Vüqar Əhməd: “Kəramət Böyükçölə o statusu mən sildirdim” – Müsahibə

Vüqar Əhməd, şair

Vüqar Əhməd, şair

27 dekabr 2021
# 09:00

Kulis.az şair Vüqar Əhmədlə müsahibəni təqdim edir.

- Vüqar müəllim, Ədəbiyyat İnstitutundakı işiniz yormur ki sizi? Şair kimi soruşuram.

- Yorur, amma həzz alıram. Çünki məndə elmlə yaradıcılıq paralel gedib həmişə. 92-ci ildən burda işləyirəm, taleyim bura bağlıdır. Düzdü, yoruluram, amma həm də ləzzət eləyir bu iş mənə. Burda hər elmi kitabım çıxanda elə bil dünya mənim olur.

- Siz elə professor olmaq üçün AzTV-dən ayrılmısınız. Doğrudur bu?

- Hə, düzdü. Olduğu kimi deyiləm, ya?

- Əlbəttə...

- Mən onda AzTv-də də işləyirdim, akademiyada da. Onda başqa yerdə işləməyə icazə vardı. Rektor Aqiyə xanım mənə dedi ki, yarımştat olmaz, gərək tam işləyəsən. Onda mən də ərizəmi yazdım, işdən çıxdım. Sonra öyrəndim ki, sən demə, yarımştat olaraq da işləyə bilərmişəm. Aqiyə xanıma dedim bunu, dedi ki, Vüqar, mən özüm qəsdən sənə elə dedim, tələbələr səni sevir, ona görə də səni tam ştata götürməliyik...

- Başqa səbəblər vardı AzTV-dən çıxmağınızda?

- Yox, yox. Mən özüm çıxmışam.

- Siz Nizami Xudiyevə də şeir yazmısınız?

- Yox, yazmamışam.

- Ona həsr olunan şeiriniz olmalıdı axı...

- Yoxdu. Kimsə yazmışdı, Vüqar Əhmədin adına paylaşmışdı zarafatla.

- Sizin adınızdan şeir yazılmışdı?

- O da tənqidi şeir idi.

- Sizin həsr elədiyiniz şeir yoxdu?

- Həsr eləməmişəm. Bir tənqidi şeir çıxmışdı, onu da mənim adıma çıxarmışdılar.

- Çox şeir yazmısınız. Bəlkə, yadınızdan çıxıb bu?

- Unutmamışam. Allah rəhmət eləsin, müəllimim olub. Nizami müəllimə böyük hörmətim olub. Yazsam, deyərəm yazmışam. Lap bu gün də ona yazaram.

- Münasibətiniz yaxşıydı?

- Həmişə! Fəxr eləyirdi mənimlə. Ölümündən qabaq, sonuncu dəfə Pedaqoji İnstitutda Həsən Mirzəyevin 90 illiyində görüşdük. Bütün deputatlar, rəhbər işçiləri ordaydı. Zalda qışqırdı, öpdü məni, dedi ki, Vüqar Əhmədlə fəxr edirəm, o mənim ən sevimli tələbəmdir. Axırıncı dəfə onda görüşmüşdük. İndi, təbim gəlsə, onun ruhuna da şeir yaza bilərəm. Müəllimim olub, mənə ədəbi dil tarixindən dərs deyib.

- Vüqar müəllim, şeir yazmağınız bir qadına vurulmağınızla başlayıb deyirlər...

- Yox, yox.

- Hadisə, deyəsən, Şüvəlanda olub. Orda bir qadını görəndən sonra sizə ilham gəlib...

– Elə olmayıb. 9-cu sinifdən şeirlər yazırdım. Özü də Bəxtiyar Vahabzadənin təsiri ilə. Mən, ümumiyyətlə, Bəxtiyar Vahabzadəni oxuyub poeziyaya gəlmişəm.

- Hətta Bədii şuradan da Bəxtiyar Vahabzadənin adını verib keçmisiniz...

