Üzünü görmədiyi qıza elçi göndərən, oğlunun qatilini bağışlayan, faciəvi şəkildə ölən məşhur şairimiz– Maraqlı faktlar

Eldar Baxış, şair

Eldar Baxış, şair

22 may 2022
# 18:00

Kulis.az tanınmış Azərbaycan şairi Eldar Baxış haqqında maraqlı faktları təqdim edir.

Eldar Baxış 1947-ci il iyunun 22-də Azərbaycanın Qubadlı rayonunun Diləli Müskanlı kəndində doğulmuşdu. Ailədə üç oğlan, bir qız olublar. Eldar evin böyüyü idi. Qubadlıda onbirillik məktəbi bitirib ADU-nun tarix fakültəsində təhsil alıb.

***

Babası bəy olub, sovet vaxtı varidatını əlindən alıblar. Varidatını verib üzə çıxıb, vəzifə veriblər ona. Ölən günə qədər sovet sədri işləyib. Atası çox cavan, otuz dörd yaşında dünyasını dəyişib. Atası dünyasını dəyişəndə Eldarın on yaşı olub.

***

Deyilənə görə, universitetdə oxuyanda sevdiyi bir qız olub. Bir-birlərini seviblər. Amma qovuşa bilməyiblər. Cütlüyün evlənməsinə isə Eldar Baxışın anası mane olub. Şairin yazdığı sevgi şeirlərinin çoxunun o qıza həsr olunduğu güman edilir.

Gallery

Yazıçının bacısı Ceyran xanımın sözlərinə görə şairi başqa bir qadın da böyük məhəbbətlə sevib:

“Onu sevən bir qadın vardı, iki il əvvəl rəhmətə getdi. O qadın da yazardı, Yazıçılar Birliyinin üzvüdü. Məleykə xanımdı adı. İnfarktdan öldü. Dil-ədəbiyyat müəlliməsi idi. Razində yaşayırdı. Bir-iki il qabaq bir hüzür yerində o qadınla təsadüfən rastlaşdıq. Məni görəndə ağladı. Birinci kursda oxuyanda Eldar onu istəyirmiş. Özü danışdı mənə. Boyunbağısını açdı göstərdi. Bir tərəfdə Eldarın, o biri tərəfdə özünün cavanlıq şəkli. Artıq onun gəlini vardı, nəvələri vardı. Boyunbağını göstərəndə gözlərimə inana bilmədim. Məleykə dedi ki, mən Eldara 40 gün yas saxladım. Dedi, o boyunbağını ərim də, oğlanlarım da görmüşdü. Gizlin-gizlin qəbrini ziyarətə gedirmiş”.

***

Şair həyat yoldaşı ilə qohum olduğu üçün evlənib. Xanımı ana tərəfdən qohumudur. Deyilən görə,Eldar Baxış bu evliliyə o qədər də könüllü olmayıb, ancaq anası israr edib ki, evlənməlisən, çünki mənə baxan gəlin lazımdır. Eldar anasının sözünə əməl edərək, üzünü görmədiyi qıza elçi göndərib, “hə”sini alır, sonradan dostlarının köməyi qızı ilə qaçırır. Tibb Texnikumunu bitirən xanımına işləməyə icazə vermir.

Gallery

Üç oğlu olub. Anday adlı oğlunu beş yaşında maşın vurur və uşaq həlak olur. Andayı vuran cavan oğlanın bir həftədən sonra toyu olacaqmış. Hərəkətində cinayət tərkibi olduğu üçün həbs olunmuşdu. Amma Eldar onun tutulmasına razı olmur. Anası, həyat yoldaşı, bacısının etirazlarına baxmayaraq, Eldar həmin adamı bağışlayır. Sonralar Eldar Baxış ağır xəstə yatanda həmin adam bir neçə dəfə gəlib ona baş çəkir.

***

O yaşda oğlunun faciəvi şəkildə ölümü ona çox pis təsir etmişdi. Həmin vaxt o biri oğlu Turalı qucağına alıb deyib: "Oğlum, mən artıq öldüm!"

***

Uşaqlıqda çox dəcəl olub. Bir dəfə Eldar qonşuluqda yaşayan Bahadır adlı kişinin bağına üzüm oğurluğuna gedib. Çıxıb üzüm yeyəndə görüb, Bahadır kişi deyinə-deyinə gəlir. Eldar dənələri atırmış yerə, bu da elə bilirmiş ki, quşlar gəlib dimdikləyir. Adam olduğunu bilmirmiş. Bahadır kişi də Eldarı quş sanıb “qürre-qürre” eləyirmiş. Bahadır kişi adam olduğunu bilib, tüfəngi sazlayanda Eldar o biri tərəfdən özünü arxa atıb. Suyla gəlib çıxıb evə. Anası görüb ki, oğlunun maykası qapqaradır. Elə bilib, Eldarı bıçaqlayıblar, ya da döyüblər. Əlində ağac budağı salıb bunu otağa, deyib, kim səni bu kökə salıb".

