həqiqətən, hamımız nəhayətdə başımızı itirməklə üz-üzə qalacağıq?

Minalar gec-tez ya partlayır, ya da partladılır. Partlayan minalar insandan, partladılan minalar torpaqdan alınan qisasdır”.

... amma hər iki halda partlayan minanın özüdür.

Bizim Mina da bu tövr partladı. Onu xalq partlatdı. Vaxtilə çəkdiyi şilləni özünə qaytardı. Kənara çəkilib seyr elədi bu partlayışı. Sonra yenidən yaratdı Minanı. Minanın istədiyi cür yox, öz istədiyi cür. Onu cana elədi bu xalq, Minanın özünə çevirdiyi kamera əvvəlki yerinə qayıtdı – yəni, xalqa. Xalq Minanı yarıçılpaq, ətli-qanlı, iri qabaritli, altı-səkkiz rimtində istəyirdi, o da oldu. Doğrudur, öz tərzində də nələrsə oxuyur, amma pul onun öz istədiklərində yox, xalqın istədiklərindədir.

Xalq istəyir ki, sənətçi Əflatun Qubadov kimi nəslini düzsün sıraya. Atadan girsin, nənədən çıxsın, bibidən girsin, əmidən çıxsın. Bütün qohum növlərinə mahnı oxusun. Xalq istəyir ki, sənətçi oturub-durub ona dua eləsin, xalqın olmadığı halda özünün də var olmadığına inansın. Xalq istəyir ki, sənətçi onu ceyrana, marala, zirvələrdə uçan qartala bənzətsin.
Xalq istəyir ki, sənətçi onu kədərləndirsin, sonra qəfil qol-qanad açdırıb oynatsın. Xalq istəyir ki, sənətçi onu “mazgi” eləməsin, başını buraxıb ürəyini tutsun, ürəyini buraxıb beldən aşağısına nəvaziş göstərsin.

Onun qarşısına Sevda Ələkbərzadə kimi çıxa bilməzsən. Ələ salarlar, hoydu-hoyduya qoyarlar, vedrə bağlayarlar.

Xalqın qarşısına özü kimi çıxan hər bir adam məhvə məhkumdur.

İllərdir xalq istəyir və onun istədiyi hər şey də bitdə-bitdə çin olur.

Mina da belə çin oldu...

Hər şey gözəl oldu?

Xalq xoşbəxt oldu?


# 3243 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
# # #