Xalq yazıçısı Anar İstanbul Kültür Universitetində tələbələrlə görüşdü

Xalq yazıçısı Anar İstanbul Kültür Universitetində tələbələrlə görüşdü
30 aprel 2024
# 14:30

Aprelin 26-da Xalq yazıçısı Anarın Türkiyədə İstanbul Kültür Universitetində görüşü baş tutub.

Kulis.az xəbər verir ki, "İki çağın yazarı:Anar" adlı görüşdə Universitetin alim və müəllim kollektivi, əməkdaşları və tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Universitetin Filologiya fakültəsinin dekanı professor Fatih Göksal Türk dünyasının böyük yazarı Anarın türkiyəli gənclərlə görüşünün əhəmiyyətindən söz açıb: "Anar ustadımıza dəvəti qəbul etdiyi üçün təşəkkür edirəm. Burada əyləşən gənclər necə böyük və önəmli gün olduğunu tam bilmirlər bəlkə də. Amma əminəm ki, tədbirdən sonra öz dostlarına necə gözəl gün yaşadıqlarını öz dostlarına danışacaqlar". Daha sonra Universitetin əməkdaşları Vahit Türk, İsa Kocakaplan da çıxış edərək Anarın türk dünyası ədəbiyyatlarının zənginləşməsi üçün gördüyü böyük işlərdən söz açıblar. Yazıçı-tərcüməçi İmdat Avşar yazıçının yaradıcılığında Türkiyə mövzusunda geniş məruzə edib: "Türkiyənin və özəlliklə türk ədəbiyyatının Azərbaycandan necə göründüyünü anlamaq üçün mütləq Anar Ustadın əsərlərini oxumalısınız. Böyük türk şairi Nazim Hikmət haqqında «Kərəm kimi» romanını çevirəndə çox qəribə hisslər yaşayırdım. Nazimin keşməkeşli həyatı, təzadlı xarakteri Anarın nasir qələmində o qədər dəqiq göstərilir ki, insan sadəcə mətnin ovsununa düşür. Eyni zamanda TÜRKSOYda yayımlanan "Çağdaşlarım" kitabında da Anar Mövlanəni də, Yunis İmrəni də, tədbirimizə qatılan yazıçı dostlarını da eyni çağın insanları kimi anladır. Çünki ona görə gerçək sənət zaman və məsafədən çox yuxarıdadır. Bu əsəri də əlddə edib oxumanızı tövzsiyyə edirəm".

Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini Rəşad Məcid isə tələbələrə Anarın Türkiyə sevgisindən və əsərlərində bu böyük sevginin necə əks olunmasından söz açıb: " Anar müəllimlə dəfələrlə Türkiyənin müxtəlif şəhərlərində tədbirlərdə olmuşuq, onun Türkiyəyə, ələxsus İstanbula sevgisi hər kəsə bəllidir. Bu gün də İstanbul Kültür Universitetinin bu tədbiri düzənləməsi gənclərin belə bir yazıçını tanıması üçün faydalıdır. Anar müəllim min səhifəlik "Yaşamaq haqqı» traktatı ilə ümumtürk tarixini və mədəniyyətini incələyir və bu, zənnimcə elə ən gözəl dərslikdir".

"Qobustan" dərgisinin baş redaktoru Pərvin Nurəliyeva tələbələrə Anar yaradıcılığında əks etdirilmiş xoşbəxtlik reseptlərindən söz açıb: "İstanbul Kültür Universitetinin tələbələri üçün bu görüşü həqiqətən bir fürsət hesab edirəm və Bakıda öz tələbələrimə açdığım sirləri sizlərlə də bölüşmək istəyirəm. Əgər xoşbəxt olmaq istəyirsənsə, Anarı yaxşı oxu... Bunu gənclərə deyəndə təəccüblənirlər bəlkə də. Amma bu fikrimin əsası odur ki, xoşbəxtliyə gedən yol insanın özünüdərkindən başlanır. Azərbaycan-türk gənci Anarın əsərlərindən öz milli kimliyi, hardan gəlib hansı məqama çatması haqqında ətraflı öyrənə bilər. Və bütün bu min illəri əhatə edən tarix və sənət yazıçının təqdimatında çox dərin təsir bağışlayır..."