- Ay sağ ol! Sən yaxşı hazırlaşmısan (gülüşmə). İlk mahnımı Nazim Qəmərlinski bəstələmişdi. Flora Kərimova üçün nəzərdə tutmuşduq onu, nəsə alınmadı o. Sən dediyin söhbət ayrı mahnı üçün olmuşdu. Rəhmətlik İbrahim Göyçaylı Bədii Şuranın rəhbəriydi onda. Getdim onun yanına, göstərdim şeiri. Dedi, kim yazıb. Dedim, Bəxtiyar Vahabzadə. Güldü, dedi, deyirəm də, Bəxtiyar böyük şairdi. O sənədə qol çəkəndə dedim ki, İbrahim müəllim, mənim şeirim idi. Baxdı mənə, dedi niyə belə bəs. Dedim, qorxdum şeirimi birdən təsdiq eləməzsiniz. Tanınmayan adamın şeirini kim qəbul edərdi? Özü də o nəsil bir-birinin tərəfini tuturdu.

- Şüvəlanda yaranan şeir hansıydı bəs?

- Elə onu deyirdim. Gecəydi, yelləncəkdə yellənirdim. Birdən şeir gəldi mənə: “Gecələr laldı, ümid xəyaldı, gecələr bir az hərdəmxayaldı”. Bədahətən gəldi.

- Bəs bu hadisənin içində qadın olmayıb? Yəni o şeirin yazılmasında bir qadının da rolu olub axı...

- Ola bilər, olsun. Orda qadın çox idi (gülüşmə). Evli adama belə sual verməzlər axı. Bunu subay vaxtı vermək lazımdı.

- Vüqar müəllim, sizə nəğməkar şair deyirlər də, hə?

- Bu adı Yaşar Nuri ilə Əlibaba Məmmədov verib mənə. Mən də deyirdim ki, həkim var, oftolmoloq var, travmatoloq və s. Şair şairdi də.

- Bu bölgü yoxdu yəni?

- Var, əslində. İslam Səfərli, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri də nəğməkar şairlər idi.

- Müəllim, sanki nəğməkar şair deyəndə onu aşağıya salırlar, zəif deyə bilmirlər, nəğməkar deyirlər...

- İndi aşağı olub da... 95-ci ildə mənə bu adı verəndə fəxrlə qəbul etdim. Birinci dəfə Əlibaba Məmmədov efirdən dedi, Allah ona can sağlığı versin, böyük sənətkar idi. Bir də Yaşar Nuri. Onda bizim Bəxtiyar Vahabzadə, Cabir Novruz, İslam Səfərli, Nəbi Xəzri kimi nəğməkar şairlərimiz var idi, ona görə də mənə bu adı verəndə sevinmişdim. Amma indi... Sən onu düz tutdun. Bu adı istəmirəm. Çünki bu adı ucuzlaşdırdılar. Müğənnilər özləri yazdılar. Bir dəfə efirdəydik, cəmi iki şeirinə mahnı bəstlənən gənclər vardı orda, deyirdilər ki, bizi nəğməkar şair kimi təqdim edin. Elə bilirlər, nəğməkar şair deyiləndə yaxşıdır.

- Doğrudan, indiki nəğməkar şairlər necədir?

- Bəstəkarlarla yaxşı işləmirlər. Baxıram o gün, bir müğənni oxuyur, hecanın birində səhv var. Bəstəkar onu yaxşı işləməyib. Yazıq müğənni də boğazını uzadıb o səhvi ört-basdır eləmək istəyir. Bir dəfə Ramiz Mirişliylə mahnı yazırdıq. Mənə dedi ki, bu şeirdə filan sözü dəyişirəm. Dedim, Ramiz müəllim, dəyişsək, qafiyəyə düşməyəcək, sonra da məni tənqid edəcəklər. Dedi, dəyişək. Dedim, yox. Axırda qışqırdı ki, sən kimsən e, mən Məmməd Arazın şeirində söz düzəltmişəm (gülüşmə).

