Üzeyir Hacıbəylini yad etməyən Yusif Eyvazov niyə dünyaşöhrətli ifaçı deyil?

Üzeyir Hacıbəylini yad etməyən Yusif Eyvazov niyə dünyaşöhrətli ifaçı deyil?
29 sentyabr 2025
# 14:00

Kulis.az Nadir Yalçının yeni yazısını təqdim edir.

Dünən Heydər Əliyev Sarayında 88 il 4 ay 28 gün əvvəl ilk dəfə gün işığına çıxan və azərbaycanlıların üzünü ağartmaqla bərabər, sanballı və əsaslı musiqinin simalarından birinə çevirən “Koroğlu” operası yenidən nümayiş edildi.

İştirakım mümkün olmasa da, musiqini, sənəti bilən kəslərin rəyindən belə nəticəyə gəlmək mümkündür ki, əsər yüksək səviyyədə nümayiş edilib. Həm ədəbiyyat, həm opera musiqisi faktı kimi “Koroğlu”nun əvəzsiz quruluşu sarayın səhnəsində anşlaqla qarşılanıb. Özü də operanın nümayiş tarixi də çox uğurlu seçilib: Vətən müharibəsinin başlanmasının beşinci ildönümündən bir gün sonra “Koroğlu” səhnədə...

Ümumiyyətlə, Opera və Balet Teatrı Azərbaycanda üzağardan mədəniyyət ocağıdır. Bir xarici qonaq gələndə rahatlıqla qolundan tutub Opera və Balet Teatrına aparmaq olur. Xalq artisti Yusif Eyvazov kimi peşəkar və enerjili simanın teatra rəhbərlik etməsi də təqdirəlayiqdir.

Amma iki gün əvvəl metroda gördüyüm afişa qəribə gəldi:

“Dünya şöhrətli tenor Yusif Eyvazovun iştirakı ilə”

(P.S. “Dünyaşöhrətli” sözü orfoqrafiya lüğətinə əsasən, bitişik yazılmalıdır. Afişa hazırlayanda belə xırda məsələlərə fikir vermək vacibdir, dilin qanunauyğunluqlarına hörmət əlamətidir)

Yusif Eyvazovun yüksək səviyyəli opera ifaçısı olması yalan deyil. Amma bu yapışmayan, yerində olmayan “dünya şöhrətli” ifadəsi hansı meyarlara əsaslanır?

Yəqin, biz “dünyaşöhrətli” sözünü düzgün başa düşməmişik.

“Dünyaşöhrətli” nədir?

Hansısa bir insan, təşkilat, marka və ya əsər yalnız ölkə daxilində deyil, bütün dünyada tanınırsa, nüfuz qazanıbsa və geniş məşhurluq əldə edibsə, ona “dünyaşöhrətli” deyilir.

Bəs bu ifadənin həmin afişaya yazılması hansı zərurətdən yaranıb? Bu eyforik şüarlar, təşbehlər opera sənətinə, musiqi səltənətinə nə qazandırır? Niyə biz hər şeyi öz adı ilə çağırmaqdan qorxuruq?

Oxucuların içindən bir ağıllı adam çıxıb sual ünvanlaya bilər ki, Yusif Eyvazova “dünyaşöhrətli tenor” deyilməsi səni niyə narahat edir?

Məni narahat edən odur ki, Yusif Eyvazov dünyada şöhrət qazanmış, tanınmış, yüksək musiqi akademiyaları, bəstəkarlar, drijorlar tərəfindən adı ehtiramla çəkilən, bilinən böyük personaya çevriləndə onun adının qarşısına nə yazacağıq? Bizim sənətə və sənətkara qiymət verməyi bacarmayan cəmiyyətimiz arasında bu sənətkar tanınmırsa, şöhrət qazanmayıbsa o xaricdəki binəva və biçarələr nə biləcəklər? Bəli, sənət sənət üçündür! Amma nə edək ki, sənət sənət üçün olanda, camaat üçün olmayanda sənətkarın şöhrət mərtəbəsində olması da sual altında olur.

Yusif Eyvazova “dünyaşöhrətli tenor” deyiləndə bir nəfərin “Salam Sarvan dövrümüzün Füzulisidir” cümləsi yadıma düşdü. Salam Sarvana yaxşı şair demək üçün bu cümləyə ehtiyac olmadığı kimi, Yusif Eyvazovun da sənətkarlığını vurğulamaq üçün ona “dünyaşöhrətli” adlı həqiqətdən kənar yarlıq lazım deyil.

Biz milli sərvətimiz, dahi Üzeyir bəyin dünya şöhrətli olub-olmamasını mübahisələndirə biləcəyimiz halda Yusif Eyvazovun adının əvvəlinə bu qondarma sözü niyə əlavə etməliyik?

Yaxşı, əlavə ediriksə, dünyaşöhrətli tenor tamaşanın sonunda Bülbüllə Lütfiyar İmanovun adını çəkəndə Üzeyir bəyin də xatirəsini yad edərdi. Ziyalılarımız Zümrüd Dadaşzadə ilə Solmaz Tohidinin narazılığından xəbər tutdum.

Mehriban Ələkbərzadə “Baş”ın premyerasında təzəcə vəfat etmiş Xalq yazıçısı Elçinin şəklini səhnədən asanda Yusif Eyvazovun yadına düşəydi ki, o boyda Üzeyir bəyin şəkli sonda hardasa görünsün. Əks halda “dünyaşöhrətli” sözü insanı bu qədər qıcıqlandırmazdı...

“Dünyaşöhrətli” olanda nə olar, yaddaşı itiləmək ki çətin deyil…

# 280 dəfə oxunub

Oxşar xəbərlər

Cabir İmanov KİMDİR?  - Polkovnik-leytenant, "KVN"çi... - BİOQRAFİYA

Cabir İmanov KİMDİR? - Polkovnik-leytenant, "KVN"çi... - BİOQRAFİYA

15:24 29 sentyabr 2025
Bakı Xoreoqrafiya Akademiyasına yeni təyinat

Bakı Xoreoqrafiya Akademiyasına yeni təyinat

14:55 29 sentyabr 2025
Üzeyir Hacıbəyli festivalının təntənəli bağlanış mərasimi keçirilib

Üzeyir Hacıbəyli festivalının təntənəli bağlanış mərasimi keçirilib

14:30 29 sentyabr 2025
Opera və Balet Teatrına dirijor təyin olundu

Opera və Balet Teatrına dirijor təyin olundu

14:26 29 sentyabr 2025
Əməkdar artist Cabir İmanov vəfat edib

Əməkdar artist Cabir İmanov vəfat edib

14:16 29 sentyabr 2025
“Azərbaycanda alman izləri”  kitabı nəşr olunub

“Azərbaycanda alman izləri” kitabı nəşr olunub

13:47 29 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər