Üzeyir Hacıbəyov, Xarıbülbül, İsa bulağı, Gövhər ağa məscidi - Şuşanın simvolları

Üzeyir Hacıbəyov, Xarıbülbül, İsa bulağı, Gövhər ağa məscidi - Şuşanın simvolları
8 noyabr 2022
# 12:40

Bu gün Şuşa şəhərinin işğaldan azad olunmasının və Zəfər gününün ikinci ili tamam olur. Bu münasibətlə Kulis.az Şuşa deyəndə yada düşən, onun simvoluna çevrilən məşhur adamlar, məkanlar haqqında maraqlı məlumatları təqdim edir.

Şuşa qalası Şuşa şəhərinin tarixi mərkəzini əhatə edən qala divarlarıdır. Yeni salınmış qala-şəhər onun banisi olan Pənahəli xanın şərəfinə Pənahabad, sonrakı dövrdə şəhər sadəcə Qala adlandırılıb. Bir müddət sonra xalq qalanı Şuşa qalası, sonrakı dövrdə isə sadəcə Şuşa adlandırıb. Şuşa adı ehtimal ki, qalanın salındığı yer yaxınlığındakı Şuşakəndin adından götürülüb.


Qalanın inşası işlərinə şair və Qarabağ xanının vəziri Molla Pənah Vaqif şəxsən, rəhbərlik və nəzarət edib. Qarabağ tarixçisi Həsənəli xan Qaradaği qeyd edir ki, “Molla Pənah Vaqifin birbaşa nəzarəti altında Şuşada bir sıra tikililər, o cümlədən, Şuşa qalası inşa edilmişdi”.


Şuşa qalası üç əsas qapıya malik olmuşdur: Gəncə, İrəvan və Ağoğlan qapıları. Hər üç qapının adı tarixi mənbələrdə tez-tez xatırlanır, həmçinin onlar Şuşanın XIX əsrdə çəkilmiş bütün baş planlarında qeyd edilir.

***

Pənahəli xan Cavanşirlər sülaləsinə mənsub olan Qarabağ xanlığının qurucusu, ilk xanı, sərkərdəsi olub. 1747-ci ildə Nadir şahın ölümündən sonra Pənahəli xan Qarabağ xanlığını yaradır.

Pənahəli xan Bayat, Şahbulaq və Şuşa qalalarından əlavə, Əsgəran qalası və Qarabağ xan sarayının yaradıcısıdır. Hazırda qalalar və xan sarayı yararsız vəziyyətdədir. Pənahəli xan Şuşa qalasını tikdirdikdən sonra, burada sikkəxana açdırır. Həmçinin sikkəxana da pənahabad adlı sikkə də buraxılmağa başlayır.

***

Xarıbülbül adlanan bitki latınca "ophrys caucasica və ya ophrys mammosa" adlanır. Ehtimal ki, ofris bitkisinin bütün növləri xalq arasında Azərbaycanda bu adla adlanır. Şuşa və ətraf ərazilərdə geniş yayıldığından daha çox Qarabağ ilə ifadə olunur. Mədəniyyətdə, incəsənətdə və ədəbiyyatda Xarıbülbül ifadəsi işləndikdə həmişə söhbətin Qarabağdan getdiyi aydın olurdu.

Xarıbülbülə qədim türk əsatirlərində də geniş yer verilmişdir. Belə ki, o xar olmuş, qəmli bülbül qədim türk əsatirlərində döyüşdə ağır yaralanmış bir əsgərin son ümidi olaraq bilinirdi. Qədim türk əfsanəsində deyildiyi kimi, Oğuz xanın alpaqutlarından (şəhid olan döyüşçü) birinin son nəfəsdə sinəsində gəzdirdiyi bülbülün ayağına qanlı köynəyindən cırıb sevgilisi Aybükə xanıma göndərdiyi namə ilə simgələşən bir üzüntülü nakam sevgi hekayəsidir.

Qırğız yazıçısı Erlan Jurabekovun "Jarxı Bulbul" hekayəsində də qədim türk əsatirinə geniş yer verilir. Bir çoxlarına görə Xarı bülbül əhliləşdirilmiş ev quşu olub. Bəzi araşdırmaçılar isə hesab edir ki, bu növ bülbüldən yalnız döyüşçülər, sərkərdələr istifadə ediblər.