- Yeri gəlmişkən, bunu da soruşum. Mahnı mətninə nə qədər qonorar verirlər bizdə?

- Mən heç vaxt bəstəkarlardan pul almamışam.

- Niyə?

- Almadım. Özümə sığışdırmadım bunu. Alver sayıram bunu.

- Demişdiniz ki, şeiri satmaqdı bu...

- Bunu dövlət verməlidir də. Mən ona görə kimdənsə pul almadım ki, onu rüşvət saydım. Qabaq müəlliflik hüququ alırdım – ilə 100 dollar. Karantin dövründə almadım. Əslində, mənə deyirlər ki, sən Türkiyədə yaşasan, milyarder olarsan.

- Axı bu mahnıdan müğənni də qazanır, bəstəkar da...

- Qazanır, özü bilər.

- Şair niyə almasın ki?

– Bu mənim xarakterimdi. Kim alır, halal xoşu olsun.

- Müğənnilərdən sizə müraciət edən olanda da almamısınız?

- Yönləndirmişəm bəstəkara. Demişəm, qonorarı bəstəkara verin. Özüm almamışam.

- Bu sizin haqqınızdı axı, müəllim. Haqqı olanı götürməmək fərasətsizlik deyil?

- Bir var rəsmi olan qonorar, o ayrıdır. Amma o biri pul... Bir nəfər də deyə bilməz ki, mən Vüqar Əhmədə pul vermişəm. Mən bunu rüşvət sayıram, çünki bu rüşvətdir. Amma dövlət pul verməlidir. Gizli, konvertdə verilən pul isə haramdı. Mən balalarıma haram çörək yedizdirməmişəm.

- Yaxşı, bəs fərdi olaraq müraciət edənlər? Onlardan pul almaq da rüşvət sayılır?

- Bilirsən, Ayxan, necədir? Habil Əliyevə soruşurlar ki, necə oldu kamança çaldın, o da deyir, bir qələtdi eləmişəm. İndi mən də bir qələtdi, almamışam. Vaxtında almamışam. İndi də gecdir (gülür).

- Bu günə qədər heç almamısınız?

- Yox...

- Heç?

- Bir dəfə olub.

- Aha...

- Bircə dəfə almışam. Heç kimə deməmişəm bunu. Elçin Cəlilov, rəhmətlik, gözəl sənətkar idi. Həm aşıq – anası da saz çalardı, həm estrada, həm muğam. Hər tərəfli istedad həmişə tez dünyadan köçür axı. Hə, bir dəfə AzTv-dəki kabinetimə gəldi, öpdü üzümdən, dedi, Vüqar, səndən bir xahişim var, mənim üçün təcili bir şeir yaz, sabah 30 yaşımdır. Hikmət Mirməmmədli ona musiqi yazacaq. Dedim, get, yazaram. Dedi, yox e, indi yazmalısan. Dedim, nə danışırsan, mən fabrik zadam. Özü də işdəyəm, necə şeir yazım bu saat? Dedi, yox, axşamacan şeiri yazmalısan, Hikmət ona musiqi yazmalıdır, sabah mən onu AzTv-də oxumalıyam. Çıxartdı 100 dollar verdi mənə. Dedim, ayıbdı, a kişi. Qırğın saldı. Dedi, şeirimin pulunu verirəm də, efirə çıxmağa vermirəm ki. Boynuma alıram, nə qədər çək-çevir elədim, xeyri olmadı, götürdüm. Elə bil, Ayxan, cavan oğlansan, sənə kimsə xərcləmək üçün pul verir. Bu halaldır da. Mən də götürdüm. Şeiri də yazdım, “Yaşayıram elim üçün”, o da AzTv-də oxudu bunu, mahnı populyarlaşdı. Hə, dediyim odur ki, şeirə görə mənə yeganə pul verən Elçin Cəlilov olub.