Gallery

Deyilənə görə, Eldar Baxışın ölümü öz əcəli ilə olmayıb, onu zəhərləyiblər. Amma bunu kimin etdiyi bu günə qədər də müəmmalıdır. Bu haqda o, özü də ailə üzvlərinə deyib.

***

Bir gün işdən sonra Eldarın on səkkiz illik dostu zəng edib onu “Tural” kafesinə qonaqlığa çağırır. Nə olursa elə o məclisdə olur. Kafedə başqa adamlar da varmış, onlara qoşulurlar. Eldar o adamları tanımırmış. Araq kənarda rumkalara süzülüb süfrəyə gətirilirmiş. Məclisdən sonra o, zəhərlənir, huşunu itirir.

Gallery

Bacısı Ceyran müsahiblərinin birində belə deyir: “Həkim Eldarı yoxladı, dedi, yatmalıdır, zəhərlənib. Eldar həmişə axşam gələrdi mənim yanıma, yeməyini yeyib qalxardı öz ailəsinin yanına. Səhər də gəlib bir stəkan süd içib getməliydi. Həmin gün gəlmədi. Bir binada qalırdıq. Günortadan sonra qızı ağlaya-ağlaya gəlib dedi ki, mama, atam yaxşı deyil. Dedim, işə getməyib? Yox, dedi. Ayaqyalın qaçdım yanına. Gördüm qonşular yığılıb Eldarın başına. Eldar çarpayıda uzanıb, ağzından köpük gəlir. Dizimi qoydum yerə. Üç dəfə çarpayının başına fırlandım ki, nəyi varsa gəlsin mənə. Həkim diaqnozunu zəhərlənmə qoydu. Sonra mənə dedilər, Maqalov adında bir yəhudi həkim var, onu gətirin. Mən zəng elədim yazıçı Anara. Dedim, sənin də iki bacın var, mən də onun bacısıyam, Eldar əldən gedir, bizə kömək elə. Anar dedi, mən sizə kömək edəcəm. Elədi də. Maqalov gəldi. Analiz götürüldü Eldardan. Bir-bir analizlərinə baxdı. Mənə dedi, deyirsən, onun hər şeyiyəm, ona görə diqqətlə qulaq as. Buna zəhər veriblər. Ağır zəhərlənib. Özü də bədənini nəzərə alıb veriblər. Yəni zəhər uzun müddətə təsir edəcək ki, heç kimdən şübhələnməyəsiniz. Tədricən öləcək. Elə də oldu. 8 ay çəkdi. Eldar o müddətə yaman arıqladı. Maqalov dedi ki, İsrailə aparsan, Almaniyaya aparsan bəlkə sağala bilər. Ancaq onu da dedi ki, bir gün bu zəhər ya beyninə vuracaq, ya bir yerini şikəst edəcək. Sonu da elə oldu. Ayaqlar da tutuldu, beyin də pozuldu. Qulu Ağsəs çəkmişdi son görüntülərini. Ondan üç gün sonra keçindi.”

Gallery

Sonralar Eldar Baxışı işdən qonaqlığa aparan dostu Eldarın huşu özündə olmayanda gəlib onun ayaqlarından öpürmüş.

***

Ağır xəstə olsa da Eldar heç vaxt ölümü haqqında danışmayıb. Cəmi bircə dəfə vəsiyyət edir ki, məni Xırdalanda basdırarsınız, biz tərəflərə oxşayır. Bir dəfə isə deyir ki, Qubadlı alınsa sümüklərimi ora aparıb, atamın yanında basdırarsınız.

***

Bacısı Ceyran xanım deyir ki, Eldar Baxışın zahiri görünüşü ömrünün son günlərində çox dəyişir, ağzındakı dişlərinin hamısı ovulub tökülür, dilini, dodaqlarını zəhər yeyir. 140 kiloluq adam tanınmaz hala düşür. Ölümündən üç gün əvvəl isə özündə olmur.

***


Eldar Baxış mayın 22-də gecə saatlarında 48 yaşında vəfat edir.

Gallery

Oğlu Tural Baxş müsahibələrinin birində deyir:

“Son dövrlər yaddaşı itməyə başladı. O, bircə dəfə qanı yuyulanda ayılıb hamını tanımış, həminki adam olmuşdu. Ondan sonrakı vaxtlarda heç kimi tanımırdı, heysiz, hərəkətsiz, həmişə ya uzanıqlı, ya da əlil arabasında olurdu. O qədər hərəkətsiz qalmışdı ki, bütün əzələləri də iflic olmuşdu. Ölümündən iki ay əvvəl yaddaşı tamamilə itdi. Heç kimi tanımırdı. Bir dəfə əli ilə kitabı işarə edib göstərdi. Kitabı verdim. Sonra işarə ilə qələm istədi. Qələmi də əlinə götürüb kitabın birinci səhifəsini açdı. Təxminən bir misralıq nəsə yazdı. Amma sonra baxdıq, heç kim heç nə başa düşmədi yazdıqlarından. Yazı yaddaşı da itmişdi...”

# 32769 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
#
#
# # #