Qarabağ xanının qızı, Şuşalı Ağabəyim ağa 1801-ci ildən 1832-ci ilədək - ömrünün sonuna kimi Qacar şahlarının Tehrandakı sarayında yaşayır. Vətən həsrəti çəkən Ağabəyim ağaya istinad verilən bir bayatı da vardır:

"Vətən bağı" al-əlvandır,
Yox üstündə Xarıbülbül.
Nədən hər yerin əlvandır,
Köksün altı sarı, bülbül.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsi dövründə həyatını itirən şəhidlərin xatirəsinin anılmasında Xarıbülbül nişanəsi sosial şəbəkələrdə geniş yayılmağa başladı. Xarıbülbülün əzəməti, məğrurluğu, haqsızlığa qarşı əyilməz duruşu onu əfsanədən qələbə simvoluna çevrilməyə başladı. Tədricən isə nişan müharibənin simvoluna çevrildi. O, şəhidlərin xatirəsinin və Azərbaycan ordusunun zəfər simvolu kimi məşhurlaşmağa başlamışdır.

***

Xan Şuşinski (İsfəndiyar Aslan oğlu Cavanşir) 20 avqust 1901-ci ildə Şuşada anadan olub. 16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə təbrizli xanəndə Əbdülhəsən xan İqbalın yolu ilə "Kürd-Şahnaz" muğamını heyrətamiz bir tərzdə ifa etdiyinə görə müəllimi ona "Xan Şuşinski" adını verib. Xanın bir xanəndə kimi yetişməsində, həmçinin Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskinin böyük təsiri olmuşdur.

Xanın repertuarında "Mahur-indi", "Bayatı-Qacar", "Qatar" dəsgahları, "Qarabağ şikəstəsi", "Arazbarı", "Heyratı" zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tuturdu. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyur, onlara yeni bir çalarlar aşılayırdı.
1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəznində "Muğam studiyası" yaratmış və burada gənc xanəndələrə muğamın sirrlərini öyrətmişdir.

***

Qarabağ şikəstəsi – Azərbaycan xanəndəlik sənətində şikəstənin iki növündən biridir. Şikəstənin növləri: Qarabağ şikəstəsi və Kəsmə şikəstədir. Qarabağ şikəstəsi 19-cu əsrdə zərbi muğam kimi özündə geniş təşəkkül tapmışdır. Məlumdur ki, şikəstə janrı əvvəl aşıq musiqi yaradıcılığında əmələ gəlmiş və onun müxtəlif növləri yaranmışdır. Şikəstənin Qarabağ və Kəsmə şikəstəsi növləri xanəndələrimiz tərəfindən tez-tez oxunur. Hər iki şikəstə də sevgi, məhəbbətin doğurduğu hisslərdən şikayət, əzab-əziyyət, iztirab var. Məhz bu xüsusiyyətinə görə onların musiqisində həzinlik var. Qarabağ şikəstəsinin sözləri ənənəyə görə xalqdan alınmışdır. Qarabağ şikəstəsinin mətnini bayatılar təşkil edir.

Deyilənə görə Səməd Vurğun Şuşada qonaq olanda, Xan Şuşinskiyə məclislərin birində yaxşı şeir oxumasını xahiş edir. Xan əmi də deyir ki, Səməd sən xalqın şairisən, mən də Xanəndəsi yaz ki, oxuyum. Bu dəm də Səməd Vurğun:


"Axşam üstü, qoy uzaqdan,
Havalansın, Xanın səsi


"Qarabağın şikəstəsi..." ilə başlayan şeir yazır. Daha sonra Səməd Vurğun Xan Şuşinskiyə deyir ki, sayəmdə sən də tarixə düşdün, ay Xan. Xan əmi cavabında deyir ki, Səməd, vallah, mən tarixdəydim, mən öləcəm, amma Qarabağ şikəstəsi qalacaq, hər dəfə bu ifamı eşidəndə, səsim gələndə, sən də xatırlanacaqsan...

***

Üzeyir bəy Əbdülhüseyn bəy oğlu Hacıbəyov 18 sentyabr 1885-ci ildə, Ağcabədi, Şuşa qəzasında anadan olub. Azərbaycan Sovet bəstəkarı, drijor, musiqişünas, publisist, dramaturq, pedaqoq, ictimai xadim olub. Bəstəkar, eyni zamanda, Azərbaycanda və xaricdə bir çox tanınmış bəstəkar və musiqiçilərin pedaqoqu və müəllimi kimi də tanınır.

Əfrasiyab Bədəlbəyli, Səid Rüstəmov, Asəf Zeynallı, Şəmsi Bədəlbəyli, Niyazi, Cövdət Hacıyev, Tofiq Quliyev, Qara Qarayev, Cahangir Cahangirov, Fikrət Əmirov, Şəfiqə Axundova və s. maestronun tələbələrindən idilər. "Leyli və Məcnun", "Arşın mal alan", "O olmasın, bu olsun" və digər məşhur operettaların müəllifi olub.