- Müəllim, bunu bir az saflıq adlandırmaq olar. İndiki dövrdə bu cür xasiyyətlə necə yaşayırsınız?

- Çətinlik yaradır. Ancaq Allah məni həmişə qoruyur. İnanırsan, bacılarım həmişə fikrimi çəkirlər, deyirlər, Vüqarın 58 yaşı var, amma yenə də uşaq qalıb. Deyirlər ki, bunu aldadırlar, kim nə deyir ona inanır. O vaxt, cavan vaxtı, açığını deyim, çox içirdim. Anam rəhmətlik də ziyalı qadın idi, həm də dindarlığı vardı. Hə, mənə bir gün dedi ki, yuxumda əmmaməli bir kişi görmüşəm, o deyib, oğlunuz içməsin, onun çiynindəki mələklərə ziyan verir. Mən onda fikirləşdim ki, anam quraşdırır bunu, içməyim deyə elə deyir. Dedim, ana uşaqlarla hərdən-hərdən araq içirik. Dedi, arağı tərgit. Dedim, onda neyləyim? Dedi, onda konyak iç (gülüşmə). Qulaq as dalına, sabahısı konyak almışam, anam görüb deyir, bu nədi. Ondan sonra dostlarla konyak içdik. Ərəblərdə bir deyim var, deyir, Allah iki dəfə gülür. Biri yıxılmaq istəyəndə hamı onu qaldırmaq istəyir axı, deyir, onu mən yıxmışam gülürəm. Kimsə o yıxılanı qaldıranda Allah bir də gülür və deyir ki, onu mən qaldırmışam.

- Sizi yıxmaq istəyən olub?

- Yıxmaq istəyən həmişə olub. İndi azalıb. Yenə də var amma. Üzdə gülüb, arxada paxıllıq eləyənlər. Davam edir otuz yeddi, daha kəskin, daha ciddi.

- Vüqar müəllim, deyəsən, belə bir şey demişdiniz: 5 dəqiqəyə şeir yazıram. Doğrudur bu?

- Təb gələndə olur. İndi oturum, yazım, gəlməyəcək. Bir dəfə bir tədbir idi, çox sıxıcıydı. Mən də iki dəqiqədən bir siqaret çəkənəm. Siqaretə çıxanda birdən təbim gəldi. Orda Məhərrəm Qasımlı da var idi. Mənə dedi ki, ver baxım nə yazmısan. Dedim, yox. Yenə istədi. Dedim, yaxşı, sən nə yazırsan. Dedi, bayatılar. O da yazırmış, sən demə (gülür). Məhərrəm Qasımlı şeiri oxuyub çox bəyəndi, dedi, çap elə bunu. Sonra bu şeiri AzTv-də oxudum. Oradan zəng, burdan zəng...

- Hansı şeir idi?

- “Azərbaycan” şeiri. Təvazökarlıqdan uzaq olsa da, professor Tahirə Məmməd demişdi ki, mən bu şeiri Səməd Vurğunun “Azərbaycan”ından sonra ən güclü şeir sayıram. Düzdü, münasibətimiz soyuqdur, amma Elçin Əlibəyli gəlib demişdi ki, Vüqar müəllim, bu çox gözəl şeirdir. Bu yaxınlarda bir şeir də yazdım, o da çox sevildi. “Şuşanın dağları, başı vüqarlı”. Xan əminin məşhur şeirinə nəzirə olan bu şeir də çox tutdu, Zəfər günü ərəfəsində bütün tədbirlərə çağırıb məndən bu şeiri oxumağımı istəyirdilər. Hətta qadınların tədbiri olmuşdu, ora da çağırmışdılar ki, Vüqar müəllim gəlib bu şeiri oxusun.

- Cavanlıqda sizdən xanımlar şeir həsr etməyinizi istəyirdilər. İndi necədir?

- Tanımıram, Facebookda yazırlar ki, mənə şeir həsr elə. Mən də “oldu” deyib yola verirəm. Elə deyir, mənə şeir həsr elə, elə bil mən “ştatnı” oturmuşam burda. Mən uşaqlarıma balaca vaxtı şeir yazmışam, uşaq şeirləri. Amma, ümumiyyətlə, ailə üzvlərimə şeir yazmıram. Heç sifətini görmədiyimə necə şeir yazım? Düzdü, dostum olub, yubileyində xahiş edib ki, şeir yazım. Nə yalan deyim, yazmışam.

- Mən bilən çox adama şeir həsr etmisiniz...

- Beş-altı olar...

- Çox olar. O qədər azdı yəni?

- Uzağı on olar. Ondan çox olmaz.

- Beşdən ona qalxdınız...

- Yox, sənətkarlara yazmışam da. Rəşid Behbudov, Kamil Cəlilov, Bəşir Səfəroğlu...

- İzzət Bağırova da şeir həsr eləmisiniz...

- İzzət qəzaya düşmüşdü, xəstəxanada yatırdı, vəziyyəti ağır idi. Onda mən ona balaca bir şeir yazdım.

- Qohum olduğunuz üçün yazdınız?

- Yox. O mənim qaynımdır deyə yazmadım. İnsan kimi yazdım o şeiri. Narkozdan gec ayılırdı, bu mənə təsir eləmişdi. Xəstəxanada qayınanamın yanında şeiri oxudum, gözlərini açdı. Görürsən, mən hər şeyi olduğu kimi danışıram.

- Ayılandan sonra İzzət Bağırovun şeirə münasibəti necə oldu?

- Gözləri doldu, kövrəldi. Sonra da mən o şeiri heç yerə çıxarmadım, nə qəzetə çıxardım, nə saytlara.

- Özü oxumaq istəmədi şeiri?

- Yox. Ayıbdı axı. Özü haqqında şeiri mahnı kimi oxumaq. Özü də İzzət təvazökardır.

- Vüqar müəllim, sizə qiymət verildiyini düşünürsünüzmü?

- Özümdən danışmaq istəmirəm. Amma, məsələn, mənim çox sevdiyim yazıçılardandı, onu böyük yazıçı hesab edirəm – Vaqif Nəsib, bax onun dəyərini vermirlər. Çünki yiyəsizdi, vəzifədə adamı yoxdur. Ayxan, indi şedevr də yazsan, vəzifədə adamın yoxdusa, səni saymayacaqlar. Bizdə yaxşı yazıçılar var, amma yoxdular ortada. Bildin də nəyi deyirəm? Amma zəif yazıçılar var, ortadadırlar da.

- Kimləri şişirdilmiş hesab edirsiniz?

- Ad çəkməyəcəm. Amma belələri çoxdur. Qələmi olmayanlara böyük imtiyazlar, titullar verirlər.

- Hamı deyir bunu, amma ad çəkmir...

- Neyləyək axı? Bizi qoy Allah qorusun. Bizi yerlipərəstlik yıxır. Bir dəfə qəzetlərin birində yazmışdım ki, yerlipərəstlik heyvana xas xüsusiyyətdir. Bir məşhur jurnalist o yazıya görə nə günə qoymuşdu məni. AzTv-dən çıxartdırmaq istəyirdi məni.

- Kim idi?

- Bir qadın jurnalist idi.

- Adını çəkməyəcəksiniz?