Çıxışlardan sonra Xalq yazıçısı Anar tədbirin təşkilatçılarına təşəkkürlərini çatdırıb və türk gənclərlə görüşün ondan ötrü xüsusi əhəmiyyət daşıdığını dilə gətirib: "Tədbirə çox dəqiq bir ad qoyulub – İki çağın yazarı... Həqiqətən taleyim elə gətirib ki, mən iki çağda yaşamışam – Sovet dövründə və müstəqillik dövründə. Bu dövrləri müqayisə etmək imkanım var. Yadıma salanda ki, Sovet dövründə sadəcə "Türk" sözünü dilə gətirmək, Türkiyə ilə hər hansı əlaqələr qurmaq necə nəticələnə bilərdi, bu günümüzün mənasını daha yaxşı anlayıram. Burada dostlarım həm mətnlərimdə, həm də bioqrafiyamda Türkiyənin necə özəl yer tutduğundan danışdılar. Onu əlavə edə bilərəm ki, mən hələ əlifbanı öyrənmədən, oxuyub-yazmağı bilmədən də öncə anam mənə türk şairlərinin şeirlərini, əsasən də Nazım Hikmətin "Günəşi içənlərin türküsü" kitabını oxuyardı. Sonralar isə özüm oxudum müxtəlif türk şairlərini və çox sevdim, haqlarında məqalələr, kitablar yazdım".

Çıxışının sonunda yazıçı tədbiri təşkil edənlərə təşəkkürünü bildirib və iki qardaş xalqın ədəbiyyatının daha da yaxınlaşması üçün belə görüşlərin əhəmiyyətli olduğunu dilə gətirib. Sonra Universitetin Atatürkün rəsmi əks olunmuş suvenirləri yazıçıya təqdim edilib. Kitab klubu üzvləri və gənclər yazıçıya kitab imzaladıb, yaradıcılığı ətrafında müzakirələr ediblər.

Növbəti gün Türk Ədəbiyyatı Vaqfı Xalq yazıçısı Anarı "Türk dünyansı ədəbiyyatının ağsaqqalı" mükafatına layiq görüb; "Bir əsrə yaxınlaşan ömrünü Türk dilinə, Türk ədəbiyyatına və Türk dünyasına xidmətə həsr edən Anar idarə heyətimizin qərarı ilə Türk dünyası Ədəbiyyatının Başbuğu – Ağsaqqalı seçilir".

Qeyd edək ki, Türkiyəyə yaradıcılıq səfəri çərçivəsində Xalq yazıçsı Anar Türkiyənin "Yeni şəfəq" qəzetinə, TRT telekanalına müsahibələr verib.

Həmçinin TVNET kanalının canlı efirində yaradıcılığı ətrafında suallara cavab verib.

# 622 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlandı

Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlandı

15:09 10 oktyabr 2024
Yeni qurulan ölkənin rəhbəri oldu, əksinqilabçı kimi güllələndi - Maraqlı faktlar

Yeni qurulan ölkənin rəhbəri oldu, əksinqilabçı kimi güllələndi - Maraqlı faktlar

14:30 10 oktyabr 2024
Qarmon ifaçısından aparıcılara sərt açıqlama - “Söz tapmırlar"

Qarmon ifaçısından aparıcılara sərt açıqlama - “Söz tapmırlar"

13:01 10 oktyabr 2024
“Şərqşünas alim Aida İmanquliyeva”  adlı kitab sərgisi keçirilir

“Şərqşünas alim Aida İmanquliyeva” adlı kitab sərgisi keçirilir

13:00 10 oktyabr 2024
AYNA-dan Ədalət Şükürova cavab

AYNA-dan Ədalət Şükürova cavab

12:07 10 oktyabr 2024
"Simpsonlar"ın prodüseri gələcəyi proqnozlaşdırmağın sirrini açıb

"Simpsonlar"ın prodüseri gələcəyi proqnozlaşdırmağın sirrini açıb

11:22 10 oktyabr 2024
#
#
# # #