***

Gövhər ağa məscidi - Şuşada 17 məhəllə olduğu kimi 17 məscidi də var idi. Bunlardan ən məşhurları Yuxarı və Aşağı Gövhər ağa məscidləri idi. Gövhər ağa xan nəslindən olan dövrün ən gözəl xanımı sayılırdı. Xurşudbanu Natəvanın da bibisi düşürdü. Rəvayətə görə Gövhər ağanın övladı olmur, ona övladsız, sonsuz deyə rişxənd edənlərə deyir ki, iki övladım var, Yuxarı və aşağı Gövhər ağa məscidləri. Onlar həmişə yaşayacaq.

Yuxarı Gövhər ağa məscidi və ya Şuşa cümə məscidi - Şuşa şəhərinin mərkəzi Meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məsciddir. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır.

Yuxarı Gövhər ağa məscidinin inşası dörd mərhələdə həyata keçirilib. Ərazidə ilk məscid Qarabağ xanlığının və Şuşa qalasının banisi Pənahəli xanın göstərişi ilə Qarabağ xan sarayı ilə paralel təxminən 1750-ci illərdə qamışdan inşa edilib. İbrahimxəlil xan hakimiyyətə gəldikdən sonra 1768-1769-cu illərdə qamış məscidin yerində daşdan yeni məscid tikilir. XIX əsrin I yarısında Gövhər ağanın maddi dəstəyi ilə İbrahimxəlil xanın yararsız hala düşmüş məscidinin yerində qoşa minarəli üçüncü məscid inşa edir. 1883-cü ildə Gövhər ağanın maddi vəsaiti əsasında üçüncü məscidin yerində Şuşanın dördüncü və sonuncu cümə məscidi inşa edilir. Dövrümüzə yaxşı qorunmuş səviyyədə çatmış dördüncü məscidin memarı Qarabağda bir çox tikililərin müəllifi olan Kərbəlayi Səfixan Qarabağidir. Şuşada Aşağı Gövhər ağa məscidi, Ağdam cümə məscidi və Bərdə imamzadəsi ilə yanaşı Yuxarı Gövhər ağa məscidi də memarın ən yaxşı əsərləri sırasına daxildir.

***

Şuşa xalçaları xüsusi şöhrətə malikdir. Xalçaların xovunun hündür olması, əlvan, şux koloritli, çox nazik, incə xüsusən də “Dəst xalı-gəbə” kimi iri ölçülü xalçaların toxunması ilə seçilir. Şuşa xalçalarını səciyyələndirən cəhət təbii boyaq maddələrin xalçalara verdiyi parlaqlıq, şux rəng palitrasıdır. Azərbaycanda olan 1500 növ boyaq bitkisinin əksəriyyəti Qarabağda olub, burada toxunan xalçaların ipliklərinin boyanmasında onlardan istifadə edilib.

Bir qayda olaraq bu ərazilərdə xanlara məxsus böyük sarayların və iri malikanələrin bəzədilməsi üçün böyük ölçülü xalılar toxunub. Buna nümunə olaraq, eni 2 və uzunu 5-7 xan arşını (xan arşını 1,5 arşına bərabər gəlir) olan xalıları, eni 1 və uzunu 5-7 xan arşını olan cüt “kənarə”, “başlıq”, “ayaqlıq” kimi beş hissədən ibarət “xalı-gəbə” dəstlərini misal çəkmək olar. Bu dəstlərin toxunmasında, əsasən, “Ləmpə”, “Qoca”, “Balıq”, “Buynuz”, “Açma-yumma”, “Bulud” kimi geniş yayılmış çeşnilərdən istifadə edilib. Qarabağ sənətkarlarının toxuduğu xalçalara verdikləri adlar bəzən onların ölçülərini də müəyyən edir.

Şuşa həm də ipək xalçaları ilə şöhrət qazanıb. İpək xalçalar, əsasən, mötəbər şəxslər, zadəganlar üçün sifarişlə və ya ixrac məqsədilə toxunub.

XVIII əsrin ikinci yarısından etibarən Qarabağın xalça istehsalı əsasən Şuşa şəhərində mərkəzləşir. Toxuduğu xalça və palazların sayı və keyfiyyətinə görə Şuşa XIX əsrdə Qarabağda birinci yeri tutub. İncəliyi, zərifliyi, rəngarəngliyi ilə seçilən “Ləmpə”, “Qoca”, “Bulud” xalçaları və “Dəst xalı-gəbə” kimi xalça dəstləri burada toxunub.