- Çəkməyək də. Yuxarı qəzetlərdə əleyhimə yazılar yazdırmışdı. Sonra bir şeirim var idi... “Bilməm alim, tacirəm, bircə onu bilirəm, Vətəndə mühacirəm”. Belə bir şeir yazmışdım, çox sıxırdılar məni. Sonra bir deputat qohumumuz vardı, məni xilas elədi. Az qala AzTv-dən çıxardırdılar məni, ömürlük “qara siyahı”ya düşürdüm. Onsuz da, “ağ siyahı”da yoxam mən. Rəsulzadədən roman yazan adam “ağ siyahı”da ola bilməz axı. Nə almışamsa, xaricdən almışam. Sağ olsun Avropa, sağ olsun, Türkiyə! Bu yaxınlarda üç ölkənin akademiki seçilmişəm.

- Vüqar müəllim, AYB-nin üzvüsüz?

- Çoxdan. Mənə zəmanəti verib Nəbi Xəzri, doktor Cavad Heyət, bir də səhv eləmirəmsə, Aqşin Babayev.

- Müəllim, indi AYB-yə münasibətiniz necədir? Sizcə, necə bir qurumdu? Ədəbiyyatı təbliğ etmək baxımından. Çünki AYB çox tənqid olunur.

- İndi mən Anar müəllim haqqında nəsə deyə bilmərəm. Çünki uşaq vaxtından Anar müəllimi sevə-sevə oxumuşam. Elçini də çox sevirdim. Ədəbiyyatı sevdirməkdə Anarın da, Elçinin də xüsusi rolu olub. Mən indi onun yanında uşaq olaram, necə ki sən mənim yanımda uşaqsan. AYB-nin yaxşı fəaliyyətləri də var axı, jurnallar buraxırlar, təqaüd verirlər. Yazıçılara ev də veriblər. Düzdü, nə mənə təqaüd verilib, nə də ev.

- Özünüz istəməyibsiniz, yoxsa verməyiblər?

- Yox, özüm. Mən heç vaxt gedib istəmərəm axı. Özləri məsləhət bilməyiblər yəqin.

- Bu sizə toxunmayıb?

- Yox, yox. Mən deyirəm axı Allaha çox bağlı adamam. Hər şeyi Allahdan istəyirəm. Bəndə kimdi ki?

- Müəllim, bəs AYO-ya münasibətiniz necədir? Azad yazarlara. O vaxt belə AYB qarşı belə bir təşkilat yaranmışdı, indi də var.

- Mən Rasim Qaracanın xətrini dünyalar qədər çox istəyirəm. Yəqin AYB-nin xətrinə dəyməz bu dediyim. Rasim Qaraca kimi etibarlı adam yoxdur. O günləri Anar müəllimlə deyişmələrini də oxudum. İkisi də yaxşı yazmışdı bir-birinə. Mən buna qarışmıram. Ancaq Rasim Qaraca çox vətənpərvər, istedadlı, mərd adamdır. Elə adam var ki, onunla yaxın deyilsən, amma özünü ona dost bilirsən. Mən Rasim Qaracanı özümə dost sayıram, ona böyük hörmətim var. Mənim onun təşkilatından xəbərim yoxdur, özünə böyük hörmətim var.

- AYO-dan xəbəriniz yoxdur?

- Oxuyuram e. Məsələn, Seymur Baycan. O vaxtları hamını ucdantutma tənqid eləyərdi. Sonra roman filan yazdı. Yadıma düşür, müğənniləri eləyərdi. Muğam ustalarını da. Məni də qabaqlar tənqid eləmişdi. Mənə həsr eləməmişdi yazını. Yazının içində şairlərin arasında yazmışdı məndən.

- Sizi ayrıca tənqid eləməyiblər, deyəsən. Niyə?

- Məndə bilirsən necə olunub? Tənqid də olunmuşam. Durub yalan deyəmmərəm. Amma necə? Tutaq ki, 10 şairi tənqid ediblər, içində mənim də adım olub. Özü də çoxu klassiklər olub. Hətta baxıb demişəm ki, məni niyə bunlara qoşurlar? Bunlar Xalq şairləri, mən isə cavan bir şair. Cavanlar həmişə məni çox istəyib. Gənc şairlərlə aram çox yaxşıdır, məni dəstəkləyirlər. Ancaq öz nəslim, orta nəsil qısqanclıq eləyir. Həmyaşıdlarım qısqanır mənə. Amma gənclərdə görməmişəm bunu. Həmişə də “Vüqar müəllim” yox, “ustad, ustad” deyiblər, inboksa yazanda da, söhbətlərdə də. Çox razıyam cavanlardan.