***

Cıdır düzü - Şuşa şəhəri yaxınlığında yerləşən, tarixən cıdır yarışlarının keçirildiyi və Qarabağ xanlığı dövründən yerli türk əhalinin Novruz bayramını, bir çox yarışları keçirdiyi ərazi olub. Cıdır düzü (yarış meydanı) qədim Şuşanın əsas aktiv istirahət yeri idi. Xanın həyətinin ayrıca zorxanası olmasına baxmayaraq, şuşalıların əksəriyyəti, xüsusən də gənclər hava yaxşı olanda Cıdır düzündə görüşməyə üstünlük verirdilər. Meydançanın adının özü ona işarə edir ki, burada insanlar əvvəllər yarış və covqan oyunları, eləcə də qaçış oyunları keçirirdilər. Yeri gəlmişkən, yarışlar təkcə atlarda deyil, dəvələrdə də təşkil olunurdu. At həvəskarı olan İbrahimxəlil xanın hakimiyyəti dövründə yarışlar onun malikanəsində və Cıdır düzündə keçirilirdi. Qaliblərə qarşı comərdcəsinə davranış sərgiləyib, dəyərli hədiyyələr verilirdi. Gənclər at belində yarışmaya daha böyük maraq göstərirdilər. "Baharbəndi" adlı oyunu ən məşhur oyunlardan idi. Atlı, atını sürərkən calpağını, silahını, xəncərini, qılıncını, çuxasını götürüb xüsusi yerə qoyurdu. Sonra isə, ardıcıl olaraq, sürəti azaltmadan onları yığıb taxmalı idilər. "Papaq oyunu" və "Yaylıq oyunu" kimi məşhur oyunlar da Cıdır düzündə keçirilir.

Tarixi salnamələrə və yerli Şuşalıların xatirələrinə görə Cıdır düzü həm də pəhləvanların görüşdüyü və yarışdığı yer olmuşdur. Xüsusən də yerli güləşçilərin tanınmış əcnəbi pəhləvanlarla görüşlərinə çoxlu tamaşaçı toplaşırdı. Cıdır düzündə insanlar həmçinin qoç və dəvə döyüşüləri də keçirirdilər.


***

İsa bulağı Şuşa şəhərindən iki kilometr aralı, dəniz səviyyəsindən təqribən 1500 metr hündürlükdə, meşədə yerləşir. Azərbaycan təbiətinin nadir incilərindən sayılır. Bu hidronim haqqında yerli əhalinin məlumatına görə, bulaq XVIII əsrdə ilk dəfə onu qalın meşəlikdə üzə çıxarmış İsa adlı əkinçinin adını daşıyır. Vətən müharibəsindən sonra İsa Bulağı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən tam bərpa edilib. Bulağın özü mərmərdən hazırlanıb, İsa Bulağı sözü isə milli ornamentlə yazılıb və bulağın su təminatı da tam bərpa olunub.

Deyilənə görə, Şuşada muğam ifa etməyə başlayan gənclər özlərini İsa bulağında sınayıblar. İsa bulağının ətrafı sərin olduğundan xanlar, bəylər orada müxtəlif məclislər qururmuşlar. Məclislərdə təşkil muğam gecələrində bir çox tanınan muğam ifaçıları da iştirak edirmiş. Gənclər özlərini həmin məclislərdə sınayaraq məşhur muğam ustalarından rəy alırmışlar. Deyilənlərə görə həmin yerdə Cabbar Qaryağdıoğlu muğam oxuyanda, digər xanəndələr qavalı yerə qoyurmuşlar.

# 5271 dəfə oxunub

Oxşar xəbərlər

Gəncə Dövlət Filarmoniyasına yeni direktor müavini təyin edildi

Gəncə Dövlət Filarmoniyasına yeni direktor müavini təyin edildi

13:07 13 dekabr 2024
Rəşad Məcidə Qazaxıstanda fəxri ad verildi

Rəşad Məcidə Qazaxıstanda fəxri ad verildi

12:49 13 dekabr 2024
Yüzlərlə əsgəri ölümdən xilas etdi, əsir düşüb işgəncələr gördü - Aliyə Rüstəmbəyova haqqında maraqlı faktlar

Yüzlərlə əsgəri ölümdən xilas etdi, əsir düşüb işgəncələr gördü - Aliyə Rüstəmbəyova haqqında maraqlı faktlar

12:10 13 dekabr 2024
Cim Kerri yenidən kinoya qayıtmağının səbəbini açıqladı

Cim Kerri yenidən kinoya qayıtmağının səbəbini açıqladı

11:27 13 dekabr 2024
Aşpazı Vudi Alleni məhkəməyə verdi

Aşpazı Vudi Alleni məhkəməyə verdi

11:18 13 dekabr 2024
"Avroviziya-2025" üçün püşkatma bu tarixdə olacaq

"Avroviziya-2025" üçün püşkatma bu tarixdə olacaq

11:01 13 dekabr 2024
#
#
# # #