- Gəncləri sevməyənlər də çoxdu...

- Elədi. Gəlin düzünü deyək. Bəziləri gəncləri tərbiyəsiz sayır, onlara posmodernist deyir. Deyirlər, bunlar böyük-kiçik yeri bilmirlər. Mən də onlara deyirəm, bəs niyə mənə hörmət eləyirlər? Yeri gələndə gəncləri tənqid də edirəm. Bu gənc yazarlar var ha, görürsən, qeyri-etik bir status paylaşırlar, mən onları sildirirəm onlara.

- Niyə ki?

- Deyirəm, ana-bacı var da burda.

- Kimlərə sildirmisiniz?

- Məsələn, Emin Piriyə sildirmişəm. Sağ olsun, sil deyən kimi sildi. Dedi, siz bizim böyük şairimizsiz, siz deyirsizə, baş üstə. İki-üç dəfə onun statuslarını sildirmişəm.

- Başqa?

- Qabaq Kəramət Böyükçölə sildirmişəm.

- Hansı statusu idi?

- Yadıma gəlmir hansıydı. Çoxdan olub. Mənə dəxli yoxdu e bunun. Sadəcə mən onları çox istədiyimdən, istəmirəm bu statusa görə söyülsünlər. Sabah sən də elə bir şey yazsan, tez messencerə yazacam ki, Ayxan, balamsan, tez onu sil.

- Status sahibinin fikri ilə razılaşırsınız, amma kütlənin qəzəbindən qoruyursunuz. Düz başa düşdüm?

- Qəbul eləyirəm, bəli. Amma söyüşü, qeyri-etik ifadələri qəbul etmirəm. Sən yazıçısan da, gərək bunun doğru ifadəsini tapasan. Məsələn, Kəramət içib ağzına gələni deyəndə mən onun mobilinə çox zəng elədim ki, balamsan, tez saxla canlı yayımı. İndi bəziləri deyər ki, sən hara, Kəramət hara? Yazığım gəldi, ona və Qəşəmə. Kəramətin ürəyi təmizdir. Özü də yumoru çox güclüdür. Əziz Nesin deyirəm mən ona. Çox adama çatmır onun yumoru. Onda Nodar Dubadzedən, Əziz Nesindən, Mirzə Cəlildən gələn tragik yumor var. O, Feysbuku qoymalıdır kənara, normal bir əsər yazmalıdır. O əsərlə dünyaya da çıxa bilər. Yoxsa görürsən ki, boş-boş işlərlə məşğuldur.

- İndi ədəbiyyata gələnlərə yazığınız gəlmir?

- Yox, niyə ki? Bəs ədəbiyyatımızın gələcəyi necə olsun? Onda ədəbiyyatın yetim dövrü olar axı. İndi hamı yazır, 10 mindən çox şair-yazıçı var. Məmurların çoxu da şair-bəstəkardı. Hamısı da söz yığını yazır. Tənqidçilər də pul alıb onları tərifləyir. Onsuz da, ələnib yaxşıları üzə çıxacaq. Rəhmətlik Mövludu çox sevirdim, tez-tez yazışırdıq. İkinci Mahmudun yazıları da çox xoşuma gəlirdi. Elə gənc şair var ki, tanımamışam, zəng eləmişəm tərifləmişəm. Sonra görmüşəm, məddahlıq eləməyə başlayıb. Nazirə, məmura şeirlər yazıb. Deyirəm, kaş onda tərifləməzdim, zayı çıxdı (gülür).



# 10796 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
#
#
